Səndən heç nə qalmayıb – Həyat Şəminin yeni şeirləri

Səndən heç nə qalmayıb – Həyat Şəminin yeni şeirləri
19 aprel 2017
# 12:37

Kulis.az Həyat Şəminin yeni şeirlərini təqdim edir.

Bir az sevgi yollayım

Ən son səhifəm kimi,

Səni bağlayım daha...

Yandırım bu kitabı,

Küllə oynayım daha...


Bir az sevgi yollayım,

Bircə gilə etibar.

Səndən heç nə qalmayıb,

Bu külü də, gəl apar...


Elə şirin getmisən,

İzlərin acı dadır.

Küçələr görüb səni,

Deyirlər Bakıdadır...

O adam

Dərd çəkir öz içində,

Yarı dərd, yarı adam.

Gözləri tərəzidir,

Qaşları tarım adam.

Yığılıb gilə-gilə,

Dürr tökür gülə-gülə,

İsti sevgilər ilə

Arası sərin adam.

Göz qapağı yığılır,

Fikri düşüb dağılır,

Öz içində boğulur,

Dəryadan dərin adam.


İraq şəhərdən...

Sən də bir gün dönəcəksən,

Uzaq şəhərdən.

Dönəcəksən yaşlananda

Uşaq şəhərdən.


Keçəcəksən burdan yolu,

Yorulacaq əlin-qolun.

Qara sevdalar yuyulub

Bu Ağ şəhərdə...


Nələr olub, nələr, nələr...

Ölüb içimdəki sənlər,

Viran qoyub zəlzələlər,

İraq şəhərdən!


Adımıza

Bəxt gölündə qayıq ola,

Avarçısı ayıq ola.

Gərək bəxt də layiq ola

Adımıza.

İllərlə ömür uzanar,

Kim uduzar, kim qazanar...

Nə qədər kədər qızınar

Odumuza...


Gəl, həyat daşını daşı,

Ömür kərpic-kərpic bişir,

Hər gün bir-bir gəlib düşür

Yadımıza...


Düşmür Yerə bircə ah da,

Ölürük, qalırıq gahdan.

Yetməyir daha Allah da

Dadımıza.


Qocalıb atam

Əlləri, gözləri, saçları qocalıb.

Əlində qələmi, suçları qocalıb....


Dünəni, bu günü, sabahı dəftərdə,

Saralır, varağın ucları qocalıb.


Nə vaxtdır əyninə gen gəlir geyimlər,

Dolabdan asılı dəstləri qocalıb.


Gəlirlər keçirlər bir-bir bu qapıdan,

Atama baş çəkən dostları qocalıb.


Danışır, dağılır sözündən hərflər,

Vurğusu, duyğusu, sədası qocalıb.


Üzünnən oxunur, gözləri dopdolu,

Qəlbində anama sevdası qocalıb...


Qocalıb, atasız-anasız qocalıb,

Qocalıb, qocalıb, anamsız qocalıb.


Nənəmin nağılları

(Gülayə nənəmə ithaf)


Böyüdübdü bizləri

Nənəmin nağıllları,

Açıb bağlı gözləri

Nənəmin nağılları.


Nənəm nağıl bəzərdi,

Danə-danə düzərdi,

Qatar-qatar gəzərdi,

Nənəmin nağılları.


Hər nağıl bir muncuqdu,

Sapdan ayrı incikdi,

Evimdə bir evcikdi

Nənəmin nağılları.


Sinədəftər deyərdi,

Yüz kitaba dəyərdi,

Ürəyimdə göyərdi

Nənəmin nağılları.


Qoğal dadır "Qoğal"ı,

"Şah Abbasın oğulu",

"Qızılbaldır" nağılı,

Nənəmin nağılları.


Nağıl deyib durardı,

Sobasını qalardı...

Qışa möhür vurardı

Nənəmin nağılları.


Nağıl payı döşündə,

Olardı qız yaşında.

Bişdi ocaq başında,

Nənəmin nağılları.


Almaları üç etdi,

Nənəm getdikcə getdi,

Nağıllara köç etdi,

Nənəmin nağılları.

Mənbə: Artkaspi.az

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər