Kulis.az qələm adamlarının Əli Zərbəlinin “Entropiya” hekayəsi haqqında fikirlərini təqdim edir.
Qəşəm Nəcəfzadə:
"Hekayənin strukturu yaxşıdı. Müasirdi. Enerjinin dağınıqlığı diqqət çəkir. Ancaq dil zəif, cümlələr, ifadələr tanışdı və tanış olduğu qədər zəifdir. Dilin fonetik, leksik normaları pozulub. Cümlələrin sonun da feillər əksərən ikihecalı olduğundan ritm pozulur, nəticədə yeknəsəklik yaradır.
Cümlələr dizüstə yazılan rejissor qeydlərinə oxşayır. Tələsik qeydlər. Tələsik ssenari mətni. Aşağıdakı cümlələrə fikir verin:
"Gözlərini könülsüz açır və çarpayısından tələsik uzaqlaşan siluetə baxır. (???)
Bir müddət yerində hərəkətsiz uzanıb mətbəxdən gələn qab-qacaq səslərinə qulaq verir. (????)
Gözünü otaqda boş-boş gəzdirir: radiatorun üstündəki bir cüt coraba, stulun arxasından asılmış tünd boz şalvarına, mavi, düyməli köynəyinə, aralı qapıdan içəri süzülən sarımtıl işığın yaratdığı zolağa key-key baxır. (???)
Hava hələ açılmayıb, çöldə külək vıyıldayır. Yorğanı üstündən atıb ayaqlarını döşəməyə basır. (???)"
Cümlələrin ardıcıl olaraq ikihecalı feillərlə bitməsi enerjini pis mənada dağıdır, dili öldürür və yaxud “Otuz beş yaşına qədər onlarla qadınla gəzdi-tozdu”. Bu cümlədə “Onlarla qadınla” sözlərində; birinci sözdə - lar, -la, ikinci sözdə - la şəkilçiləri yaxın məsafədə işləndiyindən dili ağırlaşdırır, ləngidir. Bir də “Tozdu” sözü nə deməkdir? Hər nədirsə, burda yerinə düşmür.
“Horranı həvəsssiz-həvəssiz çeynəyir”. Məncə, horranı elə adına uyğun hortdadarlar, çeynəməzlər.
Rəfailin Floraya baxaraq onun simasını təsvir etməsi tanış və çox işlənmiş cizgilərdir. Yorucudur, erotik səhnə də belə. Elə bil hardansa köçürülmüş səhnədir.
Aşağıdakı cümlələr baxın:
“"İnşaatçılar" metro-stansiyasında düşüb kirayələdiyi evə doğru, Rasim Səfərov küçəsinə istiqamət almır, Abbas Şərifzadə küçəsi ilə addımlamağa davam edir və baxışlarını yaxınlıqdakı Araz marketə yönəldir”. Belə təsvirlər və ifadə tərzi robot hərəkətlərdir. Canlı deyil. Süni intellekt təfəkkürüdür sanki.
“Yaramaza bax ha, atanın dodaq yerini təmizləyir”. - “Təmizləmək” sözü də yerində deyil.
Hekayədə xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur".
"Hekayə uzun olsa da, dili yaxşı olduğuna görə axıcılıq var. Rahat oxunur. Bununla belə hekayənin məzmunu məni açmadı. Quru və təsirsizdir. Ancaq bu problem təkcə Əli Zərbəlinin deyil, gənc yazıçıların bir çoxunda bununla qarşılaşırıq. Onlar elə bilirlər ki, məişəti necə gəldi təqdim eləmək, açıq mesajlarla yazmaq artıq hekayə deməkdir. Belə deyil. Əlinin yaxşı hekayələri var, amma bu hekayə ortababdır. Müəllifə uğurlar arzu edirəm".
"Əlinin qələmini bəyənirəm, gənc müəllif kimi böyük potensialı var, yaxşı mətnlər yaradacağına əminəm. Amma bu hekayəsi həm məzmun, həm də forma nöqteyi-nəzərindən ürəyimcə olmadı.
Əgər söhbət formadan gedirsə, hekayə və roman fərqli janrlardır, hərəsi özünəməxsus dəsti-xətt və yanaşma tələb edir. Əli isə elə bil roman texnikası tətbiq etmək istəyib. Bu bardağa vedrəylə suyu sığdırmağa bənzəyir. Alınan iş deyil, daşıracaqsan. Əli bu mətndə suyu daşırıb.
Məzmuna gəldikdə, ekzistensial böhran, şəhvət və xəyanət mövzularında bəs deyincə yazılıb. Əgər bu mövzuya toxunulursa, orijinal bir məqam olmalı idi. Hekayədə o məqamı görmədim.
Bəlkə, Əli hansısa gizlin eksperimentə əl atıb, entropiya elementiylə nəyəsə eyham vurub? Bilmirəm, ola bilsin. Eksperimental mətnlərdə bir qayda olaraq eksperimentalıq qabardılır, oxucu bir növ yönləndirilir. Əlinin hekayəsində məzmun ön plandadır, o da dediyim kimi, çeynənmiş mövzudur.
Əlinin "Hər şey dəyişəndə" hekayələr kitabını oxumuşam. Şəxsi qənaətimə görə, Əlidə romançı dəsti-xətti var. Məncə, o, sözünü romanda deyəcək, hekayədə tam alındıra bilmir".

Əli Novruzov:
"Əli Zərbəlinin “Entropiya” hekayəsini oxuyanda Oleq Yankovskinin baş rolu oynadığı “Xəyallarda və reallıqda uçuşlar” filmi yadıma düşdü. Yenidən baxmaq üçün qeyd elədim. Əli Zərbəlinin hekayəsi də adına “orta yaş böhranı” deyilən ruh halından bəhs edir. Hətta bu hekayədə əsas obraz “orta yaş böhranı” özüdür. Naşı gözlə baxsaq, biz bu mətndə Rəfaeli, onun ailəsini və aşiq olduğu tələbəsi Floranı görürük, tamaşada minimum aktyor heyəti çıxış edir. Əslində isə süjetin konflikti Rəfaellə hekayənin gözəgörünməz əsas obrazı olan “orta yaş böhranı” arasındadır. Rəfail bu qarşıdurmada məğlub olacaq və onun məğlubiyyəti digər obrazların da həyatını alt-üst edəcək.
Hekayənin finalı məndə bir qədər təəssüf hissi doğurdu, çünki mənim də 40 yaşım var, “orta yaş böhranı” və sair dəbdə olan depressiyaların xırda burjua yanılğısı olduğunu yaxşı bilirəm. Psixoanaliz də, əslində, müasir kapitalizmin şəhər mühitində özünün yaratdığı yadlaşma, tənhalıq və psixoloji problemləri yumşaltmaq üçün uydurduğu və marketinqini apardığı instrumentdən başqa nədir? Amma biz bədii mətndən danışırıq, Altüsseri bir müddətlik ruhi xəstəxanaya yatırtmalıyıq ki, bizə mane olmasın.
Hekayə qəfildən, gözlənilməyən yerlərdə kvazi-poetik təhkiyə forması alır, sonra qəfildən düz və hamar yola çıxır. Xəsis və funksional dialoqları Rəfailin daxili dünyasına geniş açılan pəncərə əvəz edir, yaxud da perspektiv lapdan dəyişir və biz kövrək növcavan Floranın həyata naiv baxışının şahid oluruq. Bütün bu təbəddülatlar bilərəkdən işlədilmiş ədəbi priyomdur, yoxsa mətn özü belə alınıb, bu barədə bir konkret fikrim yoxdur, ancaq “orta yaş böhranından” keçən bir insanın adətən bir gün ərzində əhval-ruhiyyəsindəki kəskin təbəddülatları təcəssüm etdirir sanki. Burada inversiya yersiz idi, amma qoy qalsın.
Bu hekayə mənim funksionalist estetik baxışlarıma zidd formada yazılıb, çünki müasir nəsr, mənə görə, quru, epitetsiz və metaforasız, dinamik, hərəkətli, kinematoqrafik və funksional cümlələrlə yazılmalıdır, amma oxuyanda əlimi masamın üstündəki qayçıya atmaq istəyi yaranmadı. Bir ruhani dostumun başqa kontekstdə dediyindən sitat gətirsəm, "cənnətə təkcə biz düşməyəcəyik". Hərçənd, bu hekayəni Əli Zərbəli redaktə üçün mənə göndərsəydi, o qayçıdan, bəlkə, heç özü də qurtula bilməzdi. Son şəkillərindən görürəm ki, saçı-saqqalı yaman uzanıb. Avropada bərbər xidmətləri və ülgüc baha olduğu üçün gənclər saçlarını uzadır, saqqallarını vaxtı-vaxtında qırxmırlar.
Mövzu klassikdir, ancaq işlənməsi yenidir. Əli Zərbəli bu hekayədə yeni və maraqlı texnikalardan səxavətlə işlədib. Hekayəni oxuyanda müəllifin kimlərdən təsirləndiyini də hiss etmək olur. Burada adlar çəkmək istəmirəm. Mən bu hekayəni bəyəndim, amma bəyənməyənlərin də mövqeyini başa düşürəm. Bu mövzuda klassik tərzdə yazılmış hekayə oxumaq istəyənlər Çexovun “İt gəzdirən xanım” hekayəsinə baxa bilərlər. 1899-cu ildə dərc olunub. Elə onların yaşadıqları zamana təsadüf edir".
Orxan Həsəni:
"Əli Zərbəlinin "Entropiya" hekayəsini ədəbiyyatımız üçün yeni bir sturuktur üstündə işləyib. Bu cəhdləri alqışlayıram. O, hekayənin hissələrini pazl parçaları kimi bir-birindən ayırıb. Məncə, söhbəti tam başa düşmək üçün bu bir işarədir, çünki mətndə sturukturdan başlayaraq hər şey parçalanmaya, xaosa, bir-birindən ayrılmağa doğru gedir. Parçalanmanın, xaosun. ayrılmanın bədii həllini hekayədə görə bilirik. Bu, məncə, hekayənin uğurudur.
Yaxın günlərdə macar yazıçı Peter Nadasın hekayələrini oxudum. Olduqca maraqlı, özünəməxsus stixiyası olan müəllifdir. Onun "Müqəddəs kitab" hekayəsi diqqətimi daha çox cəlb elədi. Nadas bu hekayəni roman sturukturu ilə yazmışdı. Əlinin "Entropiya" hekayəsi də roman sturukturu ilə yazılmış hekayədir. Maraqlı təcrübədir. Ümumən, hekayə xoşuma gəldi, həvəslə oxudum. Müəllifə uğurlar".
