Həsrət qara üzüm salxımıdır – Modern FARS ŞEİRİ

Həsrət qara üzüm salxımıdır – <span style="color:red;">Modern FARS ŞEİRİ
6 oktyabr 2017
# 21:00

Kulis.az çağdaş İran şeirinin ən parlaq imzalarından olan Məhəmməd Şəms Ləngərudinin şeirlərini təqdim edir.

Həsrət

Həsrət

qara üzüm salxımıdır.

Tapdala onu yaxşıca!

Tapdala!

Ağzını bağla, qoy qalsın.

Gör, necə məst edəcək səni bu kədər.

Gecikmisən

Əlifba yağır sanki

qəzet köşkünün damına.

Bir neçə hərf, bir dəstə də gül götürüb

yolunu gözləmək

keçir könlümdən.

Axşamüstü yağan yağış

vəznli, qafiyəli.

Yağır...

yağır...

yağır...

incə-incə,

aram-aram

və sən

gecikmisən.

Güllər

tələyə düşmüş quşlar kimi

çırpınır ovucumda.

Sən gəlməyəcəksən.

Bu şeirsə

uçmağı sevən, amma

qanadları olmayan

bir quş haqda nağıldır.

***

Kəsdiyimiz o duz-çörəyin hörmətinə

Çörəyi sən apar

Yolun uzundur

taqətinsə az!

Duzu saxla mənim üçün!

İstəyirəm bu yara

Həmişə təzə qalsın!

***

Eşq bir dükandır

sahibi illərdir ki, ölüb

Və sən hüznlü bir halda

bir tikə çörəyi

onun gözünün önündə oğurlayırsan.

***

İnsanların sevincinə etimad etmə,

Qar!

Yağan zaman nemətsən!

Elə ki yerə oturdun

Sən sadəcə bir lənətsən!

Sən də bir gün

Və bir gün sən də qocalacaqsan.

Mənsə bundan artıq qocalan deyiləm daha

Həyatımın bir anında dayanmışam.

Gözləyirəm gələsən,

qarşımdan keçəsən.

Qəşəng, qocalmış

və üzündə zülmətimdən əsirgədiyin nur.

Sənin eşqin

Səni sevirəm

Və eşqin adımdan süzülür

ziyarətgahın həyətində

gövdəsi yaralanmış tənha ağacın şirəsi kimi...

Möcüzələr dövrü keçib artıq

Gecikmisən, Musa!

Möcüzələr dövrü keçib.

Əsanı ver Çarli Çaplinə,

bir az gülək.

Düşmək zamanı

Külək əsir,

meyvə isə bixəbərdir.

Onun düşmək zamanıdır bu gün.

Çətindir

Çətindir qar adamı,

çətindir.

Günün aydınlığını sevirsən,

amma tərəddüd edirsən, nə badə gələ.

Şəms Ləngərudi ilə

Mən axı qığılcım kimi

atəşdən qaçmışdım.

Azadlıq havasında

Külə çevrilirəm.

Fars dilindən tərcümə edən: Ariz Tarverdiyev /artkaspi.az/

# 4778 dəfə oxunub

Oxşar xəbərlər

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

"Onun qəhrəmanları iyrənmədən yaşaya bilmirlər..." - Bernhardla Dostoyevskini nə birləşdirirdi?

13:00 9 fevral 2026
"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

"Pulitser"dən imtina edən Nobel mükafatçısı - O, hekayələrini hansı yazıçıya satmışdı?

13:30 7 fevral 2026
"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

12:00 7 fevral 2026
Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər