Kitab sərgisi

Televiziya ekranında kino qanunları... - Arif Babayevin başlıca məqsədi nə idi?

Televiziya ekranında kino qanunları... -  Arif Babayevin başlıca məqsədi nə idi?
25 sentyabr 2025
# 11:40

25 sentyabr görkəmli rejissor Arif Babayevin doğum günüdür.

Kulis.az bu münasibətlə Nəriman Əbdülrəhmanlının “Arif Babayev : 8 ½ yaxud əbədiyyət” yazısını təqdim edir.

…Neçə yubileyləri gəlib keçsə də, hamının yaddaşında təxminən 50 yaşlarındakı görkəmiylə qalıb, elə bil, heç vaxt qocalmayacaq…

1978-ci ilin payızında onu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, kinooperator Zaur Məhərrəmovun otağında lk dəfə görəndə də 50 yaşındaydı, bir qədər əvvəl “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, “Arxadan vurulan zərbə” filmini təhvil vermişdi, amma üz-gözündə narazı ifadə, səsində sıxıntı vardı…

Təxminən saat yarım-iki saat çəkən həmin görüşdə, əsasən, onlar danışdılar, biz – yaşıdım və sənət dostum Nizami Abbasla mən – dinlədik…

Onda Arif Babayev daha çox “Uşaqlığın son gecəsi”ndən, “Gün keçdi”dən danışdı, Moskvadan Alla Axundovanın “o havada” ssenari göndərdiyini, xeyli əl gəzdirmək lazım gəldiyini, işə başlamaq üçün günləri saydığını dedi…

“O havada” həmin film, “Bizi bağışlayın” isə sonrakı il ekranlara çıxdı…

I. Görən, teatrda “ilişib qalsaydı”, nolardı?...

…Arif Hacağa oğlu Babayev 1928-ci il sentyabrın 25-də İçərişəhərdə doğulub, uşaqlığı repressiya, yeniyetməliyi müharibə illərinə düşüb.

O ağır çağlarda sevgisini teatra, kinoya verib, səkkizinci sinfi bitirəndə M.F.Axundov adına Dövlət Teatr məktəbinə daxil olub. Elə o vaxt ilk yaradıcılıq addımlarını atıb, görkəmli sənətçi Ağadadaş Qurbanovun Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi pyesdə əsas rollardan birini ifa eləyib. Oxuduğu məktəb 1946-47-ci tədris ilində Teatr İnstitutuna çevriləndə bəxti gətirib, görkəmli pedaqoq və rejissor Mehdi Məmmədovun tələbəsi olub.

Sənətdə ciddi addımlarını da teatrın səhnəsində atıb: tədris teatrında Nikolay Qoqolun “Müfəttiş” pyesində Qorodniçini oynayıb, sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında “Evlənmə” komediyasını tamaşaya qoyub. Arada Bakı şəhər Xalq Maarifi Şöbəsində, Gənc Tamaşaçılar Teatrında işləyib. Bütün bunları xatırladıram ki, sənətçinin ekrana gedən yolunun hansı döngələrdən keçdiyi bəlli olsun…

Arif Babayevin uşaqlıq və yeniyetməlik dövrünün ən böyük sevgisi kinoyla bağlı olub. Müharibə illərinin və müharibədən sonrakı çağların azsaylı əyləncələri içində ən çox xoşladığı kino-teatrların qaranlıq zamanlarında ekranın sehriylə üzbəüz qalmağıymış. Yəqin, 1953-cü ildə institutu bitirəndə də ürəyindən elə Bakı kinostudiyasında işləməyi də keçirib. Amma uzun sürən “beskartinye” dövründən sonra Moskvada Ümiumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunu bitirənlərin çoxluğu gözünü qorxudub, bəlkə elə bu səbəbdən də bir qədər teatrda çalışandan sonra 1956-cı ildə həyata qədəm qoyan kiçik ekrana — televiziyaya - üz tutub…

…Teatr Arif Babayevin sənətlə ilk təmas məkanı, özünüsınaq yeriydi; burda yaradıcılığın əlifbasını öyrənmiş, rejissorun başlıca rolunun nədən ibarət olduğunu dərk eləmiş, mizan-səhnənin sirlərinə yiyələnmiş, aktyorlarla işləmək qabiliyyətini sınaqdan keçirmişdi. Amma səhnədəki ötüb-keçərlik, unudulmaz anları saxlaya, nəyinsə yaddaşına köçürə bilməmək onun görümünə, duyumuna ziddiydi. Tamaşanı hazırladın, bir-iki dəfə oynadın, qurtardı, getdi, daha o yaşantıları olduğu kimi qaytara bilməzsən. Kino başqa şeydi, həyata daha yaxındı, əbədiyyətə xidmət eləyən sənətdi.

…Yəqin teatrda “ilişib qalsaydı”, kinomuz çox şey - Arif Babayev dəsti-xəttini, Arif Babayev filmlərini, Arif Babayev görümünü - itirərdi …

…Ola bilsin, teatrımız qazanar, Arif Babayev Azərbaycan səhnəsinə təzə hava gətirərdi…

…Amma yaradıcılıq yolunda qismətinə hələ ki, televiziya çıxmışdı…

II. İçərişəhəri gördüyü kimi ekrana çıxarmaq yanğısı

…Çox güman ki, Arif Babayevi “kiçik ekrana” - televiziyaya da elə bu duyğu aparıb çıxarıb: gözünü açandan gördüyü qədim şəhərin görüntülərini ekrana çıxarmaq üçün teatr səhnəsindən uzaqlaşmalı olub, televiziyada assistent kimi işə başlayıb, bir neçə il sonra müstəqil rejissor kimi verilişlər və sənədli televiziya filmləri çəkib, beləcə, Rauf Kazımovski, Kamil Rüstəmbəyov və İsmət Səfərəlibəyovla birgə Azərbaycan televiziya rejissorluğunun əsasını qoyub.

İlk addımlarını atan Azərbaycan televiziyası, şübhəsiz, teatrın övladıydı — başlanğıcda ekrana çıxan verilişlərdə səhnə ab-havası açıq-aydın sezilirdi, teatr quruluşlarındakı pafos, adi duyğuları pafosla ifadə eləmək ənənəsi televiziya ekranına da yol tapmışdı. Arif Babayev üçünsə ekran gündəlik həyatı, baş verən hadisələri, adamların istək və arzularını pafossuz-filansız, olduğu kimi əks etdirməliydi.

Əvvəl bunu öz verilişlərində gerçəkləşdirməyə çalışırdı, sonra sənədli filmlərində də təbiiliyə, həyatiliyə, sxematiklikdən, pafosdan qaçmağa çalışdı. Bütün bunlar bütövlükdə onun sənət kredosunu ifadə eləyirdi.

Arif Babayev fitri istedadı və qabiliyyəti sayəsində ədəbi-bədii verilişlərə rejissor mədəniyyəti, ciddi sənətçi münasibəti gətirdi. Üstəlik də o, televiziya verilişlərindən televiziya filmlərinə doğru ardıcıl təkmilləşmə yolunu seçmişdi. Elə bunun nəticəsiydi ki, artıq 1959-cu ildə komitənin baş rejissoru səviyyəsinə yüksəlmiş, yaradıcı adamlar qarşısında da bu ölçüləri başlıca tələb kimi qoymağa başlamışdı.

Televiziya ekranına kino qanunlarını gətirmək Arif Babayevin başlıca məqsədiydi. 1959-cu ildə çəkdiyi “Bizim şəhərin uşaqları” sənədli televiziya filmində bu istəyinə nail olmuşdu. Sonrakı ekran işlərində (“Respublikam haqqında hekayət”, “Biz xəyalpərvərlər nəslindənik”, “On dəqiqə poeziya”, “İncəsənət”) də təbiliyə böyük diqqət verirdi, kamera qarşısında duran adamların çəkilişi hiss eləməmələrinə çalışırdı…

Amma gec-tez televiziyadan “böyük kino”ya keçməliydi…

“…Televiziya verilişləriylə mən istədiyimi ifadə eləyə bilmirdim… Bu verilişlərdə sxematik baxışlardan yaxa qurtara bilmirik. Mənə elə gəlir, adamlara da lazım deyil “belə dur, belə danış…” O, gəldiyi qərarın səbəbini bunda görürdü…

…Yenə, şübhəsiz, Arif Babayevin gedişiylə “kiçik ekran” bənzərsiz rejissor itirdi…

Amma “böyük ekran”ın təkrarsız sənətçi qazandığı da şübhəsiz idi…

III. Kino son sığınacağı oldu…

…60-cı illərin qaynar yaradıcılıq havası çox imzaları üzə çıxardı: ədəbiyyatda da, incəsənətdə də, başqa sahələrdə istedadlı cavanların boyu göründü…

Arif Babayev kinoya gəlməyə qərar verəndə yaşı 35-i ötmüşdü, çiyinlərində teatrda televiziyada qazandığı təcrübə, bir içində aşıb-daşan duyğular vardı. İlk rastına çıxan yazıçı-dramaturq İmran Qasımovun “Zirvə” adlı qısametrajlı bədii film ssenarisi oldu.

Rejissor yaradıcı qrup (quruluşçu-operator Ə.Ələkbərov, bəstəkar X.Mirzəzadə) seçdiyi ifaçılarla (H.Məmmədov (Kamil), T.Rüstəmova (Sevda), B.Levkoviç (Saşa), M.Məlikov (Tofiq), Y.Vəliyev (Fərəməz), İ.Əfəndiyev (Qurbanov) s.) ilə birgə qarşısında duran vəzifənin çətinliyini yaxşı dərk eləyirdi.

“Kimi daha çox sevirik?” almanaxına daxil olan filmdə Arif Babayev öz kino duyumunu sınaqdan keçirməli, Qarlı Dağı fəth eləməyə yollanan alpinistlərin çətin şəraitdə öz mənəvi-əxlaqi simalarını saxlamalarını ekrana gətirməliydi gətirdi də: kiçik kinonovellada hələ kinomuzda mövcud olan pafos ideyalılıq ölçülərindən ustalıqla yan keçməyi, ekran qanunlarına cavab verən sənət əsəri yaratmağı bacardı…

1966-cı ildə kinostudiyaya direktor təyin olunan Adil İsgəndərov cavan kinematoqrafçılarla yanaşı Arif Babayevin də ekranda yerini möhkəmlətməsinə yardımçı oldu, elə ilk ilindəcə İmran Qasımovun “İnsan məskən salır” adlı tammetrajlı film ssenarisini çəkməyi təklif elədi. Düzdü, dəniz, neftçilərin həyatı, istehsalat psixologiyası onun mövzuları deyildi, amma mümkün olandan boyun qaçırmağı ağlına belə gətirmədi.

Böyük ekranda ilk böyük işinə həvədlə başlayan Arif Babayev ssenariyə öz nəfəsini, görümünü duyumunu hopdurdu. Arif Babayev gözəl yaradıcılıq mühiti formalaşdırmış, quruluşçu-operator təkrarsız portretlər ustası Arif Nərimanbəyov, quruluşçu-rəssam peşəkar fırça ustası Cəbrayıl Əzimov, bəstəkarsa, şöhrətli musiqiçi Qara Qarayev idi, rollara inandığı aktyorları dəvət eləmişdi.

Nəticədə ekrandakı psixoloji qarşıdurmanı tamaşaçılara ustalıqla çatdırmağa, yüksək pafosla deyilmiş sözlər əvəzinə, gərginliyi maraqlı kinodetallarla ifadə eləməyə nail oldu.

Film yaxşı qəbul olundu, mətbuatda, rəsmi yığıncaqlarda, hesabatlarda tərifləndi…

Amma Arif Babayev uşaqlıqdan yaddaşında, düşüncələrində gəzdirdiyi Bakı haqqında film çəkmək istəyirdi…

O, İçərişəhərin ensiz küçələrini, dar dalanlarını, yastı damlarını ekrana çıxarmağa, gördüyü mənzərələri bütün çalarlarıyla canlandırmağa can atırdı…

IV. Üç ilin iki filmi

…Deyəsən, həyatda hərənin bəxti heç olmasa, bir dəfə gətirir… Arif Babayevin bəxtisə, iki dəfə gətirdi…

1968-ci ildə yazıçı Maqsud İbrahimbəyovun “Uşaqlığın son gecəsi” ssenarisini oxuyanda güman ki, düşüncələrini saran duyğuları ekrana çıxarmağın vaxtı gəldiyini hiss eləmişdi.

Artıq o çağlar dünya kinosunda baş verən yenilikləri mənimsəmişdi, xüsusən də, İtaliya neorealizminin ortaya çıxardığı ekran əsərlərini görmüşdü. Azərbaycan kinosunda Həsən Seyidbəylinin (“Sən niyə susursan?”), Şamil Mahmudbəyovun (“Torpaq. Dəniz. Od. Səma”) ortaya çıxardığı ekran əsərləri, yeni-yeni formalaşmaqda olan poetik kino cərəyanı Arif Babayevə özünüifadə üçün yardımçı oldu.

A.Babayevin yaradıcı qrupa (quruluşçu-operator Z.Məhərrəmov, quruluşçu-rəssam E.Rzaquliyev, bəstəkar P.Bülbüloğlu) ifaçılara Ə.Həsənov (Murad), S.Şəfiyev (Rüstəm), Ə.Əliyeva (Mənsurə), T.Zeynalova (nənə), Ə.seyfi (İsmayıl), T.Mirzəyev (Rüfət), M.Kejaradze (Elya), M.Nuriyev (Davud), Y.Vəliyev (böyük icraçısı) s.) münasibətdə dəqiq seçimi lentin uğurunu şərtləndirdi.

Rejissorun peşəkar poetik duyumu, quruluşçu-operatorun görümü, quruluşçu-rəssamın gözəl natura interyer seçimi, bəstəkarın lirik musiqisi, aktyorların təbii ifası ekranda uğurla birləşib bütöv bir obraza çevrilir.

Rejissor filmdə Bakı həyətlərinin mikromühitini ustalıqla yaratdı: ümumi həyətin çoxçalarlı, çoxqatlı çoxsəsli mənzərəsi, burada yaşayan doğmaların qonşuların münasibəti olduqca təbii koloritlidi. Arif Babayevin peşəkar poetik duyumu, görüm, musiqi, aktyor ifasıyla bütöv bir obraz yaradır. Məhz buna görədir ki, film onun özünütəsdiqi, ekran sənətimizin şəksiz uğuru sayıldı…

“…Mən kinoyla özümü ifadə eləmək istəyirəm. Özümü, deməli, çoxlarını. Mənim kimi düşünən, mənim kimi yaşayan adamlar az deyil. Deməli, deyəcəyim şeylər, göstərəcəyim kadrlar təkcə mənim olmayacaq…” Bu sözlər “Gün keçdi” lentini (1972) çəkməyə başlayan Arif Babayevin yaradıcılıq kredosuyla səsləşir. Yazıçı Anarın “Gürcü familiyası” hekayəsi əsasında yazdığı iki nəfər üçün kamera filminin ssenarisi ondan ötrü göydəndüşməydi.

Çoxdan qəhrəmanların söhbətləri üzərində film qurmaq istəyən, Bakını, İçərişəhəri, insanları ekrana gördüyü, tanıdığı kimi gətirmək istəyən Arif Babayev onda xoşbəxt günlərini yaşayırdı: heç kəs bir-birinə sığınan evlərin damlarına sərilmiş mələfələri, kor qocanın divarlara sürtülən əllərini, evlərin qabağında oturub söhbət eləyən ahılları, səhər yuxusunda mürgüləyən şəhəri onun təki görə bilməzdi…

“Gün keçdi” filmi həmin çağlarda dünya kinosunda baş verən axtarışlarla səsləşirdi: həm fransız rejissoru Klod Lelyuşin 1966-cı ildə çəkdiyi (rollarda J. – L.Trentinian Anuk Eme), həmin il Kann kinofestivalının baş mükafatına layiq görülən “Kişi qadın” lentinin nümunəsi, həm qəhrəmanlarının (OqtayHəsən Məmmədov, ƏsmərLeyla Şıxlinskaya) qarşılıqlı münasibətləri ssenarinin sənət ölçülərinə söykənən ekran əsərinə çevriləcəyinə ümid verirdi: Bu vaxtadək çəkdiyim istər bədii filmlər, istərsə televiziya filmləri arasında təkcə AnarınGün keçdissenarisi xoşuma gəlir. Mənə elə gəlir ki, çox vaxt daxili danışıqlar əsasında qurulan ssenaridə bu gün üçün gərəkli məsələlər çoxdur”. - Bu, onun səmimi etirafıydı.

Təsadüfi deyil ki, məhz “Gün keçdi” filmi Azərbaycan poetik kinosunun manifesti kimi qəbul olundu…

Arif Babayev bu filmiylə kino poetikasının bənzərsiz nümunəsini yaratdı… İmkanı yalnız bəxtinə düşən iki şansdan yetərincə yararlanmağa çatdı…

V. İmtina eləyə bilmədiyi filmlər

…Arif Babayev təklif olunan filmlərdən imtina eləmir, ekran əsərində peşəkarlıqdan öncə qiymət verdiyi doğma an” axtarırdı. Həmin doğma ansa yalnız “Gün keçdi” (bir qədər Uşaqlığın son gecəsi” və “Bizi bağışlayın”) filmindəydi…

1974-cü ildə Ramiz Fətəliyevin “Ömrün ilk saatı” ssenarisini elə-belə, bekar qalmamaq üçün çəkdi. Neft sənayesinin inkişafında əmək sərf eləmiş nəsillər haqqında tamaşaçısının qəlbinə yol tapan nəsə bir şey çəkəcəyinə güman ki, özü inanmırdı. Yəqin bu səbəbdəndir ki, film onun yaradıcılıq bioqrafiyasına yazılsa da, sənət uğuruna çevrilmədi…

Artıq Adil İsgəndərovu kinostudiyadan uzaqlaşdırmışdılar. Arif Babayevin çəkmək istədiyi mövzuların yolu bağlanmışdı.

Elə növbəti ekran işinin – “Alma almaya bənzər” lentinin taleyi də bu cür oldu. A.Axundovanın yazdığı ədəbi ssenari öz-özlüyündə maraqlı olsa da, onun materialı deyildi. Düzdü, filmdəki ayrı-ayrı epizodlar, rejissor görümü üslubunu əks etdirir, üstəlik, filmdə çox şey var: peşəkar rejissor işi, təbiətin romantikası, zəhmət adamlarının həyatı, incə yumor… Amma Arif Babayevdən ötrü doğma olan mühit yoxdu…

…Sonra detektiv çəkdi, Elçinin detektiv üslubda yazdığı “Arxadan vurulan zərbə” ssenarisinə quruluş verdi. Yenə hər şey yerli-yerindəydi: maraqlı süjet xətti, peşəkar rejissor işi, səviyyəli aktyor oyununa ilk baxışda irad tutmaq çox çətindi. Amma nə sirdirsə, yenə öz nəfəsi, yalnız ona xas olan ab-hava çatışmır…

…Arif Babayev yenə çəkdiyi filmlərdə “doğma an” axtarırdı… Neftçilər, kənd zəhmətkeşləri, qanun keşikçiləriylə bağlı lentlərdə həmin “doğma an” hardan olaydı?!.

VI. Özünə qayıtmaq istəyi

…Şübhəsiz o üç filmdən sonra Arif Babayevin özünə qayıtmaq istəyi çox güclü olub. Amma zaman o zamanıydı ki, istədiyini yox, təklif olunanı, məsləhət görüləni çəkməliydi: böyür-başındakıla­rın çoxu çəkirdilər, mükafatlar alırdılar, yuxarılarda hörmət qazanırdılar…

…Arif Babayev öz filmini çəkmək istəyirdi. 1977-ci ildə kinostudiyada mərkəzi televiziyanın sifarişiylə çəkiləcək filmlər plana salınanda Yuri Naqibin Yuri Bondarevin hekayələrini təklif eləmiş, Bondarevin “Bizi bağışlayın” hekayəsi bəyənilmişdi. Filmin titrində “ssenari müəllifi Aqlaya Boqoslovskaya yazılıb, güman ki, Alla Axundovanın təxəllüsüdü.

Ssenarist əsərdəki hər şeyi dəyişdirdiyindən rejissora doğma olan məqamlar orada öz əksini tapmamışdı. Amma o, məhz itiriləni qaytarmaq üçün rejissor ssenarisi üzərində çox işləməli oldu, ora öz uşaqlıq xatirələrini əlavə elədi: Nəriman xatırlayır ki, bir dəfə top-top oynayanda atasını görür: əynində gödəkçə, dar şalvar. Bütün bunları görəndən sonra nədənsə atasına yazığı gəlir. Ona elə gəlir ki, atasının bu görünüşü onu dostlarının yanında xəcil eləyir…”

Çəkiliş prosesində o, rejissor ssenarisində yazdıqlarını dəyişdirir, öz yaşantılarını ifadə eləyən detalları, epizodları süjet xəttinə yerləşdirirdi. Beləcə, Y. Bonderevin hekayəsindəki motivi ustalıqla özününküləşdirə, ona tanış olan məkana köçürə, ifaçıların duyğularına daxil eləyə, çox məhrəm təbii ab-hava yaratmağa nail oldu. Elə bunun nəticəsiydi ki, film Moskvada mərkəzi televiziyayla göstəriləndə tamaşaçıların rəğbətini qazanmışdı…

…O filmdə Arif Babayev özü də ömründə bircə dəfə kamera qabağında durub: lentin qəhrəmanına – doğulduğu balaca əyalət şəhərində öz uşaqlığını axtaran məşhur yazıçıya - Nərimana yol göstərir…

…Bu lentdən sonra “Gün keçdi” ovqatına tamam yaxınlaşmışdı, amma yolunu yenə bağladılar: qabaqdan çekistlərin bayramı gəlirdi. Arif Babayev Dzerjinski məktəbinin yetirmələri haqqında “Birisi gün, gecəyarısı” filmini çəkib təhvil verdi, Təhlükəsizlik Komitəsinin mükafatına layiq görüldü…

…Bəlkə, növbəti film… Yox, növbəti film olmayacaqdı, Tanrını möhləti 1983-cü il avqustun 26-da bitdi…

Ölümündən üç il sonra isə axırıncı filmini respublika Dövlət mükafatına layiq gördülər…

VII. Səkkiz yarım yaxud əbədiyyət

...1983-cü ilin avqustunda Nizami Abbasla Moskvadaydıq, ÜİDKİ-yə imtahan verirdik...

Arif Babayevin vəfatı barədə xəbər tutanda uzun müddət dinib-danışa bilmədik, ürəyimizdən filmlərinə baxmaq keçdi...

Bilmirəm təsadüf idi, nəydi, bir neçə gün sonra Mərkəzi Televiziyada nümayiş etdirilən “Bizi bağışlayın” filminə işıqlı kədər içində tamaşa elədik...

…Onda nədənsə yadıma Federiko Fellininin “8 ½” filmi düşdü. Sonra fərqinə vardım ki, Arif Babayev 8 tammetrajlı, 1 qısametrajlı bədii ekran əsəri yaradıb, cəmi səkkiz yarım eləyir...

Çəkdiyi filmlərin də hamısı peşəkar səviyyədədi, baxımlıdır, tamaşaçıların yaddaşındadı…

Amma ÖZÜ cəmi 3 filmdədi: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Bizi bağışlayın” lentlərində - birində tamam, ikisində yarımçıq, ötəri ştrixlərlə…

Elə bu da kinomuz üçün yetərlidi…

1993, sentyabr – 2025, avqust

# 106 dəfə oxunub

Oxşar xəbərlər

Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır

Hollivud ulduzlarının yeni filmi fantastik açılışa hazırlaşır

13:00 25 sentyabr 2025
Gənc ssenaristlərin klubu yaradılacaq

Gənc ssenaristlərin klubu yaradılacaq

11:25 24 sentyabr 2025
Bakıda 8-ci türk film günləri  keçiriləcək

Bakıda 8-ci türk film günləri keçiriləcək

18:48 22 sentyabr 2025
"Hörümçək adam"ın çəkiliş meydançasında dəhşətli qəza

"Hörümçək adam"ın çəkiliş meydançasında dəhşətli qəza

11:08 22 sentyabr 2025
Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

Nazim Hikmətlə dost olan, Nəriman Nərimanovla bağlı filmə görə sıxışdırılan Xalq artisti

13:30 20 sentyabr 2025
“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

“Kızılcık Şerbeti” kanal dəyişir? – Açıqlama

14:38 19 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər