Sevinc Elsevərin Pir sonluğu

Sevinc Elsevərin Pir sonluğu
2 dekabr 2013
# 12:53

Orxan inişil bərk xəstələnmişdi. Anası onu yanına salıb o həkim qalmamışdı ki, aparmasın. Gecələr yuxusuna bədheybət canlılar gəlir, uzun saqqallarıyla, iti caynaqlarıyla, qırmızı ağızlarıyla, buynuzlarıyla onu qorxudurdular. Orxan yuxudan qan-tər içində ayılır, qışqırır, bağırır, heç kimi tanımırdı. Doğma anasından da qorxurdu.

Axırda kəndin türkəçarası Firuzə arvad anasına məsləhət gördü ki, Orxanı pirə aparsın. Arvadın diaqnozuna görə Orxan şər qarışan vaxtı nədənsə qorxmuşdu. Anası Orxanı qonşu rayondakı pirə apardı... Qəribə bir ağacın yanına gəldilər. Ağacın üstü cürbəcür parçalarla dolu idi. Qırmızı, qara parçalar bağlamışdılar. Yeni il yolkası kimi bəzədilmişdi lap. Bu, müqəddəs ağac sayılır, -anası ona pıçıldadı- adamlar gəlib diləklərini bu ağaca danışır, nəzir bağlayırlar, çox keçmir, bütün diləkləri hasil olur.

Orxan gecə yerinə girdi, amma gözlərinə yuxu getmədi. Anasının, nənəsinin ağ, qara yaylıqlarını qabağına töküb məktəb qayçısıyla kəsdi, xırda parçalar düzəltdi... Qaranlıqda tək-tənha eşiyə çıxmağa ürək eləmirdi, amma Aytənin xətrinə canını dişinə tutub atasının stolun üstündə yaddan çıxardığı alışqanın düymə boyda işıq verən fənəriylə yoluna işıq sala-sala gəlib Gəlin Çinarın yanına çıxdı. Ehtiyat üçün cibinin birini xırda daşlarla doldurmuşdu. Qabağına itdən-zaddan nəsə çıxsa, vuracaqdı. Sahibsiz itlər uşaqlara heç vaxt hürməzdi. Qapı itləri uşaqların qənimi idi. Çox adam gecələr qapısındakı iti açıb buraxır, it də evin həndəvərinə dolanırdı. Varlı adamların itləri kasıb adamların itlərindən acıqlı idi. Kasıbın həyətindəki it də adamı üzüyola qarşılayırdı.

Orxan gətirdiyi parçaları Gəlin Çinarın gövdəsinə bağladı. Anasının cehizlərindən eləsi vardı ki, hələ toxunulmamışdı, qəttəzə qalırdı. Həmin əşyaların, qutuların üstündəki qırmızı lentləri də açıb götürmüşdü. Qırmızı lentlərlə çinarın əli çatan hər yerini bəzədi.

Səhər obaşdan kəndə düy vuruldu ki, möcüzə baş verib. Gəlin çinara toxunmaq olmaz. Sən demə, Gəlin Çinarda kəramət varmış. Müqəddəs qüvvələr də Gəlin Çinarın kəsilməsinə razı deyil.

Qadınlar dəstə-dəstə axışıb Gəlin Çinarın ətəyinə gəlir, arzu, əhd eləyir, çinarın gövdəsinə nəzir qoyub gedirdilər. Artıq Həsən kişi çinarı satmaq istəmirdi.

Kənd adamları da, çinarın sahibi də, Orxan da arzusuna çatmışdı. Gəlin çinar kəsilməyəcəkdi.

Bir vaxtdan sonra Orxan Gəlin Çinara həsrətlə baxmağa başladı... Aylar ötdü. Yayda şəhərdən kəndə gəzməyə gələn Aytəni də Gəlin Çinarın ətəyinə apara bilmədi.

Gəlin Çinarın şöhrəti gündən-günə, eldən-elə artırdı. Artıq Gəlin Çinara ziyarətçilərin əlindən yaxın düşmək, onunla baş-başa qalmaq, həmsöhbət olmaq mümkün deyildi.

Bir gecə Orxan əlinə balta alıb Gəlin Çinarı baltalamağa yollandı. Nə vaxtsa belə eləyəcəyi yatsa yuxusuna da girməzdi.

# 2108 dəfə oxunub

Oxşar xəbərlər

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi...- Sevinc Mürvətqızı

10:00 24 avqust 2025
"Bomboz həyat bağrımı çatladacaq..." -   “Tütək səsi”nin Cəbrayıl rolunu  niyə Şahmar Ələkbərova vermədilər?

"Bomboz həyat bağrımı çatladacaq..." - “Tütək səsi”nin Cəbrayıl rolunu niyə Şahmar Ələkbərova vermədilər?

10:00 23 avqust 2025
Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

Ayxan Ayvazın "Banan qabığı" hekayəsinin psixopoetik yozumu: Selincer podteksti - Mətanət Vahid

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər