Atası həkim olmağını istəyirdi, neftçi oldu

Atası həkim olmağını istəyirdi, neftçi oldu
21 yanvar 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Vladimir Semakovun 1975-ci ildə çəkdiyi “Əgər bir yerdəyiksə” filmini təqdim edir.

Süjet: Kənddə yaşayan Mehdi (Dadaş Kazımov) kiçik oğlu Rasimin (Qriqori Nəcəfov) israrla həkim olmasını istəyir. Bunun da səbəbi var. O, müharibədə olanda əsgər yoldaşlarından biri ölümcül yaralanır. Onu ölümdən peşəsi həkim olan Nəriman (Cahangir Aslanoğlu) qurtarır. Onda Mehdi əhd edir ki, oğullarından biri mütləq həkim olub insanların həyatını xilas edəcək. Amma böyük oğlu mühəndisliyi, ortancılı dənizçiliyi seçir. Onun ümidi kiçik oğlu Rasimə qalır.

O, Tibb İnstitutunda professor işləyən cəbhə dostu Nərimanın yanına gələrək ondan Rasimin bu ali məktəbə daxil olmasına kömək eləməsini istəyir. Prinsipiallığı ilə seçilən Nəriman əvvəl buna razı olmur, amma dostunun xətrinə könülsüz də olsa razılaşır.

Həkimlik peşəsi Rasimin də ürəyindən deyil, o, texniki elmlərə meyllidir. Amma atasının sözündən çıxa bilmir. Tibb İnstitutunun həyətində rastlaşdığı qoca (Sadıq Hüseynov) ilə söhbətdən sonra fikrini dəyişir. Qoca institutun həyətində qaynaşan gəncləri göstərərək deyir ki, hamısı həkim olmaq istəyir, amma praktikaya gələndə qaçırlar, çünki dözə bilmirlər. Elə bilirlər ki, həkim olmaq asandır. Rasim o an qərarını dəyişir və atasından xəbərsiz sənədlərini neftçi fəhlə hazırlayan texniki peşə məktəbinə verir. Atasına isə Tibb İnstitutuna daxil olması haqda məktub yazır.

O, yataqxanada yaşayır, bir otaqda qaldığı Vasimlə (Vaqif Musafayev), Məmmədlə (Akif Məhərrəmov), Mixaillə (Stanislav Klyuçnikov) dostlaşır. Rasim bacarığı, dürüstlüyü, dostlarına yardımsevərliyi ilə seçilir.

Məmmədin atasının vəfatından az sonra anası başqasına ərə gedir. Ögey atasını qəbul eləməyən Məmməd evdən qaçıb yataqxanada qalır, həyata inamını itirir. Dostlarının, xüsusən Rasimin sayəsində o yenidən həyata tutunur.

Və Rasim peşə məktəbində oxuyan Solmaz adlı (Rita Əmirbəyova) qıza vurulur...

Filmin əsas qayəsi yeniyetmələrin formalaşmasını, öz seçimlərində sərbəstliyin önəmini göstərir, peşəni nüfuzuna görə yox, ürəkdən sevməsinin vacibliyini vurğulayır.

Süjet yadıma bir əhvalatı saldı. Sovet illərində Tibb institutu doğrudan da çox nüfuzlu ali məktəblərdən sayılırdı. Məhəlləmizdə imkanlı ailə vardı. Ailənin böyük qızı atasının imkanları sayəsində Tibb institutuna daxil oldu. Yadımdadır ki, o qız instituta daxil olandan sonra burnu dik, təkəbbürlü gəzirdi. Üstündən illər keçəndən sonra öyrəndim ki, savadsızlığından dolayı yanına xəstə də gəlmir.

Əhvalatın da tək önəmli cəhəti odur ki, peşə seçimini onun nüfuzuna, cəmiyyətdə pillələri qalxmaq üçün yox, sevdiyinə görə seçməlisən və sevgi peşəkarlığın əsas özəklərindən biridir.

“Əgər bir yerdəyiksə” filminin bundan başqa önəmi yoxdur.

Süjetdə vurğulanan dostluq, əməksevərlik, müəllimin (Oqtay Mirqasımov) qayğıkeşliyi, nəsihətləri, Rasimin Solmazla sevgi münasibətləri belə pafos, klişelər üzərində qurulub.

Gündəlik həyatın sadə məqamlarına fokuslanan, amma onu yaradıcı baxımdan emal eləməyən, yeniləməyən bu didaktik filmin bədii keyfiyyəti aşağıdır, təsvir həlli yoxdur, üslubu da bəlli deyil.

Rejissor Vladimir Semakov haqda araşdırma elədim. Onunla bağlı nəsə tapa bilmədim.

Ssenarini isə Oqtay Orucov yazıb.

“Naməlum kino”da Oqtay Orucovun ssenaristi olduğu bir neçə filmdən (“Xatirələr sahili”, “Üzü küləyə”) yazmışam. Adamın bir normal ssenarisi yoxdur. Bu da onunla bağlıdır, O.Orucov o vaxt kinostudiyanın direktoru işləmiş Adil İsgəndərovun yaxın qohumu idi. A.İsgnədərov 1974-cü ildə kinostudiyadan gedəndən sonra O.Orucovun da ssenarist kimi fəaliyyəti bitir. Hətta deyilənə görə, A.İsgəndərovun vəzifədən uzaqlaşdırılmasının bir səbəbi də qohumuna geniş imkanları yaratması idi.

Bir qayda olaraq şəxsi münasibətlərdən, özəl həyatdan yazmağı etik saymıram. Amma konkret bu vəziyyətdə qohumluq, şəxsi münasibətlər kino müstəvisinə gətiriləndə zərərini sənət, gələcək nəsillər çəkir.

# 2182 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər