"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?
26 oktyabr 2026
# 12:00

Kulis.az Semih Gümüşün "Latın Amerikasının hekayə ehtirası" yazısını Sevinc Mürvətqızının tərcüməsində təqdim edir.

Latın Amerikası hekayəçiləri xəyali hekayələrlə birbaşa ifadə edilməsi qeyri-mümkün olan gerçəklikləri dərk etmək üçün yaradıcı yollar tapmaqla yanaşı, gerçəkliyin tamamilə yeni alleqorik və metaforik formaları ilə yeni bir ədəbiyyat da yaratmış oldular.

Hekayənin bir janr kimi dəyərini hər zaman qoruduğu bölgələrdən biridir Latın Amerikası. Əks tərəfdən baxılarsa, Latın Amerikasının hekayəsi tükənməz bir qaynaqdan kədərlə sızmağı yüzillərdir necə davam etdirirsə, ədəbiyyatın bütün janrlarını da eyni güclə bəsləməyi davam etdirir. Gündəlik həyatın hər zaman önəmli olduğu ölkələrdə hekayə özünü daima hiss etdirir.

Qısaca bir mətnin daxilində ifadə olunmağı gözləyən o qədər çox şey yaşanır ki oralarda, hekayəyə ehtiyac tükənmir. Latın Amerikasının hekayə ilə bağını bununla izah edə bilərik. Danışılacaq o qədər çox şey var və bu deyiləcəklər həyatın içindən o qədər çox detal doğurur ki, hekayə canlılığını bu gün də qoruyub saxlayır.

Yeri gəlmişkən, Latın Amerikası ədəbiyyatının dünyanın başqa yerlərində tapılması mümkünsüz olan bir "yerli"yə malik olması da onu önə çıxaran ilk amil idi. Yerli xalqların və yox olma ərəfəsindəki kiçik icmaların dünyası roman və hekayə üçün asanlıqla rast gəlinməyəcək qeyri-adi həyatları elə böyük bir rəngarəngliklə üzə çıxarırdı ki, həmin aləmlərin sanki öz-özünə ədəbiyyata çevrilən sehri nəql olunanların ədəbi gerçəkliyini də müəyyənləşdirmiş oldu. Hekayə də bu dünyaları baş tacı etdi.

Latın Amerikası yazıçılarının bilavasitə əllərinin altında yetkin bir ədəbiyyat və bu ədəbiyyatla birlikdə formalaşmış yetkin bir ədəbi dil vardı.

Ayfer Teker Qarsiya "XX əsr Latın Amerikası hekayəsi" əsərində Latın Amerikası hekayəçiliyində İspaniya ədəbiyyatının təsirlərini xüsusilə vurğulayır.

İspaniyada 1850–1950-ci illər arasındakı yüzillik dövrdə hekayə janrında P. Baroxa, M. de Unamuno, Blasko İbanyes, Maks Aub kimi bir çox yazıçının yetişməsi və bu prosesin Latın Amerikasında hekayə janrını daha da irəli aparması böyük bir təcrübə və zənginliyin toplanmasını təmin etdi.

Əvvəlcə K. Xose Sela, İqnasio Aldekoa, Ruben Dario, Horasio Kiroqa; ardınca M. Asuela, X. Vaskonselos, X. L. Borxes, Bioy Kasares, Alexo Karpentyer, Xuan Rulfo, Xulio Kortasar, Karlos Fuentes, Q. Q. Markes, Mario Varqas Lyosa adları ilə uzanan bu zəncirin möhkəmliyi bizdə də uzun illərdir bu yazıçılara göstərilən maraqla dərk olunmuşdur. Latın Amerikası hekayəçiliyinin müxtəlif dövrlərində bəzilərinin daha çox qabaran bir neçə bariz xüsusiyyəti oldu.

Latın Amerikasının yüzilliklər boyu zorakılığın sərtliyi içərisində formalaşmış siyasi mədəniyyətinin ədəbiyyatdan gözləntisi siyasiləşməni və yerli problemlərin önə çəkilməsini əsas tutan bir dünyagörüşü oldu. Siyasi ədəbiyyat yenə də bəsit realizmə enmədən, daima yeni formalar axtarılaraq yaradıldı.

Latın Amerikası hekayəçiliyinin inkişafındakı ikinci mühüm dəyişiklik dinamikası modernizmlə bağlıdır. Modernizmin Avropada bütöv bir cəmiyyəti və həyatı, deməli, həm də ədəbiyyatı əhatə edən bir yenidənqurma hərəkatı, bir ikinci intibah olması öz təsirlərini bütün dünyada çoxdan göstərmişdi. Gec də olsa, Latın Amerikası ədəbiyyatı da modernizmə bağlı bir transformasiya yaşamağa başladı. Bunun bir neçə çıxış nöqtəsi oldu.

Andre Bretonun 1930-cu illərdə Meksikada Dieqo Rivera və Trotski ilə birgə yayımladığı "Müstəqil inqilabi bir sənət uğrunda" manifesti sürrealizmin Latın Amerikası ədəbiyyatında yayılmasına zəmin yaratdı. Sürrealizmin, modernizmin yetkin mərhələlərində, gerçəkliyin Avropada və dünyada o günə qədər məlum olan üsullarla ifadə edilməsinin qeyri-mümkünlüyü üzərində qurulmuş bir yaratma və düşünmə tərzi kimi qazandığı geniş vüsət Latın Amerikasının ziddiyyətləri bir qazanda əridən xaotik gerçəkliyi ilə tam üst-üstə düşmüş olmalıdır. Nəsrin formaları bu minvalla dəyişməyə başladı. Latın Amerikasında hər zaman ön plana çəkilən həyatın sərtliyinə qarşı fantastik elementlərlə özünü büruzə verən sürrealizm ədəbi mətnin azad olmasında geniş imkanlar yaratdı. Artıq hekayə addım-addım ənənəvi qəliblərindən çıxmağa, modernizm daxilində ədəbi forma axtarışlarını tamamlamağa, tamamilə yeni bir Latın Amerikası ədəbiyyatının doğuluşuna təkan verməyə başlamışdır.

İlk kitabını 1930-cu ildə yayımlayan Migel Anxel Asturias Qvatemalanın antropoloji xüsusiyyətlərini əks etdirərkən xəyal ilə gerçəyi, keçmiş ilə bu günü bir-birinə qovuşduran ədəbi dünyagörüşünün sürrealizmdən başlayıb magik realizmə uzanan ədəbiyyatın başlıca düyünlərindən olduğunu vurğulayır.

Bu vaxt, İspaniya vətəndaş müharibəsindən sonra xüsusilə Argentina və Meksikaya məcburi mühacirət edən respublikaçı ziyalılar və yazıçılar bu ölkələrdəki ənənəvi və realist ədəbiyyat anlayışının dəyişməsində mühüm rol oynamağa başlayırlar. Xeyli sonra, İkinci Dünya müharibəsi şəraitinin ardınca ədəbiyyatın öz içinə qapanan formaları da ikinci bir təsir göstərir.

İlk dəfə kubalı romançı Alexo Karpentyerin adlandırdığı magik realizm bütün bu proseslərin fövqündə, axtarılan qan kimi Latın Amerikası ədəbiyyatının damarlarında dolaşmağa başlamış və köhnə ilə yeni nəsillər üçün dünyaya açılan ən əlverişli pəncərə kimi diqqəti cəlb etmişdir. Yaşanan gerçəklik elə sərt, qaranlıq və zülmkardır ki, fərdin həmin gerçəklik içindəki varlığı ancaq gerçəyin fövqünü və fövqəltəbiini nəql etməklə məna kəsb edə bilər.

Magik realizm ifadə tərzini bu şərtlər daxilində tapdı. Fantastik ədəbiyyatdakı fövqəltəbii gerçəklik ilə magik realizmdəki rasionallıqla irrasionallığın vəhdəti beləcə bir araya gəldi. Yeni bir cərəyan kimi magik realizmin yayılması 1960-cı illərdə Markesin "Yüz ilin tənhalığı" romanının doğurduğu nəhəng maraqla tamamlandı.

Borxesin gerçək zənn edilən ilə təxəyyülü birləşdirən, hər mövzunu, hadisəni yaxud informasiyanı içinə ala bilən hekayələri də bu arada magik realizmin hüdudlarından kənarda ikinci bir yol açdı.

Nəticədə hər ikisi özünəməxsus olaraq qaldı. Magik realizm yaxud Borxes nəsri dünyanın hər yerində böyük rəğbət gördü, lakin hər ikisini təqlid etməyin demək olar ki, qeyri-mümkünlüyü aydın oldu.

Kortasardan Rulfoya hekayənin sehri

Magik realizmin qollarından boy verən "Bum" (Boom) hərəkatı Markes, Fuentes, Kortasar, Lyosa kimi müəllifləri ilə magik realizmlə eyniləşdirilə biləcək səciyyəvi cəhətlər daşıyırdı. Yüzillər boyunca formalaşan sərt gerçəklik Latın Amerikasının ədəbiyyatdan gözləntisinə də təsir etmişdir - dil və forma axtarışlarına, fantaziyalara, xəyallara qarşı faktlara bağlanmaq istəyən ədəbiyyat əslində təsir gücünü bu yolda deyil, magik realizmin dili və formanı azad edən cığırlarında tapmışdır.

Magik realizm və Bum hərəkatı özünü ilk növbədə romanda büruzə verdi. Nəql olunan gerçəkliyin çox genişmiqyaslı olması və deyiləcək mətləblərin çoxluğu əksər hallarda romanın imkanlarından faydalanmağı tələb etdi. Bununla belə, bu vəziyyətin hekayənin daha yaradıcı tərzdə fərqlənməsinə şərait yaratdığı da deyilə bilər. Latın Amerikası ədəbiyyatında hekayə dedikdə, romandan daha çox hekayə yazanlar arasında tamam başqa bir məqamda duran əvvəlcə Borxes, sonra isə Kortasar yada düşür.

Kortasar yaradıcılığı və öz mühitindəki yazıçılardan seçilən forma ustalığı ilə ən yüksək pillədə qərarlaşan müəlliflər arasında, yazdıqlarının nə Latın Amerikası, nə də dünya ədəbiyyatında bənzərinin demək olar ki, tapılmaması səbəbilə bəziləri tərəfindən birinci sırada tutulur.

Kortasar Latın Amerikası ədəbiyyatında və hekayəçiliyində modernizmin zirvə nöqtəsidir. Onda zirvəyə çatan modernizm sonradan magik realizmlə özünü ifadə etməyə başladı. Ədəbiyyatın gerçəkliklə qurduğu münasibətin bəlli qəlibləri ola biləcəyi barədəki ilkin qənaəti rədd edən Kortasar mürəkkəblikdən bütöv bir ədəbi dünya yaratmağa çalışdı. Həyati bir həssaslıq üzərində tamamilə yeni bir forma qurdu. Qapalı və məhdud dünyalar əslində xaricimizdəki böyük dünyanın proyeksiyalarıdır və ona yadlaşma bizi Kortasarın ədəbi gerçəkliyinə qısır; bu sıxılma da öz zənginliyini və bənzərsizliyini yaradır. Yazdığı romanların və hekayələrin fraqmentar olması və bu fraqmentlərin bir-birinə calanmaq məcburiyyəti Kortasarı bəzilərinin nəzərində postmodernizmə yaxınlaşdırırsa, burada əlbəttə bir əlaqə tapıla bilər; bu da ədəbi formaların heç birini inkar etməyən Kortasar üçün təbii bir hal sayılır. Kortasar daima ölkəsi Argentinanın qaranlıq və ancaq zorakılıqla təsvir oluna biləcək mühitinə eyhamlar vuraraq bənzərsiz bir siyasi mətn yaradır. Birbaşa Argentinadan bəhs edərkən, təbii ki, problemlərin və insanın təməlində duran universal keyfiyyətlərə xitab edir.

Kortasar romanlarında oxucunun da süjetin düyününün açılmasına qatılmasını necə gözləyirsə, hekayələrində də buna bənzər bir iştirakçılıq axtarır.

Kortasarın hekayəsi dil və forma ustalığından kənarda izah edilə bilməz. Təhkiyəsi demək olar ki hər hekayəsində təsiredici, heyrətamiz, qəribə bir gerçəklik ortaya çıxarır; hətta bəzən onların gerçəklik kimi səciyyələndirilməsi belə təəccüb doğura bilər, lakin bəzən də Argentinanın siyasi həyatından qaynaqlanan konkret həqiqətlərə istinad edir. Kortasarın hekayələrində əvvəlcə təsvir olunan vəziyyətlərin yaxud personajların adət edilmiş gerçəkliyini əvəzləyən, həmin gerçəkliyin xaricindən gələn bir situasiya, hekayə zamanı daxilində həqiqətdə yaşananla xəyali olanın da bir-birini əvəz etməsinə, gerçəklə xəyalın bir-birinin yerinə keçməsinə səbəb olur.

Bu əsnada yadlaşma, qəribə situasiyalar, fantastik məqamlar əvəzolunmaz elementlər kimi hekayələrə daxil olur. Əksər hallarda bu texnika ilə formalaşan hekayələrinin təsirli olduğunu xüsusilə qeyd etməliyik. Kortasar romanlarında oxucunun da süjetin düyününün açılmasına qatılmasını necə gözləyirsə, hekayələrində də buna bənzər bir iştirakçılıq axtarır. Dəyərli ədəbiyyat nümunələri bölüşüldükcə öz əsl mənasını tapır, əks halda tənha qalarlar.

Məsələn, "Kortasarın hekayələri hansı bir məqama qoyula bilər?" deyə soruşduqda, dərindən düşünmədən onları magik realizmin içinə daxil etmək onları yetərincə ifadə etməz. "Xana-xana oyunu" "Yüz ilin tənhalığı" kimi bir roman deyildir; hekayələri də, məsələn, Xuan Rulfonunkulara bənzəmir.

Magik realizmin verdiyi imkanlarla kifayətlənməyib simvolları, metaforaları, dil və süjet oyunlarını istifadə edərək yazdığı romanları və hekayələri Kortasarı Avropanın modernist dünyasına xeyli yaxınlaşdırmışdır. Kortasar əslində magik realizm süzgəcindən keçmiş bir modernistdir. Bu özünəməxsusluğu Avropada deyil, digər Latın Amerikası yazıçılarının yaradıcılıq üslublarından fərqləndiyi üçün qazandı. Kortasarın hekayələri ilk baxışda görünənin arxasında duran mənanın hekayənin əsl qatını təşkil etdiyi böyük ustalıq mətnləridir ki, bu xüsusiyyəti dərk etmək üçün çox diqqətli mütaliə tələb olunur.

Latın Amerikası ədəbiyyatında modernizmin kökləri var, təbii ki. Ruben Darionun ilk dəfə 1888-ci ildə modernizm terminini işlətməsindən sonrakı dövrdə yazıçılar da yeni bir dil və forma yaratmaq qayğısı ilə hərəkət etməyə başladılar.

Modernizmin təsiri azaldıqca isə Latın Amerikası yazıçıları yerli gerçəkliklərə dönərək yazmağa başladılar. Əslində, hər bir cərəyan özünü təsvir olunanda deyil, təsvir formasında sınayaraq meydana çıxmırmı? Gerçəkliyin dəyişməsi bəlkə bəhs ediləcək mövzuları da dəyişir, lakin daha aram bir sürətlə. Nəticədə insan azadlıq yaxud təzyiq şəraitində bir-birinə yaxın həyat tərzləri qurur özünə. Halbuki hər iki vəziyyəti izah etmək üçün istifadə olunacaq formalar arasında mühüm fərqlər mövcuddur.

Kortasar sayağı Latın Amerikası hekayəçilərinin ən bariz xüsusiyyəti isə təxəyyüldən əl çəkmədən yaratmaqdır. Bu təxəyyülə bağlılıq Kortasarın hekayələrində aydın şəkildə duyulur. Təxəyyül sürrealizmlə yanaşı düşdükdə isə Latın Amerikası ədəbiyyatı Avropanın qüdrətli ədəbiyyatı ilə qovuşur. Hekayə dedikdə Fuentes də önə çıxır, romanları ilə yanaşı qələmə aldığı hekayələri ilə Kortasarınkılar arasında paralellər qurula bilər.

Lakin Xuan Rulfo da yeganə romanı olan "Pedro Paramo" ilə yanaşı, "Alovlu düzənlik" adlı kitabında topladığı hekayələri ilə həm Latın Amerikası ədəbiyyatında magik realizmin baniləri sırasında sayılır, həm də maraqlı oxucularımız tərəfindən çox sevilən bir yazıçıdır.

Rulfonun Markes və Fuentes kimi yazıçılara təsir göstərdiyi deyilir. "Latın Amerikasında zaman keçdikcə yeni roman cərəyanı ilə qovuşan daxili monoloq, şüur axını, geriyə qayıdış və baxış bucağını dəyişmə kimi nəql texnikalarından ilk dəfə o istifadə etmişdir", – deyir Cəlal Üstər.

Borxesin yeri-yurdu

Xorxe Luis Borxesin dövrümüzün ən qeyri-adi yazıçılarından olduğu şübhəsizdir, lakin o da nəticədə körpüdən keçmək üçün bütün yazıçıların həll etmək məcburiyyətində qaldığı ədəbi problemləri ram etməli oldu. Borxes bir tərəfdən Buenos-Ayresi bir nəql dünyası olaraq qəbul edən bir argentinalı olduğu üçün zəmanəsinin sivilizasiyasının bir parçası olduğunu deyir, digər tərəfdən isə gerçəkliyin tamamilə xaricinə çıxmaqla kifayətlənməyib bir daha gerçəyə qayıda bilməmək qorxusu da çəkmədən yazan bir sehrbazdır. Borxes bəlkə də öz zərurətlərinə verilmiş ən doğru cavab kimi qısa mətnləri seçdi. Bu mətnləri hekayə yaxud qısa hekayə adlandırmaq, zənnimcə, onları tam xarakterizə etməz. Hekayənin yaradıcısından və oxucusundan gözlədiyi yüksək keyfiyyət Borxesin qeyri-adi ədəbi dünyasına, əlbəttə, şamil edilə bilər, lakin onun yazdıqlarını tamam fərqli bir nəzərlə qiymətləndirmək lazımdır. Məlum təhkiyə formalarına bənzəməyən bir forması da var, dünyası da. Borxesin ilk sirri oxucunun bildiklərindən bəhs edirmiş kimi təsir bağışlamasındadır. Hər kəsin əldə edə biləcəyi konkret faktlar, real adlar, kitabların min illər boyu bu günə daşıyıb gətirdikləri - hamısı Borxesin qələmə aldığı mətnlərin qaynaqlandığı dünyaları təşkil edir.

İndiyə qədər oxuduğumuz mətnlərin, ənənəvi yaxud novator bütün təhkiyələrin kənarında qalaraq və onların hamısını rədd edərək özünəməxsus bir forma qazandı Borxes mətnləri. Argentinadan çıxıb dünyanın bütün ədəbiyyatlarını dolaşaraq mahiyyətini gücləndirdi, deməli, get-gedə zənginləşən bir külək kimi yaşayan dünya ədəbiyyatına təsir etdi. Andre Morua, "Qısalıqlarına baxmayaraq, yazdıqlarının son dərəcə ağıllıca və incə tapıntılarla zəngin olması, üslub baxımından dərindən-dərinə hesablanmış, az qala riyazi bir mükəmməllik daşıması ona "böyük" epitetini verməyimiz üçün kifayətdir", - deyir.

Doğrudur, lakin bu qənaətlərin təzahürlərini tapmaq, həmin təzahürlər açıq-aydın görünərkən belə asan deyil. Borxesin fərqli bir ədəbi dil və nəsr yaratdığını deyə bilərik.

Əslində, ədəbi dilin içindən çıxmamış kimi görünən, amma heç bir bənzəri də olmayan mətnlərdir bunlar. Gerçəkliyin özünü nəql edirmiş kimi görünən, lakin realist olmayan bu mətnlər yazıçının oxucusunu qarşısına oturdub danışdığı hekayələr kimidir.

"Borxes öz arxa həyətinə əl gəzdirməzdən əvvəl dağıntıları təmizləmək məcburiyyətində idi."

Deməli, məsələlərdən biri Borxesin mətnlərini onun qoyub getdiyi yerdən götürüb davam etdirməyin çətinliyidir. "Broudi hesabatı" kimi, məlum Borxes simvollarından, labirintlərindən, cadularından, bədheybətlərindən ayrı bir məkanda formalaşmış mətnləri üçün bu, xüsusilə belədir. Yazdıqlarına nəzər salanda - Borxes soyuq bir yazıçıdır. Elə bir ovqat daxilində oxunur ki yazdıqları, o nə yazıbsa yazıb və oxucunun nə anlaması artıq onu maraqlandırmır. Anqlosakson mövqeyidir bu - lakin Borxesin mənimsədiyi Amerika deyil, ingilis mövqeyidir.

Bir Latın Amerikası yazıçısı kimi düşünməkdən daha çox, özünü dünyanın Qərbində mövqeləndirir. "Borxes və yazmaq üzərinə" kitabının "Ön söz"ündə belə bir qeyd edilir: "Borxes öz arxa həyətinə əl gəzdirməzdən əvvəl dağıntıları təmizləmək məcburiyyətində idi. Bu da ilk növbədə Argentina xarakterinin rəmzi sayılan qauço romantizmini silmək demək idi. Qauço ədəbiyyatının böyük ölçüdə arxalandığı bəsit yerli kolorit ucuzluğunu aradan qaldırmaq idi." Öz yazıçılıq kimliyini ingilis ədəbiyyatında tapdı Borxes. Uellsi ucaldır, Poya olduğu qədər Çestertona da pərəstiş edir. Ehtirasın yaxud mətnin duyğu və ruhunu alovlandıran bir yazının ardınca qaçmadı Borxes. Onun üçün mətnin kamil, möhkəm və hər kəlməsinin hesabının verilmiş olması daha mühümdür.

Yaratdığı mükəmməl, lakin gözə batmayan yazı tərzi Borxesdə formanın məzmundan əvvəl gəldiyini də nümayiş etdirir. Məzmun: əhvalat, yoxsa mənamı? İlk növbədə bunlar deyil. Təsvir edilən hər nədirsə, onu meydana çıxaran hər bir detal Borxesdə məzmunun yerinə keçir. Forma əvvəl gəlir; məlum olanlardan fərqli bir forma yaratmaq istəmişdir, lakin bu da özünü heç vaxt gözə soxacaq şəkildə büruzə verməz. Sadə, sanki hər kəs tərəfindən yazıla bilərmiş kimi görünən bu yazı üslubu yalnız Borxesə məxsus olduğu üçün dünyanın dörd bir tərəfində təqlid edilməyə çalışıldı. Sanki elə bir sadə dillə yazmışdır ki, oxucunu tələyə salır; onu təqlid edən yazıçı isə nəticədə Borxes kimi yazmağın nə dərəcədə çətin olduğunu anlayır.

Borxes dilindəki soyuqluğun mahiyyətinə baxılarsa, "Duel" hekayəsindəki bu sətirlər diqqət çəkir: "Hekayədəki hadisələrin cərəyan etdiyi yer Buenos-Ayresdir. Qoyacağam elə orada da qalsınlar; çünki hekayənin aram inkişafı və incə bir mədəniyyət mühiti olan koloriti mənim ədəbi vərdişlərimə uyğun gəlmir. Bu hekayəni qələmə almaq mənim nöqteyi-nəzərimdən təvazökarlıqla atılmış, təsadüfi bir addımdır. İndidən hekayədəki hadisələrin hekayə personajlarından və onların arasındakı münasibətdən daha az əhəmiyyət kəsb etdiyini bildirərək oxucunu xəbərdar etmək istərdim." Sanki bir hekayə danışmır da, təcrübələrindən söz açırmış kimi. Lakin təsvir olunanların bədii təxəyyül məhsulu olduğu nəzərə alınanda, Borxesin hekayəni haralarda tapdığı da insanı düşündürməyə başlayır. Üstəlik, sanki böyük bir mətnə, məsələn bir romana başlamış kimi nəql etdiyi mətn cəmi altı səhifəlik qısa bir hekayədir.

Zənnimcə, burada irihəcmli bir mətnin əhatə etdiyi dünyanı kiçik bir mətnə sığışdıran yanaşmasına diqqət yetirmək lazımdır. Keçmiş, sözün nağıl çağlarından keçib xəyalları, röyaları, fenteziləri, real həyatda təsəvvür edilməsi qeyri-mümkün varlıqları Borxesin mətnlərinə daşıyarkən nəyin həqiqətdə yaşandığı əhəmiyyətini itirir: keçmiş zamanların gerçəklikləri bu günün metaforalarına çevrilərkən, keçmişi ifadə edən metaforalara da həqiqətdə yaşanmış uyğunluqlar tapılır. Xəyalların gerçəyə çevrilə biləcəyi şəklindəki ədəbi təriflər Borxesdən əvvəl bu dərəcədə qüvvətlə ifadə olunmamışdı. Ədəbi mətn Borxesin yaradıcı təxəyyülündən keçərkən bu ikiqapılı otağın açarları da üzə çıxmış olur. Bunlar özünəməxsus bir dil daxilində formalaşır. Nəsrin hüdudları daxilində poeziya dünyasından qidalanaraq formalaşmış bir dillə. Poeziyanın daxili forma xüsusiyyətləri olmasa belə, onun dünyasını mənimsəyərək.

Digər tərəfdən Karlos Fuentes, Borxesin nəsri olmasa, bu gün Latın Amerikasında müasir romanın mövcud olmayacağını bildirir, lakin bu fikrə şübhə ilə yanaşmaq da mümkündür. Nəticədə Borxesin Latın Amerikasının çox fövqündə özünü tapmış, anqlosakson çərçivəsindən də çıxmış nəsrinin universal təbiəti Latın Amerikalılığı üstələyir.

Rodriges Moneqalın "Borxes bir ifadə dili və bu ifadə dilinin fövqündə ahəngdar bir mif kainatı yaratdı. 1925-ci ildən sonra, onun sayəsində Latın Amerikasında artıq heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" sözləri də Fuentesinkindən fərqlənir.

Kortasar və Markes kimi, Borxesin açdığı yoldan keçərək yeni yollar açan yazıçılar oldu ki, bu zənginliyi hər ədəbiyyatda görmək asan deyildir. Romanın bir baxımdan da insan psixologiyasını anlayıb üzə çıxarmaq olduğu deyilə bilərsə, Borxes bu tərifə sığmır, əlbəttə. Süjet personajlarını da özü yaradır o və öz psixologiyasını təhkiyənin üzərindən aşıraraq oxucuya ötürür.

Nəhayət, magik realizm, röya, sürrealizm, fantastika kimi gerçəkliyin büsbütün xaricindən gələn yaradıcılıq formaları ilə birlikdə götürüldükdə, yazılanların həqiqiliyinin sorğulanmasına da zəmin yaranırmı?

Latın Amerikası hekayəçiləri xəyali hekayələrlə birbaşa ifadə edilməsi qeyri-mümkün olan gerçəklikləri dərk etmək üçün yaradıcı yollar tapmaqla yanaşı, gerçəkliyin tamamilə yeni alleqorik və metaforik formaları ilə yeni bir ədəbiyyat da yaratmış oldular. Yoxsa gerçəklik, istər magik realizmin qarşısında olsun, istərsə də sürrealizmin, eyni nöqtədə dayanır; məsələ onun hansı yaradıcı formalar daxilində nəql ediləcəyidir.

Üstəlik, ilkin mərhələdəki yerlilik bu üsulla geri dönməyəcək şəkildə aşılmış oldu.

Hekayənin ədəbi imkanları Latın Amerikasında nəsrin ilk növbədə hekayə daxilində dəyişməyə başladığını da danılmaz bir həqiqət kimi önə çıxarır.

# 112 dəfə oxunub

Oxşar xəbərlər

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər