"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

"Dedi, başla, kişi ol! İndi vaxtıdı…" - O, sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!
6 mart 2026
# 12:00

Kulis.az İlkin Özün yeni yazısını təqdim edir.


“İnsan azadlığına məhkumdur”.

Sartr

Doğrusu, cənub mövzulu əsərlərə kifayət qədər müraciət olunub. Misalçün Ordubadinin “Dumanlı Təbriz”, İ.Əfəndiyevin “Xəncər”, Ə.Məmmədxanlının “Qızıl qönçələr”, M.İbrahimovun “Gələcək gün”, “Azad” və digər əsərlərini nümunə göstərmək olar.

Adıçəkilənlər haqqında vaxtilə müxtəlif yazılar yazılıb və geniş müzakirə olunub, bu bir kənara.

Mövzusu son vaxtlar gündəmdə baş verən hadisələrlə səsləşən, kitabdan, çağdaş cənublu yazıçı Sayman Aruzun “Yüz il inqilab” romanından söz salmağa, süjetin müxtəlif mərhələlərini açmağa çalışacam.

Əvvəla, roman psixoloji mövzudadır, hadisələr İranda cərəyan edir. Müəllif şahidi olduğu, sosial-siyasi təbəqələşmə, repressiya dalğası, imperialist, teokratik rejm və ağır məişət güzəranınnı axıcı təhkiyə ilə ifadə edir. Əsər adamda olduqca sentimental ovqat yaradır.

Tez-tez milliyətçilik, şovinizmin yol açdığı problemlər, qadın azadlığı əsər boyu ifadə olunur.

Romanın başlanğıcı Seyidin Raziyə ilə xatiratından, uşaqlıq dövründə rastlaşdığı ağır hadisələr, oynadıqları oyunlar, saf sevgisi ilə başlayır.
Anası Məsumə xanım Raziyyəni tez-tez döyür, söyür, uşaqlarla oynamasına imkan vermirdi. O, xaraktercə sakit, həlim təbiətli idi:

“Yazıq Raziyə döyülə-döyülə böyüyürdü. Bizsə onu sadəcə kənardan izləyirdik. Bəlkə də, anasının belə həyasız olması onu bu qədər sakit etmişdi. Uşaqlıqdan ona qarşı nəsə bir məhəbbət hissim vardı. Onunla tez-tez “qonaq bacı” oynayardıq”.
Bu haşiyəylə müəllif Raziyənin gələcək müsibətlərindən xəbər verir, “Qızıl qönçələrdəki” Sürəyyanın taleyini xatırladır.

Seyid patriarxal ənənələrin içində sıxıla-sıxıla, əzilə-əzilə böyüdü, oxuyub vəzifəyə düzəldi... Bu cəhətdən Seyidi M.İbrahimovun Firidunu ilə müqayisə edə bilərik. Çünki Firudun da Seyid kimi sosial-ictimai buxovun məngənəsindən xilas ola bilmirdi.

Qərəz, bir müddət sonra Seyid özü də istəmədən “Sistem çarxı”nın bir parçasına çevrilərək nifrət etdiyi, kin bəslədiyi hakimiyyətə xidmət edən müstəntiq oldu. Onlarla adamı məhkum edib, işgəncə verib, azadlıqdan məhrum etdi...

O, əvvəllər Tehran meydanında gizli-gizli kitab satmış, müəyyən mənada özü də azadlığa can atmışdı... İndi isə azadlıq tələb edənləri zindana salır, başına min oyun açırdı...

Açığı, iş yoldaşları Hacı, Feyzi, Kak Murad dövrün tipikləşdirilmiş qaniçən, ikiüzlü, qəddar surətləri idi...

Feyzi əvvəllər fahişəliklə məşğul olmuş, sonradan “tövbə” edib bu sənətə gəlmişdi. Qadın məhbusların dindirilməsində göstərdiyi xüsusi amansızlıqla məşhur idi.
Hacı isə qumarbaz, quldur, müftəxor adamların ümumiləşdirilmiş surəti idi. “Müsibəti Fəxrəddin”dəki Rüstəm bəylə hardasa eyni xarakterdə idi. Seyid belə adamlarla birlikdə işlədiyi üçün özünə nifrət edirdi.
Əsərdəki konfliktlər günlərin birində istintaqa bir xanım cəlb olunması ilə qzışır, tərslikdən işi Seyidi aparmalı idi. Sənəddəki ad ona tanış gəldi. Oxucu onun ürək ritminin kəskin dəyişdiyini hiss edir.

Həyatın ironiyası – Uşaqlıq sevgisi Raziyə “əks-inqilabçı”, “müxalifətçi”, “pantürk” damağası ilə zindanda qarşısına çıxarmışdı...

Əvvəlcə, Seyid inanmaq istəmədi. Məlumatı dəqiqləşdirməkçün qarşısında oturan xanımdan soruşdu ki, harada yaşayırsan, kimin qızısan, niyə bura düşmüsən?

Raziyə cavabında dedi ki, taksi şoferi Qəhrəmanın qızıyam, Top meydanı tərəfdə yaşayıram. Ana dili probleminə görə aksiyalarda iştirak etdiyim üçün bura gətirdilər. Amma xain deyiləm! Sadəcə öz dilimdə yazıb oxumaq istəmişəm”.

Seyid onunla məcburən kobud rəftar edir, tənə vurur, təhqir edirdi... İşlətdiyi ağır ifadələrə görə yerin dibinə girir, ürəyində özünü söyürdü. Axı o sevdiyi qıza qarşı necə belə qəddar ola bilərdi?!

Az sonra Feyzi otağa daxil olur və Seyiddən söz alıb-almadığını soruşdu. Seyid isə hələ dindirilmə prosesində olduğunu qeyd edir. Feyzi Seyiddən Raziyəyə işgəncə verməsini təlklif edir. Tərəddüd etsə də, başqa çarə yox idi, qəhərini boğub Feyzinin təklifini yerinə yetirdi. Raziyənin dırnaqlarını çıxartdı... Əzab içində qovrulan Raziyə, haqsız ittihamları boynuna almadı.

Seyid Raziyənin başına açdığı oyuna görə vicdanı sızlayırdı. O, dilemma qarşısında qalmışdı. Hərdən Raziyənin kamerasına gəlir, dilucu nəyəsə ehtiyacı olub-olmadığını soruşurdu. Raziyə ondan xahiş etdi ki, əşyalarının içərisindən sevgilisinin ona bağışladığı üzüyü versin. Bu, uşaq vaxtı Seyidin ona bağışladığı üzük idi.

Raziyənin başına gətirilən müsibətlərin ardı-arası kəsilmədi, hətta Feyzi öz qəbrini belə özünə qazdırdı. Raziyə isə qətiyyətlə onların istəklərinə boyun əymədi...

Qərəz, Hacı o gün Seyiddən daha dəhşətli bir şey tələb etdi. Yoxlanışdan sonra Raziyənin bakirə olduğu müəyyənləşmişdi.
“Şəriət”in iyrənc tələbi məlum idi. Onun bəkarəti pozulmalıydı, bu vəzifə də məhz Seyidə tapşırılmışdı. Hacının dediklərindən sonra dünya başına fırlandı, elə bil başına qaynar su tökdülər:

– Sabah bir qutu şirni və bir dəstə gül alıb yollayarsan qızgılə. Qoy ailəsi kürəkənlərini tanısınlar!
– Mən… mən, Hacı? – Hə, sən! Nə oldu? İstəmirsənsə, verim Kak Murada!

Oxucu bu epizodda barmağını dişləyir, bir anlıq özünü Seyidin yerinə qoyur. O bu işi Kak Murada ya başqa birinə, qətiyyən, tapşıra bilməzdi... Raziyəyə özgə bir əlin toxunmasını rəva bilməzdi.

Ancaq əsas məsələ bu söhbəti ona necə açıqlayacaqdı?! Nəhayət, etiraf vaxtı yetişdi. Üz tutdu onun kamerasına:

“Uşaqlıqda bir qızı sevmişdim… divar bir qonşuyduq. Qapılarında qu quşunun şəkilləri var idi. O dövrün ən gözəl xatirələri elə o qıza aiddi”.

Seyidə diqqətlə qulaq asan Raziyənin gözləri doldu, artıq onu tanımışdı:

“Gözləri parıldayırdı. Gözləri hələ də gözəlliyini itirməmişdi. Hələ də gözəl idi. Bəlkə də bir dəqiqəyə yaxın gözlərimizi ayıra bilmədik”.

Hər ikisi kədərdən, qəhərdən əsirdi. Bir təhər özünü ələ alan Seyid gözünün qorasını axıda-axıda Raziyəyə söhbəti açdı. Onsuz Raziyənin də gedən çirkin proseslərdən məlumatı vardı.

Fəqət əvvəlki kimi öz təmkinini qorudu və onunla siğə etməyə razılaşdı. Seyid ona toxunmağa tərəddüd edirdi. Raziyə hər şeyi gözəl başa düşürdü, bilirdi ki, ikisi də buna məcburdur:

“Əlimdən yapışıb özünə tərəf çəkdi. Üzünü az qala yapışdırdı üzümə. Gözlərini dikdi gözümə. Dedi, başla… kişi ol! İndi vaxtıdı… Və dodağımı öpdü! O yaralı bədəndən doğan ehtirası heç bir xanımdan ala bilməmişdim. Mən də öpdüm. İkimiz də ağlayırdıq. Kədərli bir ehtirası paylaşırdıq”.

Məlumdu ki, sabah Raziyə edam olunacaqdı...

.... Raziyəni edamı Seyidin həyata olan inamını, ümidini tamamilə məhv etdi. İş masası arxasında əyləşmiş, sifəti meyid kimi ağappaq olmuşdu. Uzun götür-qoydan sonra qəti qərar verdi.

Siyirmədən tapançasını götürüb Feyzinin otağına yaxınlaşdı:

“Qapını döymədən içəri girdim. İmkan tapmadı başını qaldırsın. Qəzəblə dedim: – Öl, fahişə!”

Daha sonra Hacının otağına girib tapançanı ona tuşlayır, Hacı təşvişə düşür, silahı yerə qoymasını tələb edir, Seyid iztehza ilə:

“Hacı, sən mənə yeni həyat verdin. Mən dünənki Seyid deyiləm. Raziyənin əriyəm! Danışmağa macal tapmadı. Gülləni ürəyinə sıxdım”.

Sonra Seyid öz otağına daxil oldu və sonuncu gülləni gicgahına tuşladı...

Beləliklə, o, bürokratik sistemdən Raziyənin təmsil etdiyi bütün azadlıq uğrunda haqsız edam, represiya olunanların qisasını aldı...

Romanın sonu bədbin yekunlaşsa da, əslində, Seyidin ideyası reallaşmışdı...

# 397 dəfə oxunub

Oxşar xəbərlər

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..."  - Hekayə müzakirəsi

"Balaca bir hekayədə bu qədər “hoqqa çıxarmaq” lazım deyil..." - Hekayə müzakirəsi

12:00 4 mart 2026
"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

"Yorğan-döşəyi yanmış yük yerindəmi?" - Soyqırım və ağacdan asılmış boş beşik

14:09 3 mart 2026
Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

Maddi və ruhani dəyərlər arasındakı ziddiyyət - "Taxma kirpiklər" haqqında

16:00 2 mart 2026
"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər