Arif Quliyev: “Tələbələrdən razıyam, dərsə gəlmirlər”

Arif Quliyev: “Tələbələrdən razıyam, dərsə gəlmirlər”
8 sentyabr 2011
# 14:27
Arif Quliyev 1950- ci ildə anadan olub.
1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun «Dram və kino aktyorluğu» fakültəsinə daxil olub.
1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Musiqili komediya aktyorluğu” fakültəsinə daxil olub.
1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub.
1979-cu ildə İncəsənət İnstitutunu bitirib.
Onlarla teatr, televiziya tamaşasında, bədii filmlərdə komik obrazlar yaradıb.
Özünün satira teatrını yaradıb.
Hazırda Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışır.

Arif Quliyevin Kulis.az dərgisinə müsahibəsini təqdim edirik



- İndi nə üzərində işləyirsiniz?

- Hələ teatr mövsümü açılmayıb. Ayın 18-ci açılacaq. Mən Qoqolun “Evlənmə” əsərində Jevakin rolunu oynayıram. Bu tamaşaya gözəl rejissorumuz Bəhram Osmanovun quruluş verir. Bu tamaşada xalq artisti Məleykə Əsədova, əməkdar artist Qurban Məmmədov, Şükufə Məmmədova da oynayırlar.

- Son zamanlar nəsə az görünürsünüz...

- Harda az görünürəm?

- Məsələn, televiziyada...

- Mən televiziyada işləmirəm. Musiqili Komediya teatrında işləyirəm. Məni gəlib orda görmək lazımdır. Televiziyada bizə uyğun, yumoristik mövzular olanda məni çağırırlar. Belə verilişlər azaldığına görə biz az-az görünürük. İndi əsas müğənnilərə ehtiyac duyurlar.

- İndi insanlar gülməyi bacarırlar?

- Əlbəttə, bacarırlar. Siz teatra gəlsəniz görərsiniz ki, insanlar necə həvəslə gəlib baxırlar tamaşalara. Amma indi komediya əsərləri yazılmadığına görə biz aktyorlarda boşluq yaranır. Bizi tamaşaçıyla üzbəüz qoyan obrazlardır. Obrazlar olmayanda onlar səni görmür. Televiziyalarda bəzən bizi çağırırlar ki, ər-arvad boşanır, gəl bu haqda nəsə de. Sən də görünmək xətrinə məcbur olursan getməyə. Sonra da tamaşaçılar deyir: “iki qonşu dalaşırdı, sən də onlara rəy verdin, səni gördük”. Heç dəxli var? Hərənin öz işi var.

- Teatrdan aldığınız maaşla dolana bilirsiniz?

- Mən prezident təqaüdçüsüyəm, xalq artistiyəm. 1000 manat təqaüddür, 50 manat xalq artistliyinə görə alıram. Təqaüd ömürlükdür. Çalış ölmə. Ye, iç, dolan. Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Teatrdan maaş alıram. Hamısını toplayanda bəs edir.

- Toylara tamada kimi gedirsiniz?

- Əlbəttə, gedirəm. Əgər bizi sevirlərsə, orda görmək istəyirlərsə, niyə getməyək?

- Yeni adlar var: Elməddin, Fərda, Rəfael, Coşqun ... Onlarda çatışmayan nədir sizcə?

- Hər şey çatışır. Mən sevinirəm ki, gənclər yetişib. Mən həmişə gəncliyi dəstəkləyən biri olmuşam. Mən xoşlayıram mənim səhvimi desinlər. O səhvin üzərində işləyib onu düzəldirəm.

- Siz harda zarafat etmirsiniz?

- Mən səhnədən başqa heç bir yerdə zarafat etmirəm.

- Siz özünüz komiklərdən kimi bəyənirsiniz?

- Bütün teatrlarda komik obrazları oynayanlar var. Mən onların hamısını bəyənirəm. Onları yüksək qiymətləndirirəm.

- Teatrdan nə vaxt gedəcəksiniz?

- 63 yaşım olanda, yəni pensiya yaşımda çıxacam. Yerimi gənclərə verəcəm. Mütləq gedəcəm. Bizim sənət elədir ki, hərənin bir vaxtı, dövrü var.

- Tələbələrinizdən razısınız?

- Çox yaxşıdırlar. Dərsə gəlmirlər... (gülür) Vaxtı vaxtında gəlirlər. Pisləri də var, yaxşıları da. Mən estrada fakültəsində müəlliməm. Hər il 12 nəfər qurtarır. Amma estrada teatrımız yoxdur. Onlar məndən soruşurlar ki, qurtarıb hara gedəcəyik. Deyirəm, həmişə dərsdən sonra hara gedəcəyik? Deyirlər, evə. Deyirəm, elə universiteti də qurtarıb evə gedəcəksiniz. Amma hərəsi bir sahədə iş tapırlar.

- Güldürməyi öyrətmək mümkündür?

- Xeyr. İnsanda anadan gəlmə istedad olmalıdır.

- Bəs intellekt?

- İstedad olanda sonra özünü inkişaf etdirməlisən. Oxumalısan, çox bilməlisən. Bütün sahələrdən başın çıxmalıdır. Musiqi, ədəbiyyat... Tək istedad bəhrə verməz.

- Siz əsəbiləşə bilirsiniz?

- Əlbəttə. Bütün insanlar kimi əsəbiləşə bilirəm. Amma çox vaxt əhval ruhiyyəm yaxşı olur.


Yeyib içmək

• Nə olsa yeyirəm. Nə olsa içirəm. Spirtli içki çox içmirəm.

• İnsanlar içirlər ki, kefləri yaxşı olsun. Mənim kefim həmişə yaxşıdır.

• Bəzən mətbəxdə xanımıma kömək edirəm. O da başqa işdə kömək edir adama. Verilişlərə baxır.


Texnika

• Kompüter istifadə edə bilmirəm.
• Telefonla mesaj yaza bilmirəm. Heç latın əlifbasında yazmağı bacarmıram. Onu öyrənməyə çalışıram.


Fobiyalar

• Liftdən qorxuram. 10-15 il bundan qabaq gecə liftdə qalmışam səhərə qədər.
• Təyyarədən qorxuram. Əsgərlikdən qayıdanda bizi gətirən təyyarədə yanğın baş vermişdi.


İstirahət

• Mənim üçün ən gözəl istirahət nəvələrimlə oynamaqdır. Nəvə ən şirin şeydir.
• Yaxşı istirahət etmək üçün bağ evin olmalıdır.
• Bu yay Azərbaycanın müxtəlif bölgələrində 2-3 günlük istirahətlərim olub.


Ən yaxşı komediya aktyorları


• Mirzəağa Əliyev
• Əliağa Ağayev
• Lütfəli Abdullayev
• Nəsibə Zeynalova
• Hacıbaba Bağırov


Mütailə

• Qəzetləri hər gün oxuyuram. İnformasiya dairəmi geniş olmasını istəyirəm.
• İmkan olduqca kitab da oxuyuram.



Elmin HƏSƏNLİ
# 3006 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər