Gözəl maneken kimidir, canı, ruhu yoxdur - Hekayə müzakirəsi

Gözəl maneken kimidir, canı, ruhu yoxdur - Hekayə müzakirəsi
27 iyul 2022
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Xəyyam Rəfilinin “Üç dövrə” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.


Cavanşir Yusifli

Bitməyən müharibə hekayə(t)ləri - Cavanşir Yusifli yazır » Manera.Az

Xəyyamın hekayələrinə yapışan, oradan özünü getdikcə daha qabarıq formada göstərən cəhət belə demək olarsa, duyğusal qatdır, bu duyğu, bu hissetdirmə özünü məhz ruhi-emosional qatda göstərmək ritmi bədii mətnin həm formasının "leksikonunu" bəlləyir, həm də onun bütün aspektlərinə işıq tutur, ilk baxışdan bu təhkiyə sona doğru kövrək bir işartının böyüyəcəyi inamını bildirsə də, həmin üslubi qatın, əslində, başqa bir məntiqə xidmət etdiyinin şahidi olursan, mətləb, deyilən və deyiləcək sözlər elə bir kompozisiya daxilində ifadə olunur ki, o emosional halətin ən fərqli və paralel modellərə döndüyünü görürsən.

"Üç dövrə" hekayəsindəki paralel situasiyalar onun digər hekayələrinin də formal cəhətlərdir. Bu paralel dairədə bizə deyilən, bizdən gizlədilən və bizim tapmalı olduğumuz məqamlar var. Digər hekayələrində də bu cəhət yox deyil, hətta bəzən ifrat həddədir, ona görə Xəyyam bu mətnlərin üzərində daha çox işləməlidir. Bu hekayədə boşluq olmasa da, təhkiyə, üslubi kod dərinlərə işləmir. Xəyyamın potensialına inanıram.

Hekayədə on yaşlı uşağın duyumu ilə kadr arxasındakı adamın, bəlkə də, müəllifin nəzər nöqtəsi haradasa qovuşur, amma lap dərinlərdə çarpazlaşır, uşağın "qəfil" gördüyü əlamətlər (mollanın geyimi, davranışı, birinci otaqla müqayisədə ikinci otağın genişliyi, pəncərələrin olması, ucqar şəhər xəstəxanası, həkimin başında mollanın fəsinə bənzər papağı, xalatı, davranışı, tövsiyələrdəki dövrələr...) daha sonra onlar – həmin cəhətlər həm paralelləşir, həm də kəsişir. Bilalın eyni hərəkəti onlara oxşasa da, niyyəti və daha bilinməzliyə bağlı olmasıyla seçilir. Hər şey anidən duyulmalıdır, həqiqət... o bütün qəlbinə duyduğun bir neçə sözdədir. Bu gözəl mətləb, poetik konstruksiya zənnimizcə, daha da mükəmməlləşməlidir.


İlham Əziz

XƏSİL ADAM (İlham Əziz) – PROZA.az

Xəyyamın “üç dövrə” hekayəsi mövzu, dil və üslub baxımından özünəməxsus, heç kimi yamsılamayan, alt qatı olan mətndir. Mətndəki dövrələr su burulğanı kimi adamı mövzuya çəkib, içində batırır. Hekayənin ilk cümləsi sadəliyin gözəlliyidir. Xəyyam hekayə boyu ağır, ləngər vuran təbiətini pozmur. Mətndə keçidlər zərgər dəqiqliyi ilə işlənib. Uşağın dilindən deyilən həqiqətlər daha səmimi görünür. Xəyyam soyuq, qısa cümlələrlə əhval yarada bilib. Hekayədə Bilal əminin xarakteri ustalıqla sirr pərdəsinə bükülür və getdikcə asta-asta açılır. Toplumun qəbul etmədiyi və ya toplumu qəbul etməyən adamların faciəsi, yad görünən, amma yeri gələndə hamıdan tez yardıma gələn insan tipini hekayədə tanıyıb sevirik. Bu mətn də Xəyyamın o biri mətnlərinin məntiqi davamıdır. Müəllifə yeni uğurlar arzu edirəm.


Orxan Həsəni

Elxan Elatlını qucaqlayıb ağlamaq istədim - Orxan Həsəni yazır...

Xəyyam Rəfilinin hekayəsi gözəl maneken kimidir. Bu gözəllikdə valehedici işıq, görüntü varsa da, can, ruh yoxdur. Ona aşiq olarsan, lakin bu eşqi yaşamaq mümkün deyil Hekayənin havası müəllifin nəsri üçün ənənəvidir. Mətn bizi tanış atmosfer ilə salamlayır. Lakin süjet təəssüfləndirir. Bilal əminin obrazın başına dönüb onun xəstəliyini alması süjetdə asana qaçmaqdır, gözəl gələn təhkiyəni mistikaya uduzmaqdır. İnam və gerçəklik həyatda bir-biri ilə iç-içə olsa da, onların hərəsi bir aləmin komponentləridir və onların hərəsinin öz qayda-qanunları var, inam gerçəkliyin, gerçəklik inamın qaydalarına çox zaman uyğunlaşmır. Bilal əminin inamını realist hekayənin sonluğuna çevirərkən, güman edirəm, müəllif bunu nəzərə almayıb. Bəlkə, onun özü də buna inanır. Elə bu məqamda ənənəvi düstur köməyimizə çatır: İnandığını yazmalı, yazdığına inanmamalısan!

Ulucay Akif

Toxuna bilmirəm deyə çürüyür bədənin – Ulucay Akifdən YENİ ŞEİRLƏR

Xəyyam Rəfilinin yeni hekayəsini ("Üç dövrə") oxudum.
Mətnin dili çox rəvandı, adamı heç yormur. Təhkiyəsi də öz yerində. Axıra kimi maraqla oxuyursan.
Amma...
Amması odur ki, mənə görə "nə yazmaq?" sualı "necə yazmaq?" sualından daha vacib olduğu üçün mövzuya, hadisəyə daha çox fikir verirəm.
Bu hekayənin mövzusu isə təəssüf ki, mənə görə köhnə, lap düzünü desəm, maraqsız idi. Müəllifin bu hekayədən əvvəl oxuduğum mətnləri mənə daha maraqlı gəlmişdi. Xüsusən də "Görünməyən kölgələr" hekayəsi.
Ancaq bu hekayənin də ustalıqla yazıldığını etiraf etmək lazımdır.

# 3144 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #