Nəsrimizin "sehrli realizm"ə uğurlu bir cəhdi - Hekayə müzakirəsi

Nəsrimizin "sehrli realizm"ə uğurlu bir cəhdi - Hekayə müzakirəsi
14 dekabr 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Həsəninin “İnziva” hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.


İlham Əziz

Beşmərtəbəli binanın birinci mərtəbəsi - İlham Əzizdən yeni hekayə

Bu hekayənin adı, mənə elə gəlir, “Hallusinasiya” olmalıdır. Mətn inzivaya çəkiləndən çox sayıqlayan adamın təhkiyəsində oxuyuruq. Ümumən, Orxan nəsrdə yeni yol açmaq, yeni çağırışlar etməyə çalışır. “Qırmızı ayaqqabılar” hekayəsində də, bu hekayədə də belə çağırışlar hiss olunur. Mətn ağır mətndir. Həddən ziyadə bənzətmə, epitetlər var. Məni “filan şey kimi” ilə başlayan bənzətmələr yorur. Hekayədə 28 dəfə “kimi” sözü işlənib. Məsələn,

“Dad məni elə bir ehtirasla canına çəkmişdi ki, sinəmdən başlayıb bütün ruhumu bürüyən enerjinin altında maşın altda qalan kimi qalıb xıncım-xıncım olurdum. Birdən güc yığmış, nazik, suxarı kimi dözümsüz sümüklərimin ətrafını əzələlər bürümüşdü, üzüm kökəlib heyva kimi eybəcər şişmişdi”.

Bədii əsər estetik məsələdir. Orxan bu estetikda yazmağa başlayıb. Elə bilirəm bunlar ilklərdir, daha yaxşılarını yazacaq. Sujet xətti olmayan, tamamilə əhvala köklənən hekayə nümunələri çoxdu. Bu hekayə də o qəbildəndir. Bu hekayəyə redaktə suyu çəkilsə, üzü unnansa daha gözəl olardı. Orxana böyük ümid bəsləyirəm, uğur diləyirəm.

Aqşin Yenisey

Aqşin Yenisey: "Din tanrı qədər şeytana da borcludur” – Söhbət

Hallüsinasiyalardan ən yaxşı mətn çıxaran yazıçılardan biri Milorad Paviçdir. Paviç daha çox tarixi olayları hallüsinasiyalar şəklində təsvir edir. Buna "sehrli realizm" deyirik. Bizim nəsrdə fantastika ilə gerçəkliyin sintezindən yaradılan "sehrli realizm" üslubunda az əsər var. Ona görə Orxanın bu hekayəsi ola bilsin oxucular üçün anlaşılmaz görünəcək. Ancaq mən bu hekayəni nəsrimizin "sehrli realizm"ə uğurlu bir cəhdi kimi dəyərləndirərdim.

Orxan Cuvarlı

Səndən bircə nişanə də yox idi – Orxan Cuvarlı yazır...

Orxanın "İnziva" hekayəsi çoxqatlı, Orxana xas texnikayla yazılmış, ustaca qurulmuş mətn kimi yadımda qaldı. Orxan heybəsində çoxlu sözü, iti müşahidəsi olan nasirdir. Mətni oxuduqca bunu düşünürdüm. O, müşahidələrini mətnə çevirməyi əla bacarır. Bəzi mətnlərdə müəllifin söz kasadlığı göz deşir.

Orxanın hekayələri, esseləri bu baxımdan zəngindir. "İnziva"da ata evində hər kəsdən uzaqlaşan bir obrazın psixi vəziyyətindən, əşya və duyğuların təzyiqi altında qalmasından bəhs edilir. Bu hekayədə Orxanın epitet oyunları daha qabarıq idi. Mən bu epitetləri basdırılmış minalara bənzədərdim. Mətn boyunca oxucu bu "minalanmış ərazi"də ehtiyatla addımlayır, arabir nəfəs dərir. Əvvəlki hekayələrindəki axtarışlardan fərqli olaraq bu hekayədə müəllif xeyli təmkinli, arxayın görünür. Elə bu təmkinə, arxayınlığa görədir ki, əşyalarla təmasdan əziyyət çəkən baş qəhrəmanın bir-birini izləyən həftələri, yaddaş oyunları və metaforalarla zəngin bir mətn özünü sonadək, eyni maraqla oxudur. Orxan Həsəniyə çox inanıram. Əminəm ki, onun istedadı və zəhmətkeşliyi müasir ədəbiyyatımıza parlaq nümunələr bəxş edəcək. Təbriklər və uğurlar!

Rəvan Cavid

Rəvan Cavid: “Ermənistanda kitab sistemini qurublar, bizdə isə…” – Müsahibə

Orxanın "İnziva"sını təxminən 3-4 ay qabaq oxumuşam. Budəfəki mütaliəm Kortasarın "Sonrakıların yuxusu" hekayələr kitabı ilə eyni vaxta düşdü. Orxanın bu hekayədə nə etmək və nə demək istədiyi mənə daha aydın göründü. Mətndə mövhumların və şeylərin mahiyyətini sökmək, ölçülərini müəllifin "məni" qədər etmək, təhkiyənin də konturlarını buna uyğun müəyyənlişdirmək çətindir. Mən deyərdim, sırf bu tekniki eksperimentallıq cəhətdən nəsrimizdə belə hekayələrin sayı heç bir əlin barmaq sayını keçmir.

Hekayə qəsdən və ya qeyri-iradi hadisələrin mərkəzinə fərdin mahiyyətini, xarakterini qoyur və nə varsa onun ətrafında fırlanır. Nəsrin modernizm dayanacağında buna şüur axını da deyirdilər. İndi isə bu altereqonun yazdığı şüur ətalətliyidir. Şüurun və eyni zamanda, mətnin idarə olunması, sona qədər onun sərhədlərində patrul çəkmək çətindən çətindir. Orxan Həsəninin bu hekayəsi yuxarıda göstərdiyim göstəricələr müstəvisində yeni nəsrimizdə yazılan ilk nümunədir. Və ümid edirəm bu başlanğıcın davamı gələcək.

Əli Zərbəli

Solğun pərdələr və parlaq qalstuklar - Əli Zərbəli

Xatırlamaq, xatırlananların insanda yaratdığı kəmşirin fanilik hissi, insana öz yaddaşından yoluxan iztirablı nostalgiya mənə həmişə yazı mövzusu olaraq çox maraqlı olub. Bu mövzu haqqında yaxşı, inandırıcı yazmaq olduca çətindir. Yaddaş mövzusunun müharibə və sevgi temaları kimi ədəbiyyatda kifayət qədər işlənildiyini (Prust, Pamuk, Barns və s.) nəzərə alsaq, bu mövzu haqqında yazmaq ilk növbədə cəsarət tələb edir. Mahir dalğıc kimi yaddaşın yosunlu dərinliklərinə enib orada təsadüfi, təhrifolunmuş xatirələrə tamaşa etmək, o ağrıları bir də yenidən yaşamaq və ən əsası onları detallı şəkildə yazıya köçürmək asan iş deyil və düşünürəm ki, bu səbəbdən belə mətnlər ağır oxunur, “mainstream” olmur, daha çox “intellektual mətn” kimi xarakterizə olunur.

Bu mövzuya girişdiyinə görə, “Xatırlamaq səyahətdir” deyə gözəl bir cümlə ilə bu səyahətə çıxdığına görə əvvəlcə Orxanı təbrik edirəm.
“İnziva” mətn olaraq mənə hekayədən daha çox hansısa romana giriş yaxud romandan fraqment təsiri bağışladı. Niyə görə belə düşündüyümü izah edim:

Ənənəvi hekayə strukturu ən sadə formada belədir: giriş, hadisə, kuliminasiya, konflikt və həll. Bu mətndə isə sadalananlardan ikisi ya üçü var. Məhz buna görə, bu mətn bitkin hekayədən daha çox hansısa böyük bir mətnin fraqmentinə bənzəyir.

Orxanın yazılarına və onun ədəbiyyat duyumuna azdan-çoxdan bələd olan biri olaraq əminəm ki, Orxan özü də bu dediklərimin fərqindədir.
Əlavə olaraq qeyd etmək lazımdır ki, əgər hekayə strukturu pozulubsa bu qətiyyən həmin mətnin yaxşı olmadığı demək deyil! Mətnin, ədəbiyyatın min gözəlliyindən biri də onun formasının elastikliyində, ipə sapa yatmamasındadır. Orxanın hekayələri bir-birindən forma və üslubca fərqlənir, o bəzən qarşımızda absurd elementlərdən hörülmüş minimal mətnlərlə, bəzən də elə “İnziva” hekayəsi kimi metaforalarla zəngin, abstrakt, ağır tonajlı mövzularla peyda olur.

Bu mətnin qeyd olunmalı keyfiyyətlərindən biri də Orxanın burada səxavətli şəkildə işlətdiyi metaforlar, epitetlərdir. Orxan bunu yaxşı bacarır və beləcə mətnlərini zənginləşdirir.

Məsələn, çox sevdiyim və yaddaqalan situasiyalardan biri hekayədə bir epizodda narratorun bir-birindən nazik xətlə ayrılan səma və zəmi çəkilmiş rəsmi, tərsinə çevirərək səmanı dənizə, zəmini günəş şəfəqinə çevirməsi idi. Orxan burada vizuallığın aldadıcılığına, mənaların kövrəkliyinə və bu kövrəklikdə uyuyan müxtəlifliklərə, imkanlara ustaca bir işarə vurur.

Digər bir epizodda isə qəhrəman otaqdakı əşyaların yerini dəyişir, onlara nələrsə əlavə edir və s. Orxan bu oyunlarla hekayədə əşyaları və yaddaşı, xatirələrı bir-birinə dolayır, iç-içə keçirib bütünləşdirir və gizlincə soruşur: Otaqda yaranan dəyişikliklər xatirələri də təhrif edir yoxsa qəhrəmana bu otaqdakı dəyişiklikləri etdirən elə çoxdan təhrif olunan xatirələdir?

Qeyd olunası çox şeylər var hekayədə. Əlqərəz, zəngin mətndir. Orxanın əvvəl oxuduğum yazılarından az-maz fərqlidir. Orxan axtarışdadır. Bu axtarışın, püxtələşməyə gedən yolun da özünəməxsus gözəlliyi, şirinliyi var. Orxanın bu axtarışda tezliklə mütləq “Evrika” deyəcəyinə çox əminəm. Onun mətnlərini səbirsizliklə gözləyirəm.

Murad Muradov

Qırın şüşələri kəpənək qurtulsun” - Murad Muradov

Orxanın bu hekayəsi mənə yeni sezonunu gözlədiyim serialın trailerini xatırlatdı. Gözümdə belə bir səhnə canlandı. Tənha, qaranlıq bir küçədə, yağışın altında üzü görünməyən bir adam durub. Qorxunc musiqinin fonunda, kədərli səslə kimsə bu hekayəni səsləndirir. Ara-sıra da ağ-qara keçidlərlə tamaşaçını həyəcanda saxlamaq üçün rejissor zamanda get-gəllər edir. Hekayə şeir kimi axıcıdı, cümlələr sanki qafiyələnib, muncuq kimi sapa düzülüb. Orxana uğurlar arzu edirəm.

# 1579 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #