Quqarkdan Quqarka

Quqarkdan Quqarka
26 sentyabr 2011
# 16:00
Məhəmməd Salur


Dörddə bir əsrə yaxındır ki, başqalarının biri-birinə düşmən etdiyi Qafqaz xalqları nə vaxtsa həqiqətən barışacaqlarsa, bunu siyasətçilərin riyakar söhbətləri deyil, yazıçıların səmimi sözü eləyəcək. Bizdə həmin söz yiyələrindən biri və bizcə, birincisi (həm kəmiyyət, həm də keyfiyyətcə) Seymur Baycandır ki, öz “Quqark”i ilə gələcək barış işinə çox böyük töhfə vermiş olub.

“Quqark” sözü bizlər üçün iyirmi ildən artıq bir müddətdə erməni-Azərbaycan savaşının başlamasının rəmzlərindən biri olub. Ancaq Seymur onun eyniadlı kitabını oxuduğumuz bir neçə gün ərzində bu kəlmənin həm də barış simvolu ola biləcəyini bizə inandıra bilir. Seymur özü elə belə də yazır: “Ümumiyyətlə mənim həyatım iki hissəyə bölünür: Quqarka qədər və Quqarkdan sonra”...

Bu kitabın ən böyük, həm də ictimai əhəmiyyəti onun hərb və millətçilik əleyhinə olması ilə bağlıdır. Özü də bu etiraz quru sözlər, şüarlarla deyil, həyat həqiqətləri ilə ifadə olunur. Ermənistan gerçəklikləri, keçmiş Azərbaycan erməniləri barədə yazılanlar o qədər təbiidir ki, oxucu onlara inanmaya bilmir.

Bunlarla bərabər, “Quqark” ədəbiyyatımızda müharibə mövzusunda yazılmış ən yaxşı əsərdir. Üstəlik, oxucuda belə bir təəssürat yaranır ki, bu kitab gələcəkdə yazılacaq daha böyük əsərin ötəri qeydləri, tezislər toplusudur.

Bədii publisistika janrında yazılmış bu kitab həm də son 20-25 ilin bədii tarixidir və gələcək tarixçilər ondan yararlana biləcəklər.

Kitabın ən güclü məziyyəti buradakı hədsiz səmimiyyətdir, hətta o qədər ki, müəllif bəzən eyni məsələdən təkrar-təkrar yazdığının fərqində olmur.

Ölkəmizdə kitab oxumağın dəbdə olmadığı bir zəmanədə bu əsər əsasında film çəkilməsi və onun erməni, gürcü, rus və Avropa dillərinə tərcümə edilməsi çox yaxşı olardı.

Əsərdə Seymurun erməni qızı Anuşla (Aynurla) məktublaşmasının nəticəsiz qalmasında rəmzi məna da var: qəhrəmanların təmsilçisi olduğu xalqların daxilində barışıq istəyi varsa da, təbiətlərindəki ətalət hələ ki, buna maneə yaradır...

Kitabın iki əsas surəti ilə bərabər, çoxsaylı xırda obrazlar da var ki, bunlar içərisində müəllifin anası xüsusi yer tutur: bu bizim Hacı Qara və Məşədi İbaddan üzü bəri yaxşı tanıdığımız xırda alverçi-baqqal obrazıdır.

“Quqark”la bağlı bir həqiqəti də yazmağa ehtiyac var – müəllif fərd olaraq yazılarında nə qədər bədbin olsa da, onun kitabı daşıdığı ictimai nikbinliyi ilə oxucuya güc verir.

...Bir neçə yüz il bundan əvvəl Amerikada Biçer-Stou soyadlı zənci qadın yazıçı “Tom dayının koması”adlı kitabı ilə öz ölkəsini silkələməyi bacarmış, bununla da ağ-qara dərili vətəndaşların ayrı-seçkiliyinə böyük zərbə vura bilmişdi.

Bizdə də təqribən yüz il əvvəl Nərimanov, Sabir, Cabbarlı kimi yazıçılar belə bir dəyişikliyə cəhd etsələr də, mühitin mədəni səviyyəsinin aşağı olması səbəbindən, buna nail ola bilməmişdilər.

Ümid eləyək ki, bu gün deyilsə də, sabah Seymur və onun kimi səmimi, qərəzsiz, beynəlmiləlçi qələm adamları ümumqafqaz barışına nail ola biləcəklər. Çünki bu cür hədsiz çoxmillətli regionun nicatı hərbdən deyil, yalnız sülhdən aslıdır.

# 1606 dəfə oxunub

Oxşar xəbərlər

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

Pərakəndəlik və ailənin fəsadları - Elmir Həsən

16:38 2 avqust 2025
Türkiyənin Azərbaycandakı səfiri:  Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

Türkiyənin Azərbaycandakı səfiri: Təhsil, media və mədəniyyət sahələrində fəaliyyətlər dəstəklənməlidir - Müsahibə

12:37 31 iyul 2025
"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

"İstəyirsən gül, istəyirsən ağla, bu, bir oxucu kimi..." - Şərif Ağayarın romanı haqqında

12:00 31 iyul 2025
Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

15:00 30 iyul 2025
Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

Özünüzsüz onlara yazdıran əhvalınızı... - Günün şeiri

13:10 25 iyul 2025
Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

Əfsanəvi rokçu Ozzi Ozbornun fanatından duyğulu etiraf

11:50 25 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər