Qarnıma yumruq vuran Xalq artisti

Qarnıma yumruq vuran Xalq artisti
20 may 2021
# 09:00

Kulis.az hər cümə axşamı günü tanınmış yazar-jurnalist Zamin Hacının mədəniyyət və ədəbiyyat mövzusunda yazılarını təqdim edəcək.

İlk yazı: Qarnıma yumruq vuran Xalq artisti

Əgər mən xalq artisti Arif Quliyevin ölümündən çox kədərləndiyimi yazsam, bəlkə çoxları inanmayacaq. “Nə əlaqəsi var?” – qızımın daimi, cavablandırmaqda çətinlik çəkdiyim suallarından birinin səslənməsi ehtimalı da var. Ancaq buna inanın. Çünki Arif Quliyev şəxsən mənim qarnıma yumruq vurmuş bir adam idi.

Nağılların dili yüyrək olur, mənim hekayəm isə gerçəkdir, o üzdən bir az ətraflı yazmalıyam. Lap elə Arif Quliyevin qədim zamanlarda dillər əzbəri olan yumoreskasında (o çağlar biz sketçi, stəndapı təxminən bu cür adlandırardıq) deyilən kimi: “Müəllim, imtahan biletinin cavabını bilmirəm, olarmı ətrafında danışım”.

1980-ci illərin ortaları, bəlkə də əvvəli... Füzuli rayonunun indi yerlə-yeksan olmuş, daşı daş üstdə qalmayan obalarından biri... Neçə yaşındayam, dəqiq xatırlamıram, təxminən Vaqif Bayatlının “qonşu toyuna on hasar o yanda oynayan uşağı” yaşda olaram. Kəndimizin ortasında, küknar və şam ağaclarının meşə kimi parkının içində bir klub var. Orda Əzizağa kino göstərərdi. Klubun baş tərəfindəki Bəhrəm kişinin kitabxanasından nə qədər kitab alıb oxumuşdum.

Böyürdəki yardımçı otaqlarda isə camaat barama saxlayardı. O qurdların xırtıltıyla tut yarpaqlarını yeməsi uşaqlığımın təkrarsız səs xatirələrindən biridir.

Klubun qabağında Leninin heykəli qoyulmuşdu. Bir büst isə klubun içində, səhnə pərdəsinin arxasındaydı. Bu bığlı kişinin Stalin olduğunu biz uşaqlara heç kim deməzdilər. O da maraqlı sirr idi ki, kəndçilərimiz “xalqlar atası” qanlı cəlladın büstünü Xruşşov və Brejnev epoxasından necə, əsas da nə üçün gizlədib saxlamışdılar.

Bax, belə bir klubda axşam tərəfi Bakıdan gələn aktyorların (“şəhərdən kinoçəkənlər gəlib”) tamaşa göstərəcəyini günortadan bütün kənd bilirdi. Klub dolub-daşırdı, camaat tarlanı, iş-gücü buraxıb bura axışmışdı.

Xalq artisti Arif Quliyev vəfat edib

Evimiz parkın böyründə olduğundan mən də getmişdim, lakin içəri girməyə imkan tapmayıb qapının ağzındaca dayanmışdım.

Birdən çöldəki (bizim kənddə heç kim “eşik” və “bayır” demirdi, bəlkə, tərəkəmə olduğumuzdan “ev” olmayan hər yer çöldür) adamlar aralandılar. İstərsəniz bu aralaşma üçün də bənzətmə yazım, bu gün təşbeh bayramıdır: sanki Musa əsasını dənizə vurmuşdu! Və bu aralıqda Arif Quliyev peyda oldu. Başqa artistlər kim idi – heç biri yadımda qalmayıb. Əslində mən heç Arif Quliyevin həmin gün səhnədə hansı oyunları çıxardığını da xatırlamıram.

Yazdım axı – içəri girməyi bacarmamışdım!

Xülasə, Arif Quliyev camaatın arasından keçib qapıya yaxınlaşanda qəfildən mənim yanımda bir anlıq dayandı, gülərək, zarafatyana, “bəlkə yol verəsən” mənasında qarnıma yüngülvari yumruq vurdu və salona girdi.

Mən o yumruğu heç vaxt unutmadım.

İndiki cavanlar üçün Cem Yılmaz, yaşlı nəsil üçün Çarli Çaplin, bir az ortada qalanlar üçünsə Cim Kerri və ya Xazanov kim idisə, Arif Quliyev 1980-ci illərdə bizim üçün o adam idi. Əlbəttə, mən onun dahi aktyor olduğunu iddia etmirəm. Ancaq əsl xalq aktyoru idi.

Bəlkə də Azərbaycanda gəlib-keçmiş ən Xalq artisti adam Arif Quliyev olub. Elə o səbəbdən xalqın yanında basdırdılar. Hardasa bir çölün düzündə. Qamışlıqlar arasından keçərək. Mən ilk dəfə idi qazılmış qəbrin böyründə elektrik dirəyi (ya da işləməyən teleqraf dirəyi) olduğunu ekrandan görüb heyrətə gəlmişdim.

Biz, zəhləmgetmiş sözlə yazsam, sketçin ilkini də Arif Quliyevdən görmüşdük. (Bir də Telman Adıgözəlovdan). “Nərdivana rusca nə deyirlər? Dırmaşılka. Şəffaf cisim adı de. Açar deşiyi”. Primitivdir, bayağıdır, ancaq xalq uzun illər buna gülüb.

Arif Quliyevin bu söhbətlərini “Vesna” maqnitofonunda lentə yazıb dinləyən bütöv nəsil olub, siz o nəslin üstündən istəsəniz də çarpaz xətt çəkə bilməzsiniz.

Əlbəttə, bu yumor Bəşir Səfəroğlu, Əliağa Ağayev səviyyəsində deyildi, o mətnləri Arif Quliyev üçün kim yazırdı, bunu bilmirəm.

Bəlkə, daha yaxşı mətnlərlə xalqın qarşısına çıxmalıydı, bunu da iddia eləmirəm. Necə deyərlər, olacağa çarə, yazıya pozu yoxdur. Arif Quliyev bizim aktyorlar arasında üz cizgiləri, mimikası ilə yüksək səviyyədə oynamağı bacaranlardan biriydi.

Bu bacarığı da işlənməmiş qaldı.

Əgər mən böyüyəndə aktyor, rejissor, ya da nəsə teatrla, kinoyla bağlı başqa bir peşənin yiyəsi olsaydım “Sənətə gəlməyimdə Arif Quliyevin qarnıma vurduğu yumruğun böyük rolu olmuşdur” - deyərdim. Lakin bu işlərdən uzaq adamam. Mənim üçün rola girmək həmişə çətin olub. Elə indi də nostalji yaşayan adamı oynamaq istədim.

Alınmadısa, bağışlayın.

Haqqınızı halal eləyin.

Arif Quliyevə də.

# 26006 dəfə oxunub

Müəllifin son yazıları

# # #