Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı

Migel de Unamuno və Herbert Uellsin gizli qalan məktubu tapıldı
2 oktyabr 2026
# 10:20

Salamankadakı Unamuno Ev-Muzeyinin arxivində tapılan 1936-cı ilə aid sənəd ispan yazıçısı Migel de Unamunonun "Dünyaların savaşı" əsərinin müəllifi, məşhur yazıçı Herbert Corc Uells ilə Londonda şam yeməyi yediyini və daha sonra birlikdə kinoya getdiyini təsdiqləyir.

Kulis.az xəbər verir ki, ispan yazıçının indiyədək yayımlanmamış bu məktubu elmi fantastika klassiklərinin müəllifi H.C.Uells ilə 90 il əvvəl Londonda baş tutan qeyri-adi görüşə dair yeni faktları üzə çıxarıb.

Salamanka Universitetinin nəzdindəki muzeyin arxivində tapılan məktub Migeel de Unamunonun 2 mart 1936-cı ildə Londondan övladlarına göndərdiyi yazışmalar arasında yer alır. Unamuno məktubunda Herbert Uells ilə birlikdə şam yeməyi yedikdən sonra kinoya getdiklərini yazır.

İki yazarın birlikdə izlədiyi film Uellsin ssenarisini yazdığı və özünün "Gələcəyin siması" (The Shape of Things to Come) əsəri əsasında ekranlaşdırılan eyniadlı "Things to Come" (İspan dilindəki adı ilə "La vida futura") filmi olub. Filmin nümayişi Londonun məşhur Lester-skver teatrında baş tutub.

Unamuno övladlarına göndərdiyi məktubda o gecəni qısaca belə qeydə alıb:

"Uells məni öz filminə baxmağa apardı".

Yazıçı Londondakı səfərinin ardınca Parisə yola düşüb. 1936-cı ilə aid məktubun arxivdə tapılması bu iki dahi şəxsiyyətin Londondakı görüşünə dair dedi-qoduların yazılı sənədlə təsdiqlənməsini təmin edib.

Yalnız izlərinə rast gəlinən görüş

İndiyə qədər Unamuno və Uellsin sözügedən görüşünü birbaşa təsdiqləyən heç bir şahid və ya qəti dəlil yox idi. Tədqiqatçıların əlindəki iki ipucu yalnız filmin mövzusuna toxunan bir şeir və "El Sol" qəzetinin müxbiri tərəfindən qələmə alınan London xəbərindən ibarət idi.

Lakin 2025-ci ildə ortaya çıxan yeni bir sənəd iki yazıçının Londondakı görüşünü daha ətraflı şəkildə bərpa etməyə imkan vermişdi. Bu sənəd H.C.Uellsin 28 fevral 1936-cı ildə Unamunoya göndərdiyi əlyazma dəvət məktubu idi. Uells məktubunda Unamunonu evinə şam yeməyinə dəvət edir və ardınca birlikdə film izləməyi təklif edirdi. Həmin vaxt ispan yazıçı Oksford Universiteti tərəfindən ona verilən fəxri doktor elmi dərəcəsi ilə əlaqədar İngiltərədə səfərdə idi.

İndi isə muzeyin arxivində tapılan yeni məktub göstərir ki, Uellsin dəvəti sadəcə təklif olaraq qalmayıb, iki ziyalı həqiqətən bir görüşüb və həmin axşamı birlikdə keçiriblər.

Sənədin orijinalı Unamunonun doğulduğu Bilbao şəhərində 29 sentyabr – 30 oktyabr tarixlərində keçirilən "Qoy onlar kəşf etsinlər. Migel de Unamuno və elm" adlı sərgidə ziyarətçilərə təqdim olunur. Sərgi ispan yazarın elmlə əlaqəsinə və dövrünün Albert Eynşteyn, Mariya Sklodovskaya-Küri, Santyaqo Ramon-i-Kaxal və Herbert Uells kimi mühüm intellektual simaları ilə təmaslarına həsr olunub.

Unamuno ile H. G. Wells sinemaya birlikte gitti: 90 yıl sonra bulunan mektup  doğruluyor | Euronews

Ülvi Bahadır

# 44 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər