Saman adamlar Yaponiyadan hayku gətirdilər...

Saman adamlar Yaponiyadan hayku gətirdilər...
18 noyabr 2013
# 11:29

Yuki-san elə bil saman adamdır; əri Kazuya-san da saman adama oxşayır. Hər ikisinin dümdüz saçları, bəstə boyları var, özləri də saman çöpləri kimi arıq və nazikdilər: sanki bu dəqiqə yel aparacaq onları. Bu saman adamlar durub uzaq Yaponiyanın Kamakura şəhərindən Bakıya gəliblər; gəliblər ki, “Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalında iştirak eləsinlər; iştirak eləsinlər ki, “Yuki teatrı”nın cəmi 3 dəqiqəlik bir tamaşasını göstərsinlər camaata... Yuki-san həm teatrın direktorudur, həm rejissorudur, həm də kuklaçısı... O, yaradıb “Yuki teatrı”nı... Əri isə kukla ustasıdır: oyun üçün kuklaları o düzəldir... Teatrı bir çamadana yığıb dünyanı dolaşır iki saman-adam – o qədər xeyirxah, o qədər alicənab, o qədər sadə, o qədər məsum bir təbəssümə malik insandı ki onlar...

Əvvəlcə Rus Dram Teatrının foyesində Kazuya-san bir ağac quraşdırdı çamadanında gətirdiyi taxtalardan, dəmir parçalarından və penoplastdan... ağacın gövdə boşluğuna optik şüşələr düzdü, üstünə açıq şabalıdı bir örtük atdı... Mən o ağaca baxdım və elə orada, o ağacla birlikdə bütün Yaponiyanın dayandığını gördüm. Başqa sözlə, bu ağac elə Yaponiyanın özü idi. Həqiqətən, duyğulandım. Yuki-san öz tamaşasını elə bu ağacın içində cumbulu marionet kuklalarla oynadı cəmi 3 dəqiqəyə. Bir tamaşaya ancaq bir nəfər baxa bilir: bir tamaşa bir nəfər üçündür. Ona 20 nəfərin baxmasından ötrü bir saat vaxt lazım olur. Çünki yalnız bir seyrçi kətil üstündə əyləşib ağacın gövdəsindəki dəlikdən Yuki-sanın göstərdiyi şounu izləyə bilir.

Ağaca yaxınlaşırsan, kətildə əyləşirsən, qulaqlıqları taxırsan, gözlərini gövdədə açılmış alma boyda dəliyə dirəyib içəri baxırsan. Orada isə balaca, yaşıl bir marionet qurbağa əyləşib quruldayır. Quruldayır ona görə ki, ətraf quruyub; quruldayır ona görə ki, yağışı çağırır. Ol səbəbdən quruldayır ki, tanrıların onu eşidəcəyindən əmindir. Elə bu zaman digər bir ipli kukla, görünür ki, ildırım tanrısı, çiyinlərinə yelpikvarı şəkildə düzülmüş təbilləri bərkdən yaponsayağı guppuldada-guppuldada, yerə enir və onlar birlikdə yağış mahnısı bəstələyirlər sanki. Mahnı yağışı yağdırır. Bir göz qırpımında islanıb dumanlanır hər yan... İldırım tanrısı göyə çəkilib gedir. Qurbağa isə öz gölünə tullanır... və bu gölün dərinliyindən çeçələ barmağın ucu boyda bir mirvarini götürüb seyrçiyə verir, seyrçiyə bağışlayır... Tamaşa bitir... Nağıldan ayrılırsan, qulaqlıqları çıxarırsan, gerçəkliyə dönürsən... ovcunda isə çeçələ barmağın ucu boyda mirvari qalır...

Şeirə dönmüş mif, nağıl adlandırardım bu tamaşanı... Bu ki tamaşa deyil, əsl şeirdir, bir yapon xaykusudur. Tamaşa üç dəqiqədə oynanılır: xaykular 3 misrada yazılır və bu üç misrada şəkillənən ovqat sənə bir gün bəs edir. Bu tamaşa da xayku kimidir, netskelər kimidir, sakuranın çiçəkləri kimidir.

Foyedə gəzişə-gəzişə bir azərbaycanlı kimi arabir qımışıb da düşünürsən: 3 dəqiqəni gözləməyinə dəyərmi ya rəbb; axı, üç dəqiqəyə olağanüstü nə baş verə bilər ki... İstedadlı insanlar bir dəqiqəyə də bizim iç dünyamızı dəyişməyə qadirdirlər, əgər biz onların gözü ilə dünyanı görə biliriksə, onların duyğuları ilə yaşaya biliriksə...

Yenidən festivallarda buluşmaq arzusu ilə!!!

# 2638 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #