Ən az Rəsul Rza, ən çox Anar - ARAŞDIRMA

Ən az Rəsul Rza, ən çox Anar - ARAŞDIRMA
14 iyun 2011
# 18:00
Təxminən 3 həftə əvvəl baş redaktorumuz Qan Turalıdan “AYB-nin sədrlərini araşdırsaq maraqlı olacaq” tərzində tapşırıq alanda ürəyimdə “çox asan işdir” demiş, “bir neçə saata hazır olar” vədini də əsirgəməmişdim...

AYB-nin saytında və Azərbaycan Sovet Ensiklopediyasında bu məlumatların olacağını düşünüb yanılmışdım. 77 illik tarixi olan quruma hansı illərdə kimlərin sədrlik etməsi barədə dəqiq məlumat heç yerdə yox idi; AYB-nin saytında olan məlumatın isə dolğun olmadığı ilk baxışdaca üst-üstə düşən illərdən məlum olurdu.

Uzun araşdırma və əziyyət sayəsində AYB-nin arxivini qaldıra bildik. Nə gizlədim, bizim üçün maraqlı olması bir yana, arxiv sənədlərini gizlində üzümüzə açan Birlik yetkilisi üçün də olduqca maraqlı faktlar ortaya çıxdı. Biz Mirzə İbrahimovun Anardan cəmi 1 il az (23 il) sədr olduğunu, onlar isə Süleyman Rəhimovun bir dəfə deyil, 3 dəfə sədr seçildiyini öyrəndilər...

Beləliklə, Azərbaycanda ilk dəfə AYB sədrlərinin müfəssəl tarixi Kulis.az-da, buyurun, siz də tanış olun.

Azərbaycan Yazıçılar İttifaqı İdarəsi 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb və ilk olaraq 93 üzvü olub. Həmin qurultayda Məmmədkazım Ələkbərli İttifaqın ilk sədri təyin olunub və təxminən 1 il bu vəzifədə çalışıb.

Məmmədkazım Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb (1923-1927), Moskvada Qırmızı Professorlar (1930-1934) İnstitutunda təhsilini davam etdirib. 1938-ci ildə cəza təqdirləri dövründə güllələnib.

2. Seyfulla Şamilov 1936-cı ildə Azərbaycan Yazıçılar İttifaqı İdarəsinin (AYİ) sədri seçilib, həmin il də vəzifədən azad olunub.

Şamilov Seyfulla Əli oğlu – nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü.

1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olub.

“Gənc işçi” qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı İdarəsinin sədri (1936) işləyib. Repressiya illərində həbs olunmuş, sürgündən qayıdandan sonra 1974-cü il dekabrın 25-də vəfat edib.

3. Səməd Vurğun 1937-1938-ci illərdə AYİ sədri olub.

4. Rəsul Rza 1938-1939 (8 ay) sədr olub. Həmin illərdə latın qrafikasının kirillə əvəz olunmasına etiraz edən yaxın qohumu Abdulla Farukun işinin araşdırılması zamanı qohumluq əlaqələri üzə çıxıb və bu səbəbdən də Rəsul Rza AYB tarixinin ən qısa sədrliyini edib.


Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar incəsənət xadimi (1945).

1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində doğulub. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin kooperasiya şöbəsində təhsil alıb (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirib (1934-1937). 1981-ci il aprelin 1-də Bakıda vəfat edib.

5. Süleyman Rəhimov 1939-1940-ci illərdə AYİ sədri olub. Müharibə illərində qurumun fəaliyyəti müvəqqəti olaraq fəaliyyətinə ara verib və müharibənin sonlarında (1944-1945) S. Rəhimov yenidən İttifaqa sədr təyin olunub.

Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).

1900-cu il martın 22-də Yilezavetpol quberniyası, Zəngəzur qəzasının Əyin kəndində anadan olub. ADU-nun tarix fakültəsində təhsil alıb. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışıb (1934-1937). Azərbaycan Yazıçılar İttifaqının sədri (1939-1940), (1944-1945), (1954-1958), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləyib.
1983-cü il oktyabrın 11-də vəfat edib.

6. Mirzə İbrahimov 1946-1954-cü illərdə yeni yaradılan sistem üzrə İdarə Heyətinin sədri və eyni zamanda I katib seçilib.

İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYİ-nin üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın əməkdar incəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989).

1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə Bakıya gəlib. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləyib. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olub.
1993-cü il dekabrın 17-də vəfat edib.

7. Süleyman Rəhimov (1954-1958) 1954-cü ildə keçirilən II Qurultayda üçüncü dəfə İttifaqa rəhbər seçilib.

8. Mehdi Hüseyn (1958-1965) 1958-ci ildə III qurultayda I katib seçilib.


Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964).

1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olub. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil alıb (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirib (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), birinci katibi (1958-1965) vəzifələrində işləyib.
1965-ci il martın 10-da vəfat edib.

9. Mirzə İbrahimov (1965-1975) 1965-ci ildə keçirilən IV qurultayda ikinci, 1971-ci ildə V qurultayda üçüncü dəfə sədr seçilib.

10. İmran Qasımov (1975-1981) 1976-cı ildə keçirilən VI qurultayda sədr seçilib. AYİ-yə KQB-dən gəlib.


Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979).

1918-ci il noyabrın 25-də Bakıda anadan olub. ADU-nun filologiya fakültəsində, Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında kinematoqrafiya nazirinin birinci müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin birinci katibi (1975-1981) vəzifələrində çalışıb.
1981-ci il aprelin 20-də vəfat edib.

11. İmran Qasımovun vəfatından dərhal sonra Mirzə İbrahimov 1981-ci ildə keçirilən VII qurultayda yenidən (1981-1986), yəni dördüncü dəfə sədr seçilir. M. İbrahimovun dördüncü dəfə quruma rəhbər etməsinə narazılıq yaranmasın deyə, mərhum Heydər Əliyevin onun barəsində “bizim pak Mirzəmiz” deməsi kifayət edir.

İsmayıl Şıxlı isə həmin illərdə (1981-1987) faktiki sədr postunda əyləşib və o da VII qurultayda I katib seçilib. Məlumata görə, I katib postunun yenidən bərpa olunmasına səbəb Mirzə İbrahimovun quruma sədr seçilmə tapşırığından sonra zərurətə çevrilib.


Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), M.F. Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-cu il martın 22-də Azərbaycanın Qazax rayonunun II Şıxlı kəndində anadan olub. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil alıb (1937-1941).
1995-ci il iyulun 26-da Bakıda vəfat edib.

12. Və Anar... O, 1987-ci ildən bu vəzifəni icra edir. 1991-ci ildə Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yenidən yekdilliklə AYB sədri seçilib.

I qurultay – 13 iyun 1934
II qurultay – 16 mart 1954
III qurultay – dekabr 1958
IV qurultay – 1965
V qurultay – 1 iyun 1971,
VI qurultay – 26 may 1976
VII qurultay – 7 iyun 1981
VIII qurultay – 22 may 1986
IX qurultay – 1991-ci il
X qurultay – 1997-ci il
XI qurultay-2007 17 may



Vüqar QURDQANLI
# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #