Atama nifrət etdiyim gün... – ÜÇ ÇİNARIN HEKAYƏSİ

Atama nifrət etdiyim gün... – <span style="color:red;">ÜÇ ÇİNARIN HEKAYƏSİ
17 fevral 2017
# 13:35

Kulis.Az Lalə Niftəliyevin “Bir çinar ağacı ağlayır” yazısını təqdim edir.

Həyətimizdə yan-yana üç çinar ağacı vardı. Sevirdim o ağacları. Dörd, ya beş yaşım olardı. Hər evimizə qonaq gələndə o ağacları göstərib deyirdim ki, bax mənim ərim o ağaclar kimi uzun boylu olacaq. Bir balaca qızın məsum arzusundan o ağaclar bizim həyətin ağırlığına dözüb bəlkə də.

Ağaclar dil açmamış uşaq kimidir. Səssiz-səssiz səninlə söhbət edir. Yarpaqları onların hissiyyat orqanlarıdır. Bəlkə də payızın gəlişi ilə biz onlardan yox, onlar bizim halımızdan depressiyaya düşür, saralıb-solur. Atam çox ağac əkərdi. Mən də onun balaca köməkçisi idim. İndi o ağaclara qulluq edə bilmədiyim üçün utanıram. Ağacların yarpaqsız baxışlarındandır bu utanc.

Biz böyüdükcə xatirələr kiçik qırıntılara dönüb, dağılır yaddaşımızın qıraq bucağına. Nə böyüklükdə həqiqət saxlayır o xatirələr... Bunu bir axşam küçədə maşın təmizləyən balaca bir oğlanın polisdən qaçarkən baxışlarında olan qorxu ilə eyni hadisənin təkrarlanmasından yaranan öyrəşmə hissinin verdiyi təbəssümdə anladım. Gözlərindəki təbəssümə qarışan qorxu “eyni şeylər təkrarlanacaq , mən hər yolun necə bitəcəyini bilirəm” deyirdi. Bu ifadə mənə üç çinar ağacını xatırlatdı. Görəsən o çinarlar bizim həyəti seviblərmi heç? Kaş ki, bu sualı onlara indi verə biləydim. Bəlkə də mənə daha fərqli xatirələr danışardılar. Hə... o ağaclar indi kiminsə evinin bir parçasıdır. O evin xatirələrinə şahidlik edir.

Evin sonbeşiyiyəm mən. Bizim ailə dəyərlərimiz “hər kəs üçün yaşamaq prinsipləri” altında formalaşıb. Bu əslində valideynlərimin deyil, cəmiyyətin günahıdır. Ol səbəbdən onları qınamaqdan çoxdan vaz keçmişəm. Mətləbdən uzaqlaşmadan sizə bir əhvalat nəql edəcəm. İndidən deyim ki, ən böyük həqiqətlər kiçik detallarda gizlidir. Məsələn, sizin evinizin bir parçası olan ağacların xatirələrində...

Qardaşımın yeniyetməlik illərində mən çox körpə idim. Evdəkiləri çox incidirdi. Necə deyərlər yeyib-içən oğlan idi. Bu da təbii, evdə xoş qarşılanmırdı. Atamla o qədər mübahisələri olurdu ki, biz artıq öyrəncəliydik bu hallara. Atamın cəza üsullarında o üç çinar ağacı xüsusi yer tuturdu.

Bir gün yenə qardaşımı zəncirlə çinara sarıyıb, kəmərlə döyürdü. Və mən o mənzərəni gördüm. Baxışlarda fiziki ağrıdan yaranan yalvarış, peşmanlıq, ağrı... ən dəhşətlisi isə şəxsiyyətinə dəyən kəmərin odlu ağrısı var idi. Atama nifrət etdim həmin an. Elə qardaşıma da. “Allah öldürsün səni” deyib çığırmışdım...

Üstündən bir gün keçdi, mən də, qardaşım da yenə atamı sevməyə başladıq. Bu doğmalıq hissidir, ya instinktiv bir şeydirmi deyə bilmərəm. Lakin o gündən sonra qardaşım hər içib evə gələndə baxışlarında “o uşaq” kimi gülümsəyirdi.

Qorxular həyatı anlamağımız üçün böyük bir əngəl olsa da, həm də açardı. Gərək onlarla üzləşək. Lakin qorxularımıza öyrəşməyək. O zaman hissiyyatsız bir gülümsəmə yaranacaq dodaqlarımızda hər şeyə qarşı.

# 3200 dəfə oxunub

Oxşar xəbərlər

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi...  - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

Eliotla dostluq etdi, Freyd onunla şəxsən tanış olmaq istədi... - Pulitser mükafatlı kölgədə qalan "kosmik şair"

12:00 5 avqust 2026
Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər