Qarabağa necə qayıdacağıq?

Qarabağa necə qayıdacağıq?
18 noyabr 2020
# 11:01

Ədəbiyyatın ən əsas mövzularından biri də qayıdışdır. Bir də görürsən, hansısa bir qəhrəman bir şəhərə, qəsəbəyə, yaxud kəndə qayıdır və bütün sakinlərin marağına səbəb olur, onların monoton həyatına rəng qatır.

Qayıdış çox ecazkar, həzin, eyni zamanda xoşbəxt bir ayindir. Bu, təkcə fiziki mənada deyil, mənəvi planda da insan öz keçmişinə qayıdır. Bəlkə də insanın bu dünyaya gəlişi, yaxud da gedişi də qayıdışdır. İnsan bizim bilmədiyimiz məchul bir dünyadan gəlib bu dünyaya qayıdır, gedəndə də həmin yerə dönür. Ya əvvəl burda olub, ya sonra. Hər halda bu yolun ya əvvəlində, ya sonunda qayıdış var.

Dini rəvayətlərdə də qayıdış sirli və sehrli bir halənin içində bizə təqdim olunur. İsa peyğəmbərin üç gün sonra dirilib təzədən qayıtması. Məhəmməd peyğəmbərin Hira dağında vəhylərin gəlişini qarşıladığı, əzabları yenib təzədən insanların yanına qayıtması və ona gələn sirrini çözüb ətrafdakılara da anlatması. Yusif peyğəmbərin quyudakı fantastik əzabdan sonrakı qayıdışı və üzündəki əbədi nuru onu quyuya atanların üstünə sıçratması.

Qayıdış içində dərin və çox sirli bir anlam daşıyır. İnsan hər vaxt harasa qayıdır: ya öz etdiyi günahın içinə, ya sevdiklərinin yanına, ya qaçmağa çalışdığı duyğularının, əzablarının, kədərinin qucağına, ya da uşaqlığındakı evinin kandarına.

İndi biz bütün xalq olaraq bu qayıdışın hər bir zərrəsini yaşayırıq. İçimizdə o qayıdışın ürək çırpıntıları var; biz heç vaxt inanmadığımız, yatıb yuxumuzda belə görmədiyimiz o torpaqlara qayıdışın sevincini yaşayırıq.

Bu qayıdışın adı bəlkə tarixə Böyük Qayıdış kimi düşəcək. Mənə elə gəlir, bizim hamımızın gözü qabağında yaşadığımız bu tarixi anları belə adlandırmalıyıq.

Bu gün ən çox müzakirə olunan mövzulardan biri də budur: məcburi köçkünlər evlərinə necə ayıdacaq?

Onlar əslində çoxdan qayıdıblar oralara!

Döyüşlər getdiyi vaxt təzədən-təzədən xatırlayıblar, öz uşaqlıqlarının küçəsini, məhəlləsini, evini...

İndi o torpaqlardan çıxan ermənilər də bir həqiqəti başa düşüblər: bura bir daha qayıtmayacaqlar. Ona görə də arxalarında qoyub getdikləri hər şeyi yandırıb-yaxırlar. Evləri, meşələri... Geridə başı kəsik kötüklər qalır o meşələrdən. Bu dəfə gedərkən ağacları, evləri də öldürdülər.

Onlar da qayıdırlar. Onların qayıdışı isə uduzmaqla simvolizə olunur.

Biz yavaş-yavaş evimizə qayıdırıq.

Uzaqdan arı pətəyini xatırladan evlərdə işıqlar bir-bir yanmağa, o torpaqlardakı həyat dirilməyə başlayır.

Və əslində təkcə biz yox, torpaq da öz keçmişinə, həqiqi özünə qayıdır...

# 3501 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #