Arvadını fahişəlikdən qorumaq üçün qayda uyduranlar

Aqşin Yenisey

Aqşin Yenisey

17 fevral 2023
# 14:00

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Bir dəfə yazmışdım ki, müsəlman Şərqində sekulyarizmin önünü kəsən əngəl siyasi deyil, əxlaqidir. Yəni modern tarixin dərinliklərindən yola çıxan sekulyar dəyərlər dərələrdən sel kimi, təpələrdən yel kimi keçir, gəlib tutaq ki, bizim Arana, yaxud Kəlheybərə çatanda müsəlman əxlaqının "Çin səddi” ilə üzələşir. Bu səddin üzərində əlisilahlı dayanmış Cavanşir, Babək, Nəbi, Koroğlu kvarteti dərhal onu özüylə əxlaqsızlıq gətirməkdə lənətləyib təpəsinə milli əxlaqın qır tiyanlarını əndərir.

Azadlığın əxlaqsızlıqla assosiasiya olunmasının tarixi kökləri çox qədimdir. Çoxallahlılıq çağında İnanna, Anahit kimi tanrıçalar özlərinin fahişə olduqları ilə qürur duyurdular, sıravi qadınlar da onları yamsılayırdılar. Tanrıların dişi olduğu çağda ailə yox idi, cəmiyyət vardı, uşaqlar və qadınlar ümumi idi. Mülkiyyət düşüncəsi ailəni yaratdı və cəmiyyətdən ayırdı, bunu da "kişiləşdirdiyi” tək tanrının kitablarına istinad edərək gerçəkləşdirdi.

Müqəddəs kitablar özlərindən əvvəlki azadlığı əxlaqsızlıq kimi dəyərləndirdilər. Bugünkü əxlaq sistemi aşağı-yuxarı bu düşüncənin məhsuludur. Sosial həyatda üstünlüyü ələ keçirən kişilər qadınlardan ilahi hakimiyyətlə yanaşı, ilahi hakimiyyəti rəmzləşdirən aksessurları da aldılar. Hakimiyyətin təhvil-təslim siyahısında uzun qondarma saçlar, daş-qaşla bəzədilmiş taclar, əsalar, sırğalar, bilərziklər, boyunbağılar da vardı ki, kişi hökmdarlar uzun müddət saraylarda arvad qiyafətində otururdular. Bu kralların sarayda ən çox vaxt keçirdikləri yer qrim otaqları idi.

Tarixin bütün dövrlərində kişilər həmişə gücü təmsil edən hökmdarlara baxaraq özlərinə çəki-düzən veriblər. Güc əldə etmək kişi tayfasında tarixin bütün dövrlərində mövcud əxlaqın fövqünə qalxma azadlığı kimi özünü göstərib. Güc əldə edən peyğəmbərlərin ilk işi mövcud əxlaqın fövqünə qalxmaq olub. Güc, azadlığı həmişə əxlaqın üstündə görüb. Gilqamış hökmdarı olduğu Kiş şəhər-dövlətində bütün ərə gedən qızları ərlərindən əvvəl birinci öz yatağına salırdı. Hər bir kişinin içində bu gün də gizli bir Gilqamış var. Hökmdarlar öz azadlıqlarının hüdudsuzluğuna görə sıravi kişilər üçün azadlıq idealı olublar.

Tarixin bütün dövrlərində qadın fahişəyə baxaraq geyinib, bəzənib-düzənib. Başını örtən ilk qadınlar İnannanın, Anahidin məbədlərində seks xidməti göstərən "məbəd fahişələri" idilər. İlk pariklər, ilk rəngli dırnaqlar, ilk tüksüz ayaqlar və s. fahişələrin, yəni mövcud əxlaqın fövqünə qalxmış qadınların icadları idi. Qadın üçün fahişə obrazı özündən daha azad olan qadını ifadə edir. Bu azad qadının ilahiləşdirilmiş şəkli isə özünə qürurla fahişə deyən dişi tanrılar idilər. Hər bir qadının da içində bu gün də rudmentar bir İnnana var.

Uşaqlar həmişə ən pozğun həmyaşıdlarının saç düzümlərinə, qeyri-adi geyimlərinə, qaydaları pozan davranışlarına yiyələnmək istəyiblər.

Qadınlar həmişə öz ərlərinin hərəmxanaya can atan "hökmdar azadlığını" cilovlamağa çalışıblar. Kişilər həmişə öz arvadlarını "fahişə azadlığı"ndan gizləmək üçün qaydalar uydurublar. Valideynlər həmişə öz uşaqlarını dostlarının "pozğun azadlıqlarından" qoruyublar.

Bütün bu yazdıqlarımızdan çıxan nəticə budur ki, azadlıq bütün hallarda etik deyil, estetik hadisə kimi zühur edir. Bu gün ağlı başında olan hər kəs bilir ki, top-tüfəngin yıxmağa ümid etmədiyi "Berlin divarı”nı populyar kültürün estetik açıq-saçıqlığı yıxıb.

İnsanlar özlərindən daha azad bildikləri həmcinslərinin estetik kimliklərinə can atdıqları kimi, cəmiyyətlər də özlərindən daha azad bildikləri cəmiyyətlərin estetik özəlliklərinə can atırlar. O cəmiyyətlərə ki, vaxtında mövcud əxlaqi dəyərlərinin fövqünə qalxıblar. Azadlıq estetik effekt doğrub həmişə, yaxud estetik effektlər gec-tez azadlıqla nəticələnib. Məsələn, avropalılar mövcud burjua etikasını, burjua əxlaqını modern estetikanın cəsarəti sayəsində aşdılar. Məsələn, söz və fikir məhkumları yalnız Orta əsrlərin mədhiyyə etikasını estetik hücumlarla yenərək "söz və fikir azadlığı" əldə etdilər. Mane, Bodler, Flober və s. cəmiyyətlərinin burjua etikasına estetik həmlələr yapdılar. Avropa insanının azadlığı bu estetik yenilənmənin nəticəsidir.

Azərbaycan insanı azadlığı mövcud etikanın, mövcud əxlaqın sərhədləri daxilində istəyir. Azərbaycan oxucusu öz yazıçısından həm klassik mədhiyyə etikasına sadiqlik tələb edir, həm də ondan modern roman gözləyir. Bu isə sadəcə mümkün deyil. Çünki mövcud etikanın, mövcud əxlaqın sərhədləri daxilində bütün azadlıqlar özbaşınalıq, əxlaqsızlıq kimi dəyərləndirilməyə və təzahür etməyə məhkumdur.

Hansı cəmiyyətin insanı olur-olsun, həm mövcud etikanı qorumaq, həm də onun içində azadlıq istəmək onu iki şələnin arasında "birinci hansını yeyim” deyə girinc qalıb acından ölən Buridan eşşəyinə çevirir. Belə cəmiyyətlərdə isə estetik yenilənmə filosof, alim, yazıçı qələmi ilə deyil, cərrah skalpeli ilə aparılır.

qaynarinfo

# 3018 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #