"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları
13 oktyabr 2026
# 10:00

Bu gün tanınmış İtaliya dramaturqu, rejissor, rəssam, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Dario Fonun anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Öz dövrünün səsini çatdırmayan teatrın, ədəbiyyatın və bədii ifadənin heç bir əhəmiyyəti yoxdur.

***

Sənə bəxş edilən zamanı necə yaşamaq lazım olduğunu öyrən.

***

Məni siyasət deyil, ədalət maraqlandırır.

***

Boğazımıza qədər zibilin içindəyik, bu həqiqətdir və məhz buna görə də başımız dik gəzirik!

***

Bizim vətənimiz bütün dünyadır. Qanunumuz azadlıqdır. Qəlbimizdə isə bircə arzu var: inqilab.

***

İnsan axmaqlığından, xüsusən də bu axmaqların əlində hakimiyyət olanda, insanları bir-birinə bərabərləşdirən daha güclü bir şey yoxdur.

***

Sevgi Yaradanın ən böyük ixtirasıdır və Müqəddəs Ambrosinin dediyi kimi, bütün ruhumuz və bədənimiz bu fövqəladə mərasimə - əslində öz doğuluşumuzun və nəslimizin davamının rəmzi olan bu mərasimə qoşulduqda sevgi daha da ucalır.

***

Çox arxayın görünürsünüz! Amma elə düşünməyin ki, bu belə də davam edəcək! İspan, türk, yunan, ərəb, italyan mühacirlər, Avropanın bütün məzlumları və bütün qadınlar - əzildiyini, alçaldıldığını, istismar edildiyini dərk edən bütün qadınlar mənim niyə burada olduğumu və məni nə üçün öldürmək istədiyinizi anlayacaqlar. Nəzarətçilər, hakimlər, siyasətçilər, heç biriniz vecimə də deyilsiniz. Məni əsla dəli edə bilməyəcəksiniz! Məni sağ-salamat öldürəcəksiniz; sağlam bir ruh və möhkəm bir şüurla... Hər kəs sosial-demokratiyanın əslində nə demək olduğunu anlayacaq! İndidən cəsədimi qaçırıb gizlətmənizi, qapını vəkillərimin üzünə bağlamanızı görür kimiyəm. Ulrike Maynhof özünü asdı deyəcəksiniz. Qanlı əllərinizlə qapıları onların üzünə örtəcək, şəkil çəkməyi, sual verməyi qadağan edəcəksiniz. Qadağandır deyəcəksiniz, cəsədi müayinə etmək qadağandır! Sual vermək, düşünmək, ehtimal irəli sürmək qadağandır! Qadağandır! Amma öz qorxunuzu qadağan edə bilməzsiniz! Hər qatilə xas olan qorxunu qadağan edə bilməzsiniz! Cəsədim bir dağ kimi ağır olacaq... Yüz minlərlə qadın qolu bu nəhəng dağı qaldırıb çiyinlərinə götürərkən oturduğunuz o saxta taxtı silkələyən möhtəşəm bir qəhqəhə çəkəcəklər! Və hamı bir ağızdan bağıracaq: Ulrike Maynhofu öldürə bilməyəcəksiniz!

***

Əgər yanımızdakılar gözəlliyə heç diqqət belə yetirmək istəmirlərsə, onu sevmək böyük bir əzabdır.

***

Siyasətçilərin uydurma mexanizmləri heç bir sarsıntıya məruz qalmır.

***

Ətrafında acıyacağın yoxsullar yoxdursa, varlı olmağın nə mənası var?

***

Məsihə verilə biləcək ən böyük hədiyyə almaq deyil, verməkdir.

***

Doyurucu qonorarlar həm həkim, həm də xəstə üçün ən təsirli dərmandır.

***

Onlar inqilab istəyirlər, biz isə onlara islahatlar verəcəyik, saysız-hesabsız islahatlar... Onları islahatların içində boğacağıq. Hətta daha yaxşısı, onları islahat vədləri ilə boğacağıq, çünki həmin islahatları da həyata keçirməyəcəyik!

***

Sağ olduğumuz müddətcə yaşamaq daha yaxşıdır!

***

Pis xəbərlər çox vaxt dəstə-dəstə gəlir. Bəziləri acı, əksəriyyəti isə bərbad olur.

***

Gözündən yaş gələnə qədər güldürməyi bacaran insan haqqında deyirlər ki, o, yağış tanrısının oğlunu belə güldürə bilər.

***

Satira hakimiyyətə qarşı ən təsirli silahdır: hakimiyyət yumora dözə bilmir, hətta demokratik adlandırılan idarəçilər belə; çünki gülüş insanı qorxularından azad edir.

***

Günün birində sənə tərəf tuşlanıb atəş aça biləcək heç kəsə silah borc verilməz.

***

Ehtiyatlı ol, yalan və hiylə yolu ilə öz xeyrinə üstünlük qazanmağa çalışanlar çox vaxt özləri məhv olur və onları qəlbində yaşadanların gözündə etibarını itirirlər.

***

Bu gün teatrda tamaşaçının reaksiyası çox dəyişib: insanlar kresloda sakitcə oturub tamaşanın gedişatına baxırlar, səhnədə baş verən vəziyyət onları həyəcanlandırmır, həzm etmə vasitəsi kimi, televizor kimi ona passiv şəkildə qulaq asırlar.

***

Satira aşkar və bəsit olanın alt-üst edilməsini təmin edən bir güzgüdür.

***

Şadlıq gətirən hər şey Tanrıdan gəlir və əsla günah deyildir, o, təbiətin özünün ucalmasıdır.

***

Yaxşı bir xristian heç vaxt İncilə əl basaraq sədaqət andı içməz.

***

Qədim bir məsəldə deyilir: Kaftarlar izinə düşübsə, doymaları üçün qabaqlarına ən şirəli loxmanı - yenicə doğulmuş quzunu at. Görəcəksən, ovlarını parçalamaq üçün çənələrini açanda nə bir kaftar, nə də bir çaqqal geridə qalanlara fikir verəcək.

***

Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın...

***

Sükut! Çölün səssizliyi; nə bir səs, nə bir küy, nə də bir insan nəfəsi. Nə dəhlizdən keçib gedənlər eşidilir, nə də açılıb-örtülən qapılar. Heç nə! Hər tərəf səssiz və ağappaqdır. Beynimin içi də tavan kimi səssiz və ağappaqdır. Danışmağa çalışsam, səsim də ağ çıxacaq. Tüpürcəyim ağzımın kənarında acı bir dad buraxır. Gözlərimin içi, mədəm, boş-boşuna vuran damarlarım səssiz və ağappaqdır.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər