Ümid sənədir ancaq... – Günün Şeiri

Ümid sənədir ancaq... – <span style="color:red;">Günün Şeiri
26 iyun 2018
# 14:01

Kulis.az Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şeirini təqdim edir.

Uzanır danışıqlar, imzalanır sənədlər.

Xəritədə aləmə göstərilir sərhədlər….

Səsimizə səs verir dünya başbilənləri;

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Dəyirmi masalarda izi var dirsəklərin…

Ağla sığan söhbəti, sözü var dəstəklərin,

Yardım bağlamasında özü var dəstəklərin

Lap ləl-cavahir olsun hər yardımın dəyəri…

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Diplomat cənabların hər biri hörmətlidir.

Bu məqamda ölkəmə təşrifi qiymətlidir.

Rəyi təqdirə layiq, rəyi ədalətlidir.

Gözdən-nəzərdən salan kimdir ki, bu işləri?

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

İşğal altında qalır torpağımız-daşımız,

Nələr görmür gözümüz, nələr çəkmir başımız.

Qarışıb bir-birinə baharımız-qışımız.

Çadır göstərmək olub hər çatana peşəmiz…

Sərgi olmasın deyə bu Mil-Muğan düzləri

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.

Ürək yanır, göz dolur şəhid qəbirlərindən…

Düşünüb daşınıram özlüyümdə dərindən:

İntiqam ala bilməz, qana qan ola bilməz

Məzarları bəzəyən ehtiram çiçəkləri…

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,

Heyətlər təzələnir, bir şey görünmür hələ.

Müddətlər təzələnir, bir şey görünmür hələ.

Açılmır ki, açılmır düyünü bu torpağın.

Qov alışa bilərmi, od saçmasa çaxmağın?

İldırımlardan belə umma bu zərrələri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!

Təzə-tər qərənfilli xiyaban istəmirəm!

Tükənir səbrim fəqət,sazişlər,

Qətnamələr,bəyanatlar kifayət!

Ziyafətlər kifayət!

Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!

Yellənsin sülh bayrağı!

Bu bayrağa kəm baxan,

Həm baxmayan, həm baxan

Bədgüman istəmirəm!

Sevindirsin milləti qoy sülhün şad xəbəri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

1996

# 3708 dəfə oxunub

Oxşar xəbərlər

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

"Ümid edirəm, Mübariz şəxsi həyatında qəhrəmanının buraxdığı səhvi buraxmayıb" - Müzakirə

12:00 7 may 2026
"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

"Həqiqi dəyər səs-küydə və nümayişdə deyil..." - Sevil Hidayət

14:47 5 may 2026
"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər