Qarpız dilimləri gülüş smaylikidir sahildə - Qismətdən YENİ ŞEİRLƏR

Qarpız dilimləri gülüş smaylikidir sahildə - <span style="color:red;">Qismətdən YENİ ŞEİRLƏR
25 iyul 2017
# 16:00

Kulis.az tanınmış şair Qismət Rüstəmovun yeni şeirlərini təqdim edir.

Kibrit çöpləri

Yorğun gözlər zillənir yay kafesindən

fəvvarəli parkın başına

sürətlə yaxınlaşan maşına.

“Burdan aparırlar?” – sükandakı soruşur.

Ofisiant əliylə başa salır.

(ya da xəyali bir pəncərənin tozunu alır)

Top qovan uşaqlar keçir yaxınlıqdan söyüşə-söyüşə...

Hava tutqundur. Limon rəngi çox yaraşır günəşə.

Kişi vaxtından əvvəl gəlib görüşə;

bir küncdə əyləşib siqaret çəkir,

yaddaşını eşələyir kibrit çöpləriylə...

Bir dəqiqə qalıb beşə.

Qadın düz vaxtında gəlib görüşə.

Əvvəllər onun da içində

göyərçinlər “pırr” eləyərdi,

indi tikanlı bir sükut var masada.

Sevgi cəbhəsində yenilik yoxdur, atəşkəsdi.

Amma savaşdan da ağırdı bu sükut sui-qəsdi...

Kibrit qutusu islanır;

ya qadın ağlayır,

ya yağış çisələyir.

Kişi qadının

göz yaşlarının kürəsində

fala baxmaq istəyir;

damlalar, elə bil, boyunbağından qopan incilərdi.

İndi heç biri bilmir ki,

kim kimi daha çox incidərdi?

Sağollaşırlar,

dodaqlardan dalğalı bir təbəssüm keçir.

Qadın nöqtəli addımlarla uzaqlaşıb gedir, dayanmır...

Kişi siqaret istəyir, amma ha çalışır,

islanmış kibrit çöpləri yanmır ki, yanmır...

2017, iyun

Fişəngli gecələr

Uzaqdan dolanmağa həvəsin varsa,

yolu düz də keçmək olar,

bir də var yeraltı keçidlər...

Dürüstlük vaxt aparan şeydi bizim əsrdə.

Fişəngli gecələrdə mərkəzi küçələrdə

bunlar keçir ağlımdan.

Səma alışıb yanır, uşaqların gözləri böyüyür.

“Bayram tədbirləri davam edəcək.”

London taksiləri müştəri güdür.

Deyəsən konsert uzun çəkəcək.

Fişənglər atılmasa göylər yadımıza düşmür...

Çal-çağır çoxalır,

elə bil, şəhər nəyisə ört-basdır edir,

kimlərinsə fəryadını; səsi gur çıxır əyləncənin.

Mənsə küçəni üzü yuxarı addımlayır

və səs-küyünü sükuta çevirirəm fişəngli gecənin...

2017

Oxucu

Şezlonqda uzanıb düşünürəm:

heç kim dənizi içib qurtara bilməz!

Bunu hamı bilir –

suya ayağını salan da,

sinəsinə qədər girən də,

baş vurub üzən də,

ağız büzən də.

Bir də var dalğıclar,

gözlərində şnorkel ağırlığı,

çiyinlərində oksigen balonu,

dərinliyə can atan mirvari ovçuları.

Qumlar qızıb, günəş formadadı.

Sözləri qoyub qaçsaq,

düşmən əlinə keçəcəklər.

Yeyilib sahilə atılmış qarpız dilimləri

elə bil fikrimi oxuyurlar,

gülüş smaylikinə oxşamağa başlayırlar.

2017

# 2991 dəfə oxunub

Oxşar xəbərlər

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

"Kamal Abdulla dialoqun necə manipulyasiya olunduğunu göstərir..." - Beyrək bunu hansı səbəbdən yaşadı?

14:00 17 yanvar 2026
Qarabağı riskə atardım, Cincilimi yox...  - Təvəkkül Boysunar

Qarabağı riskə atardım, Cincilimi yox... - Təvəkkül Boysunar

17:30 16 yanvar 2026
Yaddaş pоеtikasının ən maraqlı təzahürü  - Kamal Abdulla  sərhədi bilərəkdən necə pozur?

Yaddaş pоеtikasının ən maraqlı təzahürü - Kamal Abdulla sərhədi bilərəkdən necə pozur?

15:30 14 yanvar 2026
Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

Allahı inkar edə-edə Allaha doğru yürüyən adam – Ceyms Coys

17:00 13 yanvar 2026
Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

Arif olan nakam olmaz bu dünyada... - Günün mahnısı

12:40 13 yanvar 2026
Varaqları oxunmaq üçün ağrıyan romanlar

Varaqları oxunmaq üçün ağrıyan romanlar

15:00 10 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər