Səndən sonra mən

 Səndən sonra mən
28 sentyabr 2016
# 17:37

Yaşar Süleymanlı

Daş dəymiş cama dönmüşəm,

Qəm yüklü dama dönmüşəm,

Ərimiş şama dönmüşəm

Səndən sonra mən...

Külə dönmüş bir ocağam,

Dərdə sarılmış qucağam.

Özüm-özümdən qaçağam

Səndən sonra mən...

Nə ölüyəm, nə diriyəm,

Yazıq, bədbəxtin biriyəm,

Bilmirəm necə kiriyəm

Səndən sonra mən...

Gün çıxmamış batan ayam,

Həsrət adlı bir yoldayam...

Gəl, özün gör nə haldayam

Səndən sonra mən...

Haray edər dilim belə,

Qaçaq məndən ölüm belə,

Bax beləyəm, Gülüm, belə

Səndən sonra mən...

Tələsmə

Bu dünyada nə vardırsa, bu dünyada qalacaqdır,

Həyat sənə verdiyni bir gün geri alacaqdır.

Başa gələn hər nədirsə, boyun əy ki, olacaqdır,

Qaça-qaça ən uzağı məzaracan qaçacaqsan,

Tələsmə

Ömür nə ki? Bir oyundur, gəldin, oyna oynunu sən,

Oynamağın qaydasını bildin, oyna, oynunu sən,

Hiylələri, kələkləri gördün, oyna, oynunu sən,

Əvvəl-axır bu oyunda uduzub mat olacaqsan,

Tələsmə...

Göydə gəzmə həqiqəti, yerdə gəzmə, özündə gəz,

Şeytan gəzsən, mələk gəzsən, bax üzünə, üzündə gəz.

Düşmə özgə izlərinə, sal izini, izində gəz,

Doğru yolu öz yolun bil, yad yolunda azacaqsan,

Tələsmə...

Ömür yolu hamar deyil, şərəfinlə, şanınla keç,

Nə qan tökmə bu yola sən, nə tökülən qanınla keç,

Gəz özünü, tap özünü, öz adınla, sanınla keç,

Unutma ki bir gün sən də bir xatirə olacaqsan,

Yaddaşlarda ya hörmətlə, ya nifrətlə qalacaqsan,

Tələsmə...

Dünya bircə nəfərmiş

İlahi,

bu dünya necə boş qalıb,

Nə yer var,

nə göy var,

nə də bir kimsə.

Elə bil hər yanı bir boşluq alıb,

Cismim də asılıb, boşluqda qalıb.

Nəfəsim kəsilir, havam çatmayır,

Elə bil dayanıb, qəlbim atmayır...

İlahi,

ayrılıq, deməli, budur?

Bu yoxluq, bu boşluq deməli odur!

Deməli,

bu imiş hər şeyin sonu,

Deməli,

bilmişəm hər şeyim onu,

Nə varsa, o yoxsa - boşmuş, hədərmiş!

Deməli,

mən indi bildim İlahi,

Dünya mənim üçün bircə nəfərmiş...

# 2994 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

"Ədəbiyyat həm də vicdan deməkdir!" - Rəşad Səfəri bu qədər sönük roman ortaya qoymağa nə vadar edib?!

15:00 22 iyun 2026
"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

"Kiçik" insana sonsuz məhəbbət... - Ziddiyyətli Remarkı niyə sevirlər?

13:00 22 iyun 2026
Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud

17:04 19 iyun 2026
Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər