"Rənglərin içində yaşayan adam..." - Səttar Bəhlulzadə niyə rəsmlərini satmaq istəmirdi?

"Rənglərin içində yaşayan adam..." - Səttar Bəhlulzadə niyə rəsmlərini satmaq istəmirdi?
13 oktyabr 2025
# 13:30

13 oktyabr görkəmli sənətkar, Xalq rəssamı Səttar Bəhlulzadənin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Onu çoxları "rəssam" adlandırıbsa da, amma o, özünü daha çox "rənglərin içində yaşayan adam" hesab edirdi.



1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub.

1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub.

Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib.

O, Bakının küçələrində adi insanlar kimi gəzib taksiyə minməzmiş, çox vaxt ayaqyalın gəzərmiş.


O, heç vaxt evinə böyük güzgü qoymayıb. Deyirmiş:“İnsan özünü çox görəndə, təbiəti az görür”

Rəsmləri öz evində yığılıb qalarmış, çünki heç vaxt satmaq fikrində olmayıb.

“Rəsm mənim var-dövlətim deyil, nəfəsimdir” deyərək bu addımına belə izah verib.

Bir dəfə deyibmiş: "Rəsm satmaq mənə elə gəlir ki, nəfəsini satmaq kimidir”

Hətta bəzi tabloları evindəki döşəmənin altında toz içində qalıbmış. O, “rəsmlərim öz evindədir, mənimlədir” deyirmiş.

Səttar Bəhlulzadənin təbiət motivlərinə bu vaxta qədər rast gəlinməyən bədii münasibəti Azərbaycan rəssamlığında “fəlsəfi mənzərə”nin yaranmasını şərtləndirib.

Rəssamın “Xəzər gözəli” (1961), “Dəniz sahili” (1962), “Torpağın arzusu” (1963), “Kəpəzin göz yaşları” (1965), “Gülüstan” (1965), “Azərbaycan nağılı” (1966), “Qədim alov” (1968), “Analar yanar, ağlar” (1972), “Suraxanının qədim alovları” (1971), “Gəncə gölü” (1972), “Tanrıyla söhbət” (1973) və s. lövhələri bu qəbildəndir.

Xüsusən də, belə əsərlər içərisində "Kəpəzin göz yaşları" əsərinin onun yaradıcılığında ayrıca yeri və həmçinin tablonun ərsəyə gəlməsinin maraqlı tarixçəsi var...

1962-ci ildə sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyovla Qazaxdan Bakıya qayıdan rəssam Göygölə - onun tacı sayılan möhtəşəm Kəpəz dağına baş çəkmədən şəhərə getməyi özünə bağışlaya bilməyəcəyini söyləyib.

Bakıya tələsən dostlarını yola gətirdikdən sonra birlikdə Göygölə tərəf qalxıblar.

Ondan əvvəl də Kəpəzi rəsm edən çox sənətkarlar olub, amma Səttarın əsəri onun fəlsəfi yanaşmasının bədii nümunəsidir.

O, iki ayağını bir başmağa dirəyib deyib ki, Kəpəzi görməmiş gedən deyil. Sənət dostları Tahir Salahov və Toğrul Nərimanbəyov onun necə inadkar olduğunu bilib razı olublar və Göygölə tərəf qalxıblar.

2 gün sonra duman tamam çəkilib və bunu görən Səttar məşhur əsərini yaradıb.


Qobustan, Abşeron, Buzovna onun “müqəddəs yerləri” olub.

"Səttar təbiətə baxmırdı - təbiətlə danışırdı. Daşların, küləyin, suyun səsini “eşitdiyini” deyirdi",- deyə onun barəsində sənət yoldaşları deyiblər.

“Daş da nəfəs alır, sadəcə, biz duymuruq" ifadəsini rəssam tez-tez işlədirmiş.

Bir dəfə Səttarın evinə gələn qonaq onun sobasında fırçasını yanan görüb.

Rəssam gülümsəyib deyib ki, bu fırça artıq danışa bilmir, qoy isinib getsin.

Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilib. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilib.

Səttar Bəhlulzadə müxtəlif illərdə nüfuzlu dövlət mükafatlarına və təltiflərə layiq görülüb.

1980-ci illərdə onun adına film çəkilib, 2000-ci illərdə isə rəsm əsərləri UNESCO sərgilərinə çıxarılıb.

O, 1974-cü ildə dünyasını dəyişib, özünün vəsiyyəti ilə Əmircanda - anasının yanında dəfn edilib.

# 550 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı fotoqraf intihar etdi

Azərbaycanlı fotoqraf intihar etdi

21:00 6 dekabr 2025
Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur

16:00 6 dekabr 2025
Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

Təmənnasız baş rollar ifa etdi, həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?

15:00 6 dekabr 2025
“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

“Yaddaş sarayları” filmi ilk dəfə Azərbaycanda

14:30 6 dekabr 2025
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub

14:00 6 dekabr 2025
Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

13:35 6 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər