Sizin caddələrdə rüzgar var idi - Kazımdan yeni şeirlər

Sizin caddələrdə rüzgar var idi - Kazımdan yeni şeirlər
17 dekabr 2020
# 12:17

Kulis.az Kazım Kazımoviçin yeni şeirlərini təqdim edir.

Yer üzünün buludu

Həmid Herisçiyə

Əsən yellərdən qorxmuş,
sarılığa yoluxmuş
xəstəhal təbiətin;
bu payız gecəsində
Lev Tolstoy küçəsində
qoca palıda söykəndim...
Azdırdım arxamca düşən
detektiv kölgəmi
Unutdum hamısını,
Knut Hamsunu, talış ləhcəmi...
Bu dəm, qəfildən
sənin ağ saçların
canlandı gözümdə;
Göy üzündə uçan Qartal gözündə;
bənzərsən buluduna yer üzünün ...
"Altında ildırımın imzası olan bulud"
Ey mənə bənzər insan;
Pəncərələrini eynək taxmış
evlərdə,
cahanın kor olduğunu fərz etmisən,
Teyyül-ərz etmisən
bu küçəyə...
Əlində kitab
"Dirilmə"
rus dilində.
Soruşursan: nədəndir bunca xəzan?
- Payızın bədxərcliyi...
Kosmik gözlərində
Dünyalı sual: Sən Kimsən?
- Dövrü "SSSR"də tanışdım səninlə
Zamanla... özümə baxdığım bütün güzgülərdə
görüşdüm səninlə...
"Məni sevənlərin hamısı öldü" demisən
Fəqət ölüm sözü itirər sənin dilində
qədim kədərin...
Ölümdən danışanlar çoxalıb, ölümdən
Onlara qalsa boyunbağıların klonlarını da
intihar etmiş kimi verərlər qələmə...
Deyirlər: Ciddi danışmırsan,
ancaq ciddi susursan...
Mikrofonu sükuta uzadırsan,
kitabı mənə...
Qoca palıdın səması altında
iki şair dayanıb üzbəsürət, göz-gözə
dəlisov Bakı küləyi danışır əvəzimizə...
Uzaqdan qara 24-ün işığı
düşür üzümüzə,
bu yandan da
yağış...
Tər-qan içindəndi balış;
Yuxudan dik atılıram
fani dünyaya heyrətlə açıram gözümü
- Hə.. Həmid Ağa, nədir bu yuxunun yozumu?

Sübh

Sən, ey Qərbdən batıb, Doğudan çıxan,
Tumgözlü çiçəklər hüsnünə baxar,
Toxunsam şəfəqin yandırıb-yaxar,
Gərək ki, dolanım genindən sənin.

Bakıda bir ilıq yanvar var idi,
Sizin caddələrdə rüzgar var idi,
Mən sənə çatanda əğyar var idi,
Kor-peşman buruldum tinindən sənin.

Nurun dəlilidi yurdu-cənnətin,
Nə var çətin sənə baxmaqdan çətin?
İskəndər buyurar: nədir hacətin?
Deyərəm çəkilsin önündən sənin.


Görüş

Qulağıma avazında Bilalın;
Səda gələr: Həyy(i) əla-xeyril əməl!
Üzüm, başım, əl-ayağım suların,
Paklığında hüzur tapar dincələr...

Gözlərimdən yola düşər damcılar,
Bənzərim var yanan şama qiyamda;
Əriyərəm... Ayağıma yanaqdan,
Gözyaşlarım dama-dama qiyamda...

Soruşarsan : Nədir duman?
– Gəzinti;
Göydən yerə qonaq gələr buludlar.
Barmaqlarım nişan alar qibləni,
Bir cüt əlim fikrə gedər qunutda...

Dizlərimə körpü salar əllərim,
Üzüyümün qaşı titrər qəfildən.
İsminin son hərifindən ilkinə;
Həyyə dönər qəddim dönüb Əlifdən...

Tövbələrim sıra-sıra düzülər,
Alın yazım ütülənər səcdədə.
Lənətlənmiş zəncirində vurnuxar,
On barmağım sayar otuzdörd ədəd...

Günəş şərqdən qərbə yola düşəndə,
Qanadların yağış yuyar duamın.
Küləklərin sirrin açar, faş edər;
Ərşə qalxar yerüzünün dumanı...

# 3511 dəfə oxunub

Oxşar xəbərlər

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

"İçimizdə xortdan saxlayırmışıq!..” - Emili Bronte əsərində hansı ağlasığmaz ehtirasları təsvir etmişdi?

15:00 19 dekabr 2025
"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

"Dünya şeytana papış tikən insanlarla dolub-daşır..." - Etimad Başkeçid

14:00 18 dekabr 2025
Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

Təbrizdə nazir, Karaqandada məhbus, Bakıda mürdəşir... - 20 il həbsdə qalan azərbaycanlı şair kim idi?

18:41 15 dekabr 2025
Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva

18:01 15 dekabr 2025
Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

Luvr muzeyinin 400 əməkdaşı tətil elan etdi: İşçilər nədən narazıdır?

14:09 15 dekabr 2025
"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

"Gənc yazıçı bir səhvdən qaçıb başqa birinə düşə bilər..." - Yaxşı hekayəni necə yazmaq olar?

12:00 15 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər