Saçların çiynimi vətən seçdi – YENİ ŞEİRLƏR

Saçların çiynimi vətən seçdi – YENİ ŞEİRLƏR
20 fevral 2018
# 16:20

Kulis.az gənc şair Rəvan Cavidin yeni şeirlərini təqdim edir.

Allaha yox, çörəyə
inananlardan yana
unudacam Allahı
küçə uşaqlarıtək.

Tərk olunan qadınlar
darıxmasınlar deyə
gözləyəcəm günəşi
gecədən səhərədək.

“sevmir” sözü bilməyən
uşaq kimi sayacam:
“sevir, sevirəm, sevir...”
gülləri ləçək-ləçək.

bütün yoxsul atalar
düşünməsinlər deyə,
utanmasınlar deyə
unudacağım sözdü:
“iş”, “yox”, “bahadı”, “çörək”.

Mavi boyalı ev

Öncə şəkillərimiz...
öncə onlar darıxır,
darıxır şəkillərin
səndən sonrakı halı.

Sonra da mahnıların
notları yoxa çıxır...
yoxa çıxıb hər səsdə
səni yadıma salır.

küçəyə yağan yağış
şəhərə yağmır sanki...
elə bil islanmırsan...
ay adam, hardasan ki?!

Mənim yox, heç olmasa
şəkillərin xətrinə,
mahnıların xətrinə,
bu şəhərin, küçənin,
bütün müqəddəslərin,
tanrıların xətrinə...
qayıt mavi evinə.

Məndən daha çox küsüb
sənə həmin mavi ev.
Mənə yazığın gəlmir,
Heç olmasa onu sev.

İlk o evdə sevişdik,
ilk o evdə saçların
çiynimi vətən seçdi,
İlk dəfə yalnız onda
qızımızın gülüşü,
adı ağlımdan keçdi.

Sözümdə yalançıyam...
yaxşı olmadı heç nə.
Sən getdin, tək qalmışam
mavi boyalı evdə.

İtirdiklərimin xatirəsi

Sən,

gülüşü qəmzəsində yatan qadın,

səni dünən itirdim,

dünən, yəni

üç aylıq körpə bacım gülən gün,

iki il xərçənglə yaşayan atam ölən gün,

dünən itirdim, yəni

bu məmləkətin adını ingiliscəyə,

özünü ərəbcəyə çevirdikləri gün,

evimizin son lampası sönən gün,

qardaşım səngərdən bir qoluyla dönən gün,

dostum arvadına,

mən dostuma xəyanət edən gün,

bütün gəmilər Bakıdan gedən gün,

dünən itirdim, yəni

bütün bu əzabların içində

səni gözdən qaçırdığım gün.

Sən,

ətri saçlarından axan qadın,

səni tapdım,

bu gün yenə gözlərimi açanda

saçlarımdakı sığaldan tanıdım səni

- bu sənsən!

İllərdir evimin içində itirib tapdığım qadın,

əllərini ovuclarımda sıxdığım,

hər gün saat yeddidən sonra darıxdığım,

Aygün,

indi sənə bircə sualım var:

ayrılıq ismin hansı halında yoxdu?!

İsmini o halda çağırım.

Aygünün şeiri

Sən bütün rənglərdən daha qırmızıydın
- sevərkən coşğulu və dəli kimi.
İndi daha çox mavisən
- əlçatmaz və andırırsan xoşbəxtliyimi.
Sən bütün şəhərlərdən
daha çox Bakısan,
ən soyuq şəhərlərin də adı
“küləklər şəhəri” olmayıb.
Sən bütün dənizlərdən
daha çox Xəzər idin
- heç vaxt dəniz ola bilməyəcəksən!

Mən indi nə Ayı,
nə Günəşi sevə bilirəm,
küçə lampalarına vurulmuşam,
dörd ay keçir artıq,
biz bu küçənin
bu lampasının altında
ayrıldıq.

İndi lampaları
çobanyastığı edib sayıram:
burdadı, burda deyil...
burdadı, burda deyil...

Sən bütün sevgilərdən
daha çox Aygün idin
- adında səhv düşdü
gecəylə gündüz,
necə ki
mənim qismətimdə
sevgi və ayrılığa tərs gəldi bir qız.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

"Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrini biz yaradırıq!" - Rəvan Cavid

14:38 4 noyabr 2025
"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

18:10 3 noyabr 2025
Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər