...Mən xəyanət etdim

...Mən xəyanət etdim
22 iyul 2014
# 10:36

Kulis.Az gənc şairə Günel Treunun yeni şeirlərini təqdim edir.

mən sən deyən olmadım...

ürəyim yanır, ana

baxma gözlərimin içinə, qorxuram

birdən görərsən ürəyimin yarasını,

çətin ürəyin dayana

mən sən deyən olmadım, ana.

mən mümkünsüzü sevdim

əlimin çatmadığı,

səsimin yetmədiyi birini...

mən sən deyən olmadım, ana.

mən sən deyən olmadım, ana.

sən məni ağ geyimdə gördün xəyallarında

mənsə...

mən o arzuların üstündə rəqs etdim,

oynadım hislərinlə, ana

oynadım sənlə.

bağışla məni,

bağışla mümkünsə!

sən məni heç ağlayan görmədin, ana

göstərmədim sənə gözümün yaşını.

ürəyimin qanıydı hamısı,

süzülüb gözlərimdən gəlirdi.

dözməzdi ürəyin, ana

baxma gözlərimin içinə,

mən xəyanət etdim

sənin arzularına.

mən sən deyən olmadım, ana.

sən otağımın qapısını açdın,

mən yastığımın altında gizlətdim

ağlayan gözümü,

gizlətdim üzümü səndən.

mənim hıçqırıqlarım

yastığımın altında qaldı,

arzularım kimi...

mən sən deyən olmadım, ana

mən sən deyən olmadım.

böyümüşəm....

topladım ürəyimin qırıntılarını

sapa keçirdim bir-bir

isti-isti, qanlı-qanlı

yaraları sağalmamış....

o buğ qalxan, qanı axan tikələri

su altına tutdum bir-bir

arındırdım, suya çəkdim

yaxaladım...

olanları, keçənləri

ürəyimi tapdaq edib keçənləri

şah qanımı içənləri

sol əlimə bıçaq alıb,

elə kəsdim ağrımadan!

təmizlədim yaddaşımı,

keçdim güzgü qarşısına,

birdəfəlik silib, atdım

göz yaşımı....

dua etdim canlarına,

məni əzib, döyənlərin.

sayənizdə bərkiyibdi çiyinlərim!

ürəyimə vaxtlı-vaxtsız,

o çəkilən dağlar ki var

o dağların sayəsində bərkimişəm.

yıxılmışam, sürünmüşəm

ölüb, yenə doğulmuşam,

böyümüşəm

dağ olmuşam....

danışdır məni bir az...

danışdır məni bir az,

danışmaq istəyirəm

bu kimsəsiz,

bu tənha

çəkilməyən həyata,

yovuşmaq istəyirəm

danışdır məni bir az

ürəyi kitab kimi,

küsülü qalmışam mən.

bir səhra ortasında

çirkli dar ağacına

asılı qalmışam mən.

danışdır məni nolar,

danışdır məni bir az

soruş məndən necəyəm

necə kecir günlərim?

Işim-gücüm necədi

varmı yeni şeirim?

danışdır məni bir az

bir az özümdən qopub,

sən olmaq istəyirəm.

danışdır məni bir az

bilsən nələr dedilər...

biri dedi yazıqdı

biri dedi bulaşma

adamlıqdan uzaqdı

mənsə səni tanımaq,

yanılmaq istəyirəm...

yanılmaq istəyirəm....

# 4346 dəfə oxunub

Oxşar xəbərlər

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

"Bazar ədəbiyyatının ortabab tənqidçisinin mövqeyi və əxlaqı..."- Orxan Pamuku niyə tənqid edə bilmirlər?

10:00 7 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

Anarın ən müəmmalı əsəri - “Əlaqə”də gizlənən fəlsəfə

12:00 6 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram

13:00 2 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər