Uşaq bədənindən baxırdım - ESSE

Uşaq bədənindən baxırdım - <span style="color:red;">ESSE
27 sentyabr 2017
# 17:36

Kulis.az Turan Bağdadovanın "Ağrı oyunu" essesini təqdim edir.

Uşaq vaxtı anam məni özü ilə qonşu kəndə nənəmgilə aparardı. Kəndə dağların arasından keçən yollarla gedirdik. Kənd özü də dağın ətəyində yerləşirdi. Evlərin çoxu kürəyini dağa söykəmişdi. Kəndə çatmamış yolun kənarında bir yerdə yaşlı və böyük əncir ağaclarının sıx olduğu bir ərazi vardı, kənddə danışırdılar ki, orda həmişə dağdan enib gələn, yoldan keçənlərə, kəndə hücum edən canavarlar gizlənir. Bu mənim uşaq qəlbimdə vahiməli həyəcan yaradırdı. Onda uzaqları, çox adam olan yerləri sevməyən, utancaqlığından utanan, sözlərlə danışa bilməyən, ətrafı hiss edən, dərində qəribə əzabları olan, duyğulu, susqun uşaq idim. Göylərə baxmağı sevirdim, buludları, ayı, ulduzları saatlarla izləyirdim. Hətta, aya baxa-baxa qaçıb, onun da mənimlə getdiyini düşünürdüm.

Günorta həyətdəki ördəklərə, qazlara, keçilərə baxmaqla və bağdakı yelləncəkdə yellənməklə başım qarışırdı. Gecə anamın yanında yatırdım. Bəzən səhər tezdən oyanıb görürdüm anam yoxdur, evimizə qayıdıb. Qəribə ağrı, qorxunc boşluq hissi sarırdı bütün varlığımı. Elə bil bir tərəfim yoxa çıxırdı, böyük bir meydanda kimsə əlimi buraxıb çıxıb gedirdi. Qayıda bilməyəcəyimin çarəsizliyi içində tutulub qalırdım. Uzaqlıq hissi, dolanbac yollar və əncir ağaclarının olduğu o yer bir-birinə qarışıb böyüyürdü gözümdə. Düşdüyüm duruma təslim olub gözlərimdən baxırdım sadəcə, əlimdən bir şey gəlmədən. Bu yuxuya bənzəyirdi - bir faciənin ortasına düşüb heç nə edə bilməmək və bunun yuxu olduğunu bilə - bilə oyana bilməmək...

Nəfəsim oda çevrilib yandırırdı sinəmi. Nəfəs almaq əzab olduğu üçün dayansın istəyirdim. Gözləməkdən başqa çarəm qalmırdı. Ən kiçik ümid dolu səs axtarırdı qulaqlarım. Bir uşaq üçün adicə bir olay necə bu qədər ağır ola bilirdi? Qəribəsi də odur ki, mən heç vaxt uşaq kimi hiss etməmişəm özümü, elə bil çoxdan var idim (yaşım çox idi), uşaq bədənindən baxırdım sadəcə. Bu hissi sonralar ayrılıqlar yaşadıqca da keçirəcəkdim və üstəlik ulaya-ulaya ağlamaqla inkişaf edəcəkdi ağırlığı.

Beləcə böyüdüm. O hiss dərinləşdi. Elə bil böyük bir şəhərdən bir-bir daşınıb gedirdilər, boş qalırdım... Bu yaşamaq ən çətin olan anlar idi, dərin, qorxunc boşluqla nəticələnən və susqun küskünlüyə çevrilən.

"Sanki məndən kimsə, nəsə azalıb, qopub, gedib" hissi dadındaydı həyatım həmişə. Bu fikir qan kimi dayanmadan axırdı hiss etdiyim mövcudluq yaramdan.

Gizlində dəftərimdə mənə "Dönüşü olmayan bu nə gediş!? Heçmi dönməyəcəksən?! " yazdıran, öncə olub sonra qayıtmazlığa gedən, məndən azalan, keçmiş adlı ağrıda əriyən kim idi?

Bu nə ağır hissdir İlahi?!

İlahi...?

Bəlkə sən?

Məndən itən sənmiydin?

Yoxsa sən itirmisən məni?

Məni bölən sənmiydin?

Yoxsa bölünən sənsən?

Məni azaldan sənmiydin?

Yoxsa azalan sənsən?

Sən də yarımçıqsan?

Bəlkə gedən elə mən özüməm?

Bu getməklər bitmir.

Açdım məni, endim boş qalmış bu şəhərə.

Məndən getdiyin qədər mənə gəlib yığılmısan...

Sən də bax, bəlkə elə səndən azalan mənəm...

Bu nə qəribə ağrı oyunudur...?

# 1750 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

Napoleonun elçisinin təriflədiyi Güney Azərbaycan şəhəri - Araşdırma

16:05 31 oktyabr 2025
Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

Dövrünün miskin əyyaşı, küçələrdə öz-özünə danışan - Əsl şair-yazıçı ömrü deyəndə nəyi nəzərdə tutulur?

14:00 31 oktyabr 2025
"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

"Onun hər addımı seçim və ya məhv olmaq təhlükəsi altındadır" - Axına qarşı üzən, hamıdan kənarlaşdırılan qadın

12:04 31 oktyabr 2025
Əli Novruzov:  "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

Əli Novruzov: "Aqşin Yenisey yuxarı instansiyaları babat aldada bilir"

17:59 29 oktyabr 2025
Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

Azərbaycan ədəbiyyatının ən parlaq nəsli bizik! - Orxan Həsəni

14:57 28 oktyabr 2025
Azər Turan:  "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

Azər Turan: "Azərbaycan ədəbiyyatının Əlisəmid Kür müxalifliyinə ehtiyacı var..."

16:30 24 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər