Neftanaziya

Neftanaziya
10 iyun 2024
# 09:00

Kulis.az görkəmli rejissor Martin Skorsezenin “Ay çiçəkləri qatilləri” filmi haqqında Ömər Xəyyamın “Vazaze, Skorseze və neftanaziya” adlı yazısını təqdim edir.

Kanzasda, Oklahomada yaşayan osagelər, əslində, özlərini vazaze adlandırırdılar. Fəqət ağ zəncilərin gəlişiylə – ki, onlar ağları, yəni avropalıları və amerikalıları belə adlandırıdılar, - onların təkcə taleyi yox, adları da dəyişdirildi. Fransızlar “vazaze” sözünü döndərib elədilər “osage.”.

Qədim tayfa əvvələr Missisipi çayı ilə bu çayın ən böyük qolu olan Missuri çayının ətrafında yaşayırdı, sonradan Kanzasa, Oklahoma ərazisinə köçürüldülər və tale elə gətirdi ki, qaragün osagelər qara qızılla mükafatlandırıldılar.

Torpaqdan ki neft fışqırmağa başladı, osagelər özlərindən çıxdılar.

Savadsız, biliksiz tayfa başladı bahalı geyinməyə, qır-qızıl almağa, yekə-yekə, hündür-hündür evlər tikməyə.

Bir növ, başladılar deməyə ki, qarğa, məndə qoz var. Qarğa da özünü çox gözlətmədi…
Və başladı neftanaziya… qətliam, soyqırım.

Deməli, neft qoxusunu alan amerikalı ağlar əvvəlcə osagelərlə dostlaşdılar, məsələn, onlar üçün məktəb, xəstəxana tikdilər, qəsəbəyə su çəkdilər…
Etimad qazanandan sonra da başladılar qəbilənin qızlarıyla evlənməyə.

Evlilikdi də, evliliyin, ağı-qarası olmaz, mübarək, müqəddəs birgəlikdi, fəqət məsələ odur ki, bu ağlar toydan bir neçə ay sonra arvadlarını öldürürdülər.



Qətllər araşdırılmırdı, ölüm işlərini pulla ört-basdır eləyirdilər və beləliklə, osage qızının malı-mülkü, neft quyuları avtomatik dul ərlərin adına keçirdi.

David Qrannın “Ay çiçəkləri qatilləri” də osagelərin faciəsi haqqındadır.
O, osage məsələsini Amerika tarixinin ən utancverici səhifəsi adlandırır.
Yazdığına görə, iyirminci əsrin əvvəlində yüzlərlə Osageli məhz neft məsələsinə, pul-para söhbətlərinə görə öldürülüb və ölənlərin qanını da elə “neftlə” yuyublar.

Kitab qısa müddətdə məşhurlaşır və milyonlarla satılır.

Məşhur rejissor Skorseze də tənbəllik eləmir, kitabı oxuyur və osagelərin taleyini ekranlaşdırmağa qərar verir.

Özü də, həmişəki kimi bahalı iş görür. De Niro, DiKaprio, Lili Gladstoun…

De Niro amerikalı fermer və özünü kral adlandıran Haleni canlandırır. Əslində, krala Amerika siyasətinin insan forması da demək olar.
Belə ki, o, Osage xalqının etimadını, etibarını qazanmış, onlardan ötrü pulunu əsirgəməyən, yardımsevər, xeyirxah, bəstəboy, şirin babadır.



Dikaprio – yəni Halenin qardaşı oğlu Ernest müharibədən qayıdandan sonra əmisinin himayəsində yaşayır və sürücülük etməyə başlayır.

İş elə gətirir ki, onun osage neft maqnatı olan ailənin qızı Molliyə gözü düşür və əmisinin fısıltısıyla onunla evlənməyə qərar verir.

Əlbəttə, əmisinin məqsədi Mollinin, yaxud Ernestin xoşbəxtliyi yox, Mollinin ailəsinə aid var-dövlət və neft quyularıdır.

Birinci Mollinin bacısı Minni, sonra digər bacısı Reta öldürülür. Əlbəttə, qızları öldürtdürən kral Haledir. Kral düşünür ki, beləcə var-dövlət qardaşı oğlunun arvadı Molliyə keçər, sonra Mollini də aradan götürər.
Plan işləyir, özü də plana elə qardaşoğlu Ernest can verir. Əmisinin əmrlərini qüsursuz əməl edir.
Qatillərlə o danışır, bir növ, şeytanın vəkilliyini edir.
Adamlar bir-bir öldürülür, ancaq ölüm işləri araşdırılmır və belə günlərin birində Mollinin anası Lizzi də ölür. Lizzinin qırxı çıxmamış, Mollinin gözləri qurumamış yüngül əxlaqlı bacısı Annanın ölüm xəbəri gəlir.



Anna öldürüldükdən sonra Molli Vaşinqtona gedir, orada Federal Təhlükəsizlik bürosunun əməkdaşlarıyla görüşür.

Beləcə, filmin ikinci hissəsi – qatillərin ifşası başlayır.
Ancaq Molli də xəstədir. Şəkər xəstəsi…
Kral onun üçün o vaxt dünyada cəmi dörd adamın istifadə etdiyi insulin təşkil edir.
Qardaşoğlu əmiyə təşəkkür edir, fəqət kralın əsl məqsədindən xəbərsizdir.
Şəkərsiz, qanlı günlərin birində əmi qardaşoğluya deyir ki, vaxtdır, Mollidən qurtulmalıyıq.
Beləcə, Ernest həyat yoldaşının insulininə hər gün zəhər qatır, üstəlik, iynəni də özü vurur. Yəni Mollini hər gün bir az öldürür.

Nəhayət, detektivlər gəlir, Hale də, Ernest də həbs olunur.
Araşdırma prosesində Mollinin qızı da ölür…
Məhkəmə, şahidlər…
Molli yataqdadır, gəzə bilmir. Ancaq ölmür… Onu kim xilas edir? Ernest əmisinin üzünə dururmu? Kralı niyə həbs etmirlər? Mollinin taleyi necə olur?

Bu suallara cavab almaqdan ötrü filmi izləmək lazımdır: https://t.me/omaryk

# 5362 dəfə oxunub

Oxşar xəbərlər

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

"Üzüklərin hökmdarı"nın rejissorundan sərt cavab: "Plan doldurmaq üçün kastinq etməyəcəyik!"

15:30 16 iyul 2026
Sem Nilin ölüm səbəbi açıqlandı

Sem Nilin ölüm səbəbi açıqlandı

13:32 16 iyul 2026
Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

Kristofer Nolanın "Odissey"inin süni intellektlə hazırlanmış rəqibi

11:30 16 iyul 2026
93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

93 yaşlı aktrisa Venesiya Film Festivalında mükafatlandırıldı

18:10 15 iyul 2026
2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı

16:30 15 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin finalçıları müəyyən edildi

“Sən, ey uşaqlıq” müsabiqəsinin finalçıları müəyyən edildi

14:00 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər