Ömər Eldarov: "Heydər Əliyev incəsənət xadimlərinə xüsusi rəğbət bəsləyirdi" - TARİXİ ŞƏXSİYYƏT

Ömər Eldarov:  "Heydər Əliyev incəsənət xadimlərinə xüsusi rəğbət bəsləyirdi" - TARİXİ ŞƏXSİYYƏT
25 sentyabr 2026
# 10:00

Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovla müsahibəsini təqdim edir.

E.A. – Ömər Həsənoviç, Heydər Əliyevlə sizin qarşılıqlı əlaqələrinizin uzun tarixi var, siz, bəlkə də, yeganə heykəltaraşsınız ki, bu böyük siyasi xadimin büstünü, necə deyərlər, naturadan yaratmısınız: o özü sizə poza verib. Sizə çox inanırdı. Ötən əsrin 80-ci illərinin ortalarında o, həyat yoldaşı Zərifə xanımın məzarüstü abidəsi üzərində işi məhz sizə etibar edib. Sizin icazənizlə, bütün bunlar haqqında danışacağıq.

Ö.E. – Məmnuniyyətlə.

E.A. – Ancaq əvvəlcə uzaq 1969-cu ildə yerevanlı millətçilər tərəfindən Azərbaycanın Daşkəsən rayonunun Bayan kəndində qoyulmuş abidə haqqında sizə bir sual vermək istəyirəm. Mən bu abidə barədə rəydə sizin soyadınızı tapmışam, o vaxt siz Rəssamlar İttifaqının sədrinin müavini idiniz. Bu əhvalat necə olub?

Ö.E. – Məsələ belə olub: əslən Bayan kəndindən olan, lakin Yerevanda və SSRİ-nin digər şəhərlərində yaşayan ermənilər Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərinin xatirəsini əbədiləşdirmək üçün şəxsi vəsaitləri hesabına bayanlı döyüşçülərə abidə-obelisk ucaltmağı qərara almışdılar. Abidə üçün vəsait toplanması məqsədilə Moskvada, Bakıda, Kirovabadda, Xanlarda və Sovet İttifaqının digər şəhərlərində komitələr yaradıldı. Nəticədə 20 min rubldan çox pul yığılıb təşkilat komitəsinin sərəncamına veilmişdi. Abidə Yerevanda memar R.İsraelyan və heykəltaraş A.Arutyunyan tərəfindən hazırlanmış, quraşdırma işlərini isə əsasən Yerevandan gələn fəhlələr icra etmişdilər.

E.A. – Bu abidə nəyə görə hakimiyyət orqanlarını qorxudurdu?

Ö.E. – Əvvəlcə rayon hakimiyyət orqanları qorxuya düşdülər. Onlar sadəcə abidəni götürdülər, sonra münaqişə yarandı, kortəbii mitinqlər başladı.

E.A. – Bəs onlar nə üçün abidəni götürdülər?

Ö.E. – Məsələ ondadır ki, orada təsvir olunmuş qartal Sərdarabad döyüşündə ermənilərin türklər üzərində qələbəsinin şərəfinə Yerevanda ucaldılmış abidənin əsas detallarından birinin surəti idi. Yerevanda antitürk məna daşıyan iki abidə var: qondarma «soyqırım» qurbanlarının xatirəsinə ucaldılmış monument və Sərdarabad döyüşündəki qələbənin şərəfinə, qartallar və nəhəng öküzlər təsvir olunmuş abidə. Bu qartal həmin abidənin bir fraqmentinin kiçik ölçülü surəti idi. Bizim rəyimizdə deyilirdi ki, sözügedən abidə həddən artıq stilizə edilib və arxail üslubda düzəldilmiş qartal təsviri məhz Bayan kəndinin Böyük Vətən müharibəsində həlak olmuş sakinlərindən ibarət sovet döyüşçülərinin xatirəsi mövzusunu əhatə etmir. Ona görə bu abidəni uzaq keçmişdə baş vermiş istənilən faciəli hadisələrə aid etmək olar.

Bundan əlavə, abidənin üzərindəki yazı da ziddiyyətli və çoxmənalı idi: «1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olmuş 600 bayanlı igid döyüşçüyə, qartal oğullara, əcdadlarımızın layiqli və azadfikirli davamçılarına (seçmə bizimdir – E.A.) əbədi eşq olsun».

Nəticədə Heydər Əliyev bu münaqişəni yatırtdı. Azərbaycan Kommunist Partiyası MK Bürosunun xüsusi qərarı qəbul olundu. Rəssamlar İttifaqına tapşırıldı ki, həlak olmuş döyüşçülər mövzusuna uyğun gələn yeni layihə tərtib edilsin və müvafiq heykəltaraşlıq fiquru hazırlansın.

E.A. – Bəli, mən MTN arxivlərində saxlanan sənədlərdə oxumuşam ki, Yerevandan olan erməni emissarlar Daşkəsən rayonunun ermənilər yaşayan digər kəndlərində də özbaşına abidələr qoymaq niyyətində idilər. Bütün hallarda erməni millətçilərinin qanunsuz fəaliyyətinin qarşısı alınırdı...

İndi isə söhbətimizin əsas mövzusuna keçək: Heydər Əliyev sənətçi ziyalılarla ünsiyyət qurmağı çox xoşlayırdı, bu qeyri-adi istək haradan qaynaqlanırdı?

Ö.E. – Heydər Əliyev incəsənət xadimlərinə xüsusi rəğbət bəsləyirdi. O, məsələn, Qara Qarayevlə, Tahir Salahovlə, Müslüm Maqomayevlə yaxın dostluq edirdi. Mən bu cazibəni ona xas olan sırf daxili tələbatla izah edirəm. Bir də onun taleyi belə imiş. Mənim bildiyimə görə, o, rəssam olmaq istəyirmiş. Naxçıvanda Şamil Qazıyevdən dərs alıb – Qazıyev onun ilk rəsm müəllimi olub. Hətta o dövrdə çəkdiyi rəsmlərdən də bir-ikisi qalıb.

Heydər Əliyev ali məktəbə daxil olmaq üçün Bakıya gələndə Bakıda həm rəssamların, həm də heykəltaraşların dərs dediyi memarlıq fakültəsinin olduğu Azərbaycan Sənaye İnstitutundan başqa münasib təhsil müəssisəsi yox idi. Heydər Əliyev bir müddət orada oxuyub. Buna görə düşünürəm ki, onun rəssamlarla ünsiyyətdə olmaq istəyi uşaqlıq və gənclik illərindəki arzularından qaynaqlanıb və tələbata çevrilib. Bundan əlavə, onun böyük qardaşı Hüseyn Əliyev peşəkar rəssam olub, respublikada bir neçə sərgisi təşkil edilib. Heydər Əliyevin qardaşı Həsən Əliyevin oğlu Rasim Əliyev peşəkar memar idi. O, 20-25 il Bakı şəhərinin baş memarı olub. Görünür, bütün bunlar Heydər Əliyevə də təsir göstərmişdi.

O, incəsənət xadimləri ilə, o cümlədən rəssamlarla təmaslar üçün açıq şəxs idi.

E.A. – XX əsrin 70-80-ci illərində çoxlu yeni layihələr, tikintilər vardı. Heydər Əliyeviç bütün bu işlərə şəxsən nəzarət edirdi?

Ö.E. – Heydər Əliyeviç ona təqdim edilən hər bir layihəni diqqətlə nəzərdən keçirər, demək olar ki, bütün fərdi və respublika sərgilərinə gələrdi. Fərdilərin hamısına yox, amma respublika miqyaslı sərgilərə – mütləq. SSRİ üzrə hər il respublikalarda keçirilən sərgilərdə əsərlər seçilir, alınır, Ümumittifaq sərgisinə göndərilirdi. Bu əsərlər Moskvaya göndərilmədən əvvəl Heydər Əliyeviç mütləq onlara baxırdı. Elə rəsm əsərləri, heykəllər olurdu ki, xoşuna gəlməzdi, amma bu barədə heç vaxt danışmazdı. Hərdən əsərin məzmunu ilə bağlı iradını söyləyə bilərdi. Axı sərgilər, hər halda partiya tədbirləri idi. Sənətkarlıq məsələlərinə isə Heydər Əliyeviç yalnız əsəri bəyəndiyi hallarda toxunardı.

O, partiya təşkilatının rəhbəri olaraq ideoloji, məzmun səciyyəli məsələlər üzrə qeydlərini bildirsə də, onlar hökm kimi deyilmirdi. Mən rəssamlara qarşı heç bir «sıxma-boğma» xatırlamıram. Bundan əlavə, orta və yaşlı nəsildən olan yazıçılar, rəssamlar, bəstəkarlarla yanaşı, onların gənc həmkarları da «əməkdar» adı, nüfuzlu ədəbi mükafatlar alır, onlara növbədənkənar mənzil, maşın ayrılıb verilirdi...

E.A. – Xahiş edirəm, Heydər Əliyevlə şəxsi əlaqələriniz barədə danışın.

Ö.E. – 70-ci illərdə mən onunla, məsələn, Tahir Salahov kimi, dostluq xarakterli yaxın şəxsi təmasda olmamışam. Yuxarıda dediyim kimi, Heydər Əliyev respublika səviyyəli bütün sərgiləri ziyarət edirdi. Sərgidə hər hansı iş onda maraq oyadanda həmin işin müəlliminin adını deyirdilər və Əliyev bu adı sadəcə yadda saxlayırdı. Ona görə məni bu tərəfdən tanıyırdı. Yadımdadır, SSRİ Rəssamlıq Akademiyasının Bakıda keçirilən səyyar sessiyası münasibətilə Brejnevin büstü hazırlanmalı idi. Mədəniyyət naziri Zakir Bağırovun təşəbbüsü ilə bu iş mənə tapşırıldı. Mən bu böyük mərmər büstü hazırladım, sonra ya Azərbaycanda Rusiya Mədəniyyət Günlərinə, ya da SSRİ Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin səyyar sessiyasının işinə həsr edilmiş respublika sərgisinin açılışından əvvəl Heydər Əliyev həmin sərgini ziyarət edəndə büstü bəyənmişdi. SSRİ Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin üzvləri onunla birlikdə yenidən sərgini ziyarət edəndə sovet heykəltaraşlığının sütunları sayılan Kibalnikov (Mayakovskinin abidəsinin müəllifi), Anikuşin, Vuçetiç kimi nəhəng sənətkarlar da bu büstü təriflədilər və dedilər ki, hətta Moskvada da belə büst yoxdur.

Bu hadisədən sonra Heydər Əliyevin mənə rəğbəti qəti formalaşdı. Ümumiyyətlə, SSRİ Rəssamlıq Akademiyasının Rəyasət Heyətinin üzvləri Bakıya tez-tez gəlirdilər. Sərgi özü indiki Səttar Bəhlulzadə adına Sərgi salonunun binasında keçirilirdi. Binanın birinci mərtəbəsində heykəltaraşlıq nümunələri, ikinci mərtəbədə ise rəsm əsərləri nümayiş etdirilirdi. Bütün sərgilər bu qalereyada təşkil olunurdu.

Bizim birinci katiblə tez-tez görüşməyimizə həm də ona görə sevinirdik ki, o, sərgiyə baş çəkmək, qonaqlarımızı – Moskva, ya Leninqraddan, yaxud Kiyevdən gələn məşhur rəssamlarla görüşmək fürsətini əldən vermirdi. O belə ünsiyyəti çox xoşlayırdı və bu onda elə təbii alınırdı ki, heç kəsdə heç cürə, belə deyək, gərginlik yaranmazdı. Hər şey təbii, natural olardı.

Mən abidələrin layihələrini çox vaxt Heydər Əliyevə təqdim edirdim, çünki Birinci katibin iştirakı olmadan həmin layihələrə sadəcə baxılmırdı. Hüseyn Cavidin hazırda onun adını daşıyan prospektdə (keçmiş Nərimanov prospektində – E.A.) qoyulmuş abidəsini dəfələrlə Heydər Əliyevə göstərirdim. Bu abidə üzərində iş çox uzun müddət davam etdi. Bu işə hələ Heydər Əliyev MK-nın Birinci katibi olduğu illərdə başlamışdıq, layihənin variantları çox idi. Sonuncu variant üzərində dayandıq və daha sonra onu həyata keçirdik. Heydər Əliyev bütün bu variantlara mənim emalatxanamda baxırdı və sonuncu variantı təsdiqlədi. O, böyük maliyyə vəsaiti ayırdı, çünki abidə çox böyük idi. Tunc tökmə işi vardı, bu isə çoxlu pul deməkdir. Maliyyə vəsaiti mərhələli şəkildə ayrılırdı, çünki layihələndirmə mərhələli işdir. Əvvəlcə layihə, ardınca işçi model, işçi layihələndirmə, daha sonra maddi realizə. Ancaq sonradan, Sovet İttifaqı dağılanda hər şey baxımsız qaldı, işlər donduruldu. Maliyyə ayırmaları çox kiçik hissələr şəklində daxil olurdu.

Heydər Əliyevdən sonra hakimiyyətdə olanlara müraciət etmədim, Moskvaya, onun yanına da getmədim. Mənə elə gəlirdi ki, onun SSRİ Nazirlər Sovetində işi ilə əlaqədar vəzifələrinin diapazonu çox genişdir. Buna görə də onu narahat etməyi mümkün hesab etmədim. Həmin illərdə mən az işləyirdim, sonra iş tamam dayandı. Mütəllibovun vaxtında maliyyə ayırmaları haqqında, ümumiyyətlə, söhbət olmadı. Bu ideya sanki donduruldu. Abidənin bir hissəsi emalatxanada, bir hissəsi də tunc tökmə sexində idi, lakin hər şey dondurulmuşdu. Sonra hər halda, bu məsələ barədə Elçibəyə müraciət etdim. Məni qəbul etdi. Ona dedim: «Necə ola bilər ki, belə bir dramaturqun, belə bir şairin heykəli olmasın. Üstəlik, bu abidə – repressiyaya məruz qalmış mədəniyyət xadimlərinin rəmzidir. Onun nəşi Azərbaycana gətirilib, abidə, demək olar ki, hazırdır...». O hər şeyi başa düşdü, məsələnin ikinci tərəfi ona xüsusi təsir göstərmişdi. Elçibəy Nazirlər Sovetinə, – yadımda deyil, bəlkə də, şifahi şəkildə, – sərəncam verdi və maliyyə vəsaiti daxil oldu. Onda mən tunc tökmə işlərinə başladım. Heykəlin açılışını da Elçibəy etdi. Lakin abidənin ideyası, kompozisiyası Heydər Əliyevin dövründə işlənib hazırlanıb, abidənin yeri o vaxt müəyyən edilib...

E.A. – Necə oldu ki, onun büstü üzərində işi məhz sizə tapşırdı?

Ö.E. – 1983-cü ildə Heydər Əliyevə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı ulduzu təqdim edildi. Günlərin birində, o zaman Mərkəzi Komitənin ideoloji iş üzrə katibi olan Həsən Əziz oğlu Həsənov qəflətən mənə zəng vurur və deyir: «Kamran Bağırov sizi görmək istəyir». O dövrdə bu cür çağırışlar narahatlığa səbəb olurdu. Görəsən, nə problem var, nə baş verib? – deyə düşünməyə başladım. Təbii ki, əvvəlcə Həsən Əzizoviçin yanına gəldim. O mənim narahatlığımı görüb dedi: «Narahat olmayın, hər şey yaxşıdır». Bir az sakitləşdim. Onunla birlikdə qəbul otrağına getdik. Bir az gözlədim, sonra Birinci katibin yanına dəvət etdilər, orada isə Heydər Əliyev oturub. Gərginliyim daha da artdı. Çünki bunu gözləmirdim. O da mənim vəziyyətimi gördü və dedi: «Bilirəm, mənim haqqımda deyirlər ki, guya mən çox sərtəm. Ancaq mən ədalətli adamam». Mənə bildirdi ki, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olduğuna görə vətəni Naxçıvanda onun büstü qoyulmalıdır, istəyir ki, bu büstü mən hazırlayım. Dedi ki, Moskvadan çoxlu təkliflər alıb: axı Əliyev orada mədəniyyət məsələlərinə də kuratorluq edirdi. «Amma mən, – deyir, – qərara almışam ki, mənim büstümü bizim heykəltaraş hazırlamalıdır».

E.A. – Onun vətənpərvərliyi bu məsələdə də özünü göstərib. Axı o, Moskvada daha məşhur heykəltaraş tapa bilərdi.

Ö.E. – Əlbəttə, onun büstünü Rəssamlıq Akademiyasının prezidenti Tomski də, Vuçetiç də yapa bilərdi. Bunu ona təklif də etmişdilər. Ancaq Heydər Əliyevin bu məsələ ilə bağlı öz prinsipial mövqeyi vardı. Azərbaycan KP MK-nın birinci katibi olduğu vaxt o, SSRİ-nin bütün heykəltaraş elitası ilə çox tez-tez görüşürdü. Rusiya sənətkarları da ədəbiyyat və incəsənət günlərində, bütün mümkün yaradıcı konfranslarda iştirak etmək üçün Azərbaycana gəlirdilər...

Heydər Əliyevin prinsipial mövqeyi belə idi ki, rusiyalı rəssamların çoxu ilə dostluq əlaqələri olsa da, onlardan heç birinə heç bir sifariş vermirdi. Söhbət təkcə onun büstündən getmir. O, ümumiyyətlə, Azərbaycan üçün onlardan heç birinə heç bir şey sifariş vermirdi. Yalnız azərbaycanlı heykəltaraşlarla işləyirdi. Heydər Əliyev mənə deyirdi: «Bu işi sizə tapşırıram. Əvvəla, güman edirəm ki, öhdəsindən gələrsiniz. İkincisi, hesab edirəm ki, mənim heykəlimi öz heykəltaraşımız düzəltməlidir».

Birinci etüdü burada - Bakıda hazırladım. MK-da görüşümüzdən sonrakı gün Heydər Əliyev mənim emalatxanama gəldi, bir saata yaxın qarşımda əyləşdi. Heç bir şey alınmırdı. O, etüdə baxıb dedi: «Narahat olmayın, biz hələ Moskvada da görüşəcəyik, etüdü orada hazırlayarsınız. Siz hələ işə tam girişməmisiniz, ya da ki, bəlkə də, həyəcanlısınız».

Beləliklə, o çıxıb getdi.

Sonra məni Moskvaya çağırdı. Məhz iki dəfə Qəhrəmanların büstlərinin düzəldilməsi ilə məşhurlaşan heykəltaraş Rukavişnikovla qabaqcadan danışıb razılığa gəlmişdilər. O, mərkəzdə, Kalinin prospektində yerləşən emalatxanasını bizim ixtiyarımıza vermişdi. Artıq orada görüş təyin olunmuşdu. Görüşdə Tahir Salahov da iştirak edirdi. O, Heydər Əliyevlə daha yaxın olduğundan asanlıqla ünsiyyət qura bilirdi. Bu seansda Rasim Əliyev də iştirak edirdi: həm memar kimi, həm də Heydər Əliyevin qardaşı oğlu kimi. Odur ki onun əlaqələri daha sıx idi.

Heydər Əliyev iki seansda naturadan işləməyimə imkan yaratmışdı. Hətta nahara gedə bilmədi. Zərifə xanım narahat olub zəng vuranda Tahir Salahovla Rasim artıq «Bakı» restoranından yemək sifariş vermişdilər. Fasilə vaxtı nahar etdik. İkimərtəbəli emalatxanada hər cür şərait yaradılmış, mebellə gözəl bəzədilmişdi. Heydər Əliyev mənim necə işlədiyimi diqqətlə izləyirdi. Tahirlə Rasim gərginliyi aradan qaldırmağa, ünsiyyət qurmağa kömək edirdilər. Yadımdadır ki, Tahir dedi: «Heydər müəllim, siz əyləşmisiniz, oturan adamın görünüşü başqa cür olur. Ayaq üstə durmaq lazımdır». Mənim ondan ayağa qalxmasını xahiş etməyə cəsarətim çatmazdı. Ancaq Heydər Əliyev dərhal ayağa qalxdı.

Bir gün ərzində biz iki seans keçirdik. Etüd yaxşı hazırlanmışdı. Görüşə qədər mən hazırlıq işləri görmüşdüm, yəni karkas, palçıq hazırlamışdım və yadıma düşən bəzi ştrixləri yapmışdım. İşin gedişində biz söhbətləşirdik. O özünü, ümumiyyətlə, çox sərbəst aparırdı. Onun yaddaşına heyrət edirdim. O, yadda saxlanılması çətin olan hər cür detalları xatırlayırdı: filan binanın, filan abidənin müəllifi kimdir. Bakıdakı bu və ya digər obyektlər barədə fikirlərini, çox vaxt da tənqidi fikirlərini söyləyirdi. Söhbət onun hakimiyyətə gəlməzdən əvvəl və birinci katib olduğu vaxtlarda tikilmiş obyektlərdən gedirdi. O, dərhal heykəltaraşa, onun işinə qiymət verirdi, özü də bu qiymətlər tamamilə dəqiq idi.

Həmin iki seans mənə kifayət etdi. Tahir də çox dəyərli məsləhətlər verirdi. Fotoşəkillərdən başqa, naturadan hazırlanmış etüd mənim üçün əsas material oldu. Belə bir ənənə vardı – hələ sağ olan iki dəfə Sosialist Əməyi Qəhrəmanı və ya Sovet İttifaqı Qəhrəmanı olan hökumət, Siyasi Büro üzvlərinin hamısı heykəltaraşlar qarşısında poza almalı idilər. Heydər Əliyev bunu bilirdi, odur ki qarşımda müəyyən vəziyyətdə durmağa razılıq verdi, hətta bunu öz təşəbbüsü ilə etdi.

E.A. – Heydər Əliyev bu abidəni quraşdırılmış halda görmüşdü?

Ö.E. – Heydər Əliyev iki dəfə Zərifə xanımla bərabər mənim emalatxanama gəlib bu büstə baxmışdı.

E.A. – Büstün üzərində çox işlədiniz?

Ö.E. – Təxminən bir ilə yaxın. Layihə üzərində iş, abidənin qoyulacağı yerin seçilməsi, büst üzərində iş də bura daxildir. Abidəni o, hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən ucaltmışdılar.

E.A. – Zərifə xanımın abidəsi üzərində iş necə gedirdi?

Ö.E. – Onun abidəsi mənim əsas əsərlərimdən biridir. İndi ucaldılmış tunc variant surətdir. İlk variant mərmər idi. Onu Novodeviçye qəbiristanlığına qoymalı idilər, amma qoymadılar.

1985-ci ildə, Zərifə xanımın vəfatından hələ yeddi gün keçməmiş Heydər Əliyev məni Moskvaya dəvət etdi. Yadımdadır ki, Zərifə xanımın yeddisi mərasiminə yığışmışdıq. Hər iki tərəfdən bütün yaxın qohumlar gəlmişdi – Heydər Əliyeviçin qardaşları, Zərifə xanımın qardaşları...

O vaxt Heydər Əliyeviçin nitqi çətinləşmişdi. Keçirdiyi iztirablardan nəfəsi daralırdı, amma məni yanına çağırıb dedi: «Mənə artıq çox təkliflər edilib, budur, maska da götürülüb, ancaq hesab edirəm ki, Zərifə xanıma abidəni sən yaratmalısan. İşlə, müddəti məni maraqlandırmır. İlinə çatdırmasaq da, eybi yoxdur. İşləmək lazımdır, gərək mənim ürəyimcə olsun, qohum-əqrəba da bəyənsin. Yəni abidə yaxşı olsun. Öz təkliflərini ver». Və mən işə başladım.

E.A. – Niyə heykəl «Novodeviçye»də qoyulmadı?

Ö.E. – Şəxsən Heydər Əliyevin başına gələn əhvalatlara görə. O, ağır xəstələnmişdi, ona baş çəkib görüşürdüm. Abidəni soruşurdu, deyirdim, hazırdır, fotoşəkilləri göstərirdim. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən, Heydər Əliyeviç abidənin maddiləşdirilməsi üzrə konkret işlərə yardım göstərirdi. O, karxana ilə Azərbaycan üçün beş blok birinci növlü mərmər ayrılması barədə şərtləşmiş, onun xahişilə abidənin materialda təcəssüm olunması üçün bizə ən yaxşı usta verdilər. Çünki çox mürəkkəb fiqur idi. Bu qadın heykəli barmaqları, ayaqqabıları, dabanları daxil olmaqla, bütöv bir kütlə olmalıydı. Bu isə nəhəng kütlə, böyük şırımlar, qatlar deməkdi. Həmin sənətkar Moskvanın seçmə heykəltaraşları ilə əməkdaşlıq edən, Bədaye Akademiyası prezidenti Nikolay Tomskinin şəxsi mərməryonan ustası idi. Biz onun yarım il müddətinə Bakıya gəlib işləməsi haqqında razılığa gəldik.

E.A. – Bəs xəstəliyindən və sonrakı xoşagəlməz hadisələrdən sonra Əliyev özü abidə qoydurmaq fikrindən daşınmışdımı?

Ö.E. – Bəli. Əvvəla iş bir qədər uzun çəkmişdi. Heydər Əliyev istefaya göndəriləndən sonra başa düşdü ki, mərmər heykəlin ucaldılması bədxahların cürbəcür neqativ əməllərə əl atması üçün bəhanə verə bilər. Mərməri də sındırmaq çətin iş deyil...

Heykəl artıq hazır idi, doqquz il mənim emalatxanamda qaldı. Hazırda R. Mustafayev adına İncəsənət Muzeyindədir. Bu, mərmərdən hazırlanmış və «Novodeviçye» qəbiristanlığında qoyulması nəzərdə tutulmuş variantdır. Heydər Əliyeviç o fikirdən vaz keçdi, çünki, yəqin, nəşin köçürülməsini də artıq qət edibmiş. Zərifə xanım uzaqda qalmasın deyə, onun nəşini vətənə, Azərbaycana aparatdırmaq qərarına gəlmişdi.

Moskvada Zərifə xanımın məzarı naxışlı şəbəkə ilə çəpərlənmiş, çərçivəli portreti qoyulmuş, yazı həkk olunmuşdu. 80 santimetrlik sadə başdaşı və portret. Vətən torpağına tapşırılana qədər belə idi son mənzili...

E.A. – Tunc heykəl hazırlanması nə vaxt qərara alındı? Zərifə xanım yenidən torpağa tapşırılandan sonra?

Ö.E. – Bəlkə də daha əvvəl. Heydər Əliyev bir neçə dəfə, hətta Naxçıvan Ali Məclisinin sədri olduğu vaxt oradan gəlib həmin abidəyə baxmışdı. Üç-dörd dəfə sadəcə heykələ baxmağa, ona əli ilə toxunmağa gəlmişdi. Həmin abidə xoşuna gəlirdi. Sonra qərara aldıq ki, mərmər abidə qoymaq olmaz. Axı o vaxt Fəxri xiyabanda indiki kimi mühafizə yox idi.

Beləliklə Zərifə xanımın abidəsinin müxtəlif səbəblər üzündən zədələnməməsi üçün heykəli tuncdan tökmək qərara alındı. Artıq Heydər Əliyeviç prezident olan dövrdə heykəl məzarın üstündə qoyuldu və onun açılışı oldu. Abidənin memarı Elbəy Qasımzadə idi.

E.A. – Siz Zərifə xanımla şəxsən tanış idiniz?

Ö.E. – Zərifə xanımla xoş bir təsadüf nəticəsində tanış olmuşdum. O zaman Naxçıvanda iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyevin büstünü hazırlayırdım. Xalqımızın böyük oğlunun sağlığında ucaldılan abidəsinin mükəmməl olması üçün bütün bilik və bacarığımı sərf edirdim. Çox şərəfli və məsuliyyətli bir iş idi. Büst üzərində çalışdığım müddətdə Zərifə xanım iki dəfə iltifat göstərib emalatxanama gəlmişdi. Bir xeyli dayanıb hələ tamamlanmamış, iş prosesində olan büstə tamaşa etmişdi. Sonra məni heyrətə salan təkliflər irəli sürmüşdü. Zərifə xanımın böyük alim olmasından xəbərim vardı. Amma heykəltaraş deyildi axı. Bu səbəbdən də təəccübümü gizlədə bilmədim. Soruşdum ki, heykəltaraşlıq sənətinin sirlərinə harada, hansı şəraitdə bu cür mükəmməl yiyələnə bilib. Zərifə xanım gülümsəyib dedi: «Bunun üçün heykəltaraş olmaq lazım deyil. Sizin mərmərdə təcəssüm etdiyiniz insanı həyatda məndən yaxşı tanıyan yoxdur». Söhbət vaxtı özümdən asılı olmayaraq, onun işıqlı obrazı yaddaşıma və qəlbimə əbədilik həkk olundu...

«Elegiya» üzərində iş 1986-cı ildə başlanıb, üç il sonra – 1989-cu ildə başa çatdırılıb. Abidənin tunc variant üzərində iş isə 1993-1995-ci illərdə aparılıb. Məhz həmin variant Zərifə xanımın Fəxri xiyabandakı məzarı üzərində ucaldılıb. 1995-ci ildə Zərifə xanımın Naxçıvan Mərkəzi Xəstəxanası üçün mərmər büstünü hazırlamışam. Bir müddət sonra isə Respublika Oftalmologiya Mərkəzinin sifarişi ilə Zərifə xanımın mərmər abidəsini hazırlamışam. Onun Zərifə Əliyeva adına Bakı Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda qoyulmuş mərmər büstünün müəllifi də mənəm.

E.A. – Heydər Əliyevin həyatının son illərində onunla ünsiyyətdən aldığınız təəssüratlar barədə nə deyə bilərsiniz? Yenə əvvəlki kimi diqqətli idimi?

Ö.E. – Mən bunu həmişə deyirəm, indi də təkrar edəcəyəm. Diqqətcillik onun üçün çox xarakterik xüsusiyyət idi. Rəssamlıq Akademiyasının rektoru olmağı mənə praktik olaraq o tapşırıldı.

Bu, tamamilə yeni iş, yeni vəzifə idi. Bir çoxları deyirdi ki, prezident az qala məni nəzərdə tutaraq, Akademiyanın yaradılması haqqında fərman imzalayıb. Cəfəngiyyatdır. O, hələ Azərbaycan KP MK-nın birinci katibi olanda SSRİ Rəssamlıq Akademiyasının səyyar sessiyası Bakıda ali rəssamlıq məktəbi yaradılmasına həsr edilmişdi. Lakin moskvalılar məsləhət görmədilər. Dedilər: «Birdən-birə ali məktəb açmaq nəyə lazımdır, İncəsənət Universitetinin nəzdində fakültə açmaq kifayətdir». O vaxt elə də etdilər. Rəssamlıq fakültəsi açdılar. Lakin Heydər Əliyev bu ideyanı yaddan çıxarmadı. Və günlərin bir günü, 2000-ci ildə, o ali məktəblər haqqında qərarda gözlənilmədən belə bir əlavə etdi: «İncəsənət Universitetinin rəssamlıq fakültəsinin və Ə.Əzimzadə adına rəssamlıq məktəbinin bazasında Azərbaycan Rəssamlıq Akademiyası yaradılsın. Rəssamlıq məktəbi Akademiyanın nəzdində kollec kimi fəaliyyət göstərsin».

Sonra mənə dedilər ki, bir çox namizədlərin uzun-uzadı müzakirəsindən sonra Heydər Əliyev Akademiyanın rektoru vəzifəsini mənə təklif etmək qərarına gəlib. Bununla əlaqədar biz tez-tez görüşürdük. Deməliyəm ki, Zərifə xanımın doğum günü və rəhmətə getdiyi gün mən həmişə onun abidəsinin yanında olurdum. Belə bir özünəməxsus ənənə yaranmışdı. Heydər Əliyevlə abidə haqqında, məsələn, nəyisə düzəltmək, qaydaya salmaq barədə də danışırdıq. Həmişə məndən soruşardı: «Hə, nə sualların var? Nə təkliflər var?» Mənim suallarım adətən Akademiya ilə bağlı olurdu, problemlərdən, maliyyələşmədən danışırdıq. Bizə 30-cu illərdə tikilmiş texniki peşə məktəbinin binası verilmişdi, onu təmir edirdik. Əslinə qalsa, bu tikili adicə anbar idi. Biz orada yenidənqurma işləri apardıq, Heydər Əliyeviç bütün bu illər bizə kömək edirdi, işləri nəzarətdə saxlayırdı. Söhbətlərimizdə işlərin necə getməsi ilə maraqlanırdı.

Çox əlamətdar və onun üçün xarakterik olan daha bir epizod. Mən başa düşdüm ki, Nazirlər Kabineti işimizi əngəlləyir, tikinti işlərinin öhdəsindən gələ bilməyəcəyik, pul yoxdur. Belə olanda Heydər Əliyevdən xahiş etdim ki, məni qəbul etsin. O vaxt o artıq ağır xəstə idi və müalicəyə gedirdi, sonra məlum oldu ki, sonuncu dəfə. Bu artıq onun Respublika Sarayında yıxılmasından sonra idi. O məni qəbul etdi və soruşdu: «Nə problemlər var?» Mən hər şeyi ona açıq dedim: bizə pul lazımdır, ancaq Nazirlər Kabineti pul vermir, biz də sizin başladığınız işi qurtara bilmirik. Qəbula yazılanda mən əvvəlcədən söhbətin nə barədə olacağını demişdim. O mənə cavab verdi ki, hər şey qaydasındadır. «Hər şey həll olunub». O mənim yanımda maliyyə naziri Əvəz Ələkbərova zəng vurdu. Sonra dedi: «Mənə məruzə edirlər ki, siz həddindən çox istəyirsiniz». – «Bəli, – deyirəm, – orda iş də çoxdur». O dedi: «Bir milyondan çox verə bilməyəcəyik». Mən isə, deyəsən, milyon yarım istəyirdim. «Yaxşı, bir milyona biz hər şeyi edərik». O, Əvəz Ələkbərova göstəriş verdi ki, bütün məsələləri həll etsin, kimi lazımdır cəlb etsin. «Görün sizinlə necə böyük bir iş gördük, – Heydər Əliyev söhbəti yekunlaşdırdı. – Akademiyanı mənə tərif edirlər, yaxşı işləyir». O mənə gah «sən», gah «siz» deyirdi. Mən isə ona həmişə «siz» deyə müraciət edirdim.

Səhəri gün məni yenə də çağırırlar. Ən maraqlısı da elə budur. Heydər Əliyev öz xalqını necə də gözəl tanıyırdı, xalqdan da qabaq, bu ağrılı nöqtələri, bütün bu məmur bürokratiyasını. O, məni Prezident katibliyinin rəisi Dilarə Seyidzadə və şöbə müdiri Fatma Abdullazadə ilə bir yerdə qəbul etdi. Televiziya işçiləri onun yanına girib-çıxırdılar, fikirləşdim ki, yəqin hansısa vacib qonağı gözləyirlər, Dilarə xanım isə dedi ki, bütün bunlar məndən ötrüdür. Budur, Heydər Əliyevin kabinetinə daxil oluram. Əgər dünən Heydər Əliyeviçin əynində «vodolazka» idisə, bu gün, görürəm, kostyum geyinib, qalstuk taxıb. Mətbuat nümayəndələri yığıldı. Və bir gün əvvəl olanlar yenidən təkrar olunur. Yəni Akademiyaya vəsait ayrılması məsələsi həll olunur. O bütün bunları təkrar edir, lakin daha rəsmi, qərar çıxarmaqla. Yalnız o vaxt başa düşdüm ki, Heydər Əliyev bunu ona görə efirə vermək qərarına gəlib ki, o gedəndən sonra işi batırmaq cəhdləri olmasın. Bənzərsiz insan idi!

Allah ruhunu şad eləsin!

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Zöhrab Adıgözəlzadə:   "Heydər Əliyev mədəniyyət xadimlərinə həmişə böyük diqqətlə yanaşıb..." - Tarixi Şəxsiyyət

Zöhrab Adıgözəlzadə: "Heydər Əliyev mədəniyyət xadimlərinə həmişə böyük diqqətlə yanaşıb..." - Tarixi Şəxsiyyət

10:00 24 avqust 2026
Yalçın Adıgözəlov:  "Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi..." - Tarixi  Şəxsiyyət

Yalçın Adıgözəlov: "Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi..." - Tarixi Şəxsiyyət

10:00 17 avqust 2026
Tahir Salahov:  "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət

Tahir Salahov: "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət

10:00 10 avqust 2026
Fərhad Xəlilov:  "Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı..." - Tarixi Şəxsiyyət

Fərhad Xəlilov: "Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı..." - Tarixi Şəxsiyyət

10:00 3 avqust 2026
İsa Həbibbəyli:  "Heydər Əliyev heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir" - TARİXİ ŞƏXSİYYƏT

İsa Həbibbəyli: "Heydər Əliyev heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir" - TARİXİ ŞƏXSİYYƏT

10:00 20 iyul 2026
Maqsud İbrahimbəyov:  "O, hakimiyyət üçün doğulmuşdu" - Tarixi şəxsiyyət

Maqsud İbrahimbəyov: "O, hakimiyyət üçün doğulmuşdu" - Tarixi şəxsiyyət

10:00 29 iyun 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər