Heyif deyildi sovet hakimiyyəti, hələ doğulmamışdım... - Yeni şeirlər

Heyif deyildi sovet hakimiyyəti, hələ doğulmamışdım... - Yeni şeirlər
28 aprel 2021
# 17:44

Kulis.az gənc şair Ələsgər Əhmədin şeirlərini təqdim edir.

Qış parkında

Saat 3:00
Əyləncəli bir uşağı üzə çıxartdı,
sındırdığım qıfıl.
Parkı işıqlandıran lampalar,
İçimdə məğlubiyyətə fısıldayır,
zəhərini ağrılarıma çəkdiyim qara mambalar

Sanki məni görüb,
saxlayacaq tərzdə önümdən keçir
Bayraq rənglərində parıldayır polis maşınları
Travmalar kloundu,
qorxan uşaqlıqlar hər yaş bir ölümdən keçir

Dənizdə sağ qalmaq müharibəsi aparır,
quru qoşunları.

Kimsə yolu tanımır
və hər kəsi öz mübarizəsi aparır
Səsini həmişə eşitdirə bilməzsən

Düşün ki, illərin məşhurusan
Adam olur, tanımır.
Həyatın "olmaz" ları elə burdan yaranır
Ürək zəncirləyə bilmir,
ağıl qudurdan yaranı.

Çünki insanlara,
olmaz deyilən yerlər daha maraqlı gəlir
Ya Allah deyib, ölürsən
Adam var elə yaşayır, Allaha maraqlı gəlir.


Post nəsihət

Pessimist deyiləm
Amma bilirəm ki,
azadlığa boylanmaq üçün
divarlara dırmaşmaq əsasdı
Ürək yandıran intiharlar,
"Alov qüllələr"inə xasdı
Şəhərin dar küçələrində
Geniş ürəklilər öldürüldü
Məni də öldürməsinlər deyə,
yarama duz basdım
Sən də qatil olmağı bacarmadın
Aramıza çəkdiyin divardan şəklini asdım..

Uşaqlıqdan poetik vərdişlərim var
Velosipeddən yıxılmızdan öncə,
ağlayardım
Anamın gizlətdiyi pulları,
atamın söyüşləriylə sayardım
Nə 20 yanvarda,
qaçıb gizlənən şairin,
təriflədiyi şəhid idim
Nə də xocalıya göndərilən,
tabutların birində şahid idim
4-yaşımdan bugünəcən,
Nəfəsimi ovuclarımda boğub, danışdım

Heyif deyildi sovet hakimiyyəti?
...hələ doğulmamışdım

Məndən çox-çox narazısan
İçirəm,
İki siqareti birləşdirib,
tək çəkdiyim zəhrimarı ölçürəm
Deyinirsən-
Gözlərim, gözlərindən başqa hər dənizə axır
Lakin başa düşmürsən!
13 yaşlı qızın "gəlin" olduğu məmləkətdə,
ayıq başına alınmır axı...

Sanki
"Dəlisemiya" xəstəliyinə tutulmuşam
Silahındakı sonuncu güllə olsam da,
atılmışam
Mızıldanıram:
Getdiyin məsafə -
siqaret atmaq üçün zibil qabı axtarmaqdan, qısadırsa
Səni gözləmək -
metroda təzə qatarı gözləməkdən asandırsa
Niyə qayıdasan ki?

Səsimi eşitsən də,
o səsi vermirəm
Cənnəti pəncəsində gizlədən ayaqlara,
uzaqlaşmaq həvəsi vermirəm

Quranın bəqərəsi,
Adəmin fəqərəsi
Elə hər birinin bir məqsədi var
Mismarlanaq
Nə çarmıx olsun,
nə divar
Mübarizəmdə səni sevə bilmərəm
- Niyə?
Bunu dayandırıb, səni xilas etməmək üçün

Bir də ki,
Nəinki qadınlar,
bütün gözəl şeylər məməlidi
Sən də,
4-cü qrupun ən sevmədiyim yerindən düşmüsən
Mən ola bilmərəm
Gözəllik düşkünü olan kişi,
dünyanı xilas etmək barədə düşünməməlidi
Dostoyevski desə də boş ver
Dünyanı gözəllik xilas etməyəcək
Dünya özü gözəldi
İnsanlardan xilas olandan sonra
Tanrı deyəcək;
Gözümün önündə böyüyən dairə,
qalib gəldi!

Bilirsən?

Köhnə sevgililərimin ərləri xəyanət edir
Məndən ayrılmaq səbəbləri:
Makiyaja aldanmamağım
Qadını seks maşını sanmamağım
"Bu gün elçi gəldilər"
mesajlarına inanmamağım və sairə

Köhnə sevgili demişkən
Bir sevgilim gözlük taxardı
Gözümdə su azmış kimi
Sulu-sulu baxardı
Birdəfəsində eyni gözlükdən taxdım
Baxdım.
Gözlərim zəiflədi,
Kirpiklərim,
dərman qalıqlarını yığdı
O, onda anladı ki,
Sevgi - "Səni sevirəm" deməkdən daha çox,
fədakarlıqdı.

Onunla
heç vaxt sevişmədim
Yanında maraqsız ayılmağımdan,
sərxoş sayılmağımdan
Təmin edə bilməyəcəyimdən
deyil də
Abort üçün pul axtaracağım qədər,
şərəfsiz olmağımdan qorxdum
Deyəsən onu sevirdim,
yanılmağımdan qorxdum.

İndisə sən
Yazılarımı oxuyursan,
kitabımı imzalatmaq istəyirsən
3-cü kurs tələbəsi,
hamının hörmət etdiyi müəllimin nəvəsi
Kariyeranı düşün
Bir şairlə hara qədər gedəcəksən?
Uzağı bir divarda ölərsiz
Güllələnmə təxirə salınsa da,
güllələnərsiz.

Oxu, rüşvət vermə
Qrup yoldaşlarını da başa sal
Qırmızı diplomu al, amma
bu ölkənin rənginə də inanma

Axı, bu ölkədə
istedadlar məhv edilir
Məhkəmənin ortasında şahidlər,
künc-bucaqda vəkillər
Ürəyimizə dağ da,
üstümüzə bıçaq da çəkirlər
Danışanı dinləmədik,
növbədənkənar işlər gördük
"Bağışlayın" demədik
Damlalar göl oldu,
göllər can aldı
Bizdəki "mədəniyyət" sadəcə, kanaldı.


"Uşağın başı konfetlə aldadılar"
cümləsi-
pedofiliyanın bir nömrəsi
Üstəlik,
Bir qadın sülhsüz bu, dünyaya gətirsə, körpəsin
Ölməsin istərmi heç, gizlətsin Allah görməsin

Dediklərimi unutmazsan?
Sağollaşaq
Dodaqlarını hazırla
Arxayın ol
Sənə yazdığım şeirləri,
başqasının ələyindən keçirtmərəm
Çünki redaktorlar,
öz oxumaq istədiklərini yazırlar.

Hamısı sənə yazılacaq
Mənim üsyanım qədər, şərəfin var
Səni hələ tanımadım.

Aysberqdən daha çox,
görünməyən tərəfin var.

# 3702 dəfə oxunub

Müəllifin son yazıları

# # #