Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi
3 noyabr 2026
# 11:00

Kulis.az rumın yazıçı Silvia Goteanschinin Ulucay Akifin “Nərgiz” hekayəsi haqqında yazısını təqdim edir.

Silvia Goteanschii (Silviya Qoteanşki) — Rumıniya və Moldova vətəndaşı olan şairə və yazıçı. O, 25 noyabr 1982-ci ildə Moldovanın Qlodeni şəhərində anadan olub. Rumıniyanın İaşi şəhərindəki Aleksandru İoan Kuza Universitetinin Hüquq fakültəsini bitirib, hazırda Moldova Sərhəd Polisinin əməkdaşı kimi fəaliyyət göstərir. Ədəbi debütünü 2011-ci ildə "Minunea va veni mai târziu" ("Möcüzə daha sonra gələcək") adlı şeirlər kitabı ilə edib və həmin il Moldova Mədəniyyət Nazirliyinin ədəbiyyat üzrə gənclər mükafatına layiq görülüb. "Dramaturgia lucioaselor funii" ("Parlaq iplərin dramaturgiyası") (2014), "Memoria hienei" ("Kaftarın yaddaşı") (2018) və "Celule stem" ("Kök hüceyrələr") (2022) adlı şeir kitablarının müəllifidir; 2026-cı ildə isə "Elefanții" ("Fillər") romanı ilə nəsrdə debüt edib. Rumıniya və Moldova Yazıçılar Birliyinin üzvüdür.


Silvia Goteanschii

Bugünlərdə azərbaycanlı yazıçı Ulucay Akifin “Nərgiz” hekayəsini oxudum. Hekayə məni elə fərqli atmosferə saldı ki, haqqında yazmaq qərarına gəldim. Hekayə Nikolaye Spetaru tərəfindən tərcümə edilib və Moldova Respublikasında “Quadrat” jurnalının 2026-cı il tarixli dördüncü sayında dərc olunub.

“Nərgiz” hekayəsi ekzistensial böhranın episentrində cərəyan edən ədəbi yaradıcılığın gizli mexanizmlərinə nüfuz etməyimizə kömək edir. Əsərin mərkəzində klassik ər-arvad xəyanəti mövzusu dayansa da, bu mövzu modernist, metafiksional perspektivdən açılır və hekayənin içindəki müəllifin real həyatı ilə yaratdığı bədii dünya arasındakı sərhəd itir.

Bu hekayə əvvəldən axıra kimi məni eyni tonusda saxladı, hansısa bir məqamda hekayədən qopmadım.

Təhkiyə iflicedici sarsıntı ilə başlayır:

“Arvadının ona xəyanət etdiyini öyrənəndə ayaqlarının altı boşaldı, dünya başına fırlandı”.

Üçillik yaradıcılıq sükutundan sonra kompüterin ekranında peyda olan bu ilk cümlə hadisələrin zəncirvari reaksiyasına təkan verir. Yazıçı üçün bu xəbər sadəcə xəyanət deyil, həm də onun yaradıcı kimliyinə birbaşa təhdid deməkdir. Yazmaq qabiliyyətini həmişəlik itirmək qorxusu və Word sənədinin “sonsuz ağlığı”nın verdiyi narahatlıq şəxsi travmanı texniki dalana çevirir.

Qəhrəmanın ev məkanından qaçıb şəhər küçələrinə - o küçələrə ki, burada səslər “sanki hər şey suyun altında baş verirmiş kimi vahid, fasiləsiz uğultuya” çevrilir - gətirib çıxarması da mənə çox tanış gəldi. Öz həyatı üzərində nəzarəti bərpa etməyə cəhd edən qəhrəman əvəzləyici jestlərə əl atır: əvvəllər heç vaxt siqaret çəkmədiyi halda bir qutu siqaret alır. Bununla daxilində artıq tamamilə çökmüş kişi özünəinamını və hakimiyyət hissini təqlid etməyə çalışır.

Kompozisiya baxımından əsərin ən mühüm üstünlüyü ikili perspektivin qurulmasındadır. Müəllif yalnız xəyanət hadisəsini nəql etməklə kifayətlənmir, eyni zamanda travmatik təcrübənin bədii materiala çevrilməsi prosesini də açır.

Mətndə məni özünə çəkən o oldu ki, Ulucay Akifin bu mətni “hekayə içində hekayə” prinsipi ilə qurmağı üslub oyunu təsiri bağışlamadı mənə. Ədəbiyyatda geniş yayılmış bu struktur yalnız əlavə bir süjet xətti yaratmaqla məhdudlaşmır, həm də əsas hadisəyə fərqli baxış bucağı qazandırır. Bir hekayənin daxilində başqa bir hekayənin yaranması təkcə müəllifi yox, oxucunu da iki ayrı bədii müstəvi arasında hərəkət etməyə məcbur edir. Bu müstəvilər arasındakı sərhəd tədricən itdikcə, oxucu üçün hansının gerçəklik, hansının təxəyyül məhsulu olduğunu müəyyənləşdirmək çətinləşir. “Nərgiz”də isə bu üsul həm də Yazıçının özünü dərk etmə cəhdinə çevrilir. “Yazıçı” yaşadığı hadisəni başqa bir qəhrəmanın taleyində yenidən qurur, öz ağrısını başqasının həyatında müşahidə edərək onunla üzləşməyə çalışır.

Qəhrəmanın əkizi - noutbuk qarşısında əyləşmiş real yazıçı və onun yaratdığı hekayənin personajı, alter eqosu Elnur – bizə özünəməxsus psixoloji müdafiə mexanizmi kimi göstərilir. Elnuru və onun həyat yoldaşı Nərgizi uydurmaqla yazıçı öz ağrısından uzaqlaşmağa və onu rasional şəkildə dərk etməyə çalışır.

Bu ikili perspektiv nəqlin emosional baxımdan kənar mövqeyi ilə hissi dərinliyə dalması arasında daimi gərginlik yaradır. Yazıçı yaratdığı obraz Elnurun ailə həyatının təfərrüatlarını - həyat yoldaşının soyuq, məsafəli gözəlliyindən və tədricən kök salan gündəlik monotonluqdan tutmuş, Telegram-da rüsvayedici videonun yayılmasına qədər - qurduqca, əslində, öz emosional çöküşünü təsvir edir. Yəni fiksiya həqiqətlə qaçılmaz toqquşmanı sürətləndirən ittihamedici bir güzgüyə çevrilir.

Əsərin mümkün zəif tərəflərinə gəlincə, ər-arvad xəyanətinə dair əvvəlcədən təxmin edilən klassik süjet meylini qeyd etməliyəm. Rüsvayedici video motivi və şəhər mühitindəki təlaşlı reaksiyalar müəyyən mənada müasir böhran nəsrinin klişelərinə bənzəyir. Bununla belə, yarımçıq eskiz təəssüratı və oxucunun süjetin daha geniş inkişafını görmək istəyi mütləq bədii qüsurdan xəbər vermir. Bu "yarımçıqlıq" - hekayə içindəki hekayənin tamamlanmamağı - əsərin həqiqi potensialına işarədir.

Yekunda onu deməliyəm ki, “Nərgiz” ölçülü-biçili yazı tərzi və kəskin psixoloji inandırıcılığı ilə seçilən, oxucunu özünə cəlb edən və ən əsası, gələcək yaradıcılıq imkanları vəd edən bir mətndir. Fiksiya yalnız gerçəkliyi dərk etmək vasitəsi deyil, həm də daxili xilas formasıdır və Ulucay Akif bu hekayəsində ağrılı həyat epizodunu insanın həssaslığı və ədəbiyyatın təbiəti haqqında dərin düşüncəyə çevirməyi bacarıb.

# 228 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

Natəvan Dəmirçioğlunun “Açar” romanı: dil və üslub xüsusiyyətləri - Leyla Məmmədəliyeva

13:35 1 noyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər