Qadın gedişləriylə doludur evimiz – YENİ İMZA

Qadın gedişləriylə doludur evimiz – <span style="color:red;">YENİ İMZA
2 may 2017
# 16:17

Kulis.az gənc şair Vasif Əlihüseynin şeirlərini təqdim edir.

***

Qar yağır

sobanın istisinə qısılıb

anamın ölmədən öncə

bişirdiyi mürəbbəylə çay içirəm

və sən getmədən öncə

çəkdirdiyimiz şəkillərə baxdıqca,

düşünürəm ki, heç kim əbədi deyil

soyuqda isinmək üçün

bütün şəkillərimizin sən tərəfini yandırmışam

ünvanını bilmirəm

yoxsa, külünü qapınıza göndərərdim...

***

Sevgiyə tamarzı ürəklərimiz

əlini açıb dua etdi Allaha

sevmək üçün.

Sən dünyaya

ağrımaq üçün gəlmisən elə bil.

Allah ikimizi də böyük yaratdı

Əstəğfürullah!

səni evin böyük qızı -

məni isə böyük oğlu kimi.

Üzü günəşə durub adamlar,

üzü qibləyə kəsirlər

sevgilərin başını.

mən də üzü anamın

qəbrinə dayanmışam

ağlamaq da gəlmir içimdən

susmuşam.

Qadın gedişləriylə doludu evimiz:

anam, bacım, sən...

bir bilsən qadınsız evlərdə

kişilərin təkliyi nə boyda olur.

İndi metro eskalatorlarında rastlaşırıq

Salam veririk

Necəsən? – deməyə vaxt çatmır.

sağollaşmağa qolumuz da qalxmır

sağollaşmaq gəlmir içimdən

hər gün rastlaşarıq

hər dəfəsində

sən məni, sevmədiyin üçün ağlayırsan,

mən də səni unutmadığım üçün.

***

Qəlbimə toxunmur,

xətrimə dəymir,

qayıdam bu yolu mən düşüb gedəm.

Axı ayrılıq da gəlmir içimdən,

sarılıb qoynuna öpüşüb, gedəm.

Varsan, varlığın da hər şeyə çatır,

hər şeyə necəsə mız qoymaq kimi.

Hara qısqanıram, getmə, deyirəm,

adının üstünə cız qoymaq kimi.

Gülüm, nə gözəldi geydiyin donun,

yaraşmaz bilirəm heç özgəsinə.

Bir az da, bir az da yuban yanımda,

açılsın səhərlər azan səsinə.

***

Yıxılıb-dururam yol gedə-gedə,

bu da bir yolçunun ölüm baxtıdır.

Sənin də qəlbindən nə keçirsə, de,

hamının üstümə düşən vaxtıdır.

Mən əli qoynunda sıxılan adam,

bir yer axtarıram başımı qoyum.

Gedirəm başıma kül ələməyə,

axşama su qızdır başımı yuyum.

Səndən nə cürnəsə, mən qaçam gərək,

bu qara günümdən, mən ağa düşəm.

Yelləncək asmışam ağac altında,

atıram özümü, uzağa düşəm.

***

Sən ən böyük təsəllimsən,

gəlmisən məni sevməyə.

Axı nə yaşın vardı,

mənimlə dərd çəkməyə.

Bir qucaqlıqdı boyun,

saçın nə gözəl ətirdi.

Təkliyimdən gileyləndim,

Allahım səni gətirdi.

Belədi dünyanın işi,

hönkürüb ağlamaq olur.

kimisə itirəndə,

kimisə qucaqlamaq olur.

***

yorğun gecədən keçmiş,

bu sərsəri, bu axmaq.

bilirsən mənlik deyil

saç-saqqalı uzatmaq

ev üçün darıxmıram

axı yoxdu bir kəsim

sən də evdə deyilsən

hər gün evə tələsim

həyətdə paltarlarım

şaxta düşsə qac olur

qadınsız kişilər də

sümsük ittək ac olur

sən dediyin təkliyin

adına nə deyirlər

kişiyə məlum - “dəli”,

qadına nə deyirlər?!

# 1624 dəfə oxunub

Oxşar xəbərlər

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..."  - Novruz bayramı ədəbiyyatda

"Vəslin mənə Novruz gecəsi oldu müyəssər..." - Novruz bayramı ədəbiyyatda

12:00 21 mart 2026
"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

"Bu hekayəyə görə DTX-ya şikayət etmək lazımdır!" - Müzakirə

16:00 19 mart 2026
"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

15:00 18 mart 2026
"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər