Ağlaşmadan sonrakı aş

Ağlaşmadan sonrakı aş
25 fevral 2013
# 08:30

Bayırda sulu qar yağırdı və bu, günün əsas mövzusuydu. Bilgisayar önündə oturduğu otaq istiydi və bu günün mövzusunu bir az da qabardırdı. Beyninin bir küncündə indicə dinlədiyi musiqinin, başqa bir küncündə oxuduğu hekayənin təsiri vardı, beyninin düz ortasında isə ictimai, siyasi, fəlsəfi fikirlər bir-birinə qarışıb tam səliqəsizlik yaratmışdı. Bunlardan hansı daha çox həqiqətdi, hansı əsas, hansı yardımçı mövzuydu, anlaya bilmirdi.

Dəhlizdə zarafatmı, mübahisəmi etdikləri məlum olmayan bir neçə cavan oğlanın açıq qapıdan içəri dolan səsi də bu günün həqiqətinin bir parçası, tablonun tamamlanması üçün hansısa rəngin çaları idi.

Bilgisayarda üç söhbət pəncərəsi açıqdı, hərəsində bir cavabsız “salam” yazılmışdı. Başqa bir səhifədə axtardığı söz yüz yazıda tapılmışdı, daha dəqiq fikirləşib açar sözü tapmaq lazımdı...

Günorta yasdaydı. İş yoldaşının qardaşıydı ölən. Altmış yaşlı mərhumun üzünü ilk dəfə indi-öz yas mağarının baş ucundakı şəklindən görürdü. Mərhum gülümsəyirdi.

Üzbəüz oturmuş iki qadın söhbət etməyə başlamışdı. Bayaqdan bəri gözlərindən bir damla yaş çıxmayan gənc qadın bayaqdan bəri dayanmadan ağlayan ortayaşlı qadına nəsə deyir, ortayaşlı qadın gülümsəyirdi. Qəribə bir mənzərə yaranmışdı qadının üzündə; onun kirpikləri yaşdı, burnunun sol yanındakı çökəkdə bir damla yaş, dodaqlarında isə təbəssüm vardı. Eynən bayırdakı hava kimi; həm gün çıxmış, həm də qar yağırdı.

Yanında oturmuş iş yoldaşı böyrünü dümsükləyirdi. Qadın ona ehsan yeməsi üçün elə dil tökürdü ki, az qalırdı desin, yeməsə, mərhum inciyəcək.

Məclisə sakitlik çökmüşdü, bircə boşqablara dəyən qaşıqların şaqqıltısı eşidilirdi. Mərhumun gülümsər baxışları altında xeyli qadın başını aşağı salıb plov yeməklə məşğuldu.

Sonra mərsiyəçi qadın “ehsanı qəbul eylə” nəqəratlı nəsə oxuyur, qalanları da sinələrinə vurmaqla yavaşdan ritm tuturdular. O ehsan yeməmişdi, ona görə də ritm filan tutmurdu...

Axşam toydaydı. Başqa iş yoldaşının oğlu evlənirdi. Təzə bəyi də ilk dəfə indi-öz toy məclisinin baş ucunda görürdü. Mərhumdan fərqli olaraq bəy qayğılıydı.

İş yoldaşları təğyiri-libas olmuşdular. Bayaq ağlayanlar indi rəqs edir, deyib-gülürdülər.

Ona elə gəlirdi ki, eyni tamaşanın başqa pərdəsi oynanılır. Sadəcə dekorasiya dəyişib. Mərsiyəçi qadın indi müğənni rolunu oynayır, kişi mollası tamada rolunu, bayaq ağı deyənlər indi tost deyirlər.

Düşünürdü ki, adamlar nə qədər istedadlı aktyordular, öz rollarının öhdəsindən necə məharətlə gəlirlər. Bu düşüncədəykən iş yoldaşı böyrünü dümsükləyirdi. Məclisə aş gəlmişdi. Ürəyi bulanmağa başladı....

Gecə otağında gurhagurla yanan sobanın yanında oturmuşdu. Əlində bir fincan qəhvə vardı. Sabahın mövzusu başqa cür olacaq, sabahın qəhvəsi başqa cür dadacaqdı artıq.

Bəs bu günün əsas həqiqəti, yəni ideyası nəydi, onu tarixin qaranlıq səhifəsindən tapmaq üçün axtarış səhifəsinə hansı sözü yazmaq lazımdı ki, o, yüz yazıda tapılmasın. Toymu, yasmı, günəşmi, sulu qarmı, göz yaşımı, təbəssümmü?!

Əslində bu günün ideyası elə mövzusundan doğurdu. Bu ideya indi bu saat onunla üzbəüz sobanın o biri küncünə qısılıb mürgüləyən pişiyin gözlərinə yazılmışdı. İndi bu iki canlını birləşdirən eyni bir hiss vardı. Bu soyuq havada gurhagurla yanan sobanın dadını çıxarmaq.

Bayırda sulu qar yağırdı və bu günün əsas mövzusuydu.

# 4124 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #