Mənim şeirlərim Qarabağlıdır - ŞEİR

Mənim şeirlərim Qarabağlıdır - <span style="color:red;">ŞEİR
18 may 2017
# 11:13

Kulis.Az gənc şair Ruslan Dost Əlinin şeirlərini təqdim edir.

Mənim şeirlərim Qarabağlıdır

daha sözlərimdə ləzzət gəzməyin,

daha sözlərimin tamı da yoxdu.

indi dadlı yemək hər evdə bişmir,

indi dadlı söz də hamıda yoxdu.

nə gəzir gül ətri, çiçək qoxusu,

özün bil, istərsən oxuma daha.

sözdən dəstə tutur baxma çoxusu,

bir ləçək də girmir yuxuma daha.

sözləri nəzərə, gözə tez gəlir,

qəlb döyüntüsünü duyan kəslərin.

sizin ağlınıza təzə söz gəlir,

mənim qulağıma güllə səsləri.

o... “iyirmi faiz” nə boydadırsa,

bu xalqın o boyda davası çatmır!

biz dağa qaçırıq hava almağa,

Şuşada dağların havası çatmır!

əli çənəsində qalan şairə

yurdunun tənəsi, gileyi gəlsin!

torpağı işğalda olan şairin

gərək sözlərindən qan iyi gəlsin!

indi təbim belə xoşuma gəlməz,

indi misralarım belə, zəlildi.

mənim şeirlərim yeriyə bilməz,

hamısı “ikinci qrup əlil”di...

tək adam adamla yaşıd olmurmuş,

eyni yaşdakılar gör nə qədərdi;

ay mən yaşdakılar, bir dövrdənik,

bizimlə yaşıddı Xocalı dərdi...

daralan ürəyin darvazasına

hələ də əl boyda qara bağlıdı.

oxucum, bilmirəm, sən haralısan,

mənim şeirlərim Qarabağlıdı!

* * *

tale var ki, dumanında dağ azır,

bayraq hazır, tabut hazır, ağ hazır:

ölüm elə bu vətəni hey yazır,

əsgər-əsgər cildləyir nə vaxtı.

solan gördüm yaz günündə gülləri,

səngər içir o qırmızı gölləri.

göy üzünə açdığımız əlləri,

tanrı tutub kilidləyir nə vaxtı.

sərhəd boyu dəmir-dəmir ağaclar,

heç nə demir, heç nə demir ağaclar.

neçə vaxtı çiçəkləmir ağaclar,

bizim torpaq şəhidləyir nə vaxtı...

Qazaxıstan/ Türküstan

# 1614 dəfə oxunub

Oxşar xəbərlər

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər