Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərinin arxeoloji qazıntıları zamanı dünya tarixini dəyişdirən bənzərsiz bir tapıntı üzə çıxıb. Belə ki, filosof Aristotelin 2300 il əvvəl Makedoniyalı İsgəndərə dərs dediyi tarixi məktəb aşkarlanıb.
Kulis.az xəbər verir ki, Yunanıstandan Hindistana qədər uzanan nəhəng bir imperiya quracaq İsgəndərin formalaşdığı bu təhsil ocağı arxeologiya dünyasında böyük rezonans doğurub.
İmatiya bölgəsindəki qazıntılara rəhbərlik edən arxeoloq Angeliki Kottaridi mətbuata açıqlamasında bildirib ki, bura Makedoniya kralı II Filipin qurduğu məktəbdir. Təxminən üç hektar ərazini əhatə edən Mieza arxeoloji zonasında banket zalları, idman pavilyonu, atletika stadionu, qapalı qaçış zolağı və daş partaları olan sinif otaqları tapılıb. Qazıntılar zamanı xarabalıqlar arasından sikkələr, keramika məmulatları və qədim dövrdə şagirdlərin yazı yazmaq üçün istifadə etdiyi dörd stilet (qələm) də aşkar edilib.

Roma tarixçisi Plutarx öz əsərlərində qeyd edirdi ki, Makedoniyalı İsgəndər 13-16 yaşları arasında məhz burada Aristoteldən etika, siyasət, ədəbiyyat və təbiət elmləri üzrə dərslər alıb. Bu təhsildən cəmi iki il sonra, e.ə. 338-ci ildə gənc İsgəndər Xeroneya döyüşündə süvari qoşunlarına rəhbərlik edərək afinalılar və fivlilərin birləşmiş qüvvələrini darmadağın etmişdi.
Dövrünün "elit məktəbi" və memarlıq inciləri
Kottaridinin sözlərinə görə, kral II Filip Amfipolis və paytaxt Eqa şəhərlərində də məktəblər (gimnaziyalar) qursa da, Miezadakı kompleks indiki mənada "elit məktəb" idi. Burada ən tanınmış zadəgan ailələrinin övladları taktika, strategiya və hərbi hazırlıq dərsləri keçirdilər.
2024-cü ildə başlayan və bu il də davam edən qazıntılar zamanı sinif otaqlarının yaxınlığında 20 nəfərlik mozaika döşəməli iki banket zalı, həmçinin ekstremal hava şəraitində idman üçün istifadə olunan, 64 dorik sütunla bəzədilmiş 200 metrlik qapalı qaçış zolağı üzə çıxarılıb. Kompleksin memarlıq detalları II Filip və İsgəndərin yaşadığı Eqadakı (indiki Vergina) kral sarayının elementləri ilə böyük bənzərlik təşkil edir.

Ülvi Bahadır