Atamın gələ bilmədiyi günlərdən çıx gəl  - Fəridədən müharibə şeirləri

Atamın gələ bilmədiyi günlərdən çıx gəl  - Fəridədən müharibə şeirləri
23 sentyabr 2020
# 17:29

Kulis.az Fəridənin müharibə mövzusunda yazdığı şeirləri təqdim edir.


“İçimdəki müharibə” silsiləsi

Gülləylə giliz ayrılığıdı bizimki
Yəni böyük ehtimalla, ölüm deməkdi.

***
Unutmağa çalışdığımı necə başa salım sənə?!
bax kənddə – babamgildə
həyatla ölüm arasında bircə mərtəbə fərq var –
evin ikinci mərtəbəsi...
erməni snayperindən yayınmaq üçün
pilləkənləri qaça-qaça qalxırlar
orda yaşamırlar – gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
xatirələrdən yayınım deyə...

***
Dünyanın o biri ucuna sülhü qorumaqçün gedən əsgər,
xəritənin mən olan ucunu cırıb ataydın barı.
Uzaqlığı ölçə bilməyəndə az darıxır insan...
Yollarla dərdləşirik... deyir ki,
baş götürüb gedənlər qayıdır, amma
ürək götürüb gedənlərdən heç soraq yoxdu...
Ehtiyatla, əsəblə, qorxuyla toxunduğun
avtomat darağın olmaq varkən
mən burda bir pəncərəyə söykənib darıxıram.
elə üşüdür sənsizlik hərdən,
köçüb getmək istəyərdim olsa gerçək cəhənnəm...
Xəritəyə baxıram... rədd olsun bu boyda dünya
qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.
Sən orda mərmi alovlarında qızınırsan bəlkə də
mənsə üşüyürəm...birdən gələrsən
görərəm ki,
qolların yoxdu...

***

Müharibədə ata-anasını itirmiş uşaqlar
Günəşə baxıb gülümsəyəcəklər bir gün
...bütün mərmilərə inad...

Əri çıxıb getmiş o qadın da
yığacaq gözünü yollardan
gətirib güzgülərdəki boşluqlara atacaq...

Bilirəm, çıxacaq divardakı bu fotodan darıxan qağayılar
haçansa
dənizə tərəf uçacaqlar...

Onda evim olacaq mənim də

Mətbəxdən başlayacam unutmağa səni
ən əvvəl yağı unudacam ocaqda
sonra dəmi...
bu otağa niyə gəlməyimi...

...ya da çörək almamış qalxacam evə...

Nə qədər ki, atamı ayaq səslərindən,
anamı nəfəsindən tanıyıram – hələ vaxt var
incit məni bir az daha
noolar, bircə tez unudulma....

***
Nənəmin əlində xəlbir
buğda təmizləməkçün gözlədiyi külək kimi gəl –
sovur ayrılıqları buğda qabığı kimi.

Arx kənarlarında dərməyə qıymadığım bənövşələrin ətri ol,
dol burnuma
gəəəl! O nəfəsə ehtiyacım var...

Biz gözləməyi anamızdan öyrəndik!
Bayram axşamlarında cəbhədən gələcəkdi atam
gözləyə-gözləyə yuxuya daldıq... Gəlmədi!
Atamın gələ bilmədiyi günlərdən çıx gəl evə
müharibənin və mürgülü arzuların acığına!

Dərsə cavab vermək üçün havada bayraq oldu əllərim
laaap axırıncı partadan dur, gəl
lövhəyə çağırmayan müəllimin acığına
cavab ol suallarıma...

Gizlində oxuduğum kitabların səhifələrindən qopub düş,
gizlən şeirimin sətirlərində!
Sonra hardansa çıx, gəl
Lap elə, bir qadının qollarından...

# 8711 dəfə oxunub

Oxşar xəbərlər

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

"Ağacın dönər yemək arzusu inandırıcı deyil" - Hekayə müzakirəsi

12:00 3 may 2024
Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

Ərinə itaət edən qadının böyüklüyü - Dinozavr yumurtası, yoxsa əjdaha yumurtası?

09:00 3 may 2024
"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
# # #