Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."

Stiven Kinq: “Dəhşət” ədəbiyyatı çağdaş dövrün insanına daha yaxın ədəbi janrdır..."
21 sentyabr 2026
# 14:00

Bu gün qorxu janrlı romanları ilə məşhur olan ABŞ yazıçısı Stiven Kinqin doğum günüdür.

Kulis.az İlahə Məcidovanın "Stiven Kinqin yaradıcılığında insan və "dəhşətli" dünya konsepsiyası" yazısını təqdim edir.

Məlum olduğu kimi, XX əsr Amerika ədəbiyyatı dünya ədəbiyyatının təşəkkülü prosesində dominant xarakter kəsb edən bir zaman kəsimidir. Amerikanın II Dünya müharibəsindəki qalibiyyəti onu dünyanın iqtisadi və siyasi hegemonuna çevirməklə yanaşı, həm də mədəni mərkəzi etmişdir. Amerikanın nəhəng və güclü dövlətə çevrilməsi prosesində mədəniyyət və ədəbiyyatın rolu da, şübhəsiz ki, danılmazdır.

Yalnız lokal fenomen xarakteri kəsb etməyən Amerika ədəbiyyatı dünya ədəbi fikir tarixinə əsaslı sürətdə təsir göstərmiş və dünyanı dəyişmək fövqündə olan altı illik müharibənin iştirakçısı olmaqla yanaşı, həm də bu tarixi prosesin bədii təcəssüməsi kimi çıxış etmişdir. İctimai-siyasi proseslərin nüvəsini təşkil edən ABŞ-da ədəbiyyatın statik mahiyyət kəsb etməsi dövrün həyat ritminin dəyişməsi perspektivi baxımından mümkünsüz hesab edilirdi.

Daima ictimai-siyasi proseslərin mərkəzində olan Amerika ədəbiyyatına dövrün aktual məsələləri təsir göstərir və bədii yaradıcılığın dinamikası da bu proseslərə uyğun formada dəyişirdi. Bu baxımdan, XX əsrin ikinci yarısından, daha dəqiq II Dünya müharibəsindən sonra yaranan yeni ədəbi nümunələr tematik və estetik keyfiyyətlərinə görə seçilir. Yeni düşüncə konseptlərinə yol açan, ictimai şüurda əsaslı entropiyaya səbəb olan müharibə maddi və mənəvi deqradasiyaya səbəb olmaqla yanaşı, bəşəriyyəti bundan sonra baş verə biləcək ciddi və qlobal təhlükələrlə qarşı-qarşıya qoydu. Retrospektiv baxımdan dəyərləndirsək deyə bilərik ki, müharibə Amerika ədəbiyyatında təkcə mövzu baxımından dəyişiklik etmədi, eyni zamanda yazıçıları dövrün ədəbi kodeksindən bir qədər uzaqlaşdıraraq gələcəklə bağlı yeni mülahizələr deməyə sövq etdi. Məhz bu səbəbdən, Amerikanın sosial gerçəkliyindən qaynaqlanan ədəbi inkişaf tempi yalnız situativ xarakter daşımadığından mövzu və məzmun baxımından olduqca zəngin idi.

XX əsrin II yarısından ABŞ ədəbiyyatında yeni təmayüllər inkişaf etməyə başladığından XX-XXI əsrin astanasında yaşayan R.Bredberi və S.Kinq kimi yazıçılar mövcud tendensiyaları, dünyada gedən prosesləri nəzərə alaraq həm XX əsrin bədbinliyindən və problemlərindən çıxış edərək insanın dünyadakı yerini müəyyənləşdirməyə çalışır, həm də elmi-fantastika, fentezi janrlarından istifadə edərək dünyanın gələcək modeli haqqında proqnozlar verməyə çalışırdılar. Ədəbiyyatşünaslıqda artıq formalaşmış janr olan fantastikanın ən yeni dövr ədəbiyyatında müəllifin dünyagörüş mövqeyinin, dəyərlər sisteminin təsdiqlənməsi, təxəyyül imkanlarından son dərəcə istifadə edərək “problemlərin ümumiləşdirilməsi” mərhələsindən daha çox fəlsəfi estetika, sosial proqnoz, siyasi satira və utopiya janrına keçməsi ümumilikdə ədəbi yaradıcılığın zəngin ideoloji tərkibinin olması barədə fikir söyləməyə imkan verir.

ABŞ ədəbiyyatında fantastika janrının usta yazarlarından hesab olunan Stiven Kinq həmçinin “qorxu” janrında yazdığı əsərlərlə dünya şöhrəti qazanmışdır. Ədəbi bədii fikirdə “dəhşətlər kralı” adlandırılan müəllif sosial yönümlü yazıçı olduğundan yazdığı bədii nümunələrdə insan və dünya (və ya cəmiyyət) problemini fərqli rakursdan işıqlandırmağa çalışır. Hekayələrinin demək olar ki, bir çoxunda fantaziya və reallıq arasında ciddi uçurumlar yaradan müəllif bu janrın spesifik elementlərindən ustalıqla istifadə etdiyini sübuta yetirir.

Təxəyyüllə gerçəklik arasında əcaib məxluqların iştirakı ilə qələmə alınmış yarıgerçək, mistik situasiyalar yazıçının manevr imkanlarını genişləndirir, əhatəli insan mənzərələri yaratmağına şərait yaradır. Stiven Kinq həmçinin özünün dərin psixologizmi ilə seçilir. Müəllifin hekayələrinin bir çoxu fantastik üslubda yazılsa da, sıravi amerikalıların məişətinin və həyatının detallaşdırılması baxımından gündəlik həyata son dərəcə yaxınlığı ilə seçilir. Ümumilikdə, S.Kinqin yaradıcılığına nəzər saldıqda məlum olur ki, əslində yazıçının ədəbi kredosu həm “dəhşət janrı” çərçivəsindən, həm də fantastika çərçivəsindən çıxır.

Bu baxımdan, bir çox tədqiqatçıların fikrincə, “əgər Stiven Kinqin fantastika müəllifi kimi şöhrəti onun kitablarının keyfiyyətinin daima artmasına görə müəyyən olunubsa, yenə də onun əsas işləri ya ümumiyyətlə fantastik janra aid deyil, ya da dolayısıyla aiddir”. Elmi fantastika janrının usta yazıçılarından sayılan R.Bredberinin fikrincə, S.Kinq “insanların toxunmağa çəkindiyi simə toxunduğundan” yazıçının yaradıcılığı elmi və fəlsəfi fantastikanın sosial-tənqidi istiqamətindəki ənənəsinə əsaslanır. [2]S.Kinq öz yaradıcılıq üslubu haqqında bunları deyib: “Mən həm sürreal və fantastik janrdan istifadə etmirəm, həm də insanların və cəmiyyətin, onların yaratdıqları institutların əsaslarına tədqiq edərək sürreal və fantastikadan istifadə edirəm”. Yazıçının sosial yönümlüyünü təhlil edən Toni Maqistreyl bu fikri irəli sürmüşdür: “S.Kinq üsulunun həqiqi dəhşətləri mahiyyətinə görə sosial-siyasi xarakterə malikdir. Onun əsərləri – Amerika sosial institutlarında müasir gərginliyə əsaslanan “sənədlərdir”. Onun yaradıcılığında yer almış sürrealistik və fantastik hadisələr böyük mədəni böhranın simvolik göstəriciləridir”. [5, s. 40]

Yazıçı oxucuya ideallarla reallıq arasındakı uyğunsuzluğun nəticəsi olaraq insanın öz təbiəti ilə sağlam düşüncə və əxlaq nəzarətindən çıxmış kəskinləşən münaqişəsini göstərməyə çalışır. Yazdığı ədəbi nümunələrin əksəriyyətində yazıçı gündəlik həyatda “dəhşətli” hesab etdiyi hadisələri təsvir edir. Bunlar ilk növbədə, texnoloji təhlükələrlə əlaqəli olsa da, ailədaxili gərginlik, bir-birinə zidd valideynlər, spirtli içki və narkotik istifadəsinin tərəfdarı olan “azad” cəmiyyətdə bu kimi zərərlərə aludəçiliyin destruktiv gücü, ümumilikdə sosial institutların dəyişən dəyərlər və ehtiyaclar dünyasında öz təsirini saxlamaq potensialının olmaması kimi neqativ hallar da dünyanın “dəhşətli” təsvir olunmasının labüd göstəriciləridir.

S.Kinqin yaradıcılığının hətta ən səthi icmalında da aydın görünür ki, yazıçının həm fantastik, həm realist əsərləri ailə (“Parıltı”, “Kujo”, “Qarğıdalı uşaqları”), məktəb (“Qəzəb”, “Kerri”, “Kristin”), siyasi hakimiyyət (“Qaçan adam”, “Ölü zona”, “Duman”), dini fanatizm (“Qarğıdalı uşaqlar”, “Talisman”, “Kerri”) kimi Amerika cəmiyyətinin sosial problemlərinə, həmçinin müasir qərb cəmiyyətində mövcud olan texnika və rasional biliklərin (“Heyvan qəbirstanlığı”, “Dayanacaq”) neqativ təsirlərinə qarşı yönəlib.

Yazıçının bədii dünyasında əks etdirdiyi qəddarlığı yaradan səbəblər valideyn etinadsızlığı, təhsil sistemindəki laqeydlik, siyasi hakimiyyətdəki tamahkarlıq və dinə ifrat bağlılıqla əlaqədardır. Yazıçının tədqiqatçılarının fikrincə, S.Kinq istənilən növ patologiyanın və qəddarlığın təsvirinə meyllidir və o yaratdığı qəhrəman – antiqəhrəman ziddiyyəti ilə “nəhəng və dəhşətli” dünyadakı sərt reallığa qarşı çıxır, obrazlarının potensialını “şişirdərək” gələcək dünyada “insan” konsepsiyasının dəyişəcəyi barədə proqnozlar verir. Müasir dövrün mülahizələrindən və araşdırmalarından belə nəticə çıxır ki, çağdaş dünyada yaşayan insanın dağıdıcı və aqressiv olmağına səbəb əslində sosiallaşmadır. Sosiallaşan insan dünyadakı ziddiyyətləri daha aydın görür, dünyanı dəyişə bilməyəcəyini ya qəbul, ya inkar edir (bu səbəbdən də qəddarlaşır) və həmçinin artıq özü və başqaları arasındakı fərqi müəyyənləşdirərək cəmiyyətə uyğunlaşmaq üçün şüurlu və ya qeyri-şüurlu formada “özündə” dəyişikliklər etməyə məcbur olur.

S.Kinq bunu ən mükəmməl formada “Dayanacaq” (“The Stand”) əsərində təsvir edir: “Mənə kişi və ya qadını göstərin, mən sizə müqəddəsini göstərim. İkisini mənə verin və onlar bir-birini sevəcəklər. Üçünü mənə verin və onlar bizim “cəmiyyət” adlandırdığımız möhtəşəm fenomeni icad edəcəklər. Dördünü mənə verin, onlar piramida yaradacaqlar. Beşini mənə verin, onlar bir-birini incidəcəklər. Altısını mənə verin və onlar xürafatı kəşf edəcəklər. Yeddisini mənə verin, yeddi il ərzində onlar müharibəni kəşf edəcəklər. Ola bilər ki, insan Allaha oxşadaraq yaradılıb, amma insan cəmiyyəti onun antipodlarına bənzər yaradılıb və o həmişə geri çəkilməyə cəhd edir”. [4, s. 253]İnsan sivilizasiyasının tərəqqisinə bu cür münasibət yazıçının demək olar ki, bütün əsərlərində mövcuddur. Bu kimi fəlakətlərin səbəbini “narsist cəmiyyət” modelində görən S.Kinq belə cəmiyyətdə yaşamaq üçün sosial həyata xas olan mübahisələrdən qaçmaq və sosial mühitdəki tələlərdən özünü qorumağı tövsiyə edir.

Amerika tədqiqatçısı Aleksandra Xebergerin fikrincə, bu vəziyyət sosial institutların bacarıqsızlığının ifadəsidir: “qənaətbəxş sosial təcrübəninin təminatı nəticəsində şəxsi sağ qalmanın – tək və real məqsəd olmasına inam yarandı, bunun nəticəsində də “özünü qorunmaq ( və ya sağ qalmaq)” anlayışı müasir mədəniyyətin üstünlük təşkil edən əsas ideologiyası oldu.” [3, s. 41]

S.Kinqin ideoloji-estetik baxışlarını təhlil edərkən məlum olur ki, xarici amillərdən başqa, müəllif insanın fərdi nöqsanlarını da tənqid edir: eqoistlik, əxlaq zəifliyi, hakimiyyətdən asılılıq yazıçının fikrincə, insanın ləyaqətini və mərhəmət hislərini (“Lazımlı əşyalar”, “Yaşıl mil”, “Tomminokers”) məhv edir. Belə ki, S.Kinqə görə, insanlardakı qəzəbin və aqressiyanın səbəbi yalnız sosiallaşma prosesi deyil, həmçinin insanın özünün əxlaq və iradə baxımdan zəifliyində, onun qəzəblə kompromisə getməyə hazır olmasındadır.

Bütün bunlar yazıçının qəhrəmanlarının həyatında “mizantropiya güclərinin gülünc və qəzəbli ifadələrinin” [5, s. 40] qeyri-təbii və ya tamamilə izah olunan şəkildə, lakin dəhşətli formada təsvir olunmasına səbəb olur: müştəri üçün, arzusunun reallaşması üçün istənilən alçaqlığı etməyə hazır olan satıcı obrazı (“Lazımlı əşyalar”), kiçik bir Şimali Amerika şəhərində sakinlərin enerjilərinə qənim kəsilən yadplanetli (“Tomminokers”), fağır insanı qorxunc cinayət törətməyə məcbur etmiş qəzəb hissi (“Yaşıl Mil”), baş qəhrəmanın zərərli həvəsi və təcavüzkarlığının nəticəsinin mistik təsviri (“Parıltı”) yazıçının ədəbi irsində rast gəlinən “dəhşətlərin” bir qismidir. Fin tədqiqatçısı Heydi Strenqelin təsdiq etdiyi kimi, “S.Kinqin bədii dünyasında “azad iradə və məsuliyyət yaxşılıq və pislik konsepsiyasından ayrı ola bilməz. Gərgin vəziyyətə düşmüş S.Kinq xarakterləri seçim etməlidirlər: pisliklə ya sadəcə təhlükəli qüvvə olduğu üçün mübarizə aparmalı, ya da ona güzəştə getməlidirlər”. [6, s. 136]

Buna müvafiq olaraq, qəhrəmanlar onları əhatə edən “dəhşətli” dünyaya baxmayaraq yalnız öz hərəkətlərinə görə deyil, həm də ətrafdakıların hərəkətlərinə görə məsuliyyət daşıyırlar. Tədqiqatçı hesab edir ki, “S.Kinq moralistdir, o, həm qəhrəmanlarından, həm də oxucularından xahiş edir ki, pisliyin mövcudluğunun sadəcə onun mövcud olub-olmaması ilə yox, həmçinin qələbəsi ilə müəyyən edildiyini başa düşsünlər.”

Məhz bu səbəbdən, yazıçı “dəhşət” ədəbiyyatının çağdaş dövrün insanına daha yaxın ədəbi janr olduğunu vurğulayır. Onun fikrincə, cavanlığa, gözəlliyə və sağlamlığa bu qədər önəm verildiyi müasir dünyada insan ölüm faktoru ilə hər an üzləşə biləcəyini dərk etdiyindən “dəhşət” janrı onu özünə cəzb edir.

Bu baxımdan, S.Kinq müasir cəmiyyəti narahat edən ölüm qorxusuna aid fobiyaların dərindən terapevtik formada öyrənilməsinin labüdlüyünü qeyd edir. Məşhur fransız kulturoloqu Filipp Aryes də təxminən S.Kinqlə eyni fikri demişdir: “Qərbin müasir insanı daima ölüm qorxusu ilə yaşayır, onun gündəlik həyatı bütünlüklə mümkün qədər daha az düşünmək və xüsusilə də, hər an dəhşətli taleyini nəzərə almaq şəklində qurulub. Ölüm ümumiyyətlə həyatdan istisna edilib, o xoşa gəlməyən və nüfuzsuz bir anlayışdır. Sağlamlıq və daimi cavanlığa ümumi istiqamət xüsusi eskapizmin mücəssiməsidir. Amma əgər ölüm həyatdan ayrılmazdırsa, əgər bir çox əxlaqi oriyentirlər və prinsiplər ölüm fenomenini nəzərə almadan keçə bilmirlərsə, onda onun inkar edilməsi müasir insanların düşüncəsində və psixikasında ciddi pozulmalara gətirib çıxara bilər”. [1, s. 483]1983-cü ildə yazdığı “Heyvan qəbristanlığı” romanında S.Kinq ölümü artıq çoxdan gündəlik həyatdan sıxışdırıb çıxaran, müasir sivilizasiyanın tipik nümayəndələri olan obrazların üzərinə özünəməxsus eksperiment qoyur. Belə ki, sehirli ayinlərlə öz qurbanlarını basdıran kannibal tayfasının yaşadığı köhnə hind qəbirstanlığında qəzəbli hind ruhları gənc həkim − Lui Kridin (S.Kinq bilərəkdən materialist və rasionalist bir peşəyə sahib obraz yaratmışdır) qızının ölən sevimli pişiyini həyata qaytara bilər. Beləliklə, ölüm problemi asanlıqla həll olur və bu baxımdan insan Allaha bənzədilir. Dirilmiş pişiyin ardınca, Lui faciəvi şəkildə ölən oğlunu da həyata qaytarmaq qərarına gəlir. Lakin bunu gerçəkləşdirə bilməyən Lui çətin də olsa anlayır ki, əslində ölüm təkcə orqanizmin fizioloji vəziyyəti deyil.

Ölümsüz həyat mümkün deyil, ölüm çürümək və yox olmaqdan başqa yeni başlanğıcın da göstəricisidir. Müəllifin fikrincə desək, ölüm faktoru insanlara müəyyən sınaqlar üçün verilib, ölümü inkar edərək insan sadəcə zombiləşə bilər. Ekzistensial təklik, ətraf aləmin düşmənçilik qorxusu, həm fizioloji, həm də psixoloji, həm fərdi, həm də epidemik xarakterli qarşısı alınmayan xəstəlik, apokalipsis qorxusu və s. “dəhşətlər janrının” sosial-kulturoloji mahiyyətinin anlaşılması üşün əsas olan digər anlayışlardır.

Ümumiyyətlə, bütün bu fobiyaları insanın müasir qərb istehlak cəmiyyətində sağlamlıq vəziyyətinə nəzarət edilə bilinməməsi qorxusu kimi xarakterizə etmək olar. “Dəhşətlər janrı” yalnız siyasi xarakterli problemlər deyil, həm də müasir cəmiyyətdə insanların klonlaşdırılması, həyatlarının uzadılması və sonda insanların əbədiləşdirilməsinin mümkünlüyü kimi ciddi məsələlərin də nəzərdən keçirildiyi antiutopiya ənənəsinə əsaslanır.

Dəhşətlər janrının əsas məqsədi ənənəvi normanı pozan insanların başlarına hansı dəhşətlərin gəlməsini göstərərək normanı möhkəmlətməkdən ibarətdir. Öz “dəhşətlər ədəbiyyatını” böyüklər üçün nağıl adlandıran S.Kinq rəvayət manerasından istifadə edərək yazdığı əsərlərlə, yaratdığı “yeni və dəhşətli dünya modeli” ilə ictimaiyyətin şüuruna aktiv təsiri etdiyindən müasirlərindən fərqlənir. Mistika, fantastika, dəhşət və müəmma kimi anlayışların yaradıcılığındakı fərqli yozumu S.Kinqin özünəməxsus yaradıcılıq fəhminin aspektlərini müəyyənləşdirir.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

"Bəşər Tanrısız yaşamağa qadirdirmi?" - Gülnar Əhməd

16:45 17 sentyabr 2026
"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

"Hiss olunur ki, müəllif özünə sərbəstlik vermir" - Hekayə müzakirəsi

12:00 16 sentyabr 2026
Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

Oğuzların Alen Delonuyla dərdləşmək... - Kamal Abdulla Dədə Qorqudun sirr ortağıdır?

14:15 14 sentyabr 2026
Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

Film, kino, görüntü, yaddaş, uşaqlıq... - Kasıblıq oğurluğa bəraət qazandıra bilərmi?

14:47 11 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər