Cırıq maskalılar

Cırıq maskalılar
17 iyun 2021
# 09:01

Kulis.az Zamin Hacının “Cırıq maskalı teatr” yazısını təqdim edir.

Böyük ispan şairi və dramaturqu Federiko Qarsiya Lorka teatr haqda deyib:

“Teatr millətin inkişaf və ya tənəzzülünü göstərən barometrdir. Ayıq-sayıq, uzaqgörən teatr bütöv bir xalqın duyğular obrazını sayılı illər ərzində dəyişər, qanadlar yerinə dırnaq uzadan şikəst teatr isə millətin əxlaqını pozar, uyudar”.

Sonra bəs nə oldu?

İspaniyada hakimiyyətə gələn faşistlər Lorkanı tutub güllələdilər. Əməkdar şair adı vermək yerinə.

Keçən il pandemiyadan ən çox zərər çəkən sahələrdən biri teatr oldu. Neçə aktyoru itirdik. Aktyorluq isə müqəddəs peşədir. Səyavuş Aslanın qəhrəmanının sözü olmasın, “yenə keçək atalar sözünə”:

Aktyorlar zaman səyyahlarıdır.

Bunu kim deyib, yadıma gəlmir. Deyəsən, Kamyunun sözüdür. Hələ də qapıları qıfıllı qalan əsas iki sahəmiz var, bunlardan biri teatrdır, ikincisi toyxanalar. Ola bilər, sıralamanı düz eləmədim, toyxana birinci yazılmalıydı.

Lakin ümid işığı yanmışdır, bugünlərdə mədəniyyət naziri anons verdi:

“Teatrları necəsə işə salmaq haqda düşünürük”.

Açıq havada toyları da həmçinin. ADO teatrının müdiri Elmin müəllimə gözaydınlığı, muştuluq! Açıq havada toylar və tamaşalar olsa, onun keçmiş mədəniyyət naziri Əbülfəs müəllimlə uzun illər apardığı “yeldəyirmanı savaşının” zəfərlə bitmək ehtimalı yüksəlir. Ancaq bu süpürləşmə başlayanda teatrın adı ODA idi. Lap axırda ad dəyişib ADƏ olacaqdır. Bizə ən çox yaraşan teatr-sənət adıdır. Adə, sən kimsən axı bizə ağıl öyrədirsən, mütrüfün biri mütrüf!

Köhnə kişilər kimi papağımızı (lap olsun beysbol şapkası) və maskamızı qabağımıza qoyub, əl-ayağımızı dərmanlayıb teatrın açılma perspektivini düşünəndə, şəxsən mənim ağlamağım gəlir.

Yaxşı, birdən Operativ Qərargah sizə tamaşa oynamağa icazə verdi, orda nə göstərəcəksiniz?

Axı uzun illərdir bizim milli teatrın testi mənfi işarə altındadır.

Hüseynbala Mirələmovun Vilyam Şekspirdən hörmətli olduğu səhnədə xalqın gələcək və keçmişini əlləyərlər, hələ səhnə arxasında başına min oyun açarlar. Axundovun yazdığı kimi:

“De görüm, sən Teymur ağa ilə pərdənin dalında nə qayırırdın?”.

Ya da Mirzə Cəlildən sitat:

“Bacılar hanı, bacıları görmürəm”.

Hüseynağa Atakişiyevi tez-tez xatırlayıram.

90-cı illərdə bir gün onun Gənclər Teatrına getmişdim, nəsə xəbər hazırlamalıydım. Teatr Xadimləri İttifaqı binasının arxa tərəfindəki balaca otağında çox kədərli oturduğunu gördüm. Dedi, bir tamaşa hazırlayır, adı “Neron oynayır” olacaq. Burada tamaşa qəfəsin içində keçməlidir, tamaşaçılar isə səhnədə oturacaqlar.

Lakin Hüseynağa müəllim dekoru, rekviziti - qəfəsi tapmaqda çətinliklə üzləşmişdi. İnanılmaz hadisəydi. Azərbaycanda içində tamaşa oynamağa qəfəs tapılmırdı. Məhkəmələrdə isə insanları qəfəsdə mühakimə edirdilər. Müstəqillik bizim məhkəmə sisteminə heç SSRİ-də olmayan qəfəsi gətirmişdi.

Ancaq Hüseynağa müəllim həyatını teatra həsr eləmiş fanatiklərin, mogikanların sonuncu nəslinə aid idi və sonralar qəfəsi hardansa düzüb-qoşdu, tapdı. Biz də o möhtəşəm tamaşaya baxdıq. Neronu Abbas Qəhrəmanov oynayırdı.

O nə quruluş idi, o nə oyun idi Abbas Qəhrəmanov çıxarırdı?..

Siz Abbas bəyi bambılı teleseriallarımızın karikatur müdir, rəis obrazlarından tanıyarsınız, ancaq onun içində hansı qəhrəmanlar ölüb, ölməkdədir, bunu bilən yoxdur.

“Hanı dediyim bəy ərənlər...”

May ayında Vaqif İbrahimoğlunu itirməyimizdən 10 il keçdi. Adam inana bilmir. Onun üçün indi kim yuğlasın? Yenilikçi insanlar, rəngli teatrlar, divar uçuran rejissorlar, səhnəyə sığmayan aktyorlar...

Hamısı fəxri adlara və fəxri evlərə yığışdılar. Ondan sonra bizim teatrı gördüm deyən olmadı. Ən aşağı rütbəsi xalq artisti olan teatrda rejissor nə qələt eləyər artistə göstəriş verər? Xalq artisti istəsə özü rejissoru oynadar.

Oynatmaq demişkən...

Bir dəfə bizim ana teatrımıza sirkin müdirini başçı qoymuşdular, o da səhnədə alovlu halqa uzadıb pişik-aktrisaları içindən tullandırırdı. Zarafat edirəm, bu fantaziyalarımı da nəsə Freydə-zada, pis mənaya yozmayın. Sadəcə, həmin eksperimentin axırı yaxşı olmadı. Artistlər səhnədə taxta qılıncla vuruşmaq yerinə, teatrın bufetində bir-birinə çəngəl atırdılar.

Xülasə, bəlkə də indi ən yaxşısı pandemiyanın uzanmağı olardı. Onsuz maska teatrın simvoludur, niyə çıxaraq? Gül kimi qalıb üzümüzdə. Gül üzümüzdə.

Qaldı Lorka, o da çox ağır söhbət eləyib, heç yaraşdırmırıq. Hələ deyir frankoçu faşistlər onu öldürməyə aparanda ağlayıbmış. Püff... Adə, nöş ağlayırsan? Adam kişi olar. Cəsur olar. Bax, bizim bu boyda teatrımız ölüb, heç ağlayırıq? Əksinə, mahnı oxuyuruq:

Göbəyin ağ dələmə,
Görmüşəm, düymələmə...

# 4074 dəfə oxunub

Müəllifin son yazıları

# # #