Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi... - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ

Biri keçmiş deputat, biri 46 illik televiziya işçisi...  - Həsrət onları ahıllar evinə gətirdi - REPORTAJ
1 oktyabr 2026
# 15:29

Bəzən insanın bütün həyatı bir neçə fotoya, xatirəyə və hər dəfə danışanda boğazında düyünlənən bir neçə cümləyə sığır. Bir vaxtlar evi, işi, ailəsi, övladları, planları olan insanlar illər sonra həyatlarının tamam başqa dayanacağında – ahıllar evində qarşılaşırlar.

Kimi övladının yolunu gözləyir, kimi keçmiş günlərin şəklini sinəsinə sıxır, kimi də “övladlarıma yük olmaq istəmirəm” deyərək tənhalığını gizlətməyə çalışır. Danışdıqca anlayırsan ki, bu divarlar təkcə yaşlı insanlara sığınacaq deyil, həm də vaxtilə gur səslə yaşanmış həyatların səssiz yaddaşıdır.

Kulis.az Lent.az-a istinadən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən reportajı təqdim edir.

Bu dəfə bağlı qapılardan üçünü açdıq.

Birində vaxtilə deputat olmuş, ailəsini, övladını, həyat yoldaşını itkilərlə xatırlayan Mirvari Məmmədova, birində üç qız atası olan, həyatın bütün suallarına sakit və sərt cavab verməyə çalışan 76 yaşlı Kərim Kərimov, digərində isə ömrünün yarısını televiziyaya həsr edən, öz gücü ilə əldə etdiklərini itirən, dayağı olan oğlu ömürlük həbsə məhkum edilən Müslümət Rzaxanova var.

Müsahibə üçün hazırlaşanda ahıllardan biri bizi görərək belə deyir:

“Məktəbə gedirsən – imtahan, universitetə gedirsən – imtahan, burada da sorğu-sual, öləndə də imtahan”.

İlk müsahibim Mirvari Məmmədovadır.

Mirvari xanımla salamlaşıb hal-əhval tutandan sonra “Bura gəlmişik ki, sizin həyatınız barədə danışaq”, – deyirəm. Mirvari xanımın kövrəkliyini elə bu sözündən hiss edirəm:

“Həyatım... eh”.

– Mirvari xanım, necə oldu ki, ahıllar evinin sakini oldunuz?

– Əvvəldən danışım?

– Sizə necə rahatdırsa.

“Qızım, mənim yaxşı evim-eşiyim var idi. "Çörək-bulka" kombinatında texnoloq işləyirdim. 1983-cü ildə, iyirmi yeddi yaşım olanda Nərimanov rayonu üzrə deputat seçildim. Qabaqcıl işçi idim, elə bir bayram yox idi ki, təltif olunmayım. İşlədiyim kombinata baxış keçirməyə gələndə mənim şəkillərimi də çəkib Moskvaya göndərmişdilər. Sonra məni də ora dəvət elədilər, amma atamın xasiyyəti tünd olduğuna görə “qız uşağısan, getmə”, – dedi”.

– Evli olmusunuz?

– Bəli.

Danışmağa davam edir: “1993-cü ildə yoldaşımı Tərtərin Cəmilli kəndinə apardılar. Onlar orada ermənilərlə əlli metr məsafədə döyüşüblər. Bir gün qapı döyüldü, açdım ki, qonşudur. Dedi ki, sənin yoldaşın döyüşlərdən sonra dəli olub. Səhəri gün işdən icazə alıb Bərdəyə yollandım. Dedilər ki, otur, gözlə, yoldaşını gətiririk. Gəldi, amma heç kimi, heç nəyi tanımırdı, özündə deyildi, yaralıydı. Gah gülürdü, gah ağlayırdı. Gördüm ki, onu evdə sağalda bilməyəcəyəm, apardım dispanserə. On iki il orada qaldı, axırda da...”, – deyib ağlayır.

– Nə oldu yoldaşınıza?

– Həyatımı eşitmək istəyirdiniz... 2006-cı ildə Bakıya güclü qar yağmışdı. Həmin gün dispanser yandı, yoldaşım da orada vəfat etdi. İnanırsınız, yer o qədər buz tutmuşdu ki, biz qazıb onu dəfn edə bilmirdik. Axırda traktor çağırdıq, o bir təhər qəbir qazdı. Yoldaşım zülmlə öldü, dəfni də zülmlə oldu.

– Mirvari xanım, bəs bu evlilikdən övladlarınız olub?

– Bir qızım, bir də oğlum var idi. Qızım rəhmətə getdi, oğlum da ki...

– Nə olub oğlunuza?

– O çox savadlı uşaq idi. İki diplomu var idi, məktəbi də qırmızı diplomla bitirmişdi, hüquqşünas işləyirdi, baş leytenant idi. Amma indi həbsdədir.

– Niyə həbs olunub?

– Hamıdan pul alıb, işi boynuna götürdü, sonra da ki...

– Neçə il sonra azadlığa buraxılacaq?

“On ildir içəridədir, qızım. Çıxdı, bir il işlədi, sonra iş bağlanmadı, yenidən altı il yarım cəza verdilər”.

Mirvari xanım ahıllar evinin işçisindən xahiş edir ki, onun otağındakı siyirmədən oğlunun şəkillərini gətirsin. Şəkillər gətiriləndən sonra oğlunun şəkildəki üzünü əzizləyə-əzizləyə ondan bəhs edir:

Gülümsəyərək, “Bax bu şəklə, qızım, heç deyərsən ki, burada birinci sinifdə oxuyur? Yaşından böyük görünürdü. İlk dərs günü direktor otağa girib deyib ki, sən öz sinfinə get. Oğlum da evdə böyüyən uşaq idi, bu sözdən sonra ağlayıb deyib ki, məni niyə sinifdən qovurlar?”, – söyləyir.

Mirvari xanımın gözlərindəki gülümsəmənin üstünə yenə kədər pərdəsi çəkilir.

Oğlu ilə özünün şəkillərini göstərir:

“Deyərsən ki, bu qadın mənəm? O qədər toylara gedirdim ki, yorulmuşdum daha, ancaq zeytun yeyirdim. Adam nə qədər kabab yeyər?”

– Nə olub ki sizə? İndi də gözəl xanımsınız.

– Yox, çox dəyişmişəm, qızım.

“Bax, bu şəkil deputat olanda çəkilib”, – deyib şəkli əlimə uzadır.

“1983-cü ildə çəkilib bu. İkinci dəfə deputatlığa namizədliyimi verməyimi istədilər, amma oğlumun bir yaşı olduğuna görə razı olmadım. İclaslara get, gecə növbəsində işlə – alınmırdı”.

– Neçə ildir buradasınız?

– Mayın iyirmi üçündən bəri buradayam. Martda oğlumu yenidən çağırdılar, mən də bura gəlməli oldum.

– Bəs gəlininiz var? Oğlunuz evli idi?

“Elə ona heyifsilənirəm. Evlənməyə vaxtı olmadı, artıq qırx yaşı var”, – deyir.

– Qohum-əqrabalarınızla əlaqəniz var? Gəlib-gedirlər?

– Oğlumdan sonra hamısı ilə əlaqəni kəsdim. Bir uşağım var, o da içəridə. Mən heç bir qohuma pis olmamışdım, evlərinə gedəndə əli dolu gedirdim, xeyir işlərinə qoyun-quzu aparırdım. Qapımızda iki maşınımız var idi, indi heç nə yoxdur. Axırda da xəstəlik tapdım.

– Nəyiniz var, nə olub?

– Xərçəng xəstəliyinə tutuldum, əməliyyat olundum. Onun ardınca şəkərli diabet gəldi.

Bir qohum qız var idi, oğluma dedim, gəl, onlara elçi gedək. Bu gün-sabah edə-edə axırda da evlənə bilmədi.

– Çox istəyirdiniz evlənməyini?

– O qədər çox...

– Bəs bura necə, uyğunlaşa bilirsiniz?

“Əlbəttə. Fərhad müəllim var burada. Onu görəndə oğlum yadıma düşür, gözlərim yaşarır. Elə bilirəm ki, o, oğlumdur... Oğluma altı il veriblər, özüm də xəstəyəm, bilirəm ki, o həbsdən çıxana qədər mən yaşamayacağam”, – deyib ağlayır.

– Siz əlaqəni kəsmisiniz, bəs bacınız, qardaşınız, onların uşaqları danışmırlar sizinlə?

– Qohumlarımın çoxu vəzifədədir, adlarını çəkmək istəmirəm, utanıram. Mənim uşağım işləyəndə hamı ondan məsləhət alırdı, indi belə vəziyyətə düşməyi adamı incidir. Mən əyilməz qadın idim.

– İndi də əyilməmisiniz.

“Tək gəzə bilmirəm, mütləq kimdənsə tutub gəzməliyəm. Bacımın qızı hakimdir, zəng edir ki, xala, nə istəyirsənsə, alım gətirim. Deyirəm ki, mən bu il yayda üç bacı dolması yeməmişəm...”, – deyib ağlayır.

– Ağlamayın...

“Qızım, vaxt var idi ki, mən bolluq içində yaşayırdım. Oğlum hər şeyi yeşiklə alırdı. Deyirdim, iki nəfərik, qoy imkansızlara paylayım”.

– Qızınız nədən rəhmətə gedib?

– Ana bətnində ölüb. Deyirəm, kaş ki, o qalardı, mən indi onun yanında oturardım. Oğlum Səngəçalda həbsxanadadır, yanına gedə bilmirəm, çox uzaqdır, taksi gedib-gəlməyə yüz manat alır. Fikirləşirəm ki, həmin pulu elə oğluma göndərim. Gəlib burada uşaqlara verirəm ki, bunu oğluma göndərin.

– Oğlunuz çıxar, inşallah, siz də ondan sonra övladınızla yaşayarsınız.

– Mən o vaxta qalmayacağam.

– Ağlatdım sizi, üzrlü sayın.

– Mən səni ağlatdım, qızım. Oğlum yeni həbs olunanda hara baxsam, onu görürdüm, amma indi onun uşaqlığı ilə yaşayıram. Ağappaq uşaq idi, indi də gözümün qabağına gəlir.

Mirvari xanımla vidalaşıb digər müsahibimizlə danışırıq. Qərara gəlirik ki, həyətdə gəzə-gəzə söhbət edək.

Mirvari xanımla söhbət edəndə həyatın hər anında imtahan olduğunu söyləyən ahıl müsahibim Kərim Kərimov imiş.

“Qadınlar çox emosionaldırlar”, – deyir Kərim dayı.

Soruşuram:

– Siz emosional deyilsiniz ki?

“Mən çalışıram ki, emosiyalara qapılmayım”.

– Kərim dayı, neçə yaşınız var?

– 76.

– Ailəlisiniz?

– İdim. Yoldaşım on üç ildir rəhmətə gedib, üç qızım var. İndiki uşaqların hərəsinin öz həyatı, öz qayğıları var. Mən onlara əlavə yük olmaq istəmirəm.

– Bura gələnə qədər harada yaşamısınız?

– Mən həyət-bacada işləyirdim, bir neçə nəfərin bağına qulluq edirdim, həmin evlərdə də qalırdım.

– Niyə çıxdınız oradan?

– Ya ev yiyəsi evi satıb, məcbur olub çıxmışam, ya verilən maaş qane etməyib, yaxud evin şəraiti yaxşı olmayıb, kirayə pulu artırılıb, çıxmışam.

– Burada dostlarınız var?

– Dost seçmək çox çətindir. Buradakı sakinlər mənim qonşularımdır.

“Sizə bir məsləhət verəcəyəm, unutmayın”, – deyir Kərim dayı.

“Ağzınızdan çıxan hər sözə diqqət edin. İnsanın dediyi hər şey gələcəkdə qarşısına çıxır. Nə səpirsənsə, onu yığırsan. Gələcəkdə övladınız sizin əməllərinizin cəzasını, yaxud xeyrini görəcək”.

– Siz necə ata olmusunuz bəs?

– Şükür, qızlarımın üçü də institut bitirib.

– Bəs niyə onlarla yaşamırsınız? Valideyn övlada yük deyil axı?

– Hazırda yükdür. İndiki gənclərlə yaşlıların xasiyyəti tutmur. İstəyəndə buradan icazə alıb gedib bir-iki gün yanlarında qalıram.

– Yoldaşınızdan sonra evlənmək istəmədiniz?

– Belə də yaz: qadın bu yaşda kişi üçün PROBLEMdir. Problemdən uzaq durmaq lazımdır. Əgər Tanrı səni problemdən qoruyursa, deməli, onun bir bildiyi var.

– Bəs sizcə, insan üçün həyatda karyera vacibdir, yoxsa ailə?

– Mən həyatda hər şeydən üstün Tanrını tuturam, sonra ailəni, daha sonra tanış-bilişi, qohum-əqrabanı, sonda isə işi.

– İş üçün ailəsini tərk edib gedənlərə necə baxırsınız?

– Buna düzgün baxmıram. Ümumiyyətlə, pula, var-dövlətə aldanıb hansısa ölkədə işləməyə gedib axırda da uğursuzluqla geri dönəcəksənsə, heç getməsən yaxşıdır. Hər şeydən Vətən yaxşıdır. Burada bir parça çörəyin olsun, amma özünün olsun. Kiminsə sözünü götürməyəsən. Azad olmaq lazımdır.

“Bilirsən, qızım, valideynin qədrini bilmək lazımdır. O qədər övlad görmüşəm ki, valideyni rəhmətə gedəndən sonra onun qəbrinin üstündə göz yaşı tökürlər. Vaxtında ana-ata qədrini bilməyənlər onlar öləndən sonra ağlayırlar. Diri olan vaxt böyüklərin qədrini bilmək lazımdır”.

Bu sualı verib-verməmək arasında düşünürəm, sonra isə soruşuram:

– Dayı, sizcə, övladlarınız sizin qədrinizi bilirlər?

Özünəinamlı şəkildə “Mən onlardan razıyam”, – deyir: “Övlad necə olursa-olsun, onlar üçün Tanrıya dua etmək lazımdır. Övladlarımıza görə Tanrının yanında cavabdehik. Gecə-gündüz üç qızım üçün dua edirəm. Şükür ki, Tanrının əli onların üzərindədir”.

Kərim kişi ilə sağollaşıb içəri keçirik. Orada sonuncu müsahibim var: Müslümət Rzaxanova.

Onun otağının qapısını döyüb içəri keçirik. Otaqdakı masaüstü kompüter diqqətimi çəkir. Bizi görən Müslümət xanım “Bilmirdim indi gələcəksiniz, mən də rahat-rahat çay içirdim”, – deyir.

Biz otaqdan çıxırıq, Müslümət xanım hazırlaşıb yanımıza gəlir.

– Müslümət xanım, neçə yaşınız var?

– Səksən beş.

– Deyirlər, sizinlə həmkarıq.

– Uzun müddət – 46 il dövlət televiziyasında, AzTV-də çalışmışam.

– Sizin niyə yolunuz buradan keçdi?

– Övladlarımı böyütdüm, nəvələrimə toy elədim, hamını yerbəyer elədim. Sonra qızım və nəvəmlə bir yerdə qaldım. Sonra gördüm ki, onlar cavandırlar, sərbəst həyat yaşamaq istəyirlər. Beləcə, onlardan xəbərsiz özüm müraciət etdim, bura gəldim.

– Başqa övladınız var bəs?

– Oğlum həbsdədir. Allahın köməkliyi ilə onun çıxmasını gözləyirəm.

– Neçə ildən sonra azadlığa çıxır?

– Otuz iki ildir içəridədir. Ömürlük məhbusdur.

Təəccüblə soruşuram:

– Nəyə görə həbs olunub?

Müslümət xanım deyir:

“Oğru deyil, adam öldürməyib, ev yarmayıb”.

– Oğlunuz həbsə düşəndən sonra qızınızla yaşadınız?

“Yox. Oğlum yoldaşı ilə boşanmışdı. Mən qalıb nəvələrimi böyütdüm, əllərinə sənəd verdim, yerbəyer elədim. Axırda da dedilər ki, gözümüz səni görməsin. Məni məhkəməyə verdilər, adımı evin qeydiyyatından çıxardılar. Həmin ev mənə Ümummilli Lider Heydər Əliyev tərəfindən mükafat kimi təqdim olunmuşdu. Belə övladlar böyüdəndə adam heyifsilənir ki, ömrümü nəyə sərf eləmişəm”, – deyir.

– İndi nəvələriniz atalarının yanına gedirlər?

– Yox. Onlar balaca olanda mən aparırdım. Amma oğlum eşidəndə ki, onlar mənə belə rəftar edirlər, ondan sonra uşaqları da qəbul etmədi.

– Bəs yoldaşınız?

– Uşaqlar kiçik olanda yoldaşımla boşandıq.

– Nəyə görə boşanmısınız, deyə bilərsiniz?

Müslümət xanım gülə-gülə deyir: “Rusiyaya işləmək adı ilə getmişdi. Sonra elə orada da evlənib qaldı”.

Mənə elə gəlir ki, arada sevgi olmayan münasibətlərdə yaranan xəyanətdən illər sonra bax belə, gülə-gülə danışılır.

– İndi gülə-gülə danışırsınız, ancaq xəyanət ağır hissdir. Necə belə rahat danışırsınız? Sevib evlənməmisiniz?

– Məni güclə ərə vermişdilər. Elə bu da ürəyimdən olmuşdu. Verdim məhkəməyə, boşandım.

– Müslümət xanım, boşandınız, sonra övladlarınızı tək böyütdünüz. Heç yenidən ailə qurmaq barədə düşünmədiniz?

Heyifsilənərək deyir:

“Xeyr. İstədiyim tək şey qızımı və oğlumu söz-söhbətsiz, başıuca böyütmək idi. Əxlaqlı qadın olmuşam. Amma kaş ki, özüm haqqında da düşünərdim. Ömrümü övladlarıma həsr etdim”.

– Sizdən bunu soruşacaqdım: Sizcə, insan ömrünü uşaqlarına həsr etməlidir?

– Yox. Əgər biz uşağı əzizləyə-əzizləyə böyüdürüksə, sonumuz tənhalıqdır. Mənim yoldaşım yox idi. Uşaqlara həm ata, həm də ana oldum, hər şeyin yaxşısını onlar üçün etdim. Amma nə olsun ki? Qızım fikirləşir ki, mənim burada olmağım onları alçaldır. Amma normal münasibət görən kim evini, ailəsini atıb gələr ki? Kaş əvvəldən gələrdim. Nəvələrimin hərəkətlərinə dözərək çox əziyyət çəkdim.

– Neçə ildir buradasınız?

– Üç ildir.

– Dediniz ki, sizi zorla ərə veriblər. Neçə yaşınızda ailə qurmusunuz?

“Qızım, biz ləzgiyik. Heç soruşan olmadı ki, ay qız, ərə getməyə hazırsan? On beş yaşımda düz-qoş elədilər, verdilər ərə”, – deyir.

– Nə yaxşı ki, sonra oxuya bilmisiniz.

– Öz gücümə. O qədər çətin idi ki, həm uşaq böyütmək, həm oxumaq, həm də işləmək.

– Televiziyada nə işləmisiniz?

– Televiziyada müxtəlif sahələr üzrə çalışmışam. Məxfi sənədləri də çap etmək üçün məni aparırdılar. Sonralar “Qitələr, Hadisələr” verilişində aparıcı oldum. İşləyə-işləyə ali savadlı uşaqlar böyütdüm. Amma insan özünə qiymət verməlidir. Sən özünü nə qədər hörmətli tutsan, o qədər də hörmətli olacaqsan. Mən eləyə bilmədim, qızım.

– Övladınızı bağışlaya biləcəksiniz?

– Gecə-gündüz dua edirəm ki, İlahi, mən keçirəm, sən də keç. Onların ayağına daş dəydiyini eşitsəm, dözə bilmərəm.

Yenə də ana ürəyi...

Müslümət xanımla sağollaşıb otaqdan çıxıram. Dəhliz boyu addımladıqca gün ərzində eşitdiyim sözlər arxamca gəlirmiş kimi olur. Bir otaqda oğlunun uşaqlıq şəklini sinəsinə sıxıb onun həbsdən çıxacağı günü gözləyən ana, bir başqa otaqda qızlarına yük olmamaq üçün kənara çəkilən ata, o biri otaqda isə ömrünü övladlarına verib sonda yenə onların salamatlığı üçün dua edən qadın...

Burada heç kimin dərdi o birinin dərdinə bənzəmir. Amma hamısının baxışında eyni boşluq var. Sanki hər biri hansısa qapının açılmasını, hansısa telefonun çalmasını, illərdir eşitmədiyi doğma bir səsin “Necəsən?” deməsini gözləyir.

İnsan qocalanda çox şeydən vaz keçir. Geyimdən, rahatlıqdan, arzularından, bəzən öz evindən də. Amma övlad sevgisindən keçə bilmir.

Bəlkə də ona görə Mirvari xanım oğlunun uşaqlığı ilə yaşayır. Kərim dayı qızlarına yük olmamaq üçün özünü kənara çəkir. Müslümət xanım isə onu incidən övladını belə bağışlamağa hazırdır.

Çünki valideyn üçün övladın yaşı olmur. O, qırxında da, əllidə də, həbsxanada da, uzaqda da yenə həmin uşaqlıq şəklində qalır.

Bəlkə də insanın son imtahanı qocalıq deyil.

Ən ağır imtahan bir vaxt əlindən tutub yeriməyi öyrətdiyin övladın yolunu illər sonra qapı ağzında tək gözləməkdir.

Və daha ağırı odur ki, o qapı bəzən heç açılmır...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

# 199 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər