Qudurğanlıq zorbalığın ən yaxın dostudur - Rafiq Ələkbər

Qudurğanlıq zorbalığın ən yaxın dostudur -  Rafiq Ələkbər
3 noyabr 2026
# 14:49

Kuis.az Rafiq Ələkbərın "Zorba" şeirini təqdim edir.

(sərbəst esse poema)

Hamı bir-birinə torba tikir, -
Hamı bir-birinə tor toxuyur,
Baxırsan, el-aləm torbadı...
Torbanın içindəkilər fəqirlərdi,
Torbanın çölündəkilər zorbadı.
Zorbalar torbanı əllərində gəzdirir,
birdən torbanın içindəkilər çıxa bilər.
Onlar daha ölü kimidirlər,
Torbanı əlində gəzdirən zorbadı.
Hamı bir-birini zorba olmasıyla qorxudur;
biri yumruğunun zorba olması ilə,
biri vəzifədə işləyən zorba dayısı ilə...
Biri-birinə hədə-qorxu gəlir hamı.
Hədə-qorxular çox zaman zorba kimi səslənir:
Biri: - “Sənin külünü göyə sövuraram”, - deyir,
Biri: - “Səni yerli-dibli yox edərəm”, - deyir.
Biri: - “Ağız-burnunu pomidora döndərərəm”,
Biri də: “Evini, tifaqını dağıdaram”, - deyir...
Sözümüzü, cümləmizi də zorbalayırıq.
Bəs nəyə görə zorba həyat sürmürük?
Ya nəyə görə həyatımızı zorba edə bilmirik?
Amma hamıya zorba gəlirik.
Heyvanlar da artıq zorbalaşıb;
dövşan qaçmağı ilə,
tülkü hiyləsi ilə,
canavar quduzlaşması ilə,
aslan, şir nəriltisi ilə özünü zorba göstərir.
Amerika özünü zorba dövlət kimi göstərir.
Çin də səssizcə pıçıldayır;

- mən də zorba kimiyəm, deyir.
Rusiya deyir ki, -
Məni zorbalıqdan salmayın,
çünki nüvədən çomağım var.
...Biz tərəflərdə bir kolxoz sədri var idi,
zorbalıqda həddini aşmışdı,
on beş il basdılar getdi...
Lakin zorbalıqları dillər əzbər oldu.
Fahişəni reklam edən
onun budunun, əndamının
çox zorba olduğunu deyib haray çəkir,
Televizorların zorba layihələri lap zorbadır,
Cəmiyyətə ağıl dərsi, namus dərsi öyrədənləri
hansısa bir küncdən tapıb çıxarmaq
özü də bir zorba işdir, hələ bəlkə qəhrəmanlıqdır.
Nazimin dayısı zorbalaşanda
məni daha saymamağa başladı.
Dünənə qədər isə məni zorba sayırdı.
Niyə varlılar villalaraını zorba düzəldirlər,
çünki böyük villaların içində yaşamaq
sonda zorbalıq xəstəliyinə gətirib çıxarır.
Kasıbın anası ölsün,
atası bəlkə ikinci dəfə zorba arvad ala bildi...
Arvadlar kişilərini zorbalıqdan salırlar,
çünki özləri zorbalıq iddiasındadırlar.
Uşağın qırxı çıxmamış ona
zorba adlar fikirləşirik.
Məsələn, Polad, Şirməmməd...
Müəllim görəndə üstünə cumuruq,
çünki müəllim çoxdan zorbalıqdan düşüb.
Qudurğanlıq zorbalığın ən yaxın dostudur.
Zorbalar quduranda kəndiri boğazına keçirirlər,
yəqin ki, artıq deməyə sözləri qalmır...
Dünya zorbalaşır, üstündəkilər zorbalaşır,
dünya qloballaşır, planetlər qaloşlaşır,
hamı nəyə isə bulaşır...
Dünya qloballaşır yenə də,
yenə də bir az zorbalaş.

Rafiq Ələkbər

# 99 dəfə oxunub

Oxşar xəbərlər

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

13:30 3 noyabr 2026
"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

14:30 2 noyabr 2026
"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

"Bağımdakı kəpənəklər hələ avqustdan saralıb..." - Ezra Paund

11:00 1 noyabr 2026
"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

"Və öldük mamırlar üzərində..." - Paul Valeridən sevgi şeiri

14:30 30 oktyabr 2026
"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

"Təlaşlı ürəyim heca-heca qan axıdır..." - Uelsli şairdən neoromantik şeir

17:30 27 oktyabr 2026
"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

"Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri

15:30 27 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər