Məni uzaqlara kim aparacaq? – Yeni ŞEİRLƏR

Məni uzaqlara kim aparacaq? – <span style="color:red;">Yeni ŞEİRLƏR
27 iyul 2017
# 17:43

Kulis.az gənc imzalardan olan Məhəmməd Turanın yeni şeirlərini təqdim edir.

Darıxmaq belə olur

Addımlar asta-asta

Gəzər gecəni gəzər...

Xəyalım ayaq açar

Sizin küçəni gəzər...

Ulduz qonar çiynimə

Təbəssümə bataram...

Bir röya uyduraram

Dizlərində yataram...

Gözlərimdə bitərsən...

Üstünə yüyürərəm...

Xəyalına sarılıb

Yoxluğunu görərəm...

Gecələri sayıram

Hər nəfəs dilək olur...

Kölgəmlə oynayıram-

Darıxmaq belə olur...

Xəbərim olmasın

Gedəndə gecə vaxtı get

Yatım, xəbərim olmasın...

Şirin-acı yuxuları

Qatım, xəbərim olmasın....

Qaralar qarışsın ağa,

Düşsün şaxtaya, sazağa...

Yata-yata ayrılığa

Çatım, xəbərim olmasın...

Eşqin süzülsün qanımdan...

Canın çıxmasın canımdan....

Keçsin qoy illər... yanından

Ötüm, xəbərim olmasın....

Bircə yol görüm özümü

Gör necə yalqızlamışam

Danışıram öz-özümə...

Xatirələr narahatdı

Yoxluğun düşüb izimə...

Sənsizlikdən qəm yemişəm

Udub arzular qəhəri...

Bir gecənin hənirtisi

Aydınlaşdırır səhəri...

Nədir ki həsrət dediyin?!

Bir az ölüm, bir az sağlıq...

Gedəndə "Sağ ol" demişdin

Sevgimizə üzrxahlıq...

Yerdəkilər anlamadı

Göylərə dedim sözümü...

Bir yol qırılsın güzgülər

Bircə yol görüm özümü...

Sən bir köhnə evsən indi

Sən bir köhnə evsən indi

Yox sahibin... yoxdu yiyən...

Heç olmasa ərk eləyib

Arada qapını döyən...

Sən bir köhnə evsən indi

Yoxdur pəncərəni silən!

Hərdənbir sərçələr olur

Kövrəlmiş gözünə gülən...

Sən bir köhnə evsən indi

Xatirələr məzarısan...

Toz-torpaqdan bezməmisən,

Təkliyinin bezarısan...

Sən bir köhnə evsən indi

Qəmdən savayı nəyin var?!

Bu yollara kölgə salır

Qəlbinə çəkilən dağlar…

Sən bir köhnə evsən indi

Sən keçmişin harayısan…

Küsmə yenə taleyindən -

Bayquşların sarayısan!..

Nəfəs ciyərimdə sürgün...

İndi bir "ah"lıq canım var,

Nəfəs ciyərimdə sürgün...

Azalıram bir az, bir az

Yox oluram hər gün, hər gün...

Gözlərimdə qalan günlər

Bir-bir düşdü gözlərimdən...

Yığılan qəmim-qəhərim

Daşmır, daşmır gözlərimdən...

Qəlbimdə həvəsmi qalıb

Bir daşı, daş üstə qoyam...

Əllərimdən göy yapışıb -

Mən buludların oğluyam...

Gecə düşüncələri

Məni buralarda sevən olmadı,

Məni uzaqlarda gözləyənim var...

Gecələr yuxuma girən olmadı

Gecələr yuxuda səsləyənim var...

Bir qarış dünyadı könlümü sıxan,

Hər şey gözlərimdə qarma-qarışıq...

Sevgidi üzümdən gülüşü yıxan,

Qəlbimin başından parlayan işıq...

Qəriblik sarmaşıb dodaqlarıma...

Boy verir həsrətim hey saçaq-saçaq...

Bilirəm, azacam o yolda, izdə,

Məni uzaqlara kim aparacaq?

# 1629 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
#
#
# # #