Ədəbiyyata sırınan cinayətkarlar

Zamin Hacı

Zamin Hacı

16 dekabr 2021
# 09:00

Kulis.az Zamin Hacının "Xalq yazıçısının ölü xatirələri" adlı yazısını təqdim edir.

Öncə mən istərdim hörmətli oxucularımızı müəyyən xatirələrimlə tanış eləyim. Hər halda 48 il bu fani dünyada ömür sürmüşəm, xatirələrim sizin üçün maraqlı olmalıdır.

Birinci xatirəm:

“... Həyətdən Zabilin səsi gəlir:
- Tahir!..
Tahir dördüncü mərtəbədəki pəncərədən cavab verir:
- Hə?
- Gəl, zənbili götür!
Hamı bilir ki, Zabil bazarlıq edib və oğlu Tahiri çağırır ki, zənbili qaldırmağa kömək eləsin...”

İkinci xatirəm:
“…Səhər-səhər İ.Ə. üçüncü mərtəbədəki eyvanına çıxıb, ikinci mərtəbədəki eyvanda S. Q-ni görür:

- S., salam!

S. Q. başını yuxarı qaldırıb:

- Salam, İ. müəllim!- deyir.

İ.Ə. soruşur:

- «Ədəbiyyat» qəzetini almısan?

- Bəli, İ. müəllim.

- Mənim hekayəmi oxudun?

S. yenə:

- Bəli, İ. müəllim.- deyir.

İ.Ə.:

- Ə, bəs, səhərdən bəri niyə tərifləmirsən? – soruşur və gülür…”

Necədir, əziz və hörmətli oxucular? Xoşunuza gəldimi? Ardını yazımmı?

Lakin intizarınıza son qoyaraq bildirmək istəyirəm ki, hələ bu dərəcədə havalanmamışam və belə cəfəngiyyatla vaxtınızı çox almaq fikrim yoxdur. Yuxarıdakı “xatirə” isə xalq yazıçısı, Sovetin və müstəqil Azərbaycanın yalan olmasın, bütün maddi nemətlərini yağ-bal sürtüb sümürmüş bir nəfərə məxsusdur. Adını çəkməyə ehtiyac yoxdur, “orta statistik AYB üzvü” yazsaq bəsdir. Bircə onu qeyd edim ki, bu dəhşətli lirik-diring xatiratda Qabil adını Zabillə, Mahir adını da Tahirlə əvəz eləmişəm, iki yazıçının isə adının baş hərflərini saxlamışam. Guya xatirənin mənə məxsus olduğunu göstərmək üçün.

(Əlim dinc durmur, xalq yazıçısının xatirələrindən bir abzası da şərhsiz bura qoyuram, oxuyun, ləzzət aparın: “Saçı xalanın mənim nənəm Bilqeyis xanımla gözəl qonşuluqları var idi, ancaq bir ara araları dəymişdi, çünki başı sistemin çox bəlalarını çəkmiş nənəm bütün varlığı ilə antisovet bir xanım idi və Lenindən, Stalindən üzü bəri Xruşşovacan bütün o rəhbərlərə nifrət edirdi. Leninə «Keçəl», Stalinə «Bığı bəy», Xuruşşova da «Xuruş bəy», bəzən də – oxuculardan üzr istəyirəm – «Duduş bəy» deyirdi”. Sitatın sonu).

Bir vaxtlar bizdə memuar ədəbiyyatının olmadığından çoxlu şikayətlər vardı. Elə mən özüm də bir-iki dəfə bu temada cızmaqara etmişəm. Ancaq indi belə memuarları oxuyanda düşünürəm ki, olmasa daha yaxşıymış.

Əslində bunların bütün mahiyyəti, bütün yaradıcılıqları elə bu tip səfsətələrdən ibarətdir. Sadəcə, partnomenklatura üçün guya müstəqil ədəbiyyat görüntüsü yaratmağa hərdən ehtiyac duyulurdu, o dövrlərdə belə ədəbiyyat praporşikləri yetişdirib xalqa sırıyırdılar, onun ac mənəvi zövqünü belə “1 manatlıq dönərlərlə” doyururdular. İndi də eyni proses davam edir.

Bax, yuxarıdakı xatirə-cəfəngiyyatı mən, sən, başqa bir sadə, oliqarx yazıçı ailələrindən kənar azərbaycanlı balası yazsa, onu neçə nəfər “bəh-bəhlə” oxuyar? Heç kim oxumaz. Ancaq bu adamları yazıq millət həmişə başına çıxarır, “yazıçı”, “hörmətli ziyalı”, “xalqımızın qaymağı” sayır.

Bu adamların bir günahı, bəlkə cinayəti də azərbaycanlıların ədəbi-bədii zövqünü korlamaqlarıdır. Xalq onların belə boşboğazlığını oxuduqca elə zənn edib ki, yəqin əsl ədəbiyyat budur. Kimsə diktora aşiq oldu, başqası onu bağa apardı, axırda da arvad konyak içib serrozdan öldü. Vəssalam, ədəbiyyat elə budur. Meksikada, Braziliyada, lap elə Türkiyədə orta statistik serial yazarının beş dəqiqəyə üyütdüyü süjet və obrazları 40 ildir Azərbaycan xalqının beyninə və ürəyinə “ciddi ədəbiyyat” adıyla soxuşdururlar.

Son 1 ayda “kulis.az” saytına girmək mümkün deyil, bilirsinizmi? Bu hekayə müsabiqəsini elan eləmək kimin ağlına gəlibsə, onu lənətləyirəm. Qardaş, bacı, sizin başınıza iş qəhət idimi? Bu nə biabırçılıqdır? Adamlar yumurta döyüşdürməyini, ev daşlamağını, nə bilim, ayaqqabısının köhnəliyini hekayə adıyla yazırlar. Heyrətamiz mənzərədir. Açığı, mən xalqımızın ədəbiyyat haqda təsəvvürlərinin bu dərəcədə tənəzzülə uğradığını ağlıma gətirməzdim. (Bəlkə bu faktı aşkara çıxarmaq üçün müsabiqə elan olunub? Nə bilim. Hərçənd, unudulmaz Əlisəmid Kürün 1990-cı illərdə “Yol” qəzetində pis şeirləri çap edəndə ona irad tutan əməkdaşlarına dediyi maraqlı cümlə vardı: “Gedib əclaflıq eləmirlər ki, şeir yazırlar da”).

Adamlar başa düşüblər ki, xalqın və hökumətin gözündə uydurma hörmət-izzət qazanmağın ən qısa yollarından biri absurd şeylər qaralamaq, AYB üzvü olmaq, bu minvalla təqaüd, ev, şöhrət əldə etməkdir. Haqları yoxdurmu? Var. “Lətifə” filmində deyilən kimi, bəyəm Əhməd adam deyil? Hamı adamdır özünə görə. Sadəcə, titulun varsa, “daha çox adam” olursan.

Hərçənd, bir ədəbiyyat lətifəsində deyilən kimi, belə axmaq mətnləri yetərincə məşhur olandan sonra yazmaq lazım idi.

Memuar və ya gündəlik janrında nəsə maraqlı, həqiqətən istedadlı mətn oxumaq istəyirsinizsə hazırda orduda xidmətdə olan Orxan Saffarini oxuyun. Bu 20-21 yaşlı gəncin (yaşını bəlkə düz yazmadım) hər hansı gündəlik qeydi, o cümlədən bədii əsərləri xalq yazıçısı adı daşıyanların bütün yaradıcılığından qiymətlidir.

# 3048 dəfə oxunub

Müəllifin son yazıları

# # #