Əfsanəvi musiqiçi 63 yaşında vəfat etdi

Əfsanəvi musiqiçi 63 yaşında vəfat etdi
2 oktyabr 2026
# 12:30

Böyük Britaniyanın məşhur "Venom" qrupunun solisti, hevi-metal janrında inqilab etmiş musiqiçi Konrad Lant 63 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, qrupun yaydığı rəsmi bəyanatda sənətçinin ölümü təsdiqlənib.

Musiqiçinin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

"Venom" qrupunun yaydığı bəyanatda deyilir:

"Dörd onillikdən artıq müddət ərzində Konradın səsi, bas gitarası və baxışları 'Venom'un qəlbi idi. O, ağır musiqini əbədi olaraq dəyişdirən bir şey yaratdı. 'Venom' heç vaxt qaydalara tabe olmadı, öz yolunu cızdı. Konrad isə bütün bunların mərkəzində idi – güzəştsiz, qorxmaz və bənzərsiz".

Səhnədə "Kronos" təxəllüsü ilə çıxış edən Lant dəhşət saçan solğun üzü, dəri geyimləri və cadugərlər, Şeytan, yeraltı dünya haqqında teatrallaşdırılmış, qorxunc çıxışları ilə qrupa böyük şoumenlik gətirmişdi. O, qrupun həm solisti, həm də bas gitaristi idi.

"Venom" kommersiya baxımından öz sələfləri olan "Blek Sabbat" və ya onlardan sonra gələn treş-metal qruplarının zirvəsinə çata bilməsə də, musiqi tarixinə qlobal təsir göstərmişdi. Qrupun 1982-ci ildə buraxdığı "Blek Metal" adlı albomu sonradan metal musiqisinin ən mühüm və qaranlıq alt janrlarından birinə birbaşa öz adını verdi.

"Ozi Ozborn Şeytan haqqında oxuyurdu, mən isə Şeytan olmaq istəyirdim"

Londonda doğulan və 7 yaşında ailəsi ilə Nyukasla köçən Lant 16 yaşında qrupa qoşulub. Əvvəlcə gitaraçı, sonra isə bas gitarist olan gənc musiqiçi əvvəlki vokalist qrupu tərk etdikdən sonra solistliyə keçib. Adı "Venom" olaraq dəyişdirilən qrupun əsas heyəti Lant, gitaraçı Ceff Dann (Mantas təxəllüsü ilə) və təbilçi Toni Breydən (Abaddon təxəllüsü ilə) ibarət idi. Onlar 1981-ci ildə "Cəhənnəmə xoş gəldiniz" adlı debüt albomlarını çıxararaq satanist simvolikanı metal musiqisinə gətirdilər.

Pankdan ilhamlanan "Venom", inanılmaz sürətli ifa tərzi ilə erkən Britaniya hevi-metalının ağırlığını daha da kəskinləşdirmişdi. Lant o dövrü belə xatırlayırdı: "Blek Sabbat-ın solisti Ozi Ozborn Şeytan haqqında oxuyurdu. Mən isə Şeytanın özü olmaq istəyirdim. Şalvarlarına corab dürtən və dodaq boyası çəkən qrupları görəndə, düzü, iyrənirdim. Lənət şeytana, hevi-metal xam, təhlükəli və birbaşa üzünə deyilən musiqi olmalıdır".

Musiqişünaslar Maykl Cey Moynihan və Didrik Söderlind yazırlar ki, 1980-ci illərdə buraxılan və səsyazması baştan-ayağa təmiz xaos olan "Blek Metal" albomu öz cəhənnəm səsi ilə bu janrın ən vacib xüsusiyyətlərini daşa həkk etmişdi.

Lantın 90-cı illərdə fitnes təlimatçısı, kompüter mühəndisi və qrafik dizayner kimi fərqli sahələrdə də çalışmasına baxmayaraq, musiqi onun həyatından heç vaxt silinmədi. "Venom" fasilələrlə 2026-cı ilin yayındakı böyük festivallara qədər turlara və konsertlərə davam etdi. Onun qaranlıq və vəhşi tərzi "Metallika", "Sleyer" və "Antraks" kimi qrupların yaranmasına təkan verdi. "Antraks" qrupunun üzvü Skott Yan Lanta olan heyranlığını belə ifadə etmişdi: "Bu, çox şər bir musiqi idi. Tamamilə yeni növ bir çılğınlıq idi". Lant həmçinin 2004-cü ildə "Nirvana" qrupunun keçmiş üzvü Deyv Qrol ilə birlikdə xüsusi layihədə iştirak etmişdi.

Musiqiçinin oğlu Neytan atasının ölümündən sonra pərəstişkarlara müraciət edib:

"Bilirəm ki, o, hamınızı çox sevirdi. O, ruhunu musiqiyə verdi və bu musiqi yaşamağa davam edəcək. Kronos əfsanəsi heç vaxt ölməyəcək".

Ülvi Bahadır

# 51 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər