"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?

"Heç nə" haqqında bilmədiklərimiz... - "Havalı Alı" hansı suallarımıza cavab verir?
12 oktyabr 2026
# 15:00

Kulis.az Elmir Həmzənin Rüstəm Dastanoğlunun "Havalı Alı" hekayəsi haqqında essesini təqdim edir.

İnsan dünyanı anlamaq üçün ömrü boyu oxuyur, düşünür, öyrənir. Bəzən isə bir adam çıxır ortaya, heç kimin öyrətmədiyi sözləri deyir və hamının bildiyi dünya qəfildən adama yad görünməyə başlayır.

İnsan nə vaxt özündən uzaq düşür? Dünyanı tanımağa başladığı vaxtmı, yoxsa tanıdıqlarını dünyanın özü hesab etdiyi vaxt? Bu iki sualın arasında qəribə bir fərq var. Birincisi insanın biliyinə, ikincisi isə biliyinin sərhədlərini unutmasına aiddir. Havalı Alının hekayəsi də bu sərhəddən başlayır.

Payız günüdür. Hava tutqundur, küçədə adamlar gedib-gəlirlər. Kimisi işə tələsir, kimisi işdən qayıdır, kimisinin sevinci, kimisinin kədəri var. Həyat öz adi axarı ilə davam edir. Müəllif bu mənzərəni xüsusi hadisəyə çevirmir. Əksinə, onun adiliyini qabardır. Çünki hərdən insanın daxilində böyük bir hadisə baş verdiyi halda, dünyanın bundan xəbəri olmur. Küçə əvvəlki küçədir, adamlar əvvəlki adamlar, hava da elə həmin havadır. Dəyişən yalnız baxışdır.

Hekayənin qəhrəmanı həmin gün ətrafındakı hər şeyə başqa cür baxır. İçində işıq hiss edir, bədəninin yüngülləşdiyini duyur, vaxtın dayandığını düşünür. Onun üçün dünya əvvəlki dünya deyil, baxmayaraq ki, dünyada heç nə dəyişməyib. Bu yerdə müəllif vacib bir məsələyə toxunur: gerçəkliklə onun insanın daxilində yaratdığı duyğu eyni şey deyil. Eyni küçə bir adam üçün yorucu bir yol, başqası üçün isə həyatın möcüzəsini xatırladan mənzərə ola bilər.

Bəs dünya dəyişməyibsə, insanın gördüyü işıq haradan gəlir?

Bəlkə də insanın daxilindəki işıq dünyaya əlavə etdiyi bir şey deyil, gündəlik həyatın səs-küyü altında görə bilmədiyi bir şeyi görməyə başlamasıdır. Hekayənin qəhrəmanı bu duyğunu sözə çevirə bilmir. Musiqiyə çevirmək istəyir, amma özü bəstəkar deyil. Sözün musiqisi çatmır ona. İnsanın yaşadığı duyğu bəzən onun ifadə imkanlarından daha geniş olur. Hiss etdiyi şeyin varlığını bilir, amma onu başqasına çatdırmağa gələndə dilin sərhədlərinə dirənir.

Ədəbiyyatın, sənətin özü də bir mənada bu çətinlikdən doğulur. Yazıçı sözlə ifadə olunmayanı sözlə ifadə etməyə çalışır. Ancaq hər dəfə nəyisə sözə çevirəndə onu həm qoruyur, həm də müəyyən qədər dəyişdirir. Hekayədə qəhrəmanın duyğusunu musiqiyə çevirmək istəyən bəstəkarı xatırlaması əla nüansdı. Musiqi onun üçün izah etməkdən daha çox yaşatmaq vasitəsidir. O, hissini şərh etmək yox, həmin hissin özünü səsləndirmək istəyir.

Qəhrəman öz daxilindəki bu qəribə vəziyyəti anlamağa çalışarkən kəndlərində yaşamış Havalı Alını xatırlayır.

Havalı Alı haqqında danışılanlar ilk baxışdan çoxumuza tanış gəlir. Cəmiyyətin qəbul etdiyi qaydalarla yaşamayan, insanların gündəlik qayğılarından uzaq, özünəməxsus bir aləmdə dolaşan adam. Onu bir tərəfdən dəli sayırlar, digər tərəfdən isə adi insanların bilmədiyi həqiqətlərdən xəbərdar hesab edirlər. O, cəmiyyətin nəzərində anlaşılmazdır. Ancaq anlaşılmaz olmaqla mənasız olmaq arasında fərq var. İnsan anlamadığı şeyin qarşısında iki seçim edir: ya onu öz ölçülərinə uyğunlaşdırır, ya da ona qəribə bir ad verir.

Havalı Alının adı da elə bu ehtiyacdan doğmuş kimi görünür. Onu başa düşmək çətindir, deməli, havalıdır. Amma müəllif həmin sözü başqa bir mənaya çəkir. Havalı olmaq yerdən qopmaq, yer üzünün qaydalarına sığmamaq, ruhən başqa bir istiqamətə yönəlməkdir.

Burada dəliliklə müdriklik arasındakı incə xətt ortaya çıxır. Əlbəttə, cəmiyyətin qaydalarına uyğun yaşamayan hər kəsi müdrik, həmin qaydalara uyğun yaşayan hər kəsi isə müti hesab etmək olmaz. Hekayənin fəlsəfi tərəfi bu bölgüdə deyil. Havalı Alı cəmiyyətin ona verdiyi adla öz varlığı arasında məsafə yaradır. Başqaları onu izah etdiklərini düşünürlər, amma əslində özlərinin anlamadığı bir şeyə ad qoyurlar.

Bəlkə də biz başqa insanları təsnif etməklə onları anlamaq zəhmətindən xilas oluruq. Birinə dəli, digərinə dahi, başqasına avam deyirik. Ad qoyduqdan sonra elə bil məsələ həll olunur. Halbuki insanın adı onun mahiyyəti deyil, haqqında qurduğumuz təsəvvürün qısa ifadəsidir.

Havalı Alı isə bu təsəvvürlərin arasından çıxıb öz yoluyla gedir.

Ağıl insanı dünyaya yaxınlaşdırır, yoxsa ondan ayırır?

Hekayənin ortasında Havalı Alının düşüncələri geniş bir fəlsəfi mühakiməyə çevrilir. O, insanın təbiətlə əlaqəsini itirməsindən danışır. Heyvanların təbiətin dəyişikliklərini əvvəlcədən hiss etməsini, insanın isə yaratdığı texnologiyalara baxmayaraq bir çox hadisənin qarşısında aciz qalmasını xatırladır. Onun fikrincə, insanın ağlı və şüuru təbiətlə ilkin əlaqəsini pozub. İnsan təbiətin bir hissəsi olmaq əvəzinə onu özünə tabe etdirməyə çalışır.

Bu düşüncənin ən maraqlı tərəfi insanın öz uğurlarının arxasında gizlənən yadlaşmadır. İnsan dünyanı ölçür, təsnif edir, ona adlar verir, qanunlarını öyrənir. Sonra öyrəndiklərinin köməyi ilə həmin dünyanı dəyişdirməyə başlayır. Nəhayət, dəyişdirdiyi dünyanı idarə edə bildiyini zənn edir. Ancaq idarə etmək istəyi ilə anlamaq istəyi eyni deyil. Bir şeyi özünə tabe etdirmək onun mahiyyətini dərk etmək demək deyil.

İnsan çayı bəndlə saxlayanda onun suyuna nəzarət edir, amma çayın bütün mənasını mənimsəmiş olmur. Meşəni xəritəyə köçürəndə meşəni tanımış sayılmır. Təbiətə aid biliklərimiz artdıqca onun üzərindəki təsir imkanlarımız da artır, lakin bu, insanın təbiətin bir hissəsi olduğunu unutmasına mane olmur. Əksinə, bəzən insan özünü təbiətdən kənarda təsəvvür etdiyi üçün ona qarşı məsuliyyətini də unudur.

Havalı Alının fikirlərində insanın yaratdığı ilə təbiətin yaratdığı arasında sərt fərq qoyulur. Onun düşüncəsinə görə, insanın hazırladığı hər şey ikinci əldir, təbiətin yaratdıqları isə kamildir. Bu yanaşmanı mütləq həqiqət kimi qəbul etmək çətindir. İnsan da təbiətin içində yaranıb; onun əli, ağlı, təxəyyülü də həmin dünyanın bir hissəsidir. Deməli, insanın yaratdıqlarını təbiətdən tamamilə ayrı təsəvvür etmək mümkün deyil.

Amma Havalı Alının fikrinin gücü bu bölgünün elmi dəqiqliyində yox, onun etiraz etdiyi münasibətdədir. O, insanın özünü bütün canlılardan üstün tutmasına qarşı çıxır. İnsan başqa canlıların həyatını öz məqsədlərinə uyğun dəyişdirə bildiyi üçün özünü onların sahibinə çevirir. Təbiəti ümumi evimiz hesab etməkdənsə, ondan istifadə ediləcək bir vasitə kimi yararlanır.

Beləcə, Havalı Alının fikirləri insanı sadəcə təbiətə qayıtmağa çağırmır. O, daha çətin bir sual verir: insan öz imkanları artdıqca məsuliyyətini də artıra bilirmi?

Bu sualın cavabı müasir dünyanın mənzərəsində gizlənir. İnsan texniki baxımdan əvvəlki dövrlərlə müqayisədə daha qüdrətlidir, amma bu qüdrətin onu daha müdrik etdiyini demək çətindir. Bilik artımı ilə müdrikliyin artımı arasında avtomatik əlaqə yoxdur. Bəlkə də Havalı Alının itirilmiş köklənmə dediyi şey elə bu tarazlığın pozulmasıdır.

Dovşan niyə dovşan ömrü yaşayır?

Hekayədə diqqət çəkən fikirlərdən biri budur: dovşan dovşan ömrü, pələng pələng ömrü, qarışqa qarışqa ömrü yaşayır. İnsan isə İnsan ömrü yaşaya bilmir.

Bu cümlənin qəribəliyi onun sadəliyindədir. Heyvan öz həyatını insanın müəyyənləşdirdiyi uğur meyarları ilə ölçmür. Dovşan pələng olmaq istəmir, qarışqa başqa bir canlının yerində yaşamağa can atmır. İnsan isə öz varlığını tez-tez başqalarının varlığı ilə müqayisə edir. Kiminsə həyatı ilə öz həyatını tutuşdurur, kiminsə əldə etdiyini özünə ölçü seçir, başqasının arzusu ilə öz istəyini qarışdırır.

İnsanın imkanlarının genişliyi ona seçim azadlığı verir, amma həmin azadlıq bəzən insanın özünü itirməsinə də səbəb olur. İnsan nə olmaq istədiyini müəyyənləşdirmək əvəzinə nə olmaq lazım gəldiyi barədə eşitdiklərinin arxasınca gedir. Cəmiyyət onun üçün uğurun, xoşbəxtliyin, hörmətin, hətta normal həyatın ölçülərini hazırlayır. İnsan da bu ölçülərə uyğun gəlmək üçün çalışır.

Beləliklə, öz həyatını yaşayan insan tədricən başqalarının müəyyənləşdirdiyi həyatın iştirakçısına çevrilir.

Havalı Alının cəmiyyətdən kənarda qalması burada başqa məna qazanır. Onun xoşbəxt görünməsinin səbəbi var-dövlətdən, ailə qayğılarından və insanların münasibətlərindən uzaq olması kimi təqdim edilir. Ancaq onun xoşbəxtliyi yalnız bunların yoxluğu ilə izah edilə bilməz. Əsas məsələ onun başqalarının gözləntilərinə uyğunlaşmağa çalışmamasıdır. O, öz həyatını kənardan təsdiqlətmək ehtiyacı duymur.

Bununla belə, Havalı Alını ideal insan obrazına çevirmək də düzgün olmazdı. Cəmiyyətdən uzaq yaşamaq həmişə azadlıq deyil; bəzən insanın tənhalığı, köməksizliyi və ya seçim imkanlarının məhdudluğu da ola bilər. Müəllif bilərəkdən bu ziddiyəti tam həll etmir və Havalı Alının sirrini bu cür qoruyur. Biz onun həqiqətən xoşbəxt olub-olmadığını bilmirik, yalnız başqalarının onu xoşbəxt gördüyünü bilirik. Xoşbəxtlik haqqında bildiklərimizlə xoşbəxtliyin özü arasında isə həmişə müəyyən məsafə qalır.

Heç Nə kimdir?

Hekayənin ən mühüm nöqtəsi Həsənqulu xanla nurani qoca arasında baş verən söhbətdir. Hakimiyyət pillələri bir-bir sadalanır: vəzirin köməkçisi, baş vəzir, padşah, Allah. Nəhayət, sual gəlir: Allahdan üstün kim var? Cavab isə gözlənilməzdir: heç nə.

Qoca özünü həmin Heç Nə ilə eyniləşdirir.

Bu cavabı sadəcə təvazökarlıq kimi də anlamaq mümkündür, amma onun fəlsəfi imkanları daha genişdir. Hakimiyyət və üstünlük anlayışları müqayisəyə əsaslanır. Birinin üstün olması üçün digərinin aşağıda dayanması lazımdır. İnsanın qurduğu sosial münasibətlər də çox vaxt bu pillələr üzərində formalaşır. Hər kəs özündən yuxarıda və aşağıda olanları müəyyənləşdirir, öz yerini başqalarının yeri ilə müqayisə edir.

Heç Nə isə bu pillənin içində dayanmır. O, sonuncu pillə deyil, pillələrin özündən kənara çıxmaq ehtimalıdır. Özünü heç nə hesab etmək burada yoxluğa çevrilməkdən daha çox, üstünlük iddiasından imtina etmək mənası daşıya bilər.

Bu fikir Şərq fəlsəfəsinin bəzi istiqamətlərində rast gəlinən nəfsdən arınma, özünü mərkəz hesab etməmək düşüncəsini xatırladır. İnsan özünü hər şeyin ölçüsü saymaqdan əl çəkəndə dünya onun üçün başqa cür görünməyə başlayır. Çünki artıq hər şeyi özünə görə qiymətləndirməyə ehtiyac duymur.

Rüsrəm Dastanoğlunun Havalı Alının təbiətlə vəhdət haqqında fikirləri ilə Heç Nə əhvalatı birləşdirməyi çox uğurlu alınıb. Birində insan özünü təbiətdən üstün tutmaqdan imtina etməlidir, digərində isə özünü başqalarından üstün hesab etməkdən. Hər iki halda insanın mərkəzdən çəkilməsi təklif olunur.

Ancaq burada başqa bir ehtimal da var: bəlkə Heç Nə olmaq heç bir iddiaya sahib olmamaq deyil, insanın özünü başqalarının verdiyi adlardan azad etməsidir. Havalı Alını dəli adlandırırlar, amma o, bu ada uyğun yaşamağa çalışmır. Onu müdrik hesab edəndə də həmin müdrikliyi sübut etmək üçün meydana çıxmır. O, başqalarının təsəvvürlərindən əvvəl mövcud olan bir adam kimi qalır.

Canavarların toxunmadığı adam

Havalı Alının canavarlarla qarşılaşması hekayənin əfsanəvi qatını gücləndirir. Kəndin mal-qarasına hücum etməyə gələn canavarlar onun ətrafında dolaşır, ayaqlarına sürtünür, sonra da sakitcə uzaqlaşırlar. Bu hadisə insanların Havalı Alıya münasibətini dəyişir. Əvvəllər onu qəribə adam hesab edənlər indi ona nəzir-niyaz gətirməyə başlayırlar.

Maraqlı olan canavarların davranışından daha çox, insanların həmin hadisədən çıxardığı nəticədir. Havalı Alı əvvəl də eyni adam idi. Dəyişən onun haqqında danışılan əhvalatdır. İnsanlar onun kimliyini anlamaq üçün qeyri-adi bir hadisəyə ehtiyac duyurlar. Sanki sakitcə yaşamaq, heç kimə zərər verməmək, təbiətlə mehriban münasibətdə olmaq kifayət deyil; bunların müqəddəs və ya fövqəltəbii bir məna daşıdığını təsdiqləyən möcüzə baş verməlidir.

Bu epizodda insanın inam ehtiyacı ilə bağlı bir məqam görünür. İnsan bəzən möcüzəyə ona görə inanır ki, dünyanın yalnız gözlə görünən və ağıl vasitəsilə izah edilən hissədən ibarət olmadığını hiss etmək istəyir. Ancaq həmin möcüzəni də öz bildiyi qaydalarla şərh edir, onu əfsanəyə çevirir, sonra da həmin əfsanə vasitəsilə öz qorxularını və ümidlərini ifadə edir.

Canavarlar Havalı Alıya toxunmurlar. Bunun səbəbini hekayə izah etmir. Onların davranışına fövqəltəbii məna vermək də, onu adi bir hadisəyə çevirmək də mümkündür. Əsas məsələ hadisənin özündən çox, onun yaratdığı təsəvvürdür: insanlar arasında yad sayılan bir adam başqa canlıların arasında yad görünmür.

İnsan Havalı Alını anlaya bilmir, amma heyvanlarla onun arasında bir yaxınlıq təsəvvür edir. Bu yaxınlıq gerçək də ola bilər, kənd yaddaşının yaratdığı əfsanə də. Hər iki halda o, insanın özündən kənarda qalan dünyaya duyduğu həsrəti ifadə edir.

İşığa çevrilmək arzusu

Havalı Alı bir gün yoxa çıxır. Onu axtarırlar, haqqında müxtəlif əhvalatlar danışırlar. Ən çox inandıqları rəvayətə görə, o, gecənin birində özü boyda işığa çevrilərək göyə qalxıb, sonra ulduzların arasında itib.

Bu yoxa çıxma hekayənin bütün fəlsəfi xətlərini bir nöqtədə birləşdirir. Havalı Alı cəmiyyətin içində yaşayıb, amma onun qaydalarına tam daxil olmayıb. İnsanlar arasında olub, amma onlara aid hesab edilməyib. Nəhayət, fiziki olaraq da onların arasından çıxıb gedir. Onun yoxa çıxması ilə bağlı yaranan əfsanə isə sanki bu ayrılığı tamamlayır: yerə sığmayan adam göyə çəkilir.

Ancaq burada diqqət etməli olduğumuz bir məqam var. Havalı Alının göyə qalxmasını onun öz dilindən eşitmirik. Bunu kənd adamları danışırlar. Deməli, onun yoxa çıxması yalnız Havalı Alının taleyi deyil, onu xatırlayanların da hekayəsidir. İnsanlar anlaya bilmədikləri ayrılığa bir məna vermək istəyirlər. Onun adi şəkildə yoxa çıxması ilə barışmaq əvəzinə, işığa çevrilməsini təsəvvür edirlər.

Əfsanə həm də insanın itirdiyi adamı öz dünyasında saxlamaq üsuludur. Bədən yox olur, amma onun haqqında qurulan təsəvvür yaşayır. Havalı Alı göyə çəkiləndən sonra kəndin yaddaşında daha əlçatmaz, daha işıqlı bir varlığa çevrilir.

Hekayənin sonunda əsas qəhrəman da Havalı Alının işığını axtarmağa qərar verir. Bu, onun yaşadığı daxili halın təbii davamıdır. Əvvəlcə içindəki işığı hiss etmişdi, sonra həmin hissi izah etmək üçün Havalı Alını xatırlamışdı, indi isə öz daxilində yaşadığı duyğu ilə itmiş adamın əfsanəsi arasında əlaqə qurur.

O, ulduzları tapmaq istəyir, amma axtardığı ulduz deyil.

İnsan bəzən özündə baş verən dəyişiklikləri anlamaq üçün başqa birinin həyatına baxır. Özündə ad qoya bilmədiyi hissi başqasının taleyində tanımağa çalışır. Havalı Alı onun üçün məhz belə bir güzgüyə çevrilir. Qəhrəman özündə yaranan işığın haradan gəldiyini bilmir, amma Havalı Alının hekayəsi həmin işığa istiqamət verir.

İnsan yerə nə qədər bağlıdır?

Hekayənin əvvəlində də, sonunda da eyni payız mənzərəsi var. Adamlar yenə işə gedirlər, işdən gəlirlər, küçədə öz gündəlik həyatlarını yaşayırlar. Dünya öz axarındadır. Havalı Alı isə artıq yoxdur. Onun yoxluğundan qalan yalnız əhvalatlar, əfsanələr və başqa bir insanın daxilində yanan işıqdır.

Bu çərçivə hekayəyə xüsusi məna verir. Çünki müəllif dünyanın dəyişməsini göstərmir; insanın dünyaya baxışının dəyişməsini göstərir. Həyatın adi axarı ilə insanın daxili aləmi arasında məsafə yaranır. Həmin məsafədə insan özünə suallar verməyə başlayır: Mən nəyin içində yaşayıram? Nəyə görə belə yaşayıram? Mənim normal hesab etdiyim həyat həqiqətən mənə məxsusdurmu?

Havalı Alı bu suallara hazır cavab vermir. O, daha çox cavabların özünü şübhə altına alır. İnsanın dünyanı idarə etmək istəyini, başqalarının fikrinə bağlılığını, özünü hər şeyin mərkəzində görməsini sorğulayır. Ancaq onun öz düşüncələri də mübahisəyə açıqdır. Təbiətlə vəhdət insanın ağlından imtina etməsi demək deyil. Cəmiyyətin qaydalarından kənarda yaşamaq da öz-özlüyündə müdriklik deyil. Bəlkə də məsələ ağlı yox etməkdə deyil, onun insanın bütün varlığı üzərində hökmranlıq etməsinə imkan verməməkdədir.

İnsan həm düşünə, həm hiss edə bilər. Həm təbiətin qanunlarını öyrənə, həm də həmin biliklərin ona hər şey üzərində sahiblik hüququ vermədiyini anlaya bilər. Özünü dünyanın mərkəzi hesab etmədən də dünyada yer tuta bilər.

Hekayənin adı bizə məlum deyil, amma Havalı Alının adı özü bir sual kimidir. O, havalıdır, çünki yerdən ayrılmaq istəyir? Yoxsa yerdə qalanların görə bilmədiyi bir şeyi görür? Bəlkə də bu iki ehtimal bir-birini istisna etmir. İnsan bəzən bir şeyi daha aydın görmək üçün ona çox yaxın olduğu yerdən uzaqlaşmalıdır.

Havalı Alının işığı da elə bu uzaqlığın işığıdır. O, göydə həqiqətən parlayan bir ulduzdurmu, yoxsa insanın öz içində yaratdığı bir ümid? Hekayə bunu dəqiqləşdirmir. Çünki əsas məsələ həmin işığın harada olması deyil, insanın onu axtarmağa nə vaxt başlamasıdır.

İnsanın özünə qayıtması da bu axtarışdan başlayır.

# 199 dəfə oxunub

Oxşar xəbərlər

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

16:00 10 oktyabr 2026
Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər