Utanmır bu mövzuda hekayə yazır? – Yazarlar Əkrəm Əylislini tənqid etdilər

Utanmır bu mövzuda hekayə yazır? – Yazarlar Əkrəm Əylislini tənqid etdilər
30 mart 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Əkrəm Əylislinin “Qızılgülün ünvanı” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.

Anar

Yazıçı Anar Rzayev: "26" rəqəmi Azərbaycanda ləğv olunmayıb - xeberler

Əkrəmin bu hekayəsi haqda münasibət bildirmək istəmirəm.

Elçin

Vəzifəsiz qalan Elçin Əfəndiyev DANIŞDI: Yeni əsərlər yazacam - Unikal.org

Bu hekayədən daha çox xoşuma o gəldi ki, Əkrəm həvəslə yazır, yaradır və qələmi yerə qoymaqdan çox uzaqdır. Təbriklər və uğurlar!

Çingiz Abdullayev

Çingiz Abdullayev: “Kişi 400 qadın saxlaya bilər”

O nə hekayədir yazıb? Dəfndən də hekayə yazarlar? Rüstəm ölüb gedib, onun dəfnindən niyə hekayə yazır ki? Utanmır?

Rasim Qaraca

Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...

Əvvəllər də yazmışam bunu, şəhər mövzuları Əkrəmlik deyil, bu mövzularda özü ola bilmədən, rola girir, kiməsə bənzəməyə çalışır. Bu hekayədə isə bənzəmək istədiyi adam, Əkrəmin dostluğuna can atdığı, ancaq çata bilmədiyi, xəyallarının qarabasanına çevrilmiş Anardır – bunu açıq-aşkar görmək olur. Sanki Əkrəm qələmi əlinə alaraq bunları deyib: "Necə edim ki Anarın qabağına qoz qoyum", bir daşla iki quş vurmaq istəyib, həm şəhər motivində (planşet-zad) bir hekayə yazım, həm də Anara necə usta yazıçı olduğumu göstərim. Əvəzində "Beşmərtəbə" romanının təsirindən çıxa bilməyib, oradakı Zaurik, bu hekayədə Fuadik kimi ortaya çıxıb. Qəbir üstə qızılgüllər, 12 illik sevgili söhbətləri də Təhminə estetikasından xəbər verir... Əslində ustad yazıçı Əkrəm Əylislidən oxucunun gözlədiyi onun şəxsi intriqalarının bədii sublimasiyası deyil, belə olduqca Əkrəm xalqdan uzaqlaşıb kabinet yazarlarına bənzəməkdə davam edir, - oxucunun Əkrəmdən gözlədiyi Buzbulaqda yaşayan bədbəxt, talesiz insanların həyatıdır, Fəxri Xiyabanda basdırılmaq xəyalı olmayan bu insanlar Əkrəmin öz həyatı kimi ümidsiz olan həyatlarını necə yaşayır, hər kəs tərəfindən tərk edilmişliyin bədii portreti necədir?

Qəşəm Nəcəfzadə

Söyüdlü arxın düşüncələri - Qəşəm NƏCƏFZADƏ yazır | Edebiyyatqazeti.az

Başdan-ayağa hekayə Əkrəm Əylislidi. Dil, üslub, təhkiyə – bütün hər şey, heç vaxt dəyişməyən Əkrəmin özüdür. Adi bir vida mərasimi və tənha qadın 12 illik sevgi, 12 dənə qızılgül... Fual Poladov, Flora Kərimova və Hacıbala Abutalov, vida mərasimdə çıxışçılar və onların alt-üst vuran sözləri və yuxu.

Mənə elə gəlir ki, bu hekayəni oxumamışdan əvvəl də o zaldakı adamların əksəriyyəti bu məsələləri bilirdi və özü də yaxşı bilirdi. Və mənə elə gəlir ki, böyük yazıçı Əkrəm Əylisli onların bildiklərindən çox da irəli getməyib. Yazıçı o vidanın və Rüstəm İbrahimbəyovun elə bir faciəsini verə bilərdi ki, adamın əli üzündə qalardı: “Mən heç bunu bilmirdim. Və yaxud gör yazıçı necə manevr elədi eyy...”

Aşağıdakı absasa baxaq:

“Onların dostluğuna şübhə ilə yanaşanlar da az olmamışdı. Ancaq Fuadı yaxından tanıyanlar onun əxlaqda, məişətdə də bənzərsiz insan olduğunu, evindəki xanımından savayı heç bir qadına heç vaxt məhəl qoymadığını çoxdan bilirdi. Əliaçıq, qəlbiaçıq. Bu adam dost üçün, tanış üçün hər şeyindən keçməyə hazır idi. Dərdi bölüşməyə, ürəyi boşaltmağa da ondan münasib adam çətin tapılardı”.

Bu Əkrəmə yaraşan mətn deyil axı. Yazıçı sovetizm prizmasından yanaşır Fuada.

Səhnədəkilərin layiq olmadığı halda deməyi ki, biz onunla bir yerdə mübarizə aparmışıq. Və yaxud biri öz kitablarının dünyada geniş çapından, hətta onun kimlərin oxumağından danışmağını Əkrəm yazıçı kimi verə bilməyib. Burda ədəbiyyatın qüdrəti yoxdur. Adi giley- güzar və publisistika. Əkrəm vidanın həqiqətini, dəhşətini hər vaxt gördüyümüz və bilmədiyimiz tərəfini deyəydi gərək.

Amma bir əsas məsələ var burda tabutdakı ilə çıxış edənlərin ziddiyyəti. Bu, həmişə belə olub. Öldürüb üstündə çıxış ediblər. Bəs yazıçı gözü, zehniyyəti hanı? Bildiyimiz şeylərə Əkrəm Əylisli heç nə əlavə etməyib.

İlham Əziz

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin yeni hekayəsi

Əkrəm Əylislinin son hekayəsi məni pəjmürdə etdi. O Əkrəm ki hekayələrində publisistikadan uzaq idi, hər abzasına ürəyinin qanını səpirdi, o Əkrəm daha yoxdur. Yerində gündəm yazan, öz kədərini, nisgilini qoyub hirsini mətnə tökən, bulanıq bir adam peyda olub. İnanıram ki, bunu hekayə deyib yazmayıb. Və ona da inanıram ki, Əkrəm gözəl şeylər yazır və yazacaq. Hekayə barədə bədii mətn müstəvisində danışmağa lüzum görmürəm. İstər janr, istər konstruksiya, istərsə də bədii baxımdan hekayə nə orijinaldır, nə də estetik. Bu bahar günündə böyük yazıçımıza can sağlığı diləkləriylə…

# 11585 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #