Əl açdım, göy üzü üstümə gəldi – Şeirlər

Əl açdım, göy üzü üstümə gəldi – Şeirlər
9 sentyabr 2020
# 18:52

Kulis.az Təranə Arifqızının şeirlərini təqdim edir.

Tanrının natamam bölgüsüyük biz

Əl açdım, göy üzü üstümə gəldi
yerin duaları bitmədi, Allah!
sildim keçmişdəki bütün sirləri,
Sən sirrim alnımdan getmədi, vallah..

bilməyi öyrətdin, bildim, bilirəm,
sevməyi öyrətdin, sevdim, sevirəm,
silməyi öyrətdin, sildim, silirəm,
bu nəğmən valımdan getmədi, vallah..

nə ağır sevdalar yolçusuyuq biz,
nə uzun yolların ölçüsüyük biz,
Tanrının natamam bölgüsüyük biz.
möhürün solumdan getmədi, vallah..

qırıldı qəlbimin lal bucaqları,
zəhərdən acıdı bal bucaqları,
yolundu sevgimin qol-budaqları,
kökü ayaq altdan getmədi, vallah…

Əl açdım, göy üzü üstümə gəldi
yerin duaları bitmədi, Allah!
sildim keçmişdəki bütün sirləri,
Sən sirrim alnımdan getmədi, vallah..

***

Küsmüşəm səndən, Tanrı...
barışığa adam göndər.
əlimi əlinə versin,
nə Həvva, nə Adəm göndər..

Aç xurcunun ciyəsini,
qur baxtımın dəyəsini,
yiyəsizin yiyəsini
qaytar, öz evinə göndər.

Yaxşı kişi yaxşı atın
belində getdi gəlmədi.
zamanımız kor saatın
milində bitdi, gəlmədi.

ilanlar eynək gəzdirir
zəhərini hədəf üçün.
incilər dərya dibində
qiymətlidi sədəf üçün..

Bir kimsəsiz ev içində
hörümçəyə kirə qaldım...
belinə kəndir bağladım
tor taxtından yerə saldım.

Səndən sənə olan sözüm
barmağımın ucu boyda...
günahımsa cəhənnəmin
yer üstündə sacı boyda...

Papağını qarşına qoy.
başını al ələ Tanrım!
bəndələrin yola gəlmir,
başıma kül ələ, Tanrım...

***

Elə itirmişəm özümü səndə,
Bələdçi salmışam, izim tapılmır.
Hərdən danışmağa körpü salıram,
Ayağın kəsilir, sözün tapılmır...

Dolanbac yollara dəxil düşürəm,
Səni düz yollarda taparam deyə.
Özüm öz hissimlə qovğa edirəm
Səni varlığımdan qoparam deyə..

Elə dağılmışam, param-parçayam,
Toplayıb özümü durmağım çətin...
Hər səhər namaza dururam, ancaq
Sənsən sevgi qibləm, sənsən biətim...

***

Mən özüm kimiyəm özüm olandan,
Bəzən yaxam keçir tanış sözlərə...
Kor da tutduğunu buraxmayan tək,
Çəkir yad paltarı açıq gözlərə...

İçimdən ayrılıb içə doluram,
Susuzluq dəniz tək boğur dünyanı.
Bəzən də qurumuş səhra gülü tək
Qulağın deşirəm sağır dünyanın...

Keçirəm dünyanın lal orbitindən,
Yerin düz oxunu tərsə döndərib.
Qara kölgələrə işıq verirəm,
Yanan ulduzumu ərşə göndərib.

Sahibi olmuram yazdıqlarımın,
Duyğusuz qalıram duyğu doluykən.
Hansı söz mənimdir, bir misal gətir,
Mən özüm Tanrının ölü quluykən.

***

Cavabsız qoyma sən suallarımı,
İndi hər bir sözə cavab tapılır.
İndi səhv edənin dili uzundu,
İndi hər günaha savab tapılır.

Qısılıb içinin uzaqlarına,
Bizi addım-addım tərk eləmə sən.
Kim harda, nə təhər çəkir yükünü,
Özündən uzaq tut, görk eləmə sən.

Bir hüzurlu həyat, bir sakit küçə...
Dolar səsli-küylü iş otağına.
Kəpənək ürəyin titrək qanadı
Toxunar susamış dil-dodağına.

Gözlərin yumular, bir də görərsən
əlindən tutublar yıxılan anda...
Cəhənnəm oduna su səpər bəxtin,
Qovrulub atəşdə yaxılan anda...

Diksinib adımı tutarsan bəlkə,
Hardasan? - soruşub, çox axtararsan.
Bəxtini əlinlə geriyə itib,
Ardınca verilmiş söz tək baxarsan.

Köhnə bir kitabı, köhnə bir sözü
Həsrət su tək içər, qəm vərəqləyər.
Yenə o səhifəyə qayıtmaq üçün
Gözün yaş, yanağın nəm vərəqləyər...

# 5523 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #