Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?

Acın ova, toxun Allaha getdiyi yer... - Qobustanla Göbəklitəpəni hansı sirr birləşdirir?
11 oktyabr 2026
# 14:00

Kulis.az tarixçi-tədqiqatçı Elvin Şıxaliyevin "Qobustanla Göbəklitəpəni birləşdirən sirr: Acın ova, toxun Allaha getdiyi yer" yazısını təqdim edir.


40 min illik Qobustan rəsmləri ilə 12 min illik Göbəklitəpə məbədi arasında 2000 km məsafə var. Bəs niyə hər ikisində eyni öküz, eyni günəş və eyni yallı var?
Tarixin ən böyük yalanlarından biri dərsliklərdə yazılan bu cümlə idi: “İnsan əvvəlcə doydu, sonra düşündü.” Yəni əvvəl ov etdi, sonra toxum əkdi, artıq məhsul yığdı, kənd saldı, darıxdı və ən sonda məbəd tikdi. Materializm tarixi belə izah edirdi.



1994-cü ildə Şanlıurfada, Örəncik kəndində çobanların "qabaq daşlar var" dediyi təpədə alman arxeoloqu Klaus Şmidt qazıntıya başlayanda bu düstur dağıldı. Tapılan yer Göbəklitəpə idi. Radiokarbon analizləri (C14) göstərdi: Eradan əvvəl 9600-cü il. Yəni Misir piramidalarından 7000 il, Stounhencdən 6000 il qədim. Hələ saxsı qab yoxdur, hələ dulusçuluq çarxı yoxdur, hələ metal yoxdur, hələ oturaq kənd yoxdur. Amma 20 dairəvi məbəd var. Hər məbəddə 5-6 metr hündürlüyündə, 15-20 ton ağırlığında T formalı sütunlar var. Sütunların üstündə isə tülkü, qaban, kərkəs və ən əsası, vəhşi öküz - aurochs təsvirləri.

Onu tikənlər kim idi? Sümük analizləri göstərdi ki, onlar hələ ovçu-yığıcı idilər. Yəni Neolit inqilabından əvvəl yaşayırdılar. Demək, tarixdə ilk dəfə olaraq formul tərsinə döndü: Əvvəl məbəd tikildi, sonra şəhər yarandı. Şmidtin öz sözləri ilə desək: "Əvvəl məbəd gəldi, sonra şəhər." Bu kəşf "National Geographic"i tarixi yenidən yazmağa məcbur etdi. Bəs Qobustan?


I. Əvvəl Qobustan var idi


Qobustan qoruğu - Bakıdan 60 km cənubda, 537 hektarlıq ərazi. 1966-cı ildən qoruq, 2007-dən UNESCO-nun Dünya İrsi. 3 əsas dağ: Böyükdaş, Kiçikdaş, Cingirdağ. 6000-dən çox petroqlif. Onun xronologiyası Göbəklitəpədən qat-qat qədimdir. Arxeoloq İshaq Cəfərzadənin və sonra Norveçli Tur Heyerdalın apardığı araşdırmalara görə, ən qədim rəsmlər Üst Paleolitə - e.ə. 40.000 - 12.000-ci illərə aiddir. Yəni Göbəklitəpədən 30 min il əvvəl Qobustanda adam artıq qayaya fikirini cızırdı. Metod eynidir, sadəcə material fərqlidir. Qobustanda divar qayadır, Göbəklitəpədə divar yonulmuş əhəngdaşıdır. Amma hər ikisində 3 eyni ideoloji kod var ki, bu təsadüf ola bilməz.

II. Üç kod: Öküz, Günəş və Yallı

1. Öküz kultu. Qobustanda 3 saylı daşda iri buynuzlu vəhşi öküz var. Zooloqlar təsdiq edir ki, bu Bos primigenius - nəsli kəsilmiş vəhşi öküz - aurochs-dur. Ətrafında nizəli adamlar rəqs edir. Bu ov səhnəsi deyil, ritualdır. Çünki öküz həddindən artıq böyük və mərkəzdə çəkilib.
Eyni öküz Göbəklitəpədə D məbədinin 33 saylı sütununda da var. Alman Arxeologiya İnstitutunun hesabatında o sütun "öküz sütunu" adlanır. Daha sonra, e.ə. 7500-ci ildə Konyadakı Çatalhöyükdə - dünyanın ilk proto-şəhərində, Ceyms Mellartın qazıntılarında tapıldı ki, insanlar evlərinin döşəməsi altında və divarında gipsə bulaşmış əsl öküz kəllələri (bucranium) basdırır. Bu, evi qoruyan totem idi. Yəni Qobustanda çəkilən, Göbəklitəpədə yonulan, Çatalhöyükdə basdırılan eyni tanrıdır.



2. Günəş və Qayıq kultu. Qobustanın ən məşhur rəsmlərindən biri - qamış qayıqlar və üstündə günəş simvolu. Tur Heyerdal elə buna görə Qobustana gəlmişdi. O, Norveçdəki Alta fiyordundakı vikinqlərə aid qaya rəsmləri ilə Qobustandakı qayıqların eyni texnologiya ilə qamışdan toxunma olduğunu sübut etdi. Onun fikrincə, qayıq sadəcə nəqliyyat deyildi, günəşin gecə okeanın altında üzməsini simvolizə edən dini vasitə idi. Göbəklitəpədə bütün 20 məbədin girişi cənub-şərqə - qış gündönümündə günəşin doğduğu nöqtəyə baxır. Bu, təsadüfi oriyentasiya deyil, astronomik plandır. Eyni günəşbaşlı adamlar Qazaxıstanda Tamqalı dərəsində (adı da elə Qazax dilində "işarəli, günəşli yer" deməkdir) və Qırğızıstanda dəniz səviyyəsindən 3200 metr yüksəklikdə olan Saymalı-Taşda (UNESCO) minlərlə eyni formada təkrarlanır.

3. Yallı - Kollektiv ritual. Kiçikdaşdakı 29 saylı daş - əl-ələ tutub fırlanan 7-8 adam. Arxeoloqların fikrincə bu, dünyanın ən qədim Yallı təsviridir. Göbəklitəpədə isə arxeozooloqlar məbədlərin ətrafından 100 mindən çox ceyran, qaban və cöl eşşəyi sümüyü tapıb. Bu, bir ailənin yeyəcəyi deyil, minlərlə adamın qatıldığı mövsümi qurban bayramının qalığıdır. Yəni Yallı və qurban eyni ritualın iki hissəsidir. Bu, sadəcə oxşarlıq deyil. Bu, ideyanın miqrasiyasıdır. Paleolitdə Qobustanda qayaya cızılan ovçu inancı, Mezolitin sonunda Göbəklitəpədə monumentallaşdı, Neolitdə Çatalhöyükdə evə girdi, Tunc dövründə isə bütün Avrasiya çöllərinə - Mərkəzi Asiyaya yayıldı.



Bəs niyə məhz Göbəklitəpədə bu partlayış oldu? Cavab genetikadadır.

2006-cı ildə "Science" jurnalında çıxan məqalədə botaniklər sübut etdi ki, dünyada seleksiya edilən ilk buğda - einkorn buğdası - Göbəklitəpədən cəmi 30 km aralıda, Qaracadağ silsiləsində əhliləşdirilib. Vəhşi buğdanın geni ilə mədəni buğdanın geni eyni yerdə üst-üstə düşür.

İnsan gündə 2000 kalori üçün ovçu kimi 10-12 km qaçmalı idi. Əkinçi isə eyni tarlada 50 nəfəri doyura bildi. Amma buğda tək səbəb deyil, qığılcımdır. Buğda artıq məhsul yaratdı, artıq məhsul oturaq həyatı, oturaq həyat isə boş vaxt yaratdı. Boş vaxt isə bəşəriyyət tarixində ilk dəfə insana qarnını yox, ölümünü, ruhunu, Tanrını düşünməyə imkan verdi.

Qobustanda insan təbiətdən qorxduğu üçün Tanrıya inanırdı. Göbəklitəpədə isə tox qarına şükür etmək üçün Tanrıya ev tikirdi. Biri qorxu dini idi, o biri şükür dini. Göbəklitəpədə insan artıq tox idi, ona görə tanrısına ev tikirdi.

Elmin dili ilə desək, iki inqilab olub: Mezolit inqilabı - ox və kamanın ixtirası, insanın təbiətə qalib gəlmək inqilabı. Və Neolit inqilabı - buğdanın seleksiyası (əhliləşdirilməsi), insanın özünə qalib gəlmək və inancını məbədə çevirmək inqilabı.

Ac ova gedir, tox Allaha...


# 127 dəfə oxunub

Oxşar xəbərlər

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

Qazaxıstanın qayaya oyulmuş sirli məscidləri UNESCO siyahısında: Manqıstau möcüzəsi

16:00 10 oktyabr 2026
"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

"Tağıyevdən savayı hansı dövlətlimiz bir kitabxana vücuda gətirib?" - Ömər Faiq Nemanzadənin tələbi nə idi?

14:00 10 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

Erməni dilini bilən, anasının doğum günündə şəhid olan "Hadrut fatehi" - Camal İsmayılov kimdir?

12:00 5 oktyabr 2026
Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

Aristotelin Makedoniyalı İsgəndərə dərs dediyi məktəb aşkarlandı

11:00 2 oktyabr 2026
Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

Qafqazın nüvəsindən qalib dövlət kimi doğulan Azərbaycan... - Yaddaşdan nəticə çıxara bildikmi?

10:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər