"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?
7 oktyabr 2026
# 10:00

Bu gün tanınmış italyan yazıçı Natalia Ginzburqun anım günüdür.

Kulis.az Guşef Alhasın "Natalia Ginzburq: Ədəbiyyatın və müqavimətin güclü səsi" yazısını təqdim edir.

İtalyan yazıçı Natalia Ginzburq cəmiyyət və ailə mövzularını tez-tez işləyən, dövrünün inqilabi kimliyini mənimsəyərək bunu əsərlərinə daxil etməyi vacib bilən müəlliflərdən idi. Biz yazıçını çox yaxın keçmişdə - 2022-ci ildə "Can Yayınları" tərəfindən türkcəyə tərcümə olunması sayəsində tanıdıq. Əvvəllər də dilimizə çevrilmiş əsərləri olsa da, onun daha geniş oxucu kütləsi qazanması məhz bu nəşriyyat vasitəsilə baş verdi.

"Səni qucaqlayır və sənə xoşbəxtlik arzulayıram; əlbəttə, əgər xoşbəxtlik deyilən bir şey varsa... Çünki bizə bəxş edilən bu dünyada xoşbəxtliyin izinə arabir rast gəlsək də, onun həqiqətən mövcud olub-olmadığını tam bilmirik." ("Sevgili Mişelə")

Ədəbiyyat dünyası və müqavimət hərəkatı

Ginzburq uşaqlıq illərindən etibarən ictimai hadisələrə həssas və ədəbiyyatla iç-içə böyüdü. Mütaliə etdiyi kitabların təsiri ilə kiçik şeirlər və hekayələr yazmağa başladı. Yaşadığı cəmiyyəti və ətrafında qurulan münasibətləri müşahidə etməyi çox sevən Ginzburq, yaradıcılığında da bu xəttə kökləndi. İlk hekayəsi hələ on yeddi yaşında ikən işıq üzü gördü. Daha sonra fəaliyyətini Florensiyada çıxan "Solaria" jurnalında davam etdirdi. Toxunduğu mövzular bir-birinə yaxın xarakter daşıyırdı və universitetə başladığı dövrdə onun siyasi kimliyinin formalaşmaması artıq qeyri-mümkün idi. Universitet təhsilini həm siyasi şərait, həm də ədəbiyyata olan sonsuz sevgisi səbəbindən yarımçıq qoydu.

İnqilabçı bir ailənin üsyankar qızı kimi dünyaya göz açan Ginzburq 1938-ci ildə naşir və müqavimət hərəkatının fəal iştirakçısı olan Leon Ginzburqla ailə həyatı qurdu. Ömrünün ən çətin sınaqlarını məhz bu evlilik dövründə yaşadı: sürgünlər, müharibələr, həbslər və işgəncələr...

Antifaşist müqavimət mübarizəsinin ön cəbhəsində çiyin-çiyinə dayandığı həyat yoldaşı və bu mübarizə əsnasında yaxından əlaqə saxlayıb sonradan dostlaşdığı Çezare Paveze Ginzburqun ən böyük dayaqları idi. Eyni əqidəni paylaşan bu ziyalılar ədəbi fəaliyyətlərini davam etdirməklə apardıqları azadlıq mübarizəsi arasında sıxışıb qalmışdılar.

Ginzburq ilk əsərini çap etdirərkən sürgündə idi və Alessandra Tornimparte təxəllüsündən istifadə edirdi. Sürgün illəri nə qədər sarsıdıcı olsa da, bu şərait onun yaradıcılığına mane ola bilmədi; əksinə, yaşadıqlarını qələmə alaraq özünü ifadə etməsinə zəmin yaratdı.

Həyatın dönüş nöqtəsi

Taleyin gətirdikləri ilə apardıqları arasında ömür sürən Natalia Ginzburq mübarizənin ən ağır şərtlərini qəbullanmış və ədəbiyyat eşqinə xələl gətirmədən yazmağa davam etmişdi. Lakin həyat öz axarı ilə davam edirdi: ilk əsəri olan "Şəhərə gedən yol"un nəşr olunma sevincini sürgün səbəbilə nisgilli bir duyğu ilə yaşayarkən, 1943-cü ildə həyat yoldaşı Leonun həm siyasi prosesləri, həm də təsis etdikləri nəşriyyatın işlərini tənzimləmək üçün Romaya qayıtması ilə Natalianın həyatı alt-üst oldu. Leon Romaya döndükdən qısa müddət sonra həbs edildi və dəhşətli işgəncələrə məruz qaldı. Bir il davam edən bu ağır sınaqlara tab gətirə bilməyən Leon Ginzburq 1944-cü ildə həyatla vidalaşdı.

Həyat yoldaşının ölümündən sonra oğlu Karlo Ginzburqla (tarixçi və mikrotarix cərəyanının nümayəndəsi) birgə Turinə qayıdan Natalia Ginzburq artıq bir qədər sakitləşmiş siyasi mühitdə özünü tamamilə nəşriyyata və ədəbiyyata həsr etdi.

"Müharibədən sonrakı dövr elə bir zəmanə idi ki, hamı özünü şair, hamı özünü siyasətçi hesab edirdi; dünyanın susdurulmuş, daş kəsilmiş kimi donub qaldığı və həqiqətin sanki bir şüşənin, kristal, lal və hərəkətsiz bir vitrinin arxasından seyr edildiyi bunca ildən sonra hər kəs hər şeyin şeirini yaza biləcəyini, hətta yazmalı olduğunu xəyal edirdi." ("Ailə lüğəti")

Matəm dövrü və varlıq ağrısının bəxş etdiyi ilham

Ağrılı-acılı günlərin ən təsirli dərmanının yazmaq olduğuna inanan Ginzburq qələmini yerə qoymadı. Yaşadıqlarını sadə, lakin sarsıdıcı bir dillə əsərlərinə ilmə-ilmə toxuyan yazıçı mövzulara fərqli üslublarda yanaşsa da; ölümə, müharibəyə, müqavimətə, daxili axtarışlara və mənəvi iztirablara toxunmaqdan heç vaxt vaz keçmədi. Yazaraq şəfalanan Ginzburq 1947-ci ildə böyük səs-küy doğuran "Bax, belə oldu" kitabını nəşr etdirdi və bu əsəri ilə "Tempo" ədəbiyyat mükafatına layiq görüldü. Üç il sonra - 1950-ci ildə Qabriel Baldini ilə ailə quran yazıçı əsərləri üzərində daha dərindən işləmək imkanı tapdı və onları yenidən redaktə etdi. Ardınca "Bütün dünənlərimiz", "Valentino", "Axşamın səsləri", "Ailə lüğəti" və "Sevgili Mişelə" romanlarını ərsəyə gətirdi.

Yaradıcılığında müqavimət, ölüm və daxili çəkişmələr kimi motivlər üstünlük təşkil edirdi. "Bax, belə oldu" əsərinin ilk cümləsi elə ölüm xəbəri ilə başlayırdı; oxucu qəhrəmanların ruhi təlatümləri arasında vurnuxub qalırdı. "Bütün dünənlərimiz" romanında isə 1930-cu illərin sonundakı İtaliyanın siyasi və ictimai mənzərəsinə bir ailənin taleyi prizmasından işıq salırdı.

Digər əsərlərində də tez-tez rast gəlinən siyasi məqamlar və ailədaxili münasibətlər yazıçının vizit kartına çevrilmişdi. Şəxsi həyatının izlərini vərəqlərə köçürərkən baş verənləri bədbin ruhda deyil, sətiraltı ümid aşılayan cümlələrlə mənalandırırdı.

Yaşananlardan sonra yenidən əvvələ qayıdış

Qabriel Baldini ilə evliliyi boyu bütünlüklə ədəbiyyata bağlanan Ginzburq 1969-cu ildə Baldininin vəfatından sonra bir müddət roman janrından uzaq düşdü. 1970-ci ildə onun tənqidi esselərdən ibarət toplusu işıq üzü gördü. 1973-cü ildə isə "Sevgili Mişelə" romanı ilə yenidən oxucuların görüşünə gəldi.

Epistolyar (məktublaşma) formasında qələmə alınan bu roman baş qəhrəmanın anası, bacı-qardaşları və dostları ilə yazışmalarına əsaslanır. Siyasi səbəblərdən ölkə-ölkə gəzmək məcburiyyətində qalan qəhrəmanın səfərlərini çox az müşahidə etsək də, mətndə ən qabarıq görünən cəhət ailə münasibətləri və üzbəüz deyilə bilməyənlərin yazıya tökülməsidir. Çox axıcı dillə yazılmış bu əsərin sonunda müəllif oxucunu olduqca təəccübləndirən bir hadisə ilə qarşılaşdırır...

1980-ci illərdə siyasi proseslərdə əvvəlkindən daha fəal iştirak edən Natalia Ginzburq siyasi partiyalarda və müxtəlif fraksiyalarda fəaliyyət göstərdi.

Ömrünün son illərini siyasətə, qadın hüquqlarına, haqsızlıqlara qarşı mübarizəyə və sosial ədalətə həsr edən yazıçı 1991-ci ildə vəfat etdi.

Türk dilindən tərcümə: Sevinc Mürvətqızı

# 83 dəfə oxunub

Oxşar xəbərlər

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər