Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanla müsahibəsini təqdim edir.
Elmira Axundova – Hörmətli Mixail Solomonoviç, 1973-cü ildən 1986-cı ilədək Siz AGTK-nın – Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədr müavini olmusunuz. Bu nüfuzlu vəzifə XX əsrin 70-ci illəri – 80-ci illərinin əvvəllərində Azərbaycanda tez-tez keçirilən müxtəlif beynəlxalq aksiya və tədbirlərdə iştirakı da özündə ehtiva edirdi. Həmin dövrdə sizə Heydər Əliyevlə ünsiyyətdə olmaq, onun xüsusən də gənc kadrlarla iş üslubu və metodlarını müşahidə etmək qismət oldumu?
Mixail Qusman – Əlbəttə, həmin dövr üçün «ünsiyyətdə olmaq» ifadəsini işlətmək mənim tərəfimdən bir qədər cəsarətli görünə bilər, amma hər zaman demişəm və təkrar edə bilərəm ki, mənim gənc insan kimi sosial cəhətdən formalaşmağım bütünlükdə Heydər Əliyevlə bağlıdır. Biz hamımız – ən azı, mənim nəsildaşlarım – bunu yaxşı xatırlayırıq, nisbətən gənc olanlar da tarixi mənbələrə əsasən bilirlər ki, respublikanın partiya təşkilatının, faktiki olaraq isə, ölkənin rəhbərliyinə gəlişi ilə o, Azərbaycana yeni nəfəs gətirdi. Ciddi dəyişikliklər başladı, bu barədə çox yazıblar və bütün bunlar hamıya yaxşı məlumdur. Amma demək istəyirəm ki, bu dəyişikliklərin hamısı bizim – gənc insanların gözü önündə baş verirdi və bunlar bizim üçün böyük motivasiya və səmimi qürur amili idi.
Bilirsiniz, bizim gözümüzün qarşısındaca respublika yeni-yeni uğurlara imza atırdı və bunlar sadəcə sözdə baş vermirdi, ozamankı mərkəz tərəfindən ölkəmizin hər il layiq görüldüyü fəxri bayraqlarda, müxtəlif növ ali mükafatlarda öz əksini tapırdı. Bu proseslər həmişə təntənəli şəraitdə keçirdi, biz – komsomol işçiləri də həmin tədbirlərin təşkilinə cəlb olunurduq. Çox gənc, hələ 50 yaşı tamam olmamış, gücü və enerjisi aşıb-daşan Heydər Əliyev ətrafında olan hər kəsi öz enerjisi ilə yoluxdururdu. Və əlbəttə ki, bizlər – oğlanlar və qızlar üçün bu, gənclərin daim çox ehtiyac duyduğu lider obrazı idi.
Mən dəfələrlə demişəm ki, o zaman Sovet İttifaqına rəhbərlik edən Leonid İliç Brejnev – mən hələ də ona çox hörmət bəsləyirəm və onu müdrik sovet liderlərindən biri hesab edirəm – öz xalqını gözəl anlayırdı. Brejnev ilk səfərində «Bakı gözəl şəhərdir! Belə bir şəhərdə yaşamaq və işləmək xoşdur», bir neçə il sonra isə indi Heydər Əliyevin adını daşıyan Sarayın tribunasından «Azərbaycan iri addımlarla addımlayır» ifadələrini söyləyəndə, əlbəttə ki, biz Sovet İttifaqı rəhbərinin verdiyi bu qiymətdən fərəhlənmişdik. Amma mən bunu da düşünmüşdüm və bu gün də onu təkrarlamağa hazıram ki, Leonid Brejnev əvvəllər Moldovaya və Ukraynanın böyük regionlarından birinə rəhbərlik edib, Qazaxıstanda birinci şəxs kimi çalışıb, amma bu respublikaların heç biri barədə o belə ifadələr söyləməyib. Hərçənd Bodyul da, Kunayev də, Şerbitski də onun şəxsi dostları idilər. Amma Brejnev məhz bizim haqqımızda demişdi: «Azərbaycan iri addımlarla addımlayır». Bu, respublikanın sosializm yarışındakı, iqtisadiyyatın inkişafındakı göstəricilərinin nə dərəcədə inandırıcı olmasından xəbər verir. Göstəricilər isə, həqiqətən də, obyektiv idi.
Demək lazımdır ki, Azərbaycanın uğurları gənc komsomol işçilərini təkcə ruhlandırmırdı, həm də bizi daha fəal, daha enerjili olmağa, bütün varlığımızla ölkəyə xidmət göstərməyə vadar edirdi. Axı görürdük, respublikamızın lideri necə fədakarlıqla – mən başqa söz tapa bilmirəm – çalışır. Komsomolun Mərkəzi Komitəsində işləyirdik, biz də gec saatlaradək idarədə otururduq, baxırdıq ki, Heydər Əliyev işdən axşam saat 21:15-21:30-dan tez çıxmır. Yeri gəlmişkən o həmişə bu vaxt gedirdi ki, Bakı vaxtilə saat 22:00-da yayımlanan «Vremya» proqramına evdə baxsın. Amma hər gün 12 saat işləmək cəhənnəm əzabıdır axı. Mən bilirəm ki, o, respublika daxilində pambıqçılıq və üzümçülük rayonlarına müvafiq mövsüm zamanı və s. ezamiyyətə gedərkən nə qədər çox işləyirdi. Bunu mənə onunla səfərlərdə olan bir neçə nəfər danışmışdı. Az qala səhər saat 6-da oyanır və artıq saat 7-də sahələrdə olurdu. Qızmar günəş altında, hər hansı sığınacaqsız, kondisionerlərsiz… səhərdən axşamacan iclaslar keçirmək, adamlarla söhbət etmək, bütün xırdalıqlarla maraqlanmaq – bunlar heyranlıq yaratmaya bilməzdi. Digər tərəfdən, sualınızın cavabı kimi, bu həmin illərdə gənclərin necə yüksək motivasiya almalarından xəbər verir.
_1790772904.png)
E.A. – Bəlkə, həmin uzaq zamandan yaddaşınızda qalan maraqlı – kuryoz və ya dramatik bir epizodu xatırlayasınız? Əlbəttə, bizim mövzuya aid olsun.
M.Q. – Bir az irəli gedib, bütün ömrüm boyu unutmayacağım bir epizod barədə danışmaq istəyirəm. Moskvada, böyük qardaşım Yulinin o zaman direktoru olduğu Kino evində Maqsud İbrahimbəyovun ssenarisi üzrə filmin premyerası keçirildi. Bu, səhv etmirəmsə, 1989-cu il idi. Həmin vaxt Heydər Əliyev çoxdan istefada idi və ictimaiyyət arasında az görünürdü. Maqsud onu öz filminin premyerasına dəvət etdi. Siyasi Büronun keçmiş üzvü köhnə «Moskviç»də gəldi, maşını uzun illər onun mühafizəsinə rəhbərlik etmiş Saşa İvanov sürürdü. Səmimi desəm, mən bir qədər təəccübləndim, çünki Heydər Əliyevin böyük hökumət maşınlarından düşməsinə alışmışdım. Elə təəssürat yaranmışdı ki, sanki o, maşından düşmür, avtomobili qabıq kimi öz üzərindən soyub atır.
Mən onu qarşıladım, Heydər Əliyev zalda yerləşdi. Film bitdi, o, Maqsuda müəyyən xoş sözlər dedi, mən yanaşı oturmuşdum. Qısa fasilədən sonra Maqsud razılıq alacağına ümid eləmədən, nəzakət xatirinə təklif etdi: «Heydər Əliyeviç, balaca bir banketimiz olacaq. Elə burada, Kino evində. Bəlkə, bizə qoşulasınız?» Mən yüz faiz əmindim ki, Heydər Əliyev imtina edəcək. O isə dedi: «Niyə də olmasın? Məmnuniyyətlə». Buradaca mötərizə içərisində qeyd edim ki, bunun tamamilə konkret izahı vardı. Həmin vaxt müxtəlif bədxahlar – açıq desək, Heydər Əliyevin düşmənləri hər cür şayiə yayırdılar, cürbəcür sifarişli yazılar yazırdılar ki, guya onunla bağlı hansısa hüquqi prosedurlar baş verir, az qala Heydər Əliyev barəsində cinayət işi açmaq istəyirlər. Əlbəttə, mən onun bütün bunlardan nə qədər narahatlıq keçirdiyini anlayırdım. O zaman internet yox idi və vəziyyəti geniş auditoriyaya izah etmək mümkün deyildi, buna görə də Heydər Əliyeviç bu cür spesifik publikanın arasına çıxmaqla imkandan, sözün yaxşı mənasında, yararlandı. Orada məşhur kino aktyorları, rejissorlar çox idi. Heydər Əliyev başa düşürdü ki, söhbət dərhal Moskvada yayılacaq.
Elə buradaca Maqsud mənə yaxınlaşır: «Xahiş edirəm, Heydər Əliyeviçin yanında otur, çünki sən bizim sənət xadimlərini tanıyırsan. Bilirsən də, onların dillərinə içki dəyən kimi çəngəllə danışmağa başlayırlar». Anladım ki, başqa yol yoxdu və vəziyyətə uyğunlaşmaq lazımdır. Təsəvvür edirsiniz, Heydər Əliyevin yanında, özü də bu cür qeyri-rəsmi tədbirdə özümü necə gərgin hiss edirdim. Dərhal düşündüm ki, neyləyim, necə davranım ki, şəraitə uyğun olsun və vəziyyəti bir qədər korrektə edə bilim. Qərara gəldim ki, Heydər Əliyeviçə uzun illər Bakıda onunla bağlı gəzən zarafat və əfsanələri danışım. Məsələn, azərbaycanlı qəhrəman-kəşfiyyatçı barədə «Uzaq sahillərdə» filmindən məşhur «Mixaylo şəhərdədir» ifadəsini onun haqqında söyləyirdilər. Bir sözlə, kifayət qədər zarafat yığılmışdı. Heydər Əliyeviçin isə, əla yumor hissi vardı, yaxşı zarafatı sevir və anlayırdı. Başa düşdüm ki, düzgün xətti tutmuşam. Məsələn, onun çox xoşuna gələn bir zarafatı da xatırladım. Ona dedim ki, Bakıda belə bir əfsanə dolaşırdı, inanırsınız – səhər Bakıda hava pis – buludlu, yağışlı ola bilərdi. Amma o harasa gedirdisə və ya hardasa Heydər Əliyevin çıxışı nəzərdə tutulurdusa, dərhal hava açılır, gün çıxırdı. Mən özüm Lenin meydanında belə bir tədbirin şahidi olmuşdum: Mərkəzi Komitənin birinci katibinin gəlişinə qədər hava tutqun idi, yağış çisələyirdi, amma içərisində Heydər Əliyev olan maşın meydanda görünən kimi buludlar dağıldı və günəş göründü. Qısaca desəm, tədbir bitdi, insanlar meydandan dağılışmağa başladılar və mən meydanın çıxış hissəsində Azərbaycan Teleqraf Agentliyinin uzun illər direktoru və həm də, Heydər Əliyeviçin spiçrayterlərindən biri olmuş Yefim Qriqoriyeviç Qurviçlə rastlaşdım. Ona yaxınlaşıb, qılığına girmək istədiyimi gizləmədən dedim: «Yefim Qriqoryeviç, əzizim, əbəs yerə demirlər ki, Heydər Əliyeviçin, yəqin ki, göylərin dəftərxanası ilə müəyyən əlaqəsi var». Qurviç səmaya işarə edərək, tamamilə ciddi şəkildə cavab verdi: «Hə, əlbəttə, orada ağıllı adamlar oturub. Ona niyə baş qoşsunlar axı?» Səmimi deyim, bu, Qurviçin sözləri idi. Amma bu əhvalatı Əliyevə danışarkən mən hər ehtimala qarşı «baş qoşmağı» «niyə onu əsəbiləşdirsinlər ki» ifadəsi ilə əvəz elədim. Bu əhvalat onun çox xoşuna gəldi...
İkinci epizod da var, fikrimcə, bu həmin dövrdə Heydər Əliyevin vəziyyətindən xəbər verən səciyyəvi məqamdır. Gennadi Xazanovun Estrada Teatrında keçirilən yaradıcılıq gecəsinə getmişdim. Birdən gördüm ki, Heydər Əliyeviç qızı Sevillə zala daxil oldu. Dostum Gena Xazanovun jesti barədə danışmağı da özümə borc bilirəm, çünki Heydər Əliyeviçin işdən çıxdığını və ovaxtkı hökumət üçün arzuolunmaz şəxs olduğunu yaxşı bilsə də, Xazanov alqış sədaları altında səhnəyə qalxan kimi – çıxışına başlamamış hər kəsin qarşısında konsertə gəldiyi üçün Heydər Əliyevə təşəkkür etdi. Həmin anda Genanın bu addımını çox ləyaqətli davranış kimi qəbul etdim.
Tamaşa bitdi, Heydər Əliyeviç qızı ilə zaldan çıxdı, mən bir az aralıda addımlayırdım, sonra onlara çatdım. Seva məni görüb dedi: «Ata, bax, Mişa buradadır». Heydər Əliyeviç dayandı, geri döndü və mənimlə söhbət etməyə başladı. Anladım ki, bunu həm də zaldan çıxan böyük kütlənin onu görməsi üçün edir. Çoxları dayandılar, axı onlar Heydər Əliyevi birinci dəfədir həyatda görürdülər, kiminsə fotoaparatı vardı, kameraların çıqqıltısı eşidildi. Düşünürəm ki, Heydər Əliyev istəyirdi, xalq görsün: əvvəla, o, sağ və sağlamdır, özünü yaxşı hiss edir, bütün bu iyrənc söz-söhbətlər, böhtanlar ona təsir eləmir, yaxşı əhvali-ruhiyyədədir, söhbətləşir, Xazanovun konsertini müzakirə edir. Beləcə biz 8-10 dəqiqə danışdıq və ayrıldıq...
_1790772805.png)
E.A. – Bunlar çox maraqlı epizodlardır və sizi də müsbət tərəfdən xarakterizə edir. Həmin dövrdə çoxları Heydər Əliyevlə hətta salamlaşmaqdan belə çəkinirdilər. Mən bunu Bakıda, 1991-ci ildə, Milli Məclisin iclaslarından əvvəl və sonra görmüşəm, orada çox zaman «Literaturnaya qazeta»nın xüsusi müxbiri kimi iştirak edirdim. Heydər Əliyevin yanından düz keçir, onu görməzdən gəlirdilər.
M.Q. – Bu onun keçmiş həmkarlarının bəzilərinin elementar əxlaqsızlığından xəbər verir. Belə şey mənim ağlımdan da keçməyib. Mənim üçün Heydər Əliyeviç həmişə, bütün zamanlarda böyük şəxsiyyət və əsl lider idi.
E.A. – Heydər Əliyev Bakıya və sonra Naxçıvana qayıdanda onunla ünsiyyət saxlayırdınızmı?
M.Q. – Yox, imkan düşmədi. Mən Moskvada yaşayıb işləyirdim axı.
E.A. – Siz Heydər Əliyeviçlə onun ölkə rəhbərliyinə artıq ikinci dəfə gəlişindən sonra da görüşmüşünüz. Bu nə zaman və hansı şəraitdə baş verdi?
M.Q. – Bizim həmin həlledici müsahibəyə qədər də bir neçə görüşümüz olmuşdu. Fikrimcə, onlardan biri çox vacib idi. Bir zamanlar mən böyük Amerika kardiocərrahı Maykl Debeyki ilə dostlaşmışdım, o, Rusiya Prezidenti Boris Yeltsinin ürək əməliyyatı zamanı elmi məsləhətçi olmuşdu. Debeykinin Azərbaycan və Qazaxıstanla bağlı müxtəlif planları vardı. Bir gün Debeyki mənim dəvətimlə Bakıya gəldi və Heydər Əliyev onu qəbul etdi.
E.A. – Maraqlıdır. Bəs bu iki görkəmli şəxsiyyətin görüşü necə keçdi? Siz bu görüşdə iştirak edirdinizmi?
M.Q. – Bəli. Deməliyəm ki, bu olduqca gözəl, tamamilə unikal bir görüş idi. Burada bir neçə məqam vardı ki, onlar barədə danışmaq lazımdır. Birincisi, Heydər Əliyev anlayırdı ki, dünyanın bir nömrəli kardiocərrahı ilə danışır. Digər tərəfdən, Heydər Əliyev əvvəllər miokard infarktı keçirmişdi və onların çox maraqlı söhbəti oldu. Bu söhbət həm ümumi siyasi xarakter daşıyırdı, ənənəvi nəzakət çərçivəsində fikir mübadiləsi edirdilər. Amma bu zaman müəyyən suallar yarandı və mən başa düşdüm ki, Prezident öz ürək problemlərini açıq tekstlə söyləmədən ona ürək-damar cərrahiyyəsi, infarktın müasir müalicə metodları və s. ilə bağlı ümumi suallar verir, yəni Debeykinin cavabları vasitəsilə özü üçün bəzi şeyləri müəyyənləşdirir. İki nəhəng şəxsiyyətin söhbətini izləmək böyük zövq idi, çünki onların bir-birinə maraq duymaları hiss olunurdu. Eyni zamanda onların hər biri hansı miqyasda şəxsiyyətlə söhbətləşdiyini anlayırdı.
Debeyki 100 illiyinin astanasında dünyasını dəyişdi. Görüş zaman isə onun 90-a yaxın yaşı vardı, amma o, əvvəlki kimi, böyük enerjiyə, qeyri-adi intellekt və nikbinliyə malik idi.
Sonra isə mən Rusiya KİV rəhbərlərinin böyük bir qrupunun Bakıya səfərini təşkil etdim. Onların arasında gözəl jurnalistlər vardı və deməliyəm ki, bu söhbət də olduqca maraqlı keçdi. Bugünədək də iştirakçılar həmin görüşü xatırlayırlar, müəyyən detalları ləzzətlə yada salırlar, hansısa maraqlı epizodlara təkrar müraciət edirlər. Sonra mənim üçün bir vacib hadisə də baş verdi – Heydər Əliyev Moskvaya rəsmi səfərə gəldi və bizim TASS agentliyinə baş çəkmək dəvətimizi qəbul etdi. O, burada mətbuat konfransı keçirdi – həmin tədbirin aparıcısı mən idim, sonra Heydər Əliyeviç baş redaktorlarla nahar etdi. Bu, unudulmaz görüşlər idi. O epizodlar barədə saatlarla danışa bilərəm. Çünki həmkarlarımın, Rusiya KİV rəhbərlərinin maraqdan alışıb yanan gözlərini hələ də xatırlayıram, onların hamısı təcrübəli adamlardır, çox şey görüblər, çox şey bilirlər, sadə adamlar deyillər. Onlar Prezidentə əfsunlanmış nəzərlərlə baxırdılar. Çünki bu, müdriklər müdrikinin söhbəti idi və Heydər Əliyev hiss edirdi ki, sözləri, mesajları auditoriyaya çatır. Yarıməzəli epizodlar oldu, məsələn, sovet dövründə məşhur olan, həmin vaxt isə fəaliyyəti çox sönükləşmiş bir qəzetin baş redaktoru qəfildən Heydər Əliyevə müraciət edərək dedi: «İstərdim ki, bizim qəzetin Azərbaycanda nümayəndəliyi açılsın, onu sizdə də nəşr edək». Heydər Əliyeviç sakitcə cavab verdi: «Nə deyim, pis fikir deyil». Sonra sözgəlişi soruşdu: «Bəs sizin orada abunəçiləriniz çoxdur?» Və hörmətli həmkarımın həddindən artıq böyük iddialarının olduğunu gözəl anlayan auditoriyadan gülüş qopdu. Amma Prezident etiraz etmədi, sadəcə sual verdi ki, «sizin orada abunəçiləriniz çoxdur?» Baş redaktor özünü itirdi və dərhal aydın oldu ki, bu, mənasız fikirdir. Bu kiçik sual Heydər Əliyeviçin vəziyyəti necə dərindən və predmetli şəkildə anladığını çox gözəl çatdırır.
Bununla belə, mən «Hakimiyyət düsturu» adlı verilişdəki həmin mühüm müsahibəni özüm üçün ən vacib görüş sayıram, yeri gəlmişkən, 2025-ci ildə bu proqramın 25 yaşı olur. Qeyri-təvazökarlığa yozmayın, amma mənim qəhrəmanlarımın arasında 450 dövlət və hökumət başçısı, ölkə lideri, monarx və s. olub. Bununla belə, bütün səmimiyyətimlə, açıq və mübaliğəsiz deyirəm, Heydər Əliyevlə görüşdən daha vacibi, daha mühümü və məndə daha güclü təəssürat oyadanı olmayıb.
Əlbəttə, bunu həm də onunla əlaqələndirmək olar ki, mən Heydər Əliyevi gənc yaşlarımdan öz liderim saymışam, onu müşahidə etmişəm, amma məsələ təkcə bunda deyil. Bu, hər şeydən öncə Heydər Əliyev şəxsiyyətinin öz unikallığı və fenomenallığı ilə bağlıdır. Həmin müsahibənin kiçik müqəddiməsi də var: müraciətimin daha təsirli alınması üçün mən TASS-ın baş direktoru Vitali İqnatenkodan Bakıya gəlməsini xahiş etmişdim. Müsahibə barədə xahiş məktubunu da o, şəxsən imzalamışdı. Biz gəldik, Prezident sarayındakı xüsusi məkanda avadanlığı və kameraları qurduq. Oturub gözləyirik. Birdən Prezidentin köməkçisi daxil olur və deyir ki, Heydər Əliyev bizi öz yanına dəvət edir. İqnatenko ilə onun yanına gedirik, otururuq və Prezident söhbət etməyə başlayır. Özü də İqnatenko Mərkəzi Komitədə işləmişdi, onların bir vaxtlar ünsiyyətləri olmuşdu. Ümumi tanışlarını xatırladılar. Heydər Əliyev sonra İqnatenkoya dedi: «Qulaq as, Vitali, bax Mixail mənə televiziyaya müsahibə verməyi təklif edir. Necə düşünürsən, bunu eləməyə dəyər, ya yox?» Həmin anda içimdən üşütmə keçdi. Anlayırdım ki, bu, bir növ sınaqdır. O, İqnatenkonun reaksiyasını gözləyirdi. Cavabında İqnatenko onu həvəslə əmin etməyə başladı ki, əlbəttə, Heydər Əliyeviç, bu çox yaxşı verilişdir, ona bir çox ölkələrdə baxırlar və s. «Yaxşı, – Heydər Əliyeviç cavab verdi – məsuliyyət sənin boynundadır». Həmin an mənim vəziyyətimi təsəvvürünüzə gətirin!
Qısası, mənim 20 dəqiqə vaxt istədiyim müsahibə başlayır. Biz onunla danışırıq, arxamdakı divarda isə saat asılıb. Söhbət gedir, mən, təbii ki, saata baxmıram. Qəfildən Heydər Əliyeviç deyir: «Qulaq as, Mixail, sən məndən 20 dəqiqə istəmişdin, amma biz artıq bir saatdan çoxdur ki, danışırıq». Bundan sonra daha qırx dəqiqə söhbətləşdik, yəni çəkiliş faktiki olaraq iki saata yaxın davam etdi... Özü də bu, müəyyən bir həqiqət anı idi, Heydər Əliyeviç elə şeylərdən və elə şəkildə söz açırdı ki, bundan əvvəl və sonra heç kəsə belə danışmamışdı. Nəsə çox məhrəm söhbətlər idi. Mənsə oturmuşdum və təkcə dinləmirdim, həm də bu ünsiyyətdən aldığım həzz bütün varlığımı bürümüşdü. Heydər Əliyev Andropovun dəvətindən, ona vəzifə təklif etməsindən və özünün razılaşmamağından danışırdı. Yəni bir yığın maraqlı detal vardı.
İndi mən nə edəcəkdim? Bir tərəfdən, hədsiz dərəcədə maraqlı söhbətə heyran qalmışdım, o biri tərəfdən mənim vaxt məhdudiyyətim vardı axı. Zəng vurub, Konstantin Ernsti – birinci kanalın direktorunu tapmağa çalışdım. O isə həmin vaxt Avstraliyada idi. Gecənin bir aləmində Ernstə zəng vurdum və dedim: «Konstantin Lvoviç, bax əhvalat belədir. Gəlin heç olmasa, verilişi iki hissə edək». Nəticədə istədiyimə nail oldum və bu, 25 il ərzində yeganə proqram idi ki, iki hissədə verildi.
Əlbəttə, bu verilişdə bir məqam xüsusilə diqqəti çəkirdi. 2001-ci il idi. Mən sual verdim ki, oğlunuz İlhamın gələcəyini necə görürsünüz? Heydər Əliyeviç çox müdrik cavab verdi: «Bilirsinizmi, hər kəs bacardığı işi görməlidir. Görürəm ki, İlhamda siyasətlə məşğul olmaq alınır».
Ertəsi gün «Moskovskiye novosti» qəzetində – o dövr üçün ən məşhur qəzetdə Viktor Loşakinin məqaləsi dərc olundu. Yazı belə başlayırdı: «Heydər Əliyev öz varisini müəyyən edib». Bu cəmisi bir neçə kəlmə peyğəmbərcəsinə düşünülmüşdü və xoşbəxtlikdən, o, tamamən çin oldu.
_1790772828.png)
E.A. – Mixail Solomonoviç, XX əsrin 90-cı illərinin əvvəllərində baş verənləri bugünkü mövqedən necə qiymətləndirirsiniz? Heydər Əliyevin ciddi siyasi renessansını və onun hakimiyyətə təntənəli qayıdışını nəzərdə tuturam.
M.Q. – Bilirsiniz, Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyimizin üstündən o qədər də çox zaman keçməyib. Yubileyə hazırlaşarkən mən xatırladım ki, buna oxşar bir ifadə var: «Böyük nəsnələr uzaqdan görünür». Əgər məsafə deyərkən məkanı yox, zamanı nəzərdə tutsaq, mən tam əminliklə söyləyə bilərəm ki, onun gedişinin üzərindən keçən zaman artdıqca Heydər Əliyevin şəxsiyyəti mənim aləmimdə, mənim düşüncəmdə getdikcə daha da nəhəngləşir, onun əhəmiyyəti inanılmaz dərəcədə artır. Bunlar boş sözlər deyil. Günü-gündən mən – həm də sənin kitabların və bir çox başqa materiallar sayəsində – buna daha çox əmin oluram. Sənin kitablarına gəlincə, bu təkcə ən müxtəlif adamların xatirələri deyil, həm də böyük və əziyyətli əməkdir, buna görə də sənə xüsusi təşəkkür düşür.
… Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində mən onun barəsində film çəkməyi düşündüm. Hərçənd gənclik illərindən, DTK-dakı işindən bu yana bu şəxsiyyətin həyatı barədə film çəkmək ağlasığmaz hazırlıq prosesi tələb edir. Amma mən öz ekran əsərimi bir dramatik epizoddan – 11 may 1987-ci ildən başladım. Doğum günündən sonra o, miokard infarktı keçirmişdi. Filmdə mən tarixçəni oradan başlayıram. Bu infarktdan sonra onun ömrünün sonuna 16 il – çox mürəkkəb, inanılmaz dərəcədə zəngin, epoxal hadisələrlə dolub-daşan 16 il qalırdı. Və mən atamın sözlərini xatırlayıram – o, Bakıda tanınmış terapevt-kardioloq idi. Atam deyirdi ki, Heydər Əliyevin yaşadığı infarktdan sonra insan əlil sayılır. Bundan sonra onun ürəyi elə vəziyyətdə idi ki, o, istənilən anda faciəli şəkildə dayana bilərdi. Heydər Əliyev bunu bilirdi. Buna görə də onun dövlət işində keçirdiyi həmin 16 il hər gün həyatını təhlükəyə məruz qoyan adamın şücaəti idi. Atam öz xəstələrinə deyirdi ki, belə infarktdan sonra təmiz havada gəzmək, bulvarda nərd oynamaq, nəvələrlə məşğul olmaq lazımdır, işdən, xüsusən də daim gərginliklə müşayiət olunan siyasətlə məşğul olmaqdan isə söhbət gedə bilməzdi.
Həmin dövrün məlumatlarını dərindən öyrənəndən, bir qalaq məqalə və kitabı ələk-vələk edəndən sonra anladım ki, həmin 16 il nə deməkmiş. O, Moskvadan Bakıya, sonra Bakıdan poçt təyyarəsində Naxçıvana necə uçub, bacısının evində necə yaşayıb, insanlarla necə ünsiyyət saxlayıb. Heç kəs və heç nə Heydər Əliyevin böyük siyasətə qayıdacağını vəd etmirdi. Yalnız ağlasığmaz dərəcədə güclü iradəsi, fantastik siyasi istedadı onun xalqın çağırışına cavab verməsinə və onu xilas etməsinə səbəb oldu.
İndi biz sizinlə bu barədə üzərindən müəyyən zaman keçəndən sonra danışırıq, amma bir düşünün, siyasi hadisələrin qaynar burulğanına atılmalı olduğunu anlayan bu dahi insanın qəlbində və düşüncələrində nələr baş verirdi. Həmin vaxt o artıq respublika parlamentinin deputatı idi, sonra isə Naxçıvan Ali Məclisinin rəhbəri oldu, həyatı və məişəti az-çox qaydasına düşmüşdü. Amma indiki nöqteyi-nəzərdən belə görünür ki, Bakıda onun həyatı hamar və rahat keçib. Yox, bu, özünü doğma vətəninə hər gün getdikcə daha çox qurban verən adamın güclü səyləri idi. Üstəlik, təkrar edirəm, o başa düşürdü ki, ürəyi buna dözməyə bilər. Bunu təsəvvür etmək mümkün deyil. Xatırlayırsınızsa, sovet dövründə miokard infarktını «ürək partlaması» adlandırırdılar. Odur ki 11 may 1987-ci ildən sonra Heydər Əliyevin bütün həyatı son anadək «ürək partlaması» idi.
E.A. – Qeyri-adi yanaşmadır. Hətta mənim ürəyimdən də üşütmə keçdi.
M.Q. – Onun artıq 70 yaşı vardı. Deyə bilərdi ki, mən sizə kömək edərəm, müəyyən məsləhətləri verərəm və ya nəsə təklif edərəm. Amma bunların heç birini etmədi! O, başa düşürdü ki, vəziyyəti yalnız özü xilas edə bilər. Özünüz düşünün: xəzinə boşdur, Azərbaycanı parçalayıb hissələrə bölürlər, böyük-böyük əmilər dişlərini qıcayırlar, Rusiya ilə, Yeltsinlə münasibətlər gərgindir. Heydər Əliyevi əvvəlcə Qərbdə qəbul etmirdilər, İranla problemlər vardı və s. və i.a. Belə bir şəraitdə onun inanılmaz siyasi və insani mətanəti hadisələrin inkişafının gələcək vektorunu müəyyən etdi.
Daha bir vacib məqam: bütün böyük, çox müdrik adamlar kimi, Heydər Əliyeviç, öz şəxsiyyətinin miqyasını anlayırdı. Bununla yanaşı, təvazökar adam kimi, o həmin bu miqyası vurğulamağa və özünü hər kəsdən yüksəkdə tutmağa əsla çalışmırdı.
E.А. – Heydər Əliyev hətta bir dəfə ona büstünümü, heykəltaraşlıq əsərinimi gətirmək istəyən Tahir Salahovdan da incimişdi ki, heykəlimi mən olmayanda ucaldarsan, sağlığımda bunu eləmək lazım deyil.
M.Q. – Söhbətimizə qayıdaraq, qeyd etmək istəyirəm ki, mən özümü zaman keçdikcə miqyası getdikcə daha çox aydınlaşacaq adamın yanında hiss edirdim, onunla bağlı hələ müəyyən yeni ideyalar, qərarlar açılacaq. Doğrudan da, yanında, üzbəüzündə olan adamı bütünlükdə görmək imkanın olmur…
E.А. – Mixail Solomonoviç, Siz Heydər Əliyevi 70-ci illərdə görmüsünüz, 80-ci illərdə onun fəaliyyətini izləmisiniz. 80-ci illərin sonlarında, Heydər Əliyev istefada olanda da onunla ünsiyyət saxlamısınız. Və birdən-birə, 2000-ci illərin əvvəllərində ondan müsahibə aldınız. Heydər Əliyev Sizə necə təsir bağışladı, onda, xarakterində sovet dövrü ilə müqayisədə nəsə dəyişmişdimi? Yoxsa elə əvvəlki kimi qalmışdı? Yəni yeni tarixi mərhələdə o sizə necə təsir bağışladı? Artıq Sovet İttifaqı yox idi, Azərbaycan isə müstəqillik qazanmışdı…
M.Q. – Öz siyasi təcrübəmə əsaslanan bir ehtimalı söyləməyə cəsarət edirəm: sovet respublikalarının siyasətçiləri arasında ən uğurlu liderlərdən olan Heydər Əliyeviç eyni zamanda anlayırdı ki, sovet dövrünün oyun qaydaları belə idi – respublikanı mərkəzi nəzərə alaraq idarə etməli idi. SSRİ dövründə o, tam hakimiyyətə malik deyildi. Əlbəttə, Leonid Brejnevin Heydər Əliyevə bütün hörmət və sevgisinə rəğmən, istənilən halda, ən böyük ideya və layihələr o zaman ən yuxarılarla razılaşdırılmamış icra oluna bilməzdi. Kimsə paxıllıq edirdi, kimsə qısqanırdı və Heydər Əliyev bu mürəkkəb şəraitdə manevr etməyə məcbur idi.
E.А. – Heydər Əliyev sonrakı çıxışlarında açıq etiraf edirdi ki, Moskvanı nəzərə almaqla hərəkət etməyə məcbur idi.
M.Q. – Əlbəttə, başqa necə ola bilərdi ki? Onun icrasına fürsət tapmadığı bir layihəni xatırlayıram – Azərbaycanın Sovet İttifaqının üçüncü kurort zonasına çevrilməsi. Buna sadəcə vaxt qalmadı.
Heydər Əliyevlə 2001-ci ildə qarşılaşanda mən bir tərəfdən öz müstəqil ölkəsində mütləq hakimiyyət sahibi olan adamla danışırdım. Digər tərəfdən, tam hakimiyyətə malik olsan da, bəzən şərait, vəziyyət, xarici və ya daxili amillər sənin əl-qolunu bağlayır. Amma bu artıq başqa cür baş verir. Buna görə də anladığım qədərilə o, düşündüklərini öz tale yükünə, öz zaman perspektivinə uyğun ölçüb-biçməyi bacarmalıydı. Başa düşürsünüz: 46 yaşında plan qurmaq ayrıdır, 70 yaşında bir ayrı.
Məndə dərin təsirini buraxmış kiçik bir epizodu misal gətirəcəyəm. Sizə Heydər Əliyevlə Maykl Debeykinin görüşü barədə danışdım. Məşhur kardioloq öz köməkçisi ilə gəlmişdi və onlar Bakıda ultramüasir hospitalın tikintisi planını gətirmişdilər. Debeykinin həmin vaxt doxsana yaxın yaşı vardı, Heydər Əliyevin isə 70 yaşına az qalırdı. Həmin hospital isə mərhələli şəkildə, 25 ilə tikilməli idi. Heydər Əliyev məşhur kardioloqa nəzər saldı və mən onun gözlərində istehzalı qığılcımları gördüm. Yəni 90 yaşlı bir adam gəlir və yaşı az olmayan başqa bir adama həvəslə 25 illik inkişaf mərhələsi olan hospital tikməyi təklif edir.
Sözümü ona gətirirəm ki, 2001-ci ildə mən Heydər Əliyevi görəndə başa düşürdüm ki, bu adamın planları onun öz həyat təcrübəsinə deyil, Azərbaycanın gələcəyi ilə bağlı strateji təsəvvürlərinə əsaslanır. Öz filmimdə mən bir məqamı da göstərmək istəmişəm ki, o yalnız yeni ölkənin bünövrəsini qura bildi. Heydər Əliyev bu dövləti xilas etdi, onu düşmənlərdən, hər cür pisliklərdən təmizlədi və hakimiyyətdə olduğu illərdə yeni dövlətin möhkəm bünövrəsini qoya bildi. Amma ölkəni ucaltmaq vəzifəsini o, növbəti nəsillərə miras qoydu. Məhz buna görə də mən həmişə demişəm və deyəcəyəm ki, İlham Əliyevi varis seçərkən Heydər Əliyev onun öz oğlu olduğunu ən sonda düşünüb. O, uzun illər İlham Əliyevi öz işini davam etdirməyə, onun ideya və planlarını başa çatdırmağa və bundan da irəli getməyə qadir siyasi fiqur, dövlət xadimi kimi müşahidə edib. Əminəm ki, İlham Əliyevə həmin bünövrə üzərində müasir Azərbaycanın əzəmətli binasını qurmağı bacaracaq adam kimi mütləq inamı ona bu seçimi etməyə imkan verib. Və sonrakı iyirmi ildən bir qədər çox müddət ərzində İlham Əliyev nəinki atasının seçiminin qeyd-şərtsiz doğruluğunu sübut etdi, həm də görkəmli siyasətçi və dövlət xadimi, müasir mərhələdə ölkənin gerçək lideri kimi özünün güclü enerjisini və parlaq istedadını əminliklə göstərə bildi.
E.A. – Heydər Əliyevin kütləvi informasiya vasitələrinə münasibəti necə idi? Bax siz onun Rusiyanın aparıcı nəşrlərinin baş redaktorları ilə ünsiyyətini, onların bu görüşü illər sonra da heyranlıqla yada saldıqlarını xatırladınız. Ümumiyyətlə, o, mətbuata necə münasibət bəsləyirdi, KİV nümayəndələrində ən çox nəyi qiymətləndirirdi? Axı Heydər Əliyevin bioqrafiyasının ən xoş və eləcə də xoşagəlməz məqamları mətbuatla bağlıdır.
M.Q. – Gördükləri işin əhəmiyyətini anlayan bütün böyük, güclü, dərin şəxsiyyətlər kimi, Heydər Əliyev xüsusən də sovet dövründə mətbuatı dövlətə quruculuq işlərində yardım göstərməli olan vacib təsisat kimi qəbul edirdi. Məsələn, mənim yaxşı yadımdadır ki, o, birinci səhifədə gedən və xüsusən də özü ilə bağlı olan fotoşəkillərə necə diqqətlə yanaşırdı. AzTAq-da ölkənin birinci adamı ilə işləyən iki fotoqraf vardı – Yefim Rubençik və Yaşar Xəlilov. Mən özüm şahidəm ki, Heydər Əliyev nəşrə gedəcək, necə deyərlər, «xalq arasına» çıxacaq fotoşəkilləri şəxsən təsdiq edirdi. Məsələ onun necəsə yaxşı görünmək istəməsində deyildi, sadəcə o anlayırdı ki, fotoşəkil – insanlara ideoloji təsir vasitəsidir. Burada hətta başın dönüşü, təbəssüm, əl sıxma, qalstukun necə bağlanması da çox vacib rol oynayır…
İkincisi, Heydər Əliyev qəzetləri diqqətlə oxuyan siyasətçilərdən idi. O, Azərbaycan dilində nəşr olunan «Kommunist» və rusdilli «Bakinski raboçi» qəzetlərini əvvəldən-axıra (sözbəsöz) oxuyurdu. «Vışka»nı da, «Bakı» qəzetini də, Azərbaycanın digər mətbu orqanlarını da diqqətlə nəzərdən keçirirdi.
E.A. – Bilirsiniz, o hətta ədəbi-bədii nəşrləri, məsələn, «Azərbaycan» jurnalını oxuyurdu. Sonra isə Yazıçılar İttifaqının rəhbəri İmran Qasımova zəng edib öz fikirlərini bildirirdi.
M.Q. – Heydər Əliyev «Pravda» və «İzvestiya» qəzetlərini diqqətlə mütaliə edirdi. Bakıda kimin «Pravda»nın, kimin «İzvestiya»nın xüsusi müxbirinin olması onun üçün həmişə vacib idi. Bəlkə də, sözlərim təbəssüm doğuracaq, amma əgər yadınızdadırsa, Leninin belə bir məşhur ifadəsi vardı: «Qəzetlər təkcə kollektiv təbliğatçı deyil, həm də kollektiv təşkilatçıdır». Məsələ o deyil ki, Heydər Əliyev bu sözləri xatırlayırdı, təbii ki, bunu unutmamışdı. Amma o başa düşürdü ki, burada dərin məna gizlənir. Sovet dövründə KİV – qəzetlər və yenicə dünyaya göz açmaqda olan televiziya, radio – sovet adamları üçün böyük tərbiyəvi rol oynayırdı. Nəhəng miqyaslı siyasətçi kimi, onun üçün əsas olmayan alət yox idi. Bütün vasitələr, ilk növbədə də mətbuat mühüm idi.
O, jurnalistləri müntəzəm qəbul edirdi. Qəzetlərə zəng edib, bu və ya digər məqalə ilə bağlı öz fikrini söyləyə bilərdi. O zaman AzTaq mühüm rol oynayırdı, sonradan bu agentlik «Azərinform» adlanmağa başladı. Heydər Əliyeviç bəzən gündə bir neçə dəfə Yefim Qurviçə zəng vururdu. Ən əsası, əks-əlaqə də vardı, Yefim Qriqoryeviç özü mənə danışırdı ki, o, Heydər Əliyeviçə telefon açıb bu və ya digər materialla bağlı məsləhətləşə bilirdi. Onun rəhbərlə telefon əlaqəsi qurmasına imkan yaradırdılar...
Müstəqil Azərbaycan dövrünü götürsək, o, KİV-in başında sınanılmış, etibarlı, korrupsiyaya uğramamış peşəkar jurnalistlərin durmasına diqqət yetirirdi. Anlayırdı ki, söz azadlığı, senzuranın ləğvi, rəqabət şəraitində çox vacibdir ki, KİV-dən dövlətin, ölkənin siyasi xəttinin əleyhinə istifadə olunmasın. O, jurnalistlərdən dürüstlük, əxlaq və vicdanlılıq tələb edirdi.
_1790772878.png)
E.A. – Səfərlərdə jurnalistlərlə ünsiyyət qurarkən Heydər Əliyev tez-tez deyirdi: «Həqiqəti yazın».
M.Q. – Və o, yüz faiz haqlı idi, çünki Heydər Əliyevin işlədiyi dövrdə ən yaxşı təbliğat həmişə həqiqət olmuşdu. Daha bir epizod: 1979-cu ildir, Heydər Əliyev artıq 10 ildir hakimiyyətdədir. Sanki hər şey yaxşıdır, respublika necə deyərlər, yüksəliş dövrünü yaşayır. Qəfildən dövri mətbuatda, birinci də yox, ikinci dərəcəli mətbuatda, konkret desək, məhz «Literaturnaya qazeta»da Heydər Əliyevin məşhur jurnalist Tatyana Samolislə müsahibəsi çıxır – «Qoy ədalət zəfər çalsın!»
E.A. – Yox, bu, Qriqa idi. Antonina Qriqa. Mən sonra onunla görüşdüm, söhbət elədim. İl də 1981-ci il idi. Emil Ağayev və Qriqa birlikdə ondan müsahibə alırdılar.
M.Q. – Sən daha dəqiq bilərsən. Nə üçün bu məqaləni xatırladım? Sanki hər şey qaydasında idi. Respublikada hər şey yolunda gedirdi. Nə üçün problemləri qaldırasan axı? O isə nəhəng ölkə miqyasında yığılıb qalmış bütün qüsurları sanki dərindən silkələdi.
E.A. – Fikrimcə, bu müsahibə Mərkəzin də xoşuna gəlmədi.
M.Q. – Əlbəttə. Amma o başa düşürdü ki, ölkə üçün durğunluqdan pis heç nə ola bilməz. Üstündən nə qədər vaxt keçib, amma mən bu barədə tez-tez düşünürəm. Axı o, uğurun zirvəsində nədən istəsə danışa bilərdi. Heydər Əliyev isə cəmiyyətin ən ağrılı problemlərini qaldırırdı. Həm də hansı sərlövhə altında? Axı o özü bu sərlövhəni təsdiq etdi: «Qoy ədalət zəfər çalsın!» Yəni o bütün Sovet İttifaqına göstərdi ki, hətta Azərbaycan kimi uğurlu respublikada belə hər şey qaydasında getmir. Dostlar, daxilə nəzər salın, aşağıya baxın, göylərdən yerə enin. Bu müsahibə partlayan bomba effekti doğurdu.
E.А. – Yadımdadır, mən Zərifə xanımla bir yerdə işləmiş professor Zəhra Quliyevadan müsahibə alırdım. Onlar yaxın idilər. Haqqında danışdığınız müsahibə dərc olunanda Zəhra xanım Kislovodskda dincəlirdi. Və o xatırlayırdı ki, qəzet əl-əl gəzirmiş, sanatoriyada istirahət edən yüksəkçinli məmurlar Heydər Əliyevin cəsarətinə və sərtliyinə məəttəl qalmışdılar. Çoxları anlamırdı: özünə düşmən qazanmaq onun nəyinə lazım idi axı?
M.Q. – Heydər Əliyevin dahiliyi nədə idi? Onda idi ki, o bütün sovet ziyalılarının oxuduğu qəzeti seçmişdi. Bu nə «Pravda» idi, nə «İzvestiya», heç «Trud» və ya «Komsomolka» da deyildi. «Litqazeta»nı isə o zaman, demək olar ki, hamı oxuyurdu.
Bax indi də mən onun prezidentlik dövrünə körpü salıram və yenə təkrar edirəm: Heydər Əliyev rusiyalı və əcnəbi jurnalistləri qəbul edirdi, Moskvaya səfər edərkən o, TASS-a gəldi, geniş mətbuat konfransı keçirdi. Yəni o başa düşürdü ki, mövqeyini, rəyini ictimaiyyətə çatdırmaq üçün vasitə lazımdır. Bunu mətbuatdan daha yaxşı necə etmək olardı ki?
_1790772854.png)
E.A. – Müfəssəl cavab üçün təşəkkür edirəm. Siz Heydər Əliyev şəxsiyyətinin miqyası barədə çox danışdınız, dediniz ki, böyük olan uzaqdan görünür, amma yenə də, bütün deyilənləri ümumiləşdirsək, müasir zaman məsafəsindən baxanda onun şəxsiyyətini necə səciyyələndirərdiniz?
M.Q. – Biz artıq XXI əsrin birinci rübünü yaşayırıq. Mən ömrünün böyük hissəsi XX əsrin ikinci yarısında keçmiş adamların nəslinə aidəm. XX əsri öyrənib geriyə nəzər salsaq, deməliyəm ki, o zaman böyük siyasi fiqurlar kifayət qədər çox idi. Amma mən XX əsrin yanaşı qoya biləcəyim iki dövlət xadiminin adını çəkəcəyəm. Bunlar Heydər Əliyev və Vinston Çörçilldir. Deyim niyə. Dünyanın böyük siyasətçilərinə müxtəlif rakurslardan, bir növ qolloqrafik prinsiplə yanaşmaq lazımdır. Kiməsə siyasi islahatlar baxımından, kiməsə iqtisadi nailiyyətlər, bir başqasına sosial dəyişikliklər prizmasından baxmalısan və s. Lakin mənim fikrimcə, XX əsrdə yalnız iki siyasətçinin özü haqqında belə demək haqqı vardı: «Mən öz ölkəmi xilas etmişəm!» Bu, siyasi məharəti sayəsində Böyük Britaniyanı Hitler hücumundan xilas etmiş Çörçill və öz xalqının düşmənlərinin ölkəni sözün əsl mənasında hissələrə parçaladığı bir dövrdə Azərbaycanı bir neçə yerə qaçılmaz parçalanmadan qorumuş Heydər Əliyevdir. O, faktiki olaraq ölkəni məhv olmaqdan qurtardı. Bu isə istənilən siyasətçi üçün ən yüksək kriteriya və ən ali dəyərdir. Yalnız bu iki şəxs XX əsrdə, həqiqətən də, öz ölkələrinin xilaskarı oldular.
E.A. – Əziz Mixail Solomonoviç, gözəl təhlil və bizim Ümummilli Liderin şəxsiyyətini və xarakterini dərindən anladığınız üçün sizə təşəkkür edirəm.